17 May 2024

Cümə, 11:10

TƏLƏB OLUNAN POTENSİAL

Tranzit Yükdaşımaları üzrə Koordinasiya Şurasının yaradılması Azərbaycanın nəqliyyat imkanlarından istifadəni təmin edəcək

Müəllif:

03.11.2015

Regiondakı geosiyasi dəyişikliklər Azərbaycanın işinə yaraya bilər. Rusiya ilə İran arasında tərəfdaş münasibətlərinin qurulması, Çinin "Böyük İpək Yolu" layihəsində fəallaşması ölkə ərazisindən keçəcək tranzit yükləri ilə əlaqədar Azərbaycanın Dövlət Büdcəsinə daxilolmaları ciddi şəkildə artıracaq.

İndi Rusiya ilə İran arasında sıx qarşılıqlı münasibətlər üçün də şərait yaranıb. Tehranın nüvə proqramı ilə bağlı problemin həlli, ona qarşı tətbiq olunmuş sanksiyaların gözlənilən ləğvi İran iqtisadiyyatının müxtəlif sahələrinə investisiyaların yatırılması perspektivini yaradır. Bu, bir sıra beynəlxalq problemlərin, məsələn, Suriya böhranının həllində İranla bənzər mövqeyə sahib olan Rusiya üçün əlavə imkanlar açır.

Rusiyanın energetika naziri Aleksandr Novakın İrana səfərində əsas məqsəd də məhz iqtisadi əməkdaşlığın genişləndirilməsi olub. Səfər çərçivəsində o, İranın iqtisadi blokuna aid nazirliklərin, idarələrin rəhbərləri ilə görüşüb. 

Novakın səfəri zamanı tərəflər ikitərəfli ticarət dövriyyəsinin hazırkı 2 milyard dollardan 10 milyard dollaradək artırılması, birgə investisiyaların yatırılması, layihələrin birlikdə maliyyələşdirilməsi və s. məsələləri müzakirə ediblər.

Nazirin İran Mərkəzi Bankının rəhbəri Valiulla Seyf ilə görüşündə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məqsədilə Rusiya-İran müştərək bankının yaradılması məsələsi də müzakirə edilib.

"Mən İran bazarına girməkdə "gecikdiyimiz" barədəki fikirlərlə razı deyiləm. Biz bu işə başqa ölkələrdən xeyli əvvəl başlamışıq və son 2 ildə çox şeyə nail olmuşuq: artıq 40 milyard dollaradək dəyəri olan layihələr siyahısını razılaşdırmışıq", - deyə Rusiyanın energetika naziri qeyd edib.

A. Novak Rusiya-İran əməkdaşlığında əsas istiqamətlər arasında YEK ilə yanaşı, kosmos və nəqliyyat sahələrinə aid avadanlıq və texnikanın İrana tədarükünü, həmçinin dənizçilik, dəmir yolu infrastrukturunun tikintisi kimi sahələri göstərib.

Rusiya ilə İran arasında ticari münasibətləri sürətlə inkişaf etirmək üçün təkmil vəziyyətdə olan infrastruktur zəruridir. Çünki bunsuz hər iki tərəfə yüklərin çatdırılması mümkün deyil. Bu yerdə Azərbaycanın Rusiya ilə İranı birləşdirən vacib nəqliyyat bəndi olmaq üçün bütün imkanları var.

Rusiya ilə İran əməkdaşlığında vacib layihələrdən biri "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizidir. Bu layihənin fəal iştirakçıları arasında Azərbaycan da var.

Hələ 2004-cü ildə yaradılmış konsorsium Skandinaviya ilə İran arasında Fars körfəzi və İrana çıxışı olan nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tuturdu. Artıq 2011-ci ilin ilk yarısında isə Skandinaviya-Baltika-Rusiya-Azərbaycan-İran marşrutu üzrə birbaşa dəmir yolu əlaqəsinin yaradılması planlaşdırılmışdı. O, Avropanın və Asiyanın bir çox ölkələrini ən qısa yolla əlaqələndirməli idi.

Lakin İrana qarşı tətbiq olunmuş sanksiyalar "Şimal-Cənub" dəmir yolunun istismara verilmə müddətini xeyli ləngitdi.

İranın nüvə proqramı ilə bağlı problemin həlli bu məsələyə də öz müsbət təsirini göstərib. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin İrana bu yaxınlarda baş tutmuş səfəri zamanı tərəflər sözügedən marşrut üzrə işlərin gücləndiriməsi barədə razılıq əldə ediblər. Onlar layihənin əsas istiqamətlərini də müəyyənləşdiriblər. "Şimal-Cənub" marşrutunun artıq 2016-cı ildə tam gücü ilə işləyəcəyi nəzərdə tutulur.

Gələn il Bakı-Tbilisi-Qars dəmir yolunun istismara veriləcəyi gözlənilir. Bu layihənin reallaşdırılmasına dair razılaşma hələ 2007-ci ilin fevralında imzalansa da, onun istismara verilmə müddəti bir qədər ləngiyib. İndi yalnız dəmir yolunun Türkiyədən keçən hissəsinin tikintisi qalır; son məlumatlara görə, 2016-cı ilin üçüncü rübündə bu yolda qatarların hərəkətinə başlamaq mümkün olacaq.

Azərbaycan vasitəsilə tranzit yüklərinin daşınmasının nə qədər uğurlu alındığını bir pilot layihə vasitəsilə görmək mümkündür: avqustun 3-də Bakıda "Nomadexpress" konteyner qatarının qarşılanma mərasimi keçirilib. Qatar Şihezi (Çin) - Dostık - Aktau limanı (Qazaxıstan) - Ələt limanı - Keşlə (Bakı yaxınlığında qəsəbə) marşrutu üzrə hərəkət edib. O, 3500 kilometrdən artıq məsafəni Qazaxıstan və Xəzər dənizindən keçməklə, 5 sutkaya gəlib. Marşrut "Nurlı jol" yeni iqtisadi siyasəti və "Yeni İpək Yolu" proqramı çərçivəsində açılıb.

"Qazaxıstan Dəmir Yolları" Səhmdar Cəmiyyətinin prezidenti A. Mamin təntənəli mərasimdəki çıxışında bildirib ki, "Trans-Xəzər marşrutu Qazaxıstanla Azərbaycanın Asiya və Avropa arasında tranzit körpüsünə çevrilməsi baxımından böyük potensiala malikdir". Onun sözlərinə görə, Qars-Axalkələk dəmir yolunun istismara verilməsi bu yolla yükdaşımalarının inkişafına böyük impuls olacaq. Mamin onun Trans-Xəzər marşrutunun vacib hissəsinə çevriləcəyini söyləyib.

Ümumiyyətlə, nəqliyyat potensialının inkişafı nəzərə alınmaqla, Qafqaz, Türkiyə və Avropa istiqamətində tranzit həcminin artırılması istiqamətində fəal iş aparılır.

A.Maminin dediyinə görə, region ölkələri arasında proqnozlaşdırılan ticarət dövriyyəsi nəzərə alınarsa, Trans-Xəzər marşrutunun daşıma potensialı 2020-ci ildə 300 min konteynerdən artıq olacaq. O bildirib ki, Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə "zənciri" razılaşdırılmış şəkildə tam gücü ilə işləyərsə, bu potensial özünü tamamilə doğrulda bilər. Burada söhbət, həmçinin dəmir yollarının, Xəzərin dəniz limanlarının, gəmilərin və terminalların işə qoşulmasından gedir.

Qeyd edək ki, analoji yüklər alternativ marşrutlarla - Bəndər-Abbas (İran) və Poti (Gürcüstan) limanları ilə 25-40 günə daşınır.

Nəqliyyat daşımalarının təşkilində koordinasiyanın vacib olduğunu nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında fərman imzalayıb. Bu qurumun yaradılması vacib regional layihənin başlanğıcıdır. Məsələ ondadır ki, ölkənin nəqliyyat sektoru 2016-cı ildən başlayaraq, yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Həmin dövrdə Azərbaycanın dəmir yolu Türkiyə və İranla birləşdiriləcək.

Tranzit yüklərin Azərbaycan ərazisindən dəmir yolu və dəniz nəqliyyatı ilə daşınması zamanı "bir pəncərə" prinsipindən istifadə olunmalıdır. Bu prinsipin tətbiqinə nəzarətin həyata keçirilməsi Koordinasiya Şurasına həvalə edilib.

Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinə isə 2 ay ərzində dəmir yolu, dəniz və s. vasitəsilə tranzit yükdaşımaları xidmətlərinə görə tariflərin hazırlanaraq prezidentə təqdim olunması tapşırılıb.

Azərbaycanın Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yalnız Azərbaycanın nazirlik və qurumlarının işinin koordinasiyası ilə məşğul olmayacaq. O, xarici ölkələrin nazirlikləri, xarici şirkətlərlə yükdaşımalarının tarifləri ilə bağlı danışıqlar da aparacaq.

Beləliklə, "Şimal-Cənub" və "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizləri ilə yükdaşımalarının sürətlə artması nəinki bu işdən dövlət büdcəsinə əlavə yüz milyonlarla dolların daxil olmasına şərait yaradacaq, həm də ölkənin qeyri-neft sektorunda yeni iş yerlərinin açılmasına imkan verəcək.



MƏSLƏHƏT GÖR:

463