29 Aprel 2024

Bazar ertəsi, 23:20

UTANMASAN, OYNAMAĞA NƏ VAR Kİ...

Ermənilərin bütün "qədim tarix"i, faktiki olaraq, kompilyasiyadan, müxtəlif xalqların ərazilərinin, tarixinin, mədəniyyətinin, mədəni irsinin mənimsənilməsindən ibarətdir

Müəllif:

24.11.2015

Ermənistan hökuməti və diasporası başqa xalqlara məxsus milli-mədəni irs nümunələrinin ermənilərə xas irs kimi təqdim olunması cəhdlərini davam etdirir. Bu dəfə Ermənistanın Mədəniyyət Nazirliyi türk xalq rəqsi olan "Köçəri"yə "ilişib". İrəvan bu rəqsin UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına erməni rəqsi kimi salınmasına çalışır.

UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması Konvensiyasının Hökumətlərarası Komitəsinin noyabrın 30-dan dekabrın 4-dək Namibiyada keçiriləcək 10-cu sessiyasında "Köçəri: Ermənistanda ənənəvi kollektiv rəqs" adlı bu təşəbbüs müzakirəyə çıxarılacaq. Bu barədə informasiya UNESKO-nun saytında yerləşdirilib. Ümumilikdə, sessiyada müxtəlif ölkələrdən 35 təklif nəzərdən keçiriləcək.

Qeyd edək ki, Azərbaycan dağlıq ərazidə yerləşən Lahıc qəsəbəsinin siyahıya salınmasını təklif edib. O, qədim misgərlik sənətinin nadir məskəni sayılır.

 

Türk rəqsi ermənilərə necə "keçdi"?

Gözlənildiyi kimi, Ermənistanın "Köçəri" rəqsini UNESKO-nun siyahısına ermənilərin milli sərvəti kimi daxil etdirmək cəhdi Azərbaycanın və digər türk dövlətlərinin narazılığına səbəb olub. Alimlər "Köçəri" rəqsinin erməni rəqsi kimi təqdim edilməsi üçün heç bir elmi və tarixi əsasın olmadığını deyirlər. Türk Dünyası və mədəniyyəti ilə qismən tanış olan insanlar belə, "köçəri" sözünün hansı anlam daşıdığını bilir. Köçərilik isə qədim zamanlardan sırf türk mədəniyyətinin elementi olub.

Hələ 1998-ci ildə alim və yazıçı Robert Qotlib "New York Times" qəzetində "Astaire to Zopy-Zopy adlı məqalə ilə çıxış edib. Məqalədə müxtəlif xalqların rəqsləri və folkloru araşdırılıb. Müəllif yazır ki, "Köçəri" Azərbaycanın "Yallı", "Üçayaq", "Tello", "Qaladan-qalaya" rəqslərinin bir qədər dəyişilmiş formasıdır. Azərbaycan şeirləri və mahnılarında "köç", "köçəri" və bu kökdən olan digər sözlər müxtəlif məna və çalara malikdir. Erməni diində isə "köçəri", "köç" kimi ifadələrin heç bir mənası yoxdur, əgər tələsik düşünülmüş və UNESKO-nun saytına yerləşdirilmiş versiyanı nəzərə almasaq. Erməni tərəfinin quruma ünvanladığı ərizədə deyilir: "Köçəri" qədim erməni kişi rəqslərindən biridir. O, öz əhəmiyyətini minilliklər sonra da itirməyib, üstəlik, erməni xalqının milli və mədəni sərvətinə çevrilib. "Köçəri"nin kökləri Qərbi Ermənistanın Qars və Artvin vilayətlərindən götürülüb. Erməni sözü olan "köçəri" ermənicədən tərcümədə "cəsur kişi" anlamını verir". Ən gülməlisi isə ondan ibarətdir ki, hətta erməni interpretasiyasında belə "cəsur kişi" kimi təqdm olunan "köçəri" sözü iki türk kökündən - "köç-qoç" (cəsur/igid) və "ar" (kişi/ər) ibarətdir. Yəni, bu halda da sözün kökünün, mənasının və variasiyasının erməni dili və ədəbiyyatına heç bir aidiyyəti yoxdur.

Mahmud Kaşğarinin orta əsrlərə aid məşhur "Divani-lüğət-it-türk" lüğətində də sözün kökü olan "köçqoç" "qoyun" anlamı verir; ondan əmələ gəlmiş "köçmək" sözü isə yerini dəyişmək anlamındadır. Göründüyü kimi, bu türk sözü birbaşa mənasında rus dilinə də "köçüb" və burada da eyni məna daşıyır.

 

İflasa məhkum erməni şousu

Biz artıq UNESKO-nun Mədəni İrsin Qorunması Komitəsinin iclaslarının Ermənistan tərəfindən siyasi şouya çevrilməsinə vərdiş etmişik. UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması Konvensiyasının Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da Parisdə keçirilmiş 9-cu iclasında Ermənistanın lavaşla bağlı irəli sürdüyü iddia hər kəsin yadındadır. Xatırladaq ki, ermənilər quruma ərizə ilə müraciət edərək, "ənənəvi erməni çörəyi olan lavaş"ın UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsini istəmişdilər. Bu, Azərbaycan, Türkiyə və İranın narazılığına səbəb olmuş, nəticədə, UNESKO təqdim edilmiş formulu dəyişmiş, onu "Lavaş, ənənəvi çörəyin hazırlanması, məzmunu və görüntüsü Ermənistanda mədəniyyətin ifadəsi kimi" təqdim etmişdir. Bununla da UNESKO komissiyası faktiki olaraq, lavaşın ermənilərin ixtirası olmadığını, sadəcə, özündə Ermənistana aid də mədəniyyəti ifadə etdiyini təsdiqləyib. Bununla da qondarma "erməni lavaşı" ifadəsinin UNESKO səviyyəsində leqallaşdırılmasının qarşısı alınıb.

Elə o zaman azərbaycanlı politoloq Fuad Axundovun təşəbbüsü və dilşünas Elşad Əlilinin köməyi ilə Qafqaz Tarixi Mərkəzi etnolinqvistik "yalan detektoru" layihəsini təqdim edərək, "lavaş", "tütək" və "dolma" sözlərini bu "detektor"dan "keçirmişdi".

Müəyyən olunmuşdu ki, müxtəlif dövrlərdə Avropa və Rusiyada buraxılmış qədim və klassik erməni dili lüğətlərində "lavaş" və "tütək" sözləri ümumiyyətlə yoxdur. "Lavaş" sözünə ilk dəfə 1906-cı ildə erməni müəllif A.S.Daqbaşyan tərəfindən hazırlanmış lüğətdə rast gəlinir. Bu, ermənilərin lavaşı, digər mədəni və mənəvi irs nümunələrini türk xalqlarından xeyli sonralar götürdüklərini bir daha təsdiq edir.

Erməni tarix saxtakarlarının iddia etdikləri "tütək" və "dolma" sözləri ilə bağlı aparılmış araşdırmalar da ortaya bənzər nəticələr çıxarıb. Bundan başqa, "lavaş" sözünə erməni mənbələrində ilk dəfə 1906-cı ildə rast gəlinirsə, "tütək" həmin lüğətdə də yoxdur. Türkdilli lüğətlərdə isə bu sözə lap qədim zamanlardan rast gəlmək mümkündür.

Yeri gəlmişkən, Azərbaycanın təşəbbüsü ilə bu il lavaş UNESKO-da region ölkələrinin - Azərbaycan, Gürcüstan, Türkiyə, İran və s. birgə irsi kimi təqdim edilib. Təşkilatın qaydalarına və prosedurlarına əsasən, bu məsələyə 2017-ci ildə Hökumətlərarası Komitənin toplantısında baxılacaq.

 

Azərbaycan meyxanasının sədaları altında erməni rəqsi

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, erməni dilində minlərlə fars, ərəb, türk və digər dillərdən götürülmüş söz var. Azərbaycan ədəbi dilində isə ermənimənşəli bir dənə də olsun, sözə rast gəlinmir. Bundan başqa, erməni ad və soyadlarının 40%-dən çoxu türkmənşəlidirsə, Azərbaycanda ermənimənşəli ad yoxdur.

XIX-XX əsrlərə aid rus etnoqraflarının araşdırmalarına görə, erməni toylarında, tədbirlərində hər zaman sırf türk geyimlərinə, ənənələrinə, mahnı və rəqslərinə rast gəlinib. Bu, indi də belədir. Erməni musiqçiləri belə tədbirlərdə Azərbaycan mahnı və rəqslərini ifa etdiklərini gizlətmirlər. İş o yerə çatıb ki, ermənilər toylarında, hətta ritmik Azərbaycan meyxanası ilə də rəqs edirlər. Bu, əlbəttə ki, region xalqlarının şifahi xalq yaradıcılığı ilə az-çox tanış olan insanlarda gülüş doğurmaya bilməz.

Yeri gəlmişkən, ermənilərin öz daxilində də səmimi, həqiqətin gözünə düz baxan, başqalarına məxsus irsin mənimsənilməsinin əleyhinə olan mütəxəssislər az deyil. "Mən əsl Azərbaycan muğamlarını böyük zövqlə dinləyir, onların müğənnilərinin ifasından həzz alırdım. Azərbaycan muğamlarının erməni variantına interpretasiyası isə adamın ürəyini bulandırır! Nəyə görə biz Azərbaycan muğamını erməni xalq musiqisi kimi təqdim etməliyik?!" - deyə İrəvan Kukla Teatrının bədii rəhbəri Ruben Babayan Ermənistanın "Novoye vremya" qəzetinin bu barədə sualını cavablandırarkən bildirib: "Bundan başqa, biz həmin musiqiləri korlayır, onu saxta şəklə salırıq... Korlayır, özümüzünkü kimi təqdim edir, üstəlik, bizi küçük kimi başımızdan tutub, nəcisə soxanda hələ bir hiddətlənirik də...".

Əlbəttə ki, erməni tərəfi özünün söz oyununun fırıldaq olduğunu yaxşı bilir. Məhz bu səbəbdən, Ermənistanın Mədəniyyət naziri Asmik Poqosyan UNESKO-da Azərbaycanın müqaviməti ilə qarşılaşacaqlarını indidən etiraf edir. Nazir deyir ki, "Azərbaycan "Köçəri" rəqsinin türk rəqsi olduğunu iddia edir". Bununla yanaşı, ermənilər saxtakarlıqdan, başqalarına məxsus olanı öz adlarına çıxmaq siyasətindən imtina etməyi də düşünmürlər. Bu səbəbdən, Azərbaycan, yəqin ki, növbəti dəfə UNESKO tribunasından erməni yalanını ifşa etməli olacaq. 

Amma qoy, sonra ermənilər əsəbiləşməsinlər!



MƏSLƏHƏT GÖR:

505