18 May 2024

Şənbə, 14:20

ŞƏBƏKƏ ASILILIĞI

Azərbaycanda İnternetə çıxışda baş vermiş nasazlıq daxili şəbəkə infrastrukturunun şaxələndirilməsi zərurətini ortaya çıxardı

Müəllif:

24.11.2015

2015-ci il noyabrın 16-da ölkənin əsas provayderi olan "Delta Telecom" şirkətinin DATA-mərkəzində baş vermiş texniki problem bütünlükdə ölkə ərazisində İnternetin müvəqqəti olaraq kəsilməsi ilə nəticələndi. Bu, sözügedən sahədə təhlükəsizlik məsələlərinə böyük diqqət ayrılmalı, alternativ kommutasiya imkanlarını təmin edəcək strukturun inkişafına dəstək verilməli olduğunu aydın şəkildə ortaya qoydu.

Bununla yanaşı, bir məqamı da qeyd etmək lazımıdır ki, Azərbaycan artıq şəbəkə infrastrukturunun inkişafında, ATS-lərin rəqəmsallaşdırılmasında, dördüncü nəsil mobil texnologiyanın tətbiqində, provayder xidmətlərinin müasirləşdirilməsində və s. böyük uğurlar əldə edib. Bütün bunlar birlikdə ölkədə genişzolaqlı İnternet xidmətinin dinamik inkişafını təmin edib.

Ölkədə İnternetə çıxışın böyük bir hissəsi optik-lif və adi telefon xətti ilə təmin olunur. Bu seqmentdə əsas operator rolunu "Delta Telecom" şirkəti oynayır. Trafikin 90%-i məhz onun payına düşür. Qalan 10%-i ikinci əsas provayder olan "AzerTelecom" təmin edir. Bu şirkətlər birlikdə, təxminən, 30 yerli İnternet provayderinə və digər maraqlı strukturlara dünya şəbəkəsinə çıxış imkanı verir.

Ölkə 1990-cı illərdə qlobal şəbəkəyə həm də peyk İnterneti vasitəsilə çıxış əldə etmişdi. Lakin kosmik resurslar texniki parametrlərinə və sürətinə görə optik-lif İnternetdən xeyli geri qalır. O, siqnalın gecikməsi üzündən iri tutumlu kontentin ötürülməsi üçün o qədər də işə yaramır. Peyk rabitəsinin effektivliyi aşağı, qiyməti isə yüksək olduğundan, Azərbaycanda İnternetin ötürülməsində ondan demək olar ki, istifadə edilmir. Eyni səbəbdən milli "Azerspace-1" peykinin kommutasiya avadanlığından da alternativ İnternet resursu kimi istifadə olunmur.

Əslində, son 5-6 ildə buna xüsusi ehtiyac hiss edilməyib. Çünki "Delta Telecom" qlobal şəbəkəyə beynəlxalq qoşulma sistemini kifayət qədər effektiv şaxələndirə bilib. Nəticədə, Azərbaycan optik-lif IP magistrallara qoşulma sayını dəfələrlə artıra bilib; məsələn, hələ 2012-ci ildə "Delta Telecom" rabitə operatoru Frankfurtda öz magistral İnternet mərkəzini yaradıb. Bu, ona Avropadan Azərbaycana 1,4 terebayt həcmində trafik ötürmək imkanı verib. Qeyd edək ki, bu, son dərəcə önəmli məqamdır. Çünki ölkə uzun illər bir neçə tranzit ölkədən keçməklə gələn daxili naqil şəbəkəsi ilə ötürülən İnternet trafikindən istifadə etmək məcburiyyətində qalıb. Nəticədə, rabitə prosesi texniki baxımdan ağırlaşıb, trafik qiymətləri isə xeyli baha olub.

Bütün bu səylər "AzNet" milli seqmentində İnternet trafikinin həcmini ötən ilin sonuna 300 Qbit/s-yə çatdırmağa imkan verib. Bu gün bir çox qonşu dövlət qlobal şəbəkəyə məhz Azərbaycanın tranzit imkanlarından istifadə etməklə qoşulurlar. Müqayisə üçün qeyd edək ki, 2008-ci ildə bu göstərici 6 Qbit/s olub. Yəni, ötən dövr ərzində göstərici 50 dəfə artıb.

Lakin magistral "backbone"lara xarici qoşulmaların sayını uğurla artıran Azərbaycan İnternet trafikin daxildəki paylayıcı sistemini eyni uğurla şaxələndirə bilməyib. 

Artıq qeyd edildiyi kimi, ölkə daxilində qoşulma həcminin 90%-ni əsas provayder olan "Delta Telecom" təmin edir. 2015-ci il noyabrın 16-da istifadəçilərlə acı zarafatın səbəbi də bu olub. Saat təxminən 16:00-da şirkətin DATA-mərkəzində əsas kabellərdən biri tüstüləməyə başlayıb. Nəticədə bütün ölkə ərazisində İnternetə qoşulmada fasilə yaranıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sonradan yaydığı rəsmi bəyanatdan məlum olub ki, DATA-mərkəzdə yanğından qaçmaq mümkün olsa da, kabelin əriməsi və güclü tüstüləmə qurğunun işində problem yaradıb. Fövqəladə Hallar Nazirliyinin Yağından Mühafizə Xidmətinin, həmçinin qurumun mütəxəssislərinin əraziyə cəlb olunmasından sonra İnternetə çıxış elə həmin gün saat 21:00-da bərpa olunub. Bununla yanaşı, paytaxtın bir sıra rayonlarında normal sürətli İnternet yalnız hadisənin səhəri günü təmin edilib.

RYTN-in məlumatında bildirilir ki, yaşanmış fors-majora baxmayaraq, tranzit rabitə kanallarının işində problem yaranmayıb və bərpa işlərinin aparıldığı müddətdə sistemin iş qabiliyyətində beynəlxalq trafik tranziti ilə bağlı heç bir çatışmazlıq yaşanmayıb.

Bu gün hadisənin səbəbləri haqda danışarkən "Delta Telecom" şirkətinin DATA-mərkəzindəki soyutma sisteminin, telemetriya, yanğın əleyhinə müxtəlif sensorların və digər təhlükəsizlik sistemlərinin effektivliyi İlə bağlı hər hansı fikir söyləmək tezdir. Güman ki, RYTN rəsmiləri, həmçinin hadisənin araşdırılmasına cəlb olunmuş digər strukturların nümayəndələri kabellərin yüklənməsi və ya tüstüləməyə səbəb olmuş digər səbəblərlə bağlı açıqlama verəcəklər.

Görünən isə odur ki, bu xoşagəlməz insident yerli provayderlər və onların istifadəçiləri üçün beynəlxalq şəbəkəyə alternativ çıxışın vacibliyini bir daha gündəmə gətirib. Bu, son dərəcə vacib məsələdir. Çünki baş vermiş insident nəinki ölkə əhalisinin böyük bir hissəsini İnternetsiz qoyub, həm də maliyyə sektorunun, dövlət və özəl qurumların fəaliyyətində problemlər yaradıb.

İnternetin kəsilməsi "Azercell" mobil operatorunun abonentlərindən də yan keçməyib. İnsident nəticəsində ən çox zərər çəkən isə bank sektoru olub: bankomatların və daim onlayn rejimdə qalmalı olan digər avadanıqların işində problemlər yaranıb. Vəziyyətdən nisbətən yaxşı çıxan SWIFT Beynəlxalq banklararası hesablaşmalar sistemi olub. Çünki onun qlobal şəbəkəyə ayrıca çıxış kanalı var. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, AZIPS və XÖHS də daxil olmaqla (xırda ödəmələr), Milli Ödəmə Sistemi və klirinq sistemi də dayanıqlılığını nisbətən qoruyu bilib.

İstənilən halda, İnternetə çıxışdakı qısa fasilə bir çox firma və təşkilatın fəaliyyətinə öz təsirini göstərib. Söhbət fəaliyyətində bu kommunikasiya növündən bilavasitə asılı olan qurumlardan gedir.

Milli informasiya məkanının formalaşdırılmasında, onun təhlükəsizliyinin təminində ciddi dəyişikliklərə ehtiyacın olduğunu, bazarda dünya şəbəkəsinə alternativ çıxış imkanı yaradan subyektlərinin dəstəklənməsinin vacibliyini Azərbaycan İnternet Forumu da bəyan edib. "Delta Telecom" şirkətinin magistral kanallara qoşulma sayının artırılması istiqamətindəki addımlarını son dərəcə müsbət qiymətləndirməklə yanaşı, son insident fonunda bu tədbirlərin kifayət olmadığı etiraf edilməlidir. Bu gün ölkənin informasiya təhlükəsizliyinin təmininə daha konseptual yanaşmaq lazımdır. Ehtiyat avadanlıqlar və infrastruktur yaradılmalı, alternativ informasiya şəbəkələri qurulmalı, bu sahədə rəqabət olmalıdır", - deyə Forumun bəyanatında bildirilir.

Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanov da eyni fikirdədir. Onun fikrincə, istehlakçılara (banklar, aviasiya və digər nəqliyyat şirkətləri, dövlət qurumları) xidmət göstərən məsul yerli provayderlərin beynəlxalq rabitə kanallarına alternativ çıxış imkanları olmalıdır.

Deyəsən, ölkədə bu cür alternativ qoşulma variantlarının axtarışı artıq başlayıb. "Artıq bir sıra provayderlər, aparıcı banklar, prosessinq mərkəzləri ikinci əsas provayder olan "AzerTelecom"un xidmət şəbəkəsinə qoşulublar. Bundan başqa, Təhsil Nazirliyi, bir sıra kredit təşkilatları və müəssisələrlə də bu istiqamətdə danışıqlar gedir", - deyə "AzerTelecom" MMC-nin kommersiya direktoru Səbinə Məmmədli bildirib. Bu provayder Rusiya, Türkiyə və Gürcüstandan əlavə rabitə kanalları almaqla, şəbəkəsini genişləndirib. Bununla da kanalların ötürmə gücünü saniyədə 70 qiqabitə qədər artırıb, perspektivdə isə bu rəqəmin 100 qiqabit olacağı gözlənilir.

Ümid edək ki, qlobal şəbəkəyə alternativ qoşulma tədbirlərinin genişləndirilməsi, fiber to home layihəsi çərçivəsində nəzərdə tutulmuş daxili optik infrastrukturun müasirləşdirilməsi artıq yaxın zamanlarda Azərbayan vətəndaşlarının və bazar subyektlərinin fasiləsiz, dayanıqlı sürətli İnternetlə təmininə imkan yaradacaq.



MƏSLƏHƏT GÖR:

444