18 May 2024

Şənbə, 22:18

ƏN YAXŞI ÜÇLÜKDƏ SAĞ HÜCUMÇU

Kazbek Tuayev 75 illik yubileyində "R+"a Banişevski və Markarovla oyunu barədə danışıb

Müəllif:

24.11.2015

Əslində, onun təqdimata ehtiyacı yoxdur. Azərbaycan futbol tarixinin ən parlaq simalarından biri, "Neftçi" və SSRİ yığmasının sabiq futbolçusu Kazbek Tuayevin adı hər zaman dillər əzbəri olub. Sovetlər dönəmində hamı qitədə ən güclü trio - Anatoli Banişevski, Eduard Markarov və Kazbek Tuayevin futbol məharətinə heyran olmuşdu. Və bu üçlükdə sağ hücümçu mövqeyində oynayan Tuayev çox qol vurudu. 

Bu il Azərbaycan futbolunun canlı əfsanəsi Kazbek Tuayev 75 yaşını qeyd edir. "R+" tanınmış futbolçu və məşqçi ilə görüşərək, onunla tarixə nəzər salmağa çalışdı.

- Deyirlər, Kazbek Tuayev məclis adamıdır. Yəqin, ad gününüzü təmtəraqlı keçirdiniz...

- Əlbəttə, yox. Dostlarla məclisdə oturmağı çox sevirəm. Amma ad günü keçirmirəm. Yəni ailəvi qeyd etmişik. Təmtəraqlı qeyd etməyin əleyhinəyəm. Ona görə yalnız ailə üzvlərimlə birgə olduq. Sözsüz, təbrik edənlər çox oldu. Hər birinə təşəkkür edirəm.

- Ötən illərə nəzər salarkən, ilk olaraq yadınıza nə düşür?

- Yada salmağa xatirələr çoxdur; "Neftçi"də futbolçu kimi qazandığımız uğurlar. Sonra məşqçi kimi işləyəndə əldə olunan çempionluqları unutmaq olmaz. SSRİ yığmasında oynadığımız illər hər zaman yadımdadır. İndi futbolçulara oyundan sonra forma dəyişməyə icazə verirlər. O zaman buna icazə yox idi. Formalar sonradan inzibatçıya təhvil verilirdi. İlk dəfə SSRİ yığmasının formasını geyinəndə onu soyunmaq istəmirdim. Çox xoşbəxt idim. 

- Əfsanəvi qapıçı Lev Yaşin deyirdi ki, onun üçün ən qorxulu hücumçu Kazbek Tuayevdir. Yaşinin fikrincə, siz son saniyəyə qədər topu hara vuracağınızı özünüz də bilmirdiniz...

- (Gülür) Bilirsiniz, Yaşin niyə elə deyib? Çünki onun qoruduğu qapıya ən çox mən qol vurmuşam. Dəqiq yadımda deyil, təxminən, 5-6 dəfə onu məyus etmişəm. 1962-ci ildə Moskva "Dinamo"su ilə oynayırdıq. 0:1 hesabı ilə uduzurduq, sonradan matç heç-heçə başa çatdı: 2:2. Həmin oyunda iki dəfə Yaşinin qapısına yol tapdım. Bir epizodda yaxşı ötürmə aldım, bilmədim, topu komanda yoldaşıma ötürüm, yoxsa birbaşa vurum. Nəticədə, birbaşa qapıya vurdum və qol oldu. Yaşin yerində qaldı.

- Siz eyni zamanda, Anatoli Banişevski ilə bir komandada olmusunuz. Banişevskini digər fufbolçulardan nə fərqləndirirdi?

- Anatoli ilahi istedad idi. 20 yaşında milli komandanın hücumçusu olmaq hər insana nəsib olmur. Dünya Çempionatının bürünc medalını qazanmışdı. Banişevski rəqiblər üçün "qorxulu yuxu" olurdu. Oyun zamanı başla çox yaxşı oynayırdı. Sadəcə, penalti zərbələrini vurmağı sevmirdi. Çünki onda alınmırdı.

- Tofiq Bəhramovu necə xatırlayırsınız?

- Həyatda yumşaq insan olsa da, meydanda sərt hakim idi. Qaydanı pozana güzəştə getməzdi. Son illər hər dəfə ona eyni sualı verirdilər: "1966-cı ildə Dünya Çempionatının finalında mübahisəli epizodda qol var idi, ya yox?". Bəhramov artıq əvvəlcədən deyirdi ki, baxın, indi yenə həmin oyunu soruşacaqlar.

- Bəhramov nə cavab verirdi?

- Tofiq zarafat edirdi. Deyirdi, nə fərqi var? Əsas odur ki, şahzadə əlimi sıxdı. Bir də bütün tədbirlərdə "Qızıl fit"i göstərirdi. Həmin il bizim üçün uğurlu oldu. "Neftçi" SSRİ çempionatında bürünc medal qazandı. Bəhramov Dünya Çempionatının finalını idarə etdi. O zaman çoxlu sayda tədbirdə iştirak edirdik. Tofiq hər yerə qızıl fiti aparırdı.

- 1966-cı ildə qazanılan bürünc medalla bağlı çoxlu sayda şayiə var. Rusiya mediasına müsahibəsində o vaxt Kiyev klubunun futbolçusu olan Serebyannikov, Xmelniçki deyir ki, həmin oyunda bilərəkdən uduzublar. Çünki "Neftçi" buna görə onlara pul təklif edib...

- (Gülür) Belə yalanlar hər zaman olub. Pul söhbəti, ümumiyyətlə, olmayıb. Biz Kiyev klubunun futbolçuları ilə tanış idik. Söhbət zamanı belə təklif oldu: "Oyunu verə bilərsiniz, verin. Yox, onda özümüz oynayacağıq". Vəssalam. O zaman "Neftçi"də Markarov, Banişevski və mən əsas futbolçular olmuşuq. Biz isə heç vaxt belə yolla getməzdik. Sonda danışıq olmadı, "Neftçi" bu oyuna final kimi çıxdı və qələbə qazandı.

- Siz həm də AFFA İcraiyyə Komitəsinin üzvüsünüz. Hazırda Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkidir. Onun işini necə qiymətləndirirsiniz?

- Prosineçkini müzakirə edərkən İcraiyyə Komitəsinə 25 namizəd verilmişdi. Azərbaycan millisində çalışmaq istəyənlər çox idi. Fikrimcə, biz düzgün qərar qəbul etdik. Prosineçki ailəsini Bakıya gətirib. Bütün çempionat oyunlarını izləyir. İlk ilində milli pis oynamadı. Gələn il daha yaxşı olmalıdır. Bizim futbolumuzu başa düşür. Nəsə aydın olmayanda öyrənir. Berti Foqtsdan daha yaxşıdır. Alman tam fərqli idi. Mentalitetimizi başa düşmürdü. Onun vaxtında komanda 90 dəqiqə müdafiə olunurdu. 

- 75 yaşınız tamam oldu. Kazbek Tuayev bundan sonra təklif olarsa, məşqçilik etmək istər?

- Artıq yaş özünü göstərir. Mən yenə də AFFA-da çalışıram. Eyni zamanda, uşaq futbol məktəbinə rəhbərlik edirəm. İndi gənclərə şərait yaratmaq lazımdır. Hərçənd bəzən nostalji adamı geri qaytarmaq istəyir. 

- İndiki məşqçilərdən kimin işini fərqləndirərdiniz?

- Qurban Qurbanovu qeyd edərdim. Vaxtı ilə rəhbərliyim altında çıxış edib. Qurban yaxşı oğlandır. Yaxşı futbolçu olub, indi də layiqli məşqçidir. Samir Əliyevə inanmaq lazımdır. Azərbaycanda yaxşı məşqçilər çoxdur. Sadəcə, onlara güvənmək və etibar etmək vacibdir. Dəstək olmasa, məşqçi heç nə edə bilməz. Legioner məşqçilərə şans veririk. Özümüzünkülərdən isə dərhal çempionluq istəyirik.

- 75 yaşlı Kazbek Tuayevin ən böyük arzusunu bilmək olar?

- Arzum çoxdur. Amma özümə aid olan arzular da var. İlk olaraq, hamıya cansağlığı arzu edərdim. İstərdim, futbolumuz daha da inkişaf etsin. Əlbəttə, çox istərdim ki, Azərbaycan millisi "Avro-2020"nin final mərhələsində mübarizə aparsın və biz Bakıda millimizə dəstək olaq.

 

 

TUAYEV HAQQINDA

Kazbek Tuayev 13 noyabr 1940-cı ildə Bakının Ələt qəsəbəsində dünyaya gəlib. Futbolçu karyerasının böyük hissəsini "Neftçi"də keçirib, həmçinin "Spartak" (Nalçik) və "Spartak" (Vladiqafqaz) komandalarında çıxış edib. SSRİ millisinin heyətində 1964-cü ildə Avropa Çempionatının gümüş mükafatçısı, "Neftçi"də isə SSRİ Çempionatının bürünc mükafatçısı olub. 

Baş məşqçi qismində isə K.Tuayev "Spartak" (Vladiqafqaz), "Xəzər Lənkəran", "Neftçi", "Klub Afriken" (Tunis), "Tərəqqi", "Azneftyağ", "Turan" (Tovuz) və Azərbaycan millisində çalışıb. Baş məşqçi kimi, bir dəfə "Turan"la, 3 dəfə isə "Neftçi" ilə Azərbaycan çempionu olub. 2 övladı var. Böyük oğlu Sergey Rusiyanın paytaxtı Moskvada, digər övladı Aleksandr isə Kanadada yaşayır. 



MƏSLƏHƏT GÖR:

544