17 May 2024

Cümə, 07:03

REZÜME GÖNDƏRİLİB

Böhran nəzərə alınmaqla, bu gün Azərbaycanın əmək bazarında hansı ixtisaslar təklif olunur

Müəllif:

17.11.2015

Bu gün dünyada müşahidə edilən "neft böhranı", şübhəsiz, Azərbaycana da təsir göstərdi. O, müxtəlif regional layihələrin qeyri-sabitliyinə və kadrların axınına gətirib-çıxardı - haradasa nə isə açıldı, manatın devalvasiyasının təzyiqinə tab gətirməyərək, harasa bağlandı. Lakin bir həqiqət məlumdur. Böhran dövrü - bu, təkcə problemlər deyil, nə qədər qəribə səslənsə də, inkişaf üçün də yeni fürsətlər, imkanlar deməkdır. Böhran - bu, inkişaf üçün prioritetlərin təkcə qlobal yox, eyni zamanda, şəxsi planda da yenidən nəzərdən keçirilməsidir. Müvafiq olaraq, əmək bazarının strukturu da dəyişir. Beləliklə, bu gün Azərbaycanda hansı işlər təklif olunur və hansı ixtisaslara daha çox tələbat var. 

 

Hamıya iş var?

"rabota.az" saytının nümayəndəsi Orxan Bilalov "R+"la söhbətində bildirib ki, saytda, təxminən, 30 000 iş təklifi var: "Bu qədər vakansiya və mütəxəssisə olan tələbatla işaxtaranların iş tapmaqda, çətin ki, böyük çətinlikləri olsun". Onun sözlərinə görə, bu gün Azərbaycan bazarında, ilk növbədə, top-menecerlər, ofisdə administrativ heyət, bank işçiləri, mühasibatçılar, dizaynerlər, IT-lər, marketinq, reklam, PR və HR mütəxəssisləri, repetitorlar tələb olunur. Həmçinin sənaye, kənd təsərrüfatı və xidmət: əlavə qazanc, mövsümi iş, satış (pərakəndə ticarət), sərnişin, yükdaşımaları, restoratorlar, aşpazlar, ofisiantlar, işçi heyəti, ixtisassız fəhlələr, təmir, servis xidməti, idman, fitnes, gözəllik salonu sahələrində də işçilər tələb olunur. KİV, nəşriyyat, poliqrafiya, turizm və mehmanxana biznesi, hüquqşünaslıqla bağlı peşələrə son dərəcə az tələbat var. Bilavasitə gənclər üçün olduqca az iş təklif edilir. Təcrübəsiz və karyeralarına təzə başlayanlar üçün ümumiyyətlə, təklif yoxdur. Dayanıqlı İnkişaf Araşdırmaları Mərkəzinin sədri Nəriman Ağayevin "R+"a məlumat verdiyi kimi, regionlardan fəal şəkildə axın edənlərlə əlaqədar ölkədə - xüsusən də paytaxtda - əhalinin yüksək sıxlığı müşahidə edilir. Təbii ki, iş axtarmaq məsələsi xüsusilə aktuallaşır. Tikintidə, nəqliyyat sahəsində, ticarətdə kadrların son dərəcədə yüksək qeyri-sabitliyi müşahidə edilir. Deməli, orada məşğul olan əməkqabiliyyətli əksər kişilər işsiz, ailələri isə - sabit gəlirsiz qalırlar.

Bu vəziyyət Rusiyadakına bənzəyir - böhran şərtlərində tam işsizlik problemi, qismən məşğulluğu olan və gəlirlərinin həcmi azalan insanların sayının artması qədər də aktual deyil. Bu isə əlbəttə ki, ümumi iqtisadi vəziyyətə təsir göstərir.

 

Sərgi nə göstərdi?

Bu il doqquzuncu dəfə keçirilən "Karyera və təhsil" əmək sərgisi göstərdi ki, işə düzəlmək üçün variantların axtarışlarına təkcə çoxlu gənc deyil, mütəxəssislər də gəlirlər. Qeyd etmək lazımdır ki, gələnlərin heç də hamısı iş axtarmırdı: bəzilərini təkcə əməkhaqqı deyil, peşə artımı və hətta yeni təhsil maraqlandırırdı. Hüseynov Süleymanın 35 yaşı var. O, dənizçidir, gəminin keçmiş kapitanı və birincidərəcəli mexanikdir. Özünə yeni iş axtarmağa gəlib. Avropa Oyunları zamanı "Crystal Hall" idman-konsert kompleksində menecer işləyib. "İndi işsizəm və gələcək idman oyunlarının, gələn il Bakıda keçiriləcək məhz "Formula-1"in qarşıdakı turnirləri üçün menecerlərin sırasına düşməyə ümid edirəm", - deyə Hüseyn bildirib. - "Düzdür, elə də əmin deyiləm ki, ora hökmən məni götürəcəklər. Hələlik, turnirə qədər ancaq 15 vakansiya təklif edilib. Odur ki, qismətimi gözləyəcəyəm - Avropa Oyunlarında olduğu kimi". 

Fərəc Seyidbəylinin cəmi 20 yaşı var. O, Azərbaycan, rus və alman dillərində yaxşı danışır. Universitetdə oxuyur, boş vaxtlarında isə multimedia, fotoqrafiya, musiqi, dulusçuluqla məşğul olur. Dərslərdən sonra isə özəl kinoməktəbdə uşaqlara kamera tutmağı, düzgün montaj etməyi öyrədir və ümumiyyətlə, incəsənəti sevir. "Məşğul olduğum hər şeyi çox sevirəm və maaşı, heç olmasa, 400 manat olan maraqlı bir iş tapacağıma ümid edirəm", - deyə bildirir.

Nərgiz Əliyevanın 20 yaşı var. Xarici Dillər Universitetinin ispan dili fakültəsində oxuyur. Bir ildir iş axtarır. İnstitutdan sonra boş vaxtlarında fərdi şəkildə məktəblilərə dərs deyir. "İstənilən işə ümid bəsləyirəm, çünki hər bir işdə şəxsi inkişaf üçün həmişə yer var". İşəgötürənlər kimi axtarırlar? Azərbaycanda məşhur şirkətlərdən birinin nümayəndəsi Allahverdi Bağırov "R+"a deyib ki, təşkilat sərgidə ilk dəfədir iştirak edir. "Bizim müxtəlif sahələrimizdə çoxlu vakansiyamız var". Ona görə də şirkət lazımi mütəxəssisləri tapmaq üçün sərgidə iştirak etmək qərarına gəldi.

 

Dövlət strategiyası

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu gün qeydiyyata alınmış 28 989 nəfərdən 2289-u 289 manat həcmində işsizlik müavinəti alır. Əlbəttə, müavinət işsizlik problemini həll edə bilməz. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclaslarında çıxışları zamanı dəfələrlə bildirib ki, işsizliyin əsas səbəblərindən biri - bütün iqtisadiyyata ziyan vuran bəzi dövlət strukturları tərəfindən əsassız yoxlamalar və maliyyə reketçiliyidir. Məlumdur ki, bu yaxınlarda Nazirlər Kabinetinin növbəti iclasında prezident qeyd edib ki, ilin əvvəlindən 30 000 insan işsiz qalsa da, eyni zamanda, həmin dövrdə 67 min yeni daimi iş yerləri açılıb. O, həmçinin qeyd edib ki, yeni iş yerlərinin yaradılması prosesi daimi davam etməlidir. 

 

Dünyada nə baş verir

BMT-nin ixtisaslaşdırılmış müəssisəsi Beynəlxalq Əmək Təşkilatı (BƏT) dünyada işsizliyin artması ilə bağlı artıq çoxdan həyəcan təbili çalır. Belə ki, təşkilatın məlumatlarına əsasən, dünyada işsizlərin sayı, təxminən, 200 milyondan bir qədər artıqdır. BƏT onları əməkqabiliyyətli, lakin işi olmayan və iş axtarışlarında olanlar adlandırır. Bu, 2008-ci ildə beynəlxalq maliyyə böhranına qədərki göstəricidən 30 milyon çoxdur. Bununla əlaqədar BƏT-i standart əmək müqaviləsi olmadan işləyənlərin faizi xüsusilə narahat edir. Əksər hallarda tam iş günü işləməyənlər və ya işəmuzdlar öz hüquqlarının pozulması ilə üzləşirlər, çoxu yoxsulluq içində yaşayır. "Bir sıra hallarda işin qeyri-standart variantları insanlara əmək bazarında möhkəmlənməyə kömək edə bilər. Lakin bu tendensiya da bütün dünyada işçilərin üzləşdikləri müdafiəsizliyin artımının daha miqyaslı tendensiyasının əksidir", - deyə BƏT-in rəhbəri Qay Rayder qeyd edir. Buna görə BƏT də, dövlət də işə düzələnlərə əmək müqaviləsi bağlamağı tövsiyə edir. O, işçini həmişə hüquqlarının pozulmasından və ilk növbədə, ödəniş edilmədən işdən çıxarılmasından qoruyacaq. Bununla əlaqədar növbəti məlumat son dərəcədə perspektiv görünür: cari ilin oktyabr ayında Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən - "Elektron hökumət" portalında əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən (EİS) 169 820 dəfə istifadə olunub. Onlardan "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidmətindən 126 909 dəfə, "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətindən isə 42 911 dəfə faydalanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi tədbirlər əmək müqavilələrinin rəsmiləşdirilməsi üzərində dövlət nəzarəti mexanizmlərinin formalaşdırılmasına yönəlib. Eyni zamanda əmək müqavilələrinin EİS-də elektron qeydiyyatı gələcəkdə çalışanların hüquqlarının müdafiəsinə, sosial haqların və vergi daxilolmaların artmasına şərait yaradacaq. Bağlanan hər bir əmək müqaviləsi EİS-də əmək müqaviləsi haqqında bildiriş forması qeydiyyata alındıqdan sonra, qüvvəyə minir. Əmək müqavilələri haqda bildiriş formalarının EİS-ə daxil olma proseduru "Elektron hökumət" portalı (<https://www.e-gov.az>) üzərindən həyata keçirilir. Bundan başqa, sistemə daxil olan məlumatların təhlükəsizliyi təmin edilir. Ümumilikdə, cari ilin 10 ayı ərzində Azərbaycanda "Elektron hökumət" portalında EİS-də əmək müqavilələrinin qeydiyyatı elektron xidmətlərindən 1 675 727 nəfər istifadə edib. Odur iş axtarmağa yollanmaq və ümidləri itirməmək qalır. İnkişaf və artım üçün perspektivlər həmişə var.


MƏSLƏHƏT GÖR:

457