17 May 2024

Cümə, 07:53

DENİKİNİN OPPONENTİ

ADR-in diplomatik nümayəndəsi Cəfər bəy Rüstəmbəyov müstəqil Azərbaycana qarşı hücumların qarşısını necə alıb

Müəllif:

24.11.2015

1920-ci ilin aprelin 29-da Azərbaycan Sovet Sosialist Respublikasının Ədliyyə naziri vəzifəsinin icrasına başlayandan sonra, Əliheydər Qarayev Ali İnqilab Tribunalının (AİT) sədrinə hələ ötən hakimiyyət zamanı öldürülən bolşevik Əli Bayramovun qətli ilə bağlı işi icraatına götürməyi tövsiyə edib. Qətlin müqəssirlərindən biri - ADR-in keçmiş Daxili İşlər nazirinin köməkçisi (yəni müavini) Şəfi bəy Rüstəmbəyov hesab olunurdu. Aprelin 30-da AİT rəhbərliyinə Rüstəmbəyovun saxlanılması barədə məlumat verildi. Lakin tezliklə məlum oldu ki, tutulan Şəfi bəy Rüstəmbəyov deyil, onun qardaşı Cəfər bəy Rüstəmbəyovdur. Növbəti gün o, azadlığa buraxıldı.

 

Cəfər bəy Rüstəmbəyov kim idi?

İyulun 23-də Nuxa qəzasının milis rəisi Hüseynov Qəza İnqilab Komitəsinə hesabat verib: "İyulun 21-də agentura məlumatı aldım ki, Nuxa sakini Məhəmməd Əli Əbdülrəhim oğlunun evində Ticarət və Sənaye nazirinin keçmiş yoldaşı Cəfər bəy Rüstəmbəyov gizlənir. Milislərlə birlikdə Rüstəmbəyovun Bakı quberniyasının Suraxanı kəndinin sakini Məşədi İspat Mehsalı oğlunun olduğu müvafiq evdə axtarış apardım. Onlar saxlanıldılar və Nuxa çekasına göndərildilər. Rüstəmbəyovun yoxlanılması zamanı onun üzərində qızıl saat və nağd olaraq, cəmi 286 825 rubl, onun yoldaşı Məşədi İspatda isə 185 000 rubl aşkarlandı. Qeyd olunanların bütün pulları müsadirə edilib və xüsusi tapşırıq verilənə qədər mənim yanımdadırlar". Dindirilmə protokollarından və onun müxtəlif dövlət orqanlarına müraciətlərindən məlumdur ki, C.Rüstəmbəyov 1884-cü ildə Qutqaşın kəndində (indiki Qəbələ şəhəri - müəllif) anadan olub. Xarkov Universitetinin tibb fakültəsini bitirib, burun və qulaq xəstəliklərinin müalicəsi üzrə həkim ixtisasına yiyələnib. Universitetdə təhsil alarkən tələbə hərəkatında fəal iştirak edib. 1905-1910-cu illərdə sosial-inqilabçılar (eserlər) partiyasının üzvü olub və bu təşkilatın silahlı bölməsinə daxil olub. 1911-ci ildə hərbi həkim qismində xidmətə çağırılıb. Xarkovda inzibati şəkildə Dumaya seçkilərə və mülkədarların torpaq sahələrinin alınmasına qarşı təşviqat aparılması üçün cəlb olunub. Birinci Dünya müharibəsinin başlanması ilə 58-ci piyada alayının, sonradan isə Krımda lazaretdə həkimliyə təyinat alıb. Müharibə bitəndən sonra, Simferopolda özəl həkim kimi işləyib. 

1919-cu ilin əvvəlində almanlar Krımı tərk etdilər. Yarımadanı dərhal ümumi mobilizə elan edən ağqvardiyalı general Denikinin könüllü ordusu tutdu. Krımın müstəqilliyi uğrunda mübarizə aparan yerli müsəlman ziyalıları Denikinin işğalına qarşı çıxış etdilər. Onların sırasında C. Rüstəmbəyov da var idi. Təqiblər başladı. Bəziləri həbs olundular, digərləri isə Krımı tərk etmək məcburiyyətində qaldılar.

1919-cu ilin əvvəlində C.Rüstəmbəyov Bakıya qayıtdı və ona Azərbaycan Respublikasının Kuban hökuməti yanında diplomatik nümayəndə vəzifəsini tutmaq təklif edildi. Fevralın ortasında bu vəzifəyə təyin olunduqdan sonra o, Yekaterinoqra (indiki Krasnodar - müəllif) yola düşdü. "Kubanda mənim rolum Azərbaycan vətəndaşlarını Denikinin mobilizəsindən qurtarmaq məqsədilə şəxsiyyət vəsiqələrinin verilməsi və Kuban hökuməti qarşısında dağıstanlılara qarşı Kuban kazaklarının göndərilməsi ilə bağlı şifahi və yazılı bəyanatların yollanması ilə bağlı idi. Mənim etirazlarım səhrada tənha qalan insanın fəryadına bənzəyirdi, çünki operativ hissəsinə yalnız Denikinin qərargahı rəhbərlik edirdi. Sonuncu isə həm Dağıstana, həm də Azərbaycana qarşı ədavətlə yanaşırdı. Bizləri, Azərbaycan simasında türkləri, Denikin və onun agentlərini Dağıstanda inqilabın himayədarları və Dağıstanı pul, sursat və təbliğatçılarla təmin edən qismində görürdülər", - deyə o, ifadələrinin birində bildirib.

 

Diplomatik nümayəndə

Burada bir balaca haşiyə çıxmaq lazımdır. Bolşeviklərlə mübarizə aparan ağqvardiyalı generalların məqsədlərindən biri, Rusiya İmperiyasının dağılmasının qarşısını almaq idi. Onlar bir qədər Zaqafqaziya respublikalarının müstəqilliyi ilə razılaşırdılar, lakin Dağıstanın müstəqilliyi ilə heç cür barışmaq istəmirdilər. Gənc Azərbaycan Respublikası oradan ağ qvardiyanın çıxarılmasını, Dağıstana müstəqillik verilməsini tələb edirdi. Bu, general Denikini və onun ətrafındakıları çox qıcıqlandırırdı.

Yekaterinburqda C.Rüstəmbəyov dəfələrlə Denikinlə görüşüb. Bu görüşlərin birində Denikin Rüstəmbəyova deyib: "Mən sizin xalqınızın və hökumətin Rusiyaya baxışını bilmək istərdim". Rüstəmbəyovun cavabı belə olub: "Mən fərdi şəxs kimi danışacağam. Lakin düşünürəm ki, xalqımın mövqeyini bildirirəm: biz Rusiya ilə mədəni və iqtisadi əlaqələrlə bağlıyıq, Rusiya inqilabı və dünya müharibəsi dahi xalqların öz müqəddəratını təyin etmək hüququnu yaradıb, xalqım da öz müqəddəratını elan etməyi özünə borc bilir". Sual: "Sizin Könüllü ordu və mətbuatınızda mənə qarşı hücumlar nə ilə bağlıdır?". Cavab: "Düşünürəm, Könüllü Ordunun Dağlıq Respublikanın məkanlarına daxil olması və dağlıq xalqların öz müqəddəratını təyin etmək hüququnun pozulması ilə. Bununla siz bəhanə verdiniz ki, bu cür addım sizə qarşı da atıla bilər". 

Diplomatik rəhbər qismində C. Rüstəmbəyov ADR hökumətinin xarici siyasi fəaliyyət aspektləri ilə maraqlanan İngiltərənin Kubandakı missiyasının rəhbəri, general Briqqslə də söhbətləri baş tutub. Eyni zamanda o, hesab edirdi ki, "Azərbaycan bolşeviklərlə mübarizə aparan və "arxasını bolşeviklərdən qorumaqla, eyni zamanda, Azərbaycanı da bolşeviklərin müdaxiləsindən qoruyan Könüllü Ordu ilə daha çox dostluq əlaqələri qurmalıdır". "Biz heç kimlə mübahisə etmirik, lakin bizim xalqımız, öz müstəqilliyini elan etməklə, onu həm daxili, həm də xarici hücumlardan qoruyur", - deyə Rüstəmbəyov ona bildirib. Diplomatik nümayəndə statusuna baxmayaraq, belə bir mövqeyi olan C.Rüstəmbəyov Kubanda çox qala bilməzdi. Onun sürgün edilməsi, özbaşına cəzalandırılması barədə getdikcə daha çox fikirlər səslənirdi. 1919-cu ilin noyabr ayında ağqvardiyalı zabitlər onu həbs etməyə cəhd göstəririlər, lakin bu barədə xəbərdarlıq alandan sonra, Rüstəmbəyov gizlənməyə və sonradan Novorossiysk vasitəsilə Bakıya qaçmağa macal tapır.

 

Həkim və ticarət nazirinin müavini

1920-ci ilin fevralında ADR Ticarət, Sənaye və Qida naziri Məmməd Həsən Hacınski C.Rüstəmbəyova onun müavini olmağı təklif edir. Bu vəzifəni o, aprelin 27-nə qədər, yəni hakimiyyətə bolşeviklər gələnə qədər icra edir. Rüstəmbəyovun məsuliyyət sahələri əsas tələbat məhsulları ilə əhalini təmin etmək idi: "Bakı burjuaziyasını 125 milyon rubl məbləğində vergi vasitəsilə işçi rayonları və şəhərin kasıb təbəqələrini ucuz çörək, ət və balıqla təmin edirdim... Mən işçilərin və kasıb əhalinin əsas tələbat əşyalarının alınması ilə bağlı hökumət iclasına burjuaziyanın yarım milyard rubl məbləğində vergi tutulması və büdcədən 300 milyon rubl ayrılması barədə qanun layihəsini təklif elədim". ADR hökumətin devrilməsindən sonra, C.Rüstəmbəyov həbs olunana qədər, Bakıda və Azərbaycanın qəzalarında fərdi həkim fəaliyyəti ilə məşğul olub. 1920-ci ilin iyulun 30-da C.Rüstəmbəyova qarşı cinayət işi Azərbaycanın əks-inqilab, casusluq, banditizm və vəzifə cinayətləri ilə mübarizə üzrə fövqəladə komitəsinə göndərilib (AzFK). Araşdırma müstəntiq Ayrapetova tapşırılıb. Avqustun 15-də Ayrapetov qərar çıxarıb: "Cəfər Rüstəmbəyovun ittiham edilməsi ilə bağlı yazışmanı nəzərdən keçirərək, sovet hakimiyyətinin qatı əleyhdarı və Müsavat hakimiyyətinin keçmiş ticarət və sənaye naziri kimi, cinayət faktı müəyyən edildiyini nəzərə alaraq, Rüstəmbəyovu həbsxanaya, işi isə İnqilab Tribunalına göndərmək tapşırılıb".

Lakin 1920-ci ilin oktyabrın 20-də kifayət qədər dəlil olmadığına görə, AİT işi AzFK-yə təfsilatlı araşdırılma üçün göndərir. Bu dəfə istintaqı müstəntiq Çemulov aparır. İstintaqın nəticəsi olaraq, müstəntiq Çemulov qərara gəlir: "Rüstəmbəyov Sovet hakimiyyətinin əleyhdarı deyildi". İş yenidən AİT-ə daxil olur. İşin icraatını müstəntiq Musabəyov götürür. Onun tərəfindən ADR hökumətində birgə işdən Rüstəmbəyovu tanıyan Məmməd Həsən Hacınski (ASSR Milli Təsərrüfat Şurası Rəyasət Heyətinin üzvü) və Əhməd Pepinov (ASSR Əmək Nazirliyi Qaçqınlar Şöbəsinin rəhbəri) də daxil olmaqla, şahidlər dindirilib. Rüstəmbəyovu xarakterizə edən M.H.Hacınski müstəntiqə bildirib: "Özümə köməkçi seçməkdə səhv etməmişəm". 1920-ci il noyabrın 18-də AzFK Azərbaycan İnqilab Komitəsinə məlumat ötürüb: "Rüstəmbəyovun günahı təsdiqlənməyib, azadlığa buraxılmayıb, rəy verin". Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanov bəyannamə barədə bildirib: "Amnistiyanın tətbiq edilməsi üzrə komissiyaya". Faktiki olaraq, bu, həbs olunanın azadlığa buraxılması deməkdir. 1920-ci il noyabrın 20-də müstəntiq Rüstəmbəyova qarşı həbs qətimkanı dəyişdirərək, ondan başqa yerə getməmək iltizamı alaraq, azadlığa buraxılması barədə bəyan edib. Həbsdən azadlığa buraxılması barədə qərara baxmayaraq, rəhbərlik Rüstəmbəyovu azadlığa buraxmırdı. 1920-ci ilin noyabrın 26-da ədliyyə üzrə xalq komissarına Rüstəmbəyovun həyat yoldaşı Safiya Qıpçaqskaya müraciət edib: "Dörd aydan çoxdur ərim həbsdədir. Ona qarşı Sovet hakimiyyətinə həmdərd olmamaq ittihamı sürülüb. İstintaq dəlillər aşkarlamayıb və iş bağlanıb. Buna baxmayaraq, ərim həbsdə qalmaqda davam edir. Xahiş edirəm, onu azadlığa buraxarsınız". 

Noyabrın 29-da AİT-ə "həbs olunan həkim Cəfər Rüstəmbəyovu məcburi işə" cəlb etmək xahişi ilə Ədliyyə naziri müraciət edib. Həkimlərə böyük ehtiyac olduğuna görə, sizdən həkim Rüstəmbəyovu ixtisası üzrə istifadə edilməsi üçün Səhiyyə Milli Komissarlığına ezam olunmasını əmr etməyinizi xahiş edirəm". İcazə 1921-ci ilin yanvarın 2-də verildi. Yanvarın 4-də Ədliyyə Milli Komissarlığı Səhiyyə Milli Komissarlığına "AİT Rüstəmbəyovun məhkəməsinə qədər sizin sərəncamınıza və məsuliyyətinizə təqdim olunmasına dair əmr verilməsi barədə məlumat verib". AİT müstəntiqinin son qərarı 1921-ci ilin martın 8-də qəbul olunub. Orada deyilir: "Həkim Cəfər Rüstəmbəyova Sovet hökumətə qarşı müxalif mövqeydə olması barədə ittiham irəli sürülüb. İlkin istintaqla müəyyən edilib ki, ittiham təsdiq olunmuş deyil. İşə xitam verilməlidir. Müvafiq qərar Azərbaycan İnqilab Tribunalı Kollegiyasına təqdim olunsun". 1921-ci il martın 23-də isə Hərbi-İnqilab Səhra Tribunalı qərar verib: cinayət mahiyyətinin olmamasına əsasən, işə xitam verilsin. Həbs zamanı Rüstəmbəyovdan alınan pullar ona qaytarılıb, qızıl saat isə müsadirə edilib.

P.S. Təqdim edilmiş şəkillərə görə, müəllif araşdırmaçı A.Tahirzadəyə təşəkkür edir.



MƏSLƏHƏT GÖR:

592