18 May 2024

Şənbə, 19:55

DİNİ QAYDALARLA BORC

Rus Pravoslav Kilsəsi islam kreditlərinə xeyir-dua verdi

Müəllif:

24.11.2015

Borc faizi bəşəriyyətin mövcud olduğu dövrdən dünyada mövcuddur. Hər halda, o hələ Babillərin zamanından məlumdur. Amma min illər ərzində buna qarşı ictimai fikir dəyişilməz olaraq qalıb. Praktiki olaraq orta əsrlərədək sələmçilik tamamilə hüquqi olaraq qadağa altında olub və qeyri-qanuni idi.

Xristianlığın yaranması ilə borc faizinə olan qadağalar "Əhdi-Cədid" də daxil olmaqla, Müqəddəs Yazının müddəalarına əsaslanırdı. Xüsusilə, Lukanın "İncil"ində deyilir: "...Heç nə gözləmədən borc verin; əvəzində, sizi böyük mükafat gözləyəcək". Quranın ayələrinin birində isə deyilir: "Ey, iman gətirənlər! Tanrıdan qorxun və həqiqətən də Allaha inandığınız zaman, sizin payınıza düşəndən olan artımdan imtina edin... Əgər imtina etsəniz (sələmçilikdən), o zaman kapitalınız sizin yanınızda qalacaq. Digərlərinə zərər və inciklik verməyin, o zaman siz də onlardan zərər görməyəcəksiniz". Avropada XVII əsrin əvvəlində yaranan istehsalın kapitalist üsulu ilə birgə, borc faizinin alınmasına qoyulan qadağa da aradan qaldırıldı. Bir müddət sonra, təxminən, XIX əsrin sonları XX əsrin əvvəllərində bu qadağa Orta Asiyada da aradan qaldırıldı. Hər halda, bu hadisənin Quranın qaydalarına zidd olması ona gətirib ki, XX əsrin 60-cı illərindən başlayaraq, əvvəlcə Misirdə, sonradan isə Şərqin digər ölkələrində borc faizindən imtina edən maliyyə institutları yaranmağa başlandı. Onillər ötdükcə, maliyyə dünyasında - "Thomson Reuters" agentliyinin məlumatına görə, hazırda ümumi kapitalı 1,8 trln. dollar olan 532 təşkilatdan ibarət islam bankçılığı adlı yeni fenomen yarandı.

İslam bankçılığı ənənəvi bank işinə alternativ sayılır. Söhbət borc faizinin qadağan edilməsindən, artmış risk və qeyri-müəyyənlikdən gedir. Bundan başqa, əmanətlər qoymaq, donuz əti, alkoqol, silah istehsalı və satılması, eləcə də fahişəlik, pornoqrafiya, qumar oyunları kimi qadağa edilmiş fəaliyyət növlərindən gəlir götürmək olmaz. İslam maliyyə sistemi də ənənəvi sistem kimi, eyni alətlərə sahibdir, lakin bu sistem kredit münasibətlərində borc faizi şirkətdə payın alınması və nəticə etibarilə gəlirə şərik olunması ilə əvəzlənir, yəni bank borcalanla bütün riskləri bölüşür. Tədbirli Avropa yüksək sürətlə inkişaf edən maliyyə alətindən kənar qalmayıb. Burada ilk islam bankı artıq 1978-ci ildə Lüksemburqda yaranıb. Hazırda islam "törəmə"ləri "Citibank", "HSBC", "J.P.Morgan", "Goldman Sachs", "Credit Suisse" və digər bank nəhənglərində var. Britaniyada 150 bankdan 20-si maliyyə xidmətlərini şəriət çərçivəsində göstərir. İslam banklarının xidmətlərinə "General Motors", "IBM", "Alcatel", "Daewoo" kimi transmilli şirkətlər də müraciət edirlər. "Ernst&Young" şirkətinin qiymətləndirməsinə əsasən, 2018-ci ilə qədər İslam banklarının dünya aktivləri artıq 3,4 trln. dollar təşkil edəcək.

Əhalisi, əsasən, müsəlman olan keçmiş SSRİ ölkələrinin müstəqilliklərini bərpa etməklə, qanunauyğun olaraq islam bankçılığına da marağı yaranıb. 20 mln. müsəlmanın yaşadığı Rusiyada ötən əsrin 90-cı illərinin ortasından islam maliyyə mexanizmləri tətbiq etmək cəhdləri həyata keçirilib. Lakin yaxın müddətə qədər onlar çox vaxt uğur əldə etməyib. Uzun müddət ərzində Rusiyada islam bankçılığının əsas təşviqatçısı 1990-cı illərin əvvəlində yaradılan Badr-Forte bankı idi. Nüfuzlu beynəlxalq islam banklar assosiasiyasının Rusiyadan olan yeganə üzvü olaraq, o, Rusiyanın maliyyə maraqlarını Yaxın Şərq, Malayziya, İndoneziya, Pakistan, Türkiyədə və s. təşviq edirdi. Müvafiq olaraq, bu ölkələrin Rusiyada biznes maraqları da bu bank vasitəsilə reallaşdırılırdı. Lakin 2006-cı ildə Mərkəzi Bank onun lisenziyasını geri aldı. Demək olar ki, dərhal elan edildi ki, onun səhmdarları sırasına beynəlxalq maliyyə sisteminin nəhəngi olan İslam Yenidənqurma və İnkişaf Bankı daxil olacaq. Fərziyyələr çoxdur - ABŞ Dövlət Departamenti tərəfindən təzyiqdən tutmuş, Rusiyanın daxili bazarındakı rəqiblərinin intriqalarınadək.

Hazırda RF-də xidmətləri bank xidmətlərinə oxşayan "islam maliyyə şirkətləri" adlanan müəssisələr fəaliyyət göstərir; məsələn, fiziki və hüquqi şəxslərə murabahi (malın satılması şərtləri) və icarə (icarə müqaviləsi) formasında islam maliyyəşməsini təklif edən Kazanın "Amal" maliyyə evini göstərmək olar. Bu bazarın daha iki iştirakçısı Mahaçqalada yerləşir - "Lraiba Finans (2011-ci ildən), "Masrif" (2013-cü ildən).

Rusiyada, həmçinin iri islam bankı "Melli İran" bankının törəməsi də fəaliyyət göstərir. "İslam pəncərəsi" (islam bankçılıq prinsipləri ilə fəaliyyət göstərən kommersiya bankının şöbəsi) "Asiya-Bank"da, "Azərbaycan-ABB", "Tatarprom-Bank"da fəaliyyət göstərir. Bu yaxınlarda bu xidmətlər "Sberbank"da da peyda olacaq.

Bu sahədə, əsasən, problem ondan ibarətdir ki, Rusiyanın hüquqi sənədlərinin heç birində "islam maliyyə institutu" və ya "islam maliyyə prinsipləri əsasında fəaliyyət göstərən bank"ın nə olduğu barədə yazılmayıb. Ekspertlərin fikrincə, islam maliyyə alətlərinin tam həcmdə işləməsi üçün 17 federal qanuna dəyişikliklər etmək lazımdır: Vergi Məcəlləsi, bank fəaliyyəti barədə, eləcə də qiymətli kağızlar bazarı barədə qanun və s.

Ötən ilin yayında Rusiya Banklar Assosiasiyası (RBA) RF-də müsəlman kredit təşkilatlarının fəaliyyətini tənzimləyəcək xüsusi "İslam bankları barədə" federal qanun qəbul etməyə və belə bankların ayrı lisenziyalaşdırılmasını və MB-də bankların əməliyyatlarının islam prinsiplərinə cavab verib-vermədiyini müəyyənləşdirəcək mərkəzi şəriət şurasının yaradılmasını təklif edirdi. 

Rusiya iqtisadiyyatı Qərbin tətbiq etdiyi sanksiyalara görə maliyyə kapitalının kəskin çatışmazlığı acısını çəkəndən sonra isə bu məsələdə irəliləyiş baş verdi. Bu ilin yazında Dövlət Duması Rusiyaya islam bankçılığının tətbiq edilməsi üçün maneələri aradan qaldıran qanunvericiliyə dəyişikliklərin qəbul edilməsinin zəruriliyini xatırlayıb. 

Bunun ardınca, oktyabrda Rusiya bankında "RF-də tərəfdaş (islam) bankçılıq xidmətlərinin göstərilməsi üzrə hüquqi, tənzimləyici və təşkilatı mexanizmlərin, imkanların araşdırılması üzrə" işçi qrup yaradıldı. Mərkəzi Bankda Tatarıstan və Başqırdıstan respublikalarında və Şimali Qafqaz regionlarında şəriət qanunları ilə işləyən pilot maliyyə modelinin işə salınması ideyasını dəstəklədi. Bu prosesə "Sberbank" da qoşuldu. Onun prezidenti German Qref, nədənsə, ilin sonlarına qədər tammiqyaslı islam bankçılığının yaradılması barədə xəbər verməyə tələsdi.

Və beləliklə, bu günlərdə islam bankçılığının pravoslav tərəfdaşı peyda oldu. Onların yaradıcıları faizsiz maliyyə sisteminin təşviqi ilə səyləri birləşdirməyi təklif etdilər.

Məlum oldu ki, Rus Pravoslav Kilsəsi (RPK) və Rusiya Müftilər Şurası hakimiyyətin qanunverici orqanları, profil nazirlikləri və Rusiya bankları ilə fəal şəkildə çalışacaq ənənəvi və tərəfdaş maliyyə dəstəklənməsi üzrə birgə komissiya yaradıblar.

Komissiyanın həmsədrləri Rusiya Müftilər Şurasının və Rusiya Federasiyası Müsəlmanları Dini İdarəsi sədrinin birinci müavini Ruşan Abbasov və kilsənin qarşılıqlı əlaqələr üzrə sinod şöbəsinin və Moskva Patriarxat Cəmiyyətinin rəhbəri protoierey Vsevolod Çaplin oldu.

Söz düşmüşkən, bir il bundan əvvəl Vsevolod Çaplin pravoslav bankçılıq sistemi yaratmağı təklif edəndə, o, borc faizdən imtina edən islam nümunəsinə istinad etmişdi. Lakin bu, "onun effektivliyini azaltmadı". Sözün düzü, "bizim milli maraqlarımızı qoruyacaq öz sistemimiz olmalıdır. Biz Qərb sistemlərinə - nə "Mastercard", nə "SWIFT", nə də başqa bir şeyə arxalana bilərik. Biz maliyyə sistemimizi Qərb arsızlığından, ikili standartlardan, yalançı liberalizmdən, yalançı demokratiyadan, Qərb maliyyə piramidalarından təmizləməliyik..." kimi bəyanatlar bir qədər çaşqınlıq yaradır. O zaman bu layihə çox siyasiləşdirilmiş və konyukturalı görünməyə başlayır. Lakin RPK nümayəndələrinin iddia etdiyi kimi, pravoslav bankinqin yaradılması barədə diskussiyalar son 20 il ərzində davam edirdi. Onun prinsipləri islam bankçılığı ilə oxşardır - borc faizindən istifadə etmədən payın maliyyələşdirilməsi; spekulyativ fəaliyyətdən imtina etmək (valyuta və fond bazarları da daxil olmaqla); etik prinsiplərə uyğun olmayan fəaliyyət sahələrinə sərmayə qoyulmasını qadağan etmək; biznesin mənəvi təmizliyi.

Hər iki din nümayəndələrinin fikrinə əsasən, bütün dünyada nisbətən bu yaxınlarda yaranan faiz (sələmçilik) kreditləşməsindənsə, məhz bu cür maliyyə münasibətləri daha ənənəvi xarakter daşıyır. 

Beləliklə, əsas dinlərin ənənəvi dəyərlərinə əsaslanan maliyyə prinsiplərini və institutlarını təşviq edən mötəbər orqanın yaradılması üçün iki konfessiyanın səyləri birləşdirilib. Və Rus Pravoslav Kilsəsi kimi güclü tərəfdaşın peyda olması ilə islam bankçılığının Rusiyada perspektivləri daha real görünməyə başlayıb.


MƏSLƏHƏT GÖR:

465