18 May 2024

Şənbə, 10:18

FAYDALI LEGİONERLƏR

"R+" Azərbaycan Çempionatının ən yaxşı əcnəbi futbolçularını təqdim edir

Müəllif:

17.11.2015

Futbol üzrə milli çempionat ekvator xəttinə yaxınlaşır. Cari mövsüm aparıcı futbolçuların çoxu legionerdir. Onların arasında bir neçəsi xüsusilə fərqlənir. Bu futbolçular olmadan çempionatımız maraqsız olardı. "R+" Azərbaycan Çempionatında seçilən əcnəbi futbolçuların siyahısını təqdim edir.

 

Riçard Almeyda 

"Qarabağ"ın liderinə çevrilən braziliyalı futbolçu. Sözsüz ki, ölkədə çıxış edən legionerlər barədə danışarkən, ilk olaraq, məhz Almeydanın adını çəkmək lazımdır. Əminliklə söyləmək olar ki, Almeyda hazırda Azərbaycanda çıxış edən ən yaxşı legioner futbolçudur. 26 yaşlı futbolçu "Qarabağ"ın uğurlarında ən önəmli rol oynayır. Həm milli çempionat, həm də Avropa Liqasında Ağdam təmsilçisinin lideri sayılan legioner rəqib futbolçularun başağrısına çevrilib. Almeyda "Yanq Boyz" və "Anderlext"in qapısına vurduğu qollarla bütün qitənin diqqətini özünə cəlb etməyi bacarıb. Təsadüfi deyil ki, Riçard iki dəfə Avropa Liqasının simvolik yığmasına düşüb. 

Etiraf edək ki, legioner futbolçuların yüksək səviyyədə çıxış etmələri azarkeşlərə hədsiz sevinc bəxş edir. Digər tərəfdən, bu amil əcnəbi klubların diqqətini "Qarabağ"a yönəldir. Əgər əcnəbi klublar Aymeydayla maraqlanarsa, o zaman onu Ağdam təmsilçisində saxlamaq çətin olacaq. Eyni zamanda, "Qarabağ" üçün onun yerinə yaxşı futbolçu tapmaq da asan olmayacaq. 

Riçard Almeydanın üstünlükləri ilə yanaşı, onun "Qarabağ"ın oyun üslubuna uyğun olduğunu qeyd etmək lazımdır. Baş məşqçi Qurban Qurbanov Almeydanı daha çox yarımmüdafiədə sınayır, amma legionerə hücuma qoşulmağa da şərait yaradır. Məhz buna görə, Almeyda komanda üçün, sözün əsl mənasında, hazırda əvəzolunmaz futbolçudur.

 

Reynaldo 

"Qarabağ"da ən çox sevilən futbolçulardan biridir. İki il əvvəl Belçikanın "Anderlext" klubundan Ağdam təmsilçisinə transfer olunan braziliyalı Qurban Qurbanovun komandasında əsas simalardan birinə çevrildi. "Anderlext"də oyunu alınmayan, daha çox ehtiyatda qalan Reynaldo Azərbaycanda milyonların sevimlisi oldu. Fenomenal oyunu, meydanıgörmə qabiliyyəti və liderlik keyfiyyətləri ilə Avropa klublarının diqqətini çəkdi. 2014-cü ildə Avstriyanın "Zalsburq" klubu Reynaldoyla ciddi şəkildə maraqlansa da, sonradan futbolçunun keçidi müəyyən səbəblərə görə reallaşmadı. Ardınca Almaniyanın "Ayntraxt" klubu hücumçuya elçi düşdü. Lakin Reynaldo "Qarabağ"da qalmağa üstünlük verdi. 

Hazırda zədəli olan Reynaldo vətəni Braziliyada müalicəsini davam etdirir. Həkimlərin rəyinə əsasən, braziliyalı ən tezi yanvarda məşqlərə başlaya bilər. Buna qədər isə ayağındakı zədəni müalicə etdirməlidir. Əks halda, Reynaldonun meydana qayıdışı yubana bilər. 

Riçard Almeyda kimi, Reynaldonun inkişafında da baş məşqçi Qurban Qurbanovun rolunu qeyd etmək lazımdır. İlk günlərdə oyunu alınmayan Reynaldoya sona qədər inanan "Qarabağ"ın baş məşqçisi onu həmyerlisi Almeyda ilə bir tandem kimi sınaqdan keçirdi. Nəticədə, bu qərar Ağdam təmsilçisinə böyük uğurlar qazandırdı.

 

Derlis Meza Kolli 

Ölkəmizdə çıxış edən ən yaxşı əcnəbi futbolçulardan biridir. İki il əvvəl "İnter"ə transfer olunan və güclü rəqabətə baxmayaraq, komandasının əsas futbolçusuna çevrilən paraqvaylı futbolçu yayda iş yerini dəyişməyə məcbur oldu. Maliyyə probleminə görə "İnter"i tərk edən Meza Kolli ilə həm Türkiyə, həm də Rusiyada maraqlanan klublar az deyildi. Maliyyə şərtlərinə görə, legioner "Qəbələ"yə müsbət cavab verməyi düzgün addım saydı. Hərçənd nisbətən aşağı şərtlərlə "Qarabağ" da onu öz heyətində görməyə razı idi. Zaman göstərdi ki, "Qəbələ"yə keçid futbolçunun yanlış qərarı oldu. Baş məşqçi Roman Qriqorçukun taktikasına uyğun olmayan Meza Kolli gününü ehtiyatda keçirməklə yola verdi. Avropa Liqasının matçlarında "Qəbələ" üçün əvəzolunmaz oyunçuya çevrilən legioner oyun praktikasından əziyyət çəkir. Bu amil isə onun inkişafının qarşısını alır. 

Derlis Meza Kolli maliyyə haqqında düşünməyərək "Qarabağ" və ya Rusiya klublarından birinin xeyrinə qərar qəbul etsəydi, daha irəli gedə bilərdi. İndiki halda yayda onun Qəbələdən ayrılacağı gözlənilir.

 

Samuel Armenteros 

"Qarabağ"ın uğurlu transferlərindən biri hesab edilir. Əslən Kubadan olan isveçli futbolçu son mövsümü Belçikanın "Anderlext" klubunda keçirib. Hollandiya və Belçika klublarında çıxış edən Armenteros qısa müddətdə Ağdam klubuna öyrəşməyi bacardı. Reynaldo kimi meydanda faydalı iş əmsalı yüksək olmasa da, amma oyundan-oyuna inkişaf göz qabağındadır. Avropa Liqasının son görüşündə Bakıda "Monako"ya vurduğu qol Armenterosun komanda üçün vacib futbolçu olduğunu sübut edir.

 

Dodo 

"Qəbələ"nin lideridir. Zaqreb "Dinamo"sundan transfer olunan braziliyalı son illər komandanın əsas qol silahına çevrilib. Qəbələ təmsilçisində bir neçə məşqçi ilə çalışan Dodo, bununla belə, oyun keyfiyyətlərini itirmədi. Dodo həm də yüksək qol duyumuna malikdir. Komanda yoldaşlarının ötürmələrini qolla tamamlayan sambaçı əzmkar mübarizliyi ilə seçilir. Yunanıstanda "Panatinaykos"a 2 qol vuran Dodo bütün qitənin diqqətini özünə cəlb etdi. Səfərdəki qələbədə əsas pay sahibi olan futbolçu "Qəbələ"nin ilk dəfə qrup mərhələsinə vəsiqə almasına yardımçı oldu.

 

Aleksey Qay

"Qəbələ"yə böyük ümidlərlə transfer olundu. Avropada zəngin təcrübəyə malik Qay həm də baş məşqçi Roman Qriqorçukun sevimlisidir. Təsadüfi deyil ki, mütəxəssis ona bütün oyunlarda start heyətdə yer verir. Qay da Qriqorçukun ümidlərini doğruldur. Karyerasının son illərini yaşayan Qay komandanın Avropa Liqasında uğur qazanmasında böyük rol oynayır. Yəqin ki, "Qəbələ" onun karyerasında sonuncu klub olacaq. 33 yaşlı ukraynalı futbolçunun daha 1 il yaşıl meydanlarda çıxış edəcəyi gözlənilir.

 

Junior Osvaldo

Premyer-liqaya qayıdan "Kəpəz"in əsas simalarından sayılır. Cari çempionatda 4 qol vuran legioner Gəncə azarkeşlərinin sevimlisinə çevrilib. "Kəpəz"in 5-ci pillədə olmasında Osvaldonun böyük rolu var. Azərbaycanda çıxış etdiyi bütün klublarda aldığı pulun qarşılığını oyunu ilə verən Osvaldo çempionatımızın ən yaxşı legioner futbolçularından biridir. 



MƏSLƏHƏT GÖR:

522