17 May 2024

Cümə, 13:43

ELEKTORAL FƏRQLİLİK

Yerli icra orqanlarına seçkilər Ukraynanın Şərqi ilə Qərbi arasında parçalanma olduğunu bir daha üzə çıxardı

Müəllif:

03.11.2015

Ukraynada vilayət, şəhər və rayon şuralarına, həmçinin şəhər meri postuna seçkilər ilk dəfə olaraq, yeni seçki qanunvericiliyinə əsasən təşkil edildi; məsələn, əhalisi 90 mindən az olan kiçik şəhərlərdə mer adi səs çoxluğu ilə seçilib. İri şəhərlərdə isə namizədlərdən biri 50%-dən artıq səs yığmadığı halda, ikinci turun keçirilməsi nəzərdə tutulur.

Ukraynada yerli hakimiyyət orqanlarına seçkinin xarakterik xüsusiyyəti seçici fəallığının son dərəcə aşağı olmasıdır - seçkidə səsvermə hüququna malik 29 milyonluq əhalinin yalnız 46%-dən bir qədər çoxu iştirak edib. Bundan başqa, seçki məntəqələrinə gəlmiş ukraynalıların bir çoxu bilərəkdən seçki bülletenlərini yararsız hala salıb. Bu, çox güman ki, insanların Ukraynanın bütün siyasi qüvvələrinə inamsızlığının nəticəsidir. Siyasilərin ölkənin müasir müstəqillik tarixində dövlətin inkişafı ilə bağlı vahid strategiya ortaya qoya bilməməsi, milli maraqlara sadiqlik göstərə bilməməsi onlara qarşı bu cür münasibətin yaranmasına səbəb olub.

İstənilən halda, seçki baş tutmuş sayılıb. Məsələ ondadır ki, Ukrayna qanunvericiliyində seçici fəallığı ilə bağlı minimal hədd nəzərdə tutulmayıb.

Seçkinin nəticələrinə gəlincə, o, Ukraynanın regionlarındakı elektoratın seçimini bir daha ortaya qoyub. Ölkənin qərbində yaşayanlar, əsasən, millətçilərdən ibarət sağçı qüvvələrə dəstək verib. Buraya Oleq Tyaqnibokun "Azadlıq" partiyası da daxildir. Cənub-Şərqi Ukrayna isə növbəti dəfə də mərkəzi hökumətə müxalif mövqedə dayanıb. Mərkəzin özünə gəlincə, o, bu dəfə hər hansı partiyaya yaxınlıq göstərməyib və rəğbətini siyasi proseslərin əsas iştirakçıları arasında bölüşdürüb.

Seçkilər göstərib ki, bu gün ölkənin siyasi qüvvələri arasında ən populyarı yenə də "Pyotr Poroşenkonun Bloku"dur (PPB). İlkin məlumatlara görə, dövlət başçısının tərəfdarları 14 vilayətdə və paytaxtda qələbə qazanıblar. Daha 5 vilayətdə onlar seçkini ikinci pillədə başa vurublar. Bundan başqa, Poroşenkonun tərəfdarları rəqiblərindən fərqli olaraq, demək olar ki, bütün yerli şuralarda mandat qazanıblar - istər ölkənin qərbində, istərsə də mərkəzində və ya şərqində (aydındır ki, Donetsk və Luqansk vilayətlərinin səsvermədə iştirak etməyən ayrı-ayrı rayonları istisnadır).

Bununla yanaşı, hakim partiyanın cəmiyyətdən ciddi siqnal aldığını da söyləmək olar - prezident Pyotr Poroşenkonun və tərəfdarlarının siyasətindən artmaqda olan narazılıq "Müxalifət bloku"nun mövqelərini gücləndirməsinə səbəb olur. Qeyd edək ki, bu blok eks-prezident Viktor Yanukoviçin izi-sorağı qalmayan Regionlar Partiyasının varisi sayılır. "Müxalifət bloku" seçkidə ölkənin bəzi cənub-şərq rayonlarında uğur əldə edib. Lakin ekspertlər hesab etmirlər ki, bu, blokun yerlərdə nüfuzunu artırması ilə nəticələnəcək. Məsələ ondadır ki, "Müxalifət bloku"nun seçkini birinci bitirdiyi şuralarda əksər yerləri yenə də PPB və "Maydan"ın nüvəsini təşkil etmiş digər siyasi qüvvələr tutublar.

Son seçkinin nəticələri ilə bağlı düşündürücü sayıla biləcək amillər arasında ultrasağçı "Azadlıq" partiyasının mövqelərini gücləndirməsi də var. Bu, Donbasdakı silahlı münaqişənin çözülməməsi fonunda ölkədə millətçi əhval-ruhiyyənin artdığını göstərir. Bundan başqa, seçki Baş nazir Arseni Yasenyukun rəhbərlik etdiyi "Xalq cəbhəsi"ni faktiki olaraq, "oyundankənar vəziyyət"də qoyub. Cəmi 1 il əvvəl keçirilmiş Parlament seçkisinin qalibi olmuş bu hərəkat yerli icra orqanlarına seçkilərə qatılmayıb. Bu qərarın səbəbini əlbəttə ki, həm də Yasenyukun (yeri gəlişkən, onun baş nazir postundan istefası proqnozlaşdırılır) reytinqini itirməsində axtarmaq olar. Parlamentdəki çoxluğu formalaşdırmış 4 fraksiyadan ibarət "koalisiya şurası"nın məhz bu cür qərar qəbul edəcəyi istisna deyil. Ali Radanın PPB-dən olan deputatı Nikolay Tomenko bildirib ki, hazırda Arseni Yasenyukun və onun "Xalq cəbhəsi"nin reytinqi 1%-ə düşüb. "Yasenyuk hökumətinin nə dünyanın, nə də öz xalqının qarşısında öyünmək üçün əsası var", - deyə depuat qeyd edib.

Yasenyukun reytinqinin bu cür azalmasını onan rəhbərlik etdiyi kabinetin uğursuz iqtisadi siyasətilə əlaqələndirirlər. PPB-nin Radadakı fraksiyasının lideri Yuri Lutsenko bildirib ki, "bizim baş nazirlə çox sərt söhbətimiz olacaq. Düşünürəm ki, Nazirlər Kabinetində artıq noyabrda ciddi, hətta qlobal dəyişkliklərin baş verəcəyini proqnozlaşdıra bilərik". Lutsenko hesab edir ki, "Yasenyuk mənzil-kommunal təsərrüfatı sahəsindəki siyasətə, pensiyaların və əməkhaqlarının indeksləşdirilməsindəki səhvlərə görə cavab verməlidir".

Nəzərə alsaq ki, PPB əksər bölgələrdə qalib gəlsə də, səslərin cəmi 20%-ni qazanıb, onda yaxın zamanlarda Ukraynada növbədənkənar parlament seçkisinin keçiriləcəyini proqnozlaşdırmaq olar. Bu səbəbdən də ekspertlər hesab edirlər ki, Poroşenko partiyasının populyarlığını qoruyub-saxlamaq üçün bütün mənfiliklərə görə məsuliyyəti baş nazirin üzərinə qoya bilər. Əslində, bunu "Xalq cəbhəsi"nin nümayənələri də açıq şəkildə ifadə edirlər. Onların fikrincə, Yasenyukun qurbanlıq qoyun kimi təqdim edilməsinə cəhdlər "Poroşenko tərəfdarlarının apardığı oyundur və bu, heç də düzgün oyun deyil". Onlar bu fikirlərini prezidentlə baş nazirin "bir komandada çalışmaları, islahatları razılaşdıraraq həyata keçirmələri ilə" əsaslandırırlar.

Bununla yanaşı, Yasenyukun istefasını ölkənin digər nüfuzlu qüvvələri, məsələn, radikal partiya da tələb edir. Xatırladaq ki, "radikallar" hakim koalisiyanı Donbassa xüsusi statusun verilməsi məsələsinin parlamentdə müzakirəsi zamanı Kiyevdə baş vermiş qanlı toqquşmalardan sonra tərk ediblər. Onların lideri Oleq Lyaşko baş nazirin istefasının vacibliyinə əmindir. "Görünür, Yasenyukun özü də istefasının qaçılmaz olduğunu anlayır. Baş nazirin fikirlərini qəflətən sərtləşdirməsi, Rusiyanın ünvanına sərt fikirlər səsləndirməyə başlaması da bununla bağlıdır. Bu ritorika Yasenyuka sonradan, guya, vəzifədən vətənpərvərliyinə görə uzaqlaşdırıldığını iddia etmək imkanı verəcək", - deyə Lyaşko qeyd edib.

Beləliklə, Ukraynada keçirilmiş seçkilər ilyarım əvvəl qələbə çalmış "Maydan"ın hakimiyyət sistemini formalaşdırması istiqamətində daha bir addım olub. Lakin bununla yanaşı, seçki Ukrayna ictimaiyyətində ölkənin gələcək inkişafı ilə bağlı bir sıra vacib məqamlara fərqli yanaşmaların olduğunu da təsdiqləyib. Bu, həm də qiyamçı Donbasın statusu məsələsinə aiddir - indi Donbas ətrafında yaşananlar isə Ukrayna böhranının dinc yolla çözüləcəyinə ümidlərin olduğunu göstərir.



MƏSLƏHƏT GÖR:

447