18 May 2024

Şənbə, 18:22

QƏNAƏTLİ SƏYAHƏT

Azərbaycanda azbüdcəli turizm sahəsinin genişləndirilməsinə başlanılıb

Müəllif:

24.11.2015

Misir və Fransada terror aktları dünyanın bir çox ölkələrindən turizm səyahəti sevərlərin Yeni İl bayramları üçün planlarını nəzərəçarpacaq dərəcədə dəyişdirəcək. "Qədim piramidalar vətəni" üzərində Rusiya təyyarəsinin partladılması səyahətçilərin bir qismində aerofobiyanın yaranmasına səbəb ola bilər. Öz növbəsində, antiterror əməliyyat rejimi, yoxlamalar və hərəkətin sərbəstliyinin məhdudlaşdırılması "sevgi və azadlıq şəhəri"ndə heç də məqbul mühit yaratmır. Bir sıra Rusiya deputatlarının Türkiyə, Tunis və Birləşmiş Ərəb Əmirlikləri kimi kifayət qədər məşhur turizm istiqamətləri üzrə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə son təşəbbüsləri də turistlərdə həvəs artırmır.

Bütün bunları nəzərə alaraq, əminliklə ehtimal etmək olar ki, turistlər Yeni İl bayramları dövründə maraqlı istirahət üçün yeni təhlükəsiz regionlar axtarmağa başlayacaqlar. Və Azərbaycan tamamilə buna iddia edə bilərdi. Hələ azərbaycanlıların özlərinin də, çox güman ki, bu il Avropa əvəzinə, vətənlərinin qoynunda istirahətə üstünlük verə biləcəklərini deməsək. Azərbaycanda turizmin inkişafına son illər böyük diqqət yetirilir. Əgər ötən illərdə diqqət daha çox iri beynəlxalq tədbirlərin keçirilməsi və zəngin turistlərin cəlb edilməsi üçün müasir mehmanxana komplekslərinin tikilməsinə yönəlirdisə, bu gün söhbət azbüdcəli turistlərin cəlb edilməsindən gedir. Qeyd edək ki, "Booking.com" otellərin onlayn bron edilməsi sistemində xarici turistlər Azərbaycanda mehmanxanaların təqdim etdiyi xidmətlər və rahatlığı kifayət qədər yüksək qiymətləndirirlər. Lakin təəssüf ki, digər ölkələr və istiqamətlərlə müqayisədə, ölkəboyu seçim məhduddur. Bütün Azərbaycan üzrə "Booking.com"da turistlərin yerləşməsi üçün cəmi 239 variant mövcuddur: Bakı üzrə 169, Şəkidə 8, Qəbələdə 7, Qusarda 5, Lənkəranda 5, Gəncədə 5, Şahdağda 4, Naftalanda 3 və s. Müqayisə üçün, təkcə Parisdə müvafiq saytda turistlərin qalması üçün 1479 otel, 2140 apartament, 49 otel "yataq və səhər yeməyi", 16 hostel təklif olunur. Əlbəttə, müvafiq mərhələdə Azərbaycan paytaxtını turizm sahəsində möhkəm və çoxillik ənənələrə malik olan Fransanın baş şəhəri ilə müqayisə etmək çox tezdir. Lakin bizimlə birgə sovet keçmişinə və ərazi münaqişələri ilə bağlı problemlərə malik qonşu Gürcüstanın misalını götürsək, o zaman geridə qaldığımız yenə də göz qabağında olar. 

Belə ki, "Booking.com"da Gürcüstan üzrə qonaqların yerləşdirilməsi üçün 2807 variant mövcuddur. Bununla yanaşı, Tiflisdə 981 variant, yəni Bakı ilə müqayisədə 4 dəfə çox təklif olunur. Bundan əlavə, gürcü paytaxtında turistlər üçün təkliflərin yarısından çoxu qalmaq üçün sutkada 50 dollardan az qiymət təklif edir. Bundan başqa, təklif olunan yaşayış yerinin 83%-i "ulduz"lara sahib deyil. Bu arada, "Booking.com"da Tiflisdə cəmi üç beşulduzlu otel təklif olunur.

Düzdür, Bakının da daxil olmaqla, Azərbaycanın bir çox sakini öz mənzillərini sutkada 50 dollardan aşağı təklif edir; misal üçün, paytaxtda daşınmaz əmlak üzrə məşhur dərgilərin reklam elanlara baxmaq kifayətdir. Lakin çox güman ki, mehmanxana xidmətlərinin göstərilməsi üçün lisenziya verilməsi və xidmətlərin sertifikatlaşdırılması üzrə nəzarət orqanı və ya vergi müfəttişlərindən qorxduqları üçün fiziki şəxslər mənzilin icarə verilməsi ilə bağlı təkliflərini geniş reklam etmirlər. Bunun nəticəsi olaraq, biz bu cür elanları "Booking.com"da Azərbaycan üzrə görə bilmirik. Bu arada müvafiq onlayn-sistemdə vəziyyət kifayət qədər özünü büruzə verir. Yüksək texnologiyalar dövründə turistlərin çoxu gələcək səyahətlərinin virtual planlaşdırılmasına üstünlük verirlər. Buraya otelin axtarışı və bronlaşdırılması, ziyarət üçün görməli yerlər, şoppinq üçün marşrutlar, gecədincəlmə yerləri və s. seçilməsi daxildir. Düzdür, Azərbaycan üzrə qlobal şəbəkədə müəyyən məlumatlar müxtəlif dillərdə var. Lakin çox vaxt onlar potensial turistlərin geniş kütləsinə məlum olmayan müxtəlif lokal saytlar üzrə səpələnib.

Dünyanın onlarca ölkəsinin turizm obyektləri barədə məlumatları özündə ehtiva edən qlobal sistem başqa məsələdir. Bugünün reallıqlarını nəzərə alaraq, məhz Azərbaycanın turzim potensialının bu məlumat meydançalarında məşhurlaşdırılması azbüdcəli istirahətin inkişafının sürətləndirilməsi ilə birgə, ölkəyə turistlərin kütləvi axınını da stimullaşdıra bilər. Ona görə də Mədəniyyət və Turizm Nazirliyin tərəfindən mənzilləri icarə vermək istəyənlər üçün məlumat bazasının yaradılması və əldə olunmuş məlumatların müxtəlif turizm internet saytlarının otel bronlaşdırılması üzrə onlayn sisteminə daxil edilməsinə yardım göstərilməsi istiqamətində əlavə addımlar məqsədəuyğun olardı. Eyni zamanda, tənzimləyici qurum azbüdcəli turobyekt yaratmaq istəyən sahibkarların stimullaşdırılması üzrə təkliflərlə çıxış edə bilərdi - bu, həm müvəqqəti vergi güzəştləri, həm də güzəştli kreditlər və s. ola bilər. 

Hələlik isə Azərbaycanda turistlərin cəlb edilməsi məsələsinə daha konservativ yanaşırlar və xidmətlərin keyfiyyətinə diqqət cəmləməyə üstünlük verirlər. Turizm potensialının təşviqinə gəlincə, hazırda Mədəniyyət və Turizm Nazirliyi üstünlüyü müxtəlif ölkələrdə keçirilən turizm sərgilərində yerli şirkətlərin xidmətlərinin nümayiş edilməsinə verir. 

Belə ki, 2016-cı ildə 16 bu cür tədbirdə iştirak nəzərdə tutulub. Lakin azbüdcəli turpaketlərin təşkil edilməsi planında Azərbaycana gələn bir neçə ölkənin vətəndaşlar üçün müəyyən irəliləyişlər var; məsələn, bu günlərdə Mədəniyyət və Turizm Nazirliyi və "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin gəlmə turizminin daha səmərəli təbliği və 2016-cı ildə daha böyük turist sayının cəlb edilməsi üçün ilk iclası baş tutdu. AZAL-ın birbaşa aviareysləri mövcud olan ölkələrin vətəndaşları üçün onların spesifikliyini, bu ölkələrin turistlərinin qərarlarının qəbul edilməsindəki xüsusiyyətləri, bayram günləri və tətillər nəzərə alınmaqla, ucuz turpaketlərin hazırlanması məsələləri müzakirə olunub. Yaxın zamanlarda qeyd olunan qurumlar arasında 2016-cı ildə birgə fəaliyyət planının reallaşdırılması barədə sənəd imzalanacaq.

Bir sözlə, müvafiq qurumlar və təşkilatlarda artıq anlayırlar ki, yalnız siyasi sabitlik amilində Rusiya da daxil olmaqla, azbüdcəli turistləri cəlb etmək mümkün olmayacaq. Turizm infrastrukturunda bir çox şeyləri dəyişdirmək lazımdır və burada söhbət təkcə turistlərin yaşaması üçün ucuz yerlərdən deyil, həmçinin kiçik ailə restoranlar şəbəkəsinin və münasib qiymətə xidmət göstərən digər əyləncəli obyektlərin inkişafından gedir.



MƏSLƏHƏT GÖR:

433