5 May 2024

Bazar, 19:58

"RUSİYANI TƏCRİD ETMƏK MÜMKÜN DEYİL"

Avropa Biznes Assosiasiyası İdarə Heyətinin sədri Filip PEQORYENİN "R+"a müsahibəsi

Müəllif:

03.11.2015

Rusiyada baş qaldırmış iqtisadi böhran və Ukrayna ilə bağlı yaranmış geosiyasi problemlər Rusiyada bizneslə məşğul olan Avropa şirkətlərini xərclərini çıxarmaq üçün daha uzun müddət gözləməyə, investisiyaların azalacağı ilə bağlı proqnozlar hazırlamağa vadar edir. Rusiyanın Avropa Biznes Assosiasiyasının (ABA) artıq ardıcıl olaraq 8 ildir "GfK" şirkəti ilə birlikdə apardığı son araşdırmasının nəticələri belədir.

Araşdırmada iştirak etmiş şirkətlərin 5%-i Aİ və ABŞ-ın sanksiyaları ilə bilavasitə üzləşdiyini, 16%-i isə sanksiyaların onlara qismən təsir göstərdiyini bildirir. Bununla yanaşı, rəyi soruşulanların 70%-i sanksiyaların mənfi təsirini təsdiqləyir. Rusiyanın sanksiyalara cavab addımları isə şirkətlərin 2%-nə birbaşa, 7%-nə isə dolayısı ilə təsir göstərib. Ümumilikdə, şirkətlərin 38%-i Moskvanın cavab addımlarının mənfi təsirini hiss edir. Rusiyadakı Avropa şirkətlərinin fəaliyyətinə əsas mənfi təsiri isə rublun devalvasiyası göstərib (rəyi soruşulanların 81%-i).

ABA İdarə Heyətinin sədri Filip Peqorye "R+" jurnalına müsahibəsində etiraf edib ki, indi Rusiyadakı Qərb biznesi çətin dövrünü yaşayır. Bununla yanaşı, onlar Rusiyanı tərk etməyi düşünmürlər.

- Ayrı-ayrı ekspertlərin fikrincə, Rusiyada iqtisadi böhran neftin ucuzlaşması və iqtisadi sanksiyalar üzündən başlamayıb. Onlar hesab edirlər ki, bu, sistemli xarakter daşıyır və demək, böhran hələ uzun müddət davam edə bilər. Bəs, sizin fikrinizcə, Rusiyada biznesin inkişafı üçün əsas risklər nədən ibarətdir?

- Əvvəla, mən belə düşünən ekspertlərlə tam razı deyiləm. Rusiyada ÜDM-in azalması bir sıra amillərlə əlaqədardır. Əsas səbəblərdən biri isə neftin və qazın ucuzlaşmasıdır. Sonrakı yeri iqtisadi sanksiyalar tutur. Lakin son illər infrastrukturun müasirləşdirilməsinə lazımi qədər maliyyənin ayrılmaması da səbəblər sırasındadır.

Qərb biznesinə gəlincə, bilirsiniz ki, son illər Rusiya iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların 75%-i Avropa ölkələrinin payına düşür. Bu, son 20-25 ildə yatırılmış 170 milyard avrodur. Avropanın, demək olar ki, bütün nəhəng şirkətləri Rusiyaya investisiya yatırıblar. Hər halda, Rusiya nəhəng şirkətlərin işləməli olduqları ölkədir. İndi öz fəaliyyətimizdə, təbii ki, müəyyən dəyişikliklər edirik - xərcləri azaldırıq, xarici əməkdaşları rusiyalı personala dəyişirik. Lakin heç bir şirkət bağlanmır. Çünki hər kəs 1-2 ildən sonra ölkə iqtisadiyyatının özünə gələcəyinə inanır. Odur ki, biz buradayıq və böhranı rusiyalı tərəfdaşlarımızla bərabər yaşayırıq.

Fikrimcə, hazırda Avropa şirkətlərinin əsas problemlərindən biri sifarişlərin olmamasıdır. Digər maneə kimi, fərdi məlumatların qorunmasına dair sentyabrın 1-dən qüvvəyə minmiş qanunu göstərmək olar (bu qanun yerli və xarici şirkətlərin üzərinə ruslar haqqında fərdi məlumatların ölkə ərazisindəki serverlerdə saxlanılması öhdəliyini qoyur - red.).

- Yeri gəlmişkən, bu qanuna əməl olunması ilə bağlı problemi Rusiya Prezidenti Vladimir Putinlə bu yaxınlarda Peterburqda keçirilən beynəlxalq iqtisadi forumdakı görüşünüz zamanı da qaldırmışdınız. O zaman Rusiya Prezidenti bu məsələ ilə məşğul olunması üçün müvafiq tapşırıq verdi...

- Doğrudur. Həmin görüşdən cəmi bir neçə gün sonra, Prezident Administrasiyasında keçirilən iclasa dəvət aldım. Qanunun hazırlanmasında iştirak etmiş bütün nazirlik və qurumların nümayəndələri görüşdə idilər. Toplantıya rəhbərliyi isə Rusiya Prezidentinin köməkçisi Andrey Belousov edirdi. Etiraf etmək lazımdır ki, qanunun yalnız Qərb deyil, yerli biznesə də çətinliklər yaratdığını eşidən Belousov xeyli təəccüblənib. Görüşdə Rabitə və Kommunikasiya Nazirliyinin biznes ictimaiyyətini qanunun düzgün tətbiqi ilə bağlı daha ətraflı məlumatlandırılmasının vacibliyi vurğulanıb. Prezidentin köməkçisi Rusiyanın Rabitə və İnformasiya Texnologiyaları üzrə Federal Nəzarət Xidmətindən ilk yoxlamalar zamanı ehtiyac yarandığı təqdirdə, tövsiyələr verməsini istəyib. Belousov hesab edir ki, şirkətlər yalnız bu tövsiyələrə əməl etmədikləri təqdirdə cərimələnməldirlər. Bundan başqa, cənab Belousov iş xüsusiyyətinə görə, bu qanuna əməl edə biməyən şirkətlərin, məsələn, aviaşirkətlərin siyahısının hazırlanmasını da tapşırıb. Beləliklə, artıq qanunu dəyişmək üçün gec olsa da, onun tətbiq şərtləri dəqiqləşdirilib. Bu, Prezident Aparatının biznesə dəstək vermək üçün əlindən gələni etdiyini göstərir. Üstəlik, bu, yalnız bir nümunədir. Rusiya prezidentinin xarici biznes nümayəndələrinin müraciətlərini nəzərə alması bizim üçün müsbət haldır.

- İri Qərb şirkətlərinin Rusiya iqtisadiyyatına yatırdıqları investisiyalardan danışdınız. Lakin ötən ildən bir çox şirkətlər investisiya planlarını ixtisar edir, hətta istehsal prosesini dayandırır...

- İxtisar yoxdur. İnvestisiyaların həcmində azalma var, lakin bu onların dəyərinin yenidən qiymətləndirilməsi ilə bağlıdır. Səbəb isə rublun məzənnəsinin düşməsidir. İstehsalat sahələri də bağlanmır.

- Bəs Sankt-Peterburqdakı "General Motors" zavodu?

- Bu, Amerika şirkətidir. Avropa şirkətlərinə gəlincə, onlar, sadəcə, investisiyalarını yenidən qiymətləndirir, xərclərini azaldırlar. Lakin mən Rusiyada fəaliyyətini dayandırmaq fikrinə düşmüş bircə də olsun, nəhəng Avropa şirkəti tanımıram. Onlar sifarişlərin yenidən artacağı vaxtı gözləyirlər.

- ABA-nın "GfK" ilə birlikdə hər il hazırladığı, Avropa müəssisələrinin Rusiyadakı bizneslə bağlı əhval-ruhiyyəsini, gözləntilərini əks etdirən kompleks indeksi 2014-cü illə müqayisədə xeyli geriləyib. Hazırda o, praktiki olaraq mənfi gözləntilər zonasına yaxınlaşıb. Siz Rusiyada bizneslə məşğul olan avropalı iş adamlarının bu əhvalını necə xarakterizə edərdiniz?

- Sifariş yoxdursa, biznesdə əhval-ruhiyyə yüksək ola bilməz. Şirkətlər buraya istehsalla məşğul olmaq üçün gəliblər. Lakin onlar hələlik gözləmək məcburiyyətindədirlər. Xərcləri azaltsaq da, tam dayandırmamışıq. Onların özünü nə vaxt doğruldacağı isə hələ məlum deyil.

- Sanksiyaların ləğvi siyasi məsələdir və Ukraynadakı vəziyyətdən asılıdır. Siyasi və iqtisadi əlaqələrin tam kəsilməsi isə nə Avropaya, nə də Rusiyaya sərf edir. Bu mənada, ABA-nın rəyini hər iki tərəf nəzərə almalıdır. Bəs əslində, vəziyyət necədir? 

- Birincisi, deyə bilərəm ki, sanksiyalar ləğv olunmayacaqsa belə, heç olmasa yeniləri tətbiq edilməyəcək. İkincisi, Ukraynanın şərqində vəziyyətin sabitləşməkdə olduğunu görürük. Bəlkə də burada "yaxşılaşır" ifadəsini işlətmək doğru olmaz, amma hər halda, hələlik orada sakitlikdir. Danışıqlar prosesi gedir, Minsk razılaşmasının reallaşdırılmasına başlanılıb. Nəticədə Aİ ölkələrindən yüksək rütbəli rəsmilərin Moskvaya səfərləri intensivləşib. Məsələn, bu yaxınlarda Fransanın kənd təsərrüfatı naziri Rusiyaya gəlmişdi. Bu ölkənin iqtisadiyyat və enerji nazirlərinin də Moskvaya səfərləri gözlənilir. Rusiyanı təcrid etmək mümkün deyil.

Əlbəttə ki, sanksiyalar məsələsi - nə vaxt ləğv olunacağı, tam, yoxsa qismən ləğv ediləcəyi - Avropa dövlətlərinin başçıları tərəfindən həllini tapmalıdır. Bildiyiniz kimi, sanksiyalar arasında həm Krıma, həm də Şərqi Ukraynada yaşananlara görə tətbiq olunanlar var. Krımla bağlı sanksiyalar, əlbəttə ki, daha uzunömürlüdür. İkincilər isə ləğv olunmalıdır. Bizim tövsiyəmiz bundan ibarətdir və artıq Fransa Prezidenti Fransua Ollandın bu fikrə meyilləndiyi üzə çıxıb. Biz mövqeyimizi Avropa ölkələri siyasətçilərinin nəzərinə çatdırmağa çalışırıq.

- Lakin elə ölkələr də var ki, onlarla işləmək çətindir; məsələn, Polşa Rusiyaya qarşı sərt tədbirlərin tərəfdarıdır... 

- Həm sanksiyaların qəti əleyhdarı, həm də onların aradan qaldırılmasına qarşı çıxan ölkələr var. Lakin hamı Brüsselə toplaşdıqda ən vacibi, konsensus olacaq. Kompromis tapılmalıdır və tapılacaq. Əlbəttə ki, söhbət bütün sanksiyaların ləğvindən getmir. Lakin hansısa müsbət qərar qəbul ediləcək.

- Müsahibələrinizin birində demisiniz ki, ABA Aİ rəhbərliyinə Rusiyadakı iş strategiyasının dəyişdiyinə dair xəbərdarlıq edib. Dəyişiklik isə yerli istehsalın artımı istiqamətindədir. Rusiya bazarında idxalın əvəzlənməsi ilə məşğul olan Qərb şirkətləri hansılardır?

- Əksər şirkətlərimiz bunadək də mövcud müəssisələrin səhmlərini almaqla və yeni müəssisələr yaratmaqla onsuz da yerli istehsala cəlb olunmuşdular; məsələn, Avropanın "Alstom", "Schneider Electric", "Siemens" kimi şirkətləri Rusiyada istehsalla məşğuldur. Onlar məhsullarının Rusiyanın "Transmaşholdinq", "Elektroşit", "Sinara" və digər şirkətləri ilə müştərək istehsal edirlər.

Assosiasiyamızın üzvləri, əsasən, Rusiyanın hüquqi şəxsləridir. Məhz bu səbəbdən, şirkətlər, ilk növbədə, Rusiya qanunvericiliyinə əməl edirlər.

Hazırkı iqtisadi vəziyyətdə əksər şirkətlərimiz lokallaşmanı dərinləşdirir. Üstəlik, rublun dollara və avroya nisbətdə kəskin ucuzlaşması da buna yol açır. Rusiya sənayesi bir çox rəqabətqabiliyyətli məhsul istehsal edir. Onun potensialı isə bundan daha böyükdür. Biz indi ixracyönümlü istehsalata yönəlmək haqqında düşünürük.

- Peterburqda keçirilən forumda siz Aİ ilə AAİ arasında münasibətlərin intensivləşdirilməsinə dair bəyannamənin imzalanması təklifi ilə çıxış etdiniz. Hesab edirsiniz ki, bu, Rusiya ilə Aİ üzvləri arasındakı mövcud anlaşılmazlıqları çözə bilər. Bu təklifinizi dəstəkləyənlər oldumu? 

- Nəzərə alsaq ki, biz faktiki olaraq yerli istehsalçılarıq, Aİİ-nin yaranması bizim bazarımızı daha da genişləndirəcək. Bu iqtisadi birliyi dəstəkləmək bizə çox sərf edir. Biz həm burada, Moskvada, həm də Brüsseldə Aİ ilə əlaqələrin qurulması istiqamətində çalışırıq. Hazırda Rusiya ilə Aİ arasında münasibətlərin o qədər də yaxşı olmadığını anlayıram. Lakin bu, gələcək üçün əlavə imkanlardır. Fikrimcə bu, böhrandan çıxmaq üçün yaxşı variant ola bilər.

- Rusiya üçün? 

- İstər Rusiya, istərsə də Aİ üçün! Bu, hər kəs üçün müsbət qərar olar. Mən belə düşünürəm. Biz yeni gündəm üçün Brüsselə ideya verməliyik.

- Onlar isə hələlik ideyalara reaksiya vermirlər...

- Əksinə, reaksiya var. Bu barədə Angela Merkel də danışıb. Sadəcə, onlar müzakirələrin yalnız hazırkı siyasi böhranın aradan qaldırılmasından sonra mümkün olduğuna eyham vururlar.



MƏSLƏHƏT GÖR:

591