18 May 2024

Şənbə, 18:57

DÜNYANIN GÜCLÜLƏRİ SIRASINDA

Azərbaycan "Böyük iyirmilik" liderlərinin sammitində öz sözünü dedi

Müəllif:

24.11.2015

Ən güclü iqtisadiyyata malik dövlətlərin liderləri, həmçinin Avropa İttifaqı, BMT, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun ali nümayəndələri Türkiyənin Antalya şəhərində bir araya gəliblər. Noyabrın 15-16-da orada "G20" ("Böyük iyirmilik") sammiti keçirilib. "G20" iştirakçılarının dünya iqtisadiyyatının 85%-ni, qlobal ticarətin 80%-ni və dünya əhalisinin üçdəikisini özündə birləşdirməsi sammitin miqyasından xəbər verir.

"G20" sammiti son illər dünyanın ən aktual meydanlarından birinə çevrilib. Orada yalnız iqtisadi deyil, beynəlxalq siyasətin də ən vacib problemləri müzakirə olunur. Bu dəfə "Böyük iyirmilik" Parisdə, Misirdə və Livanda törədilmiş şok terror aktlarından dərhal sonra toplanıb. Toplantıda sammitin əsas məqsədi olan qlobal iqtisadi problemlərin müzakirəsinin bəzi hallarda beynəlxalq terrorçuluqla mübarizə məsələsinin kölgəsində qalması heç də təəccüblü deyil.

Azərbaycan ali forumda iştirak edən yeganə postsovet ölkəsi idi (Rusiyadan başqa). Ölkə başçısı İlham Əliyev sammitə dəvətdən 20 ildən artıqdır erməni təcavüzündən və terrorundan əziyyət çəkən Azərbaycanın mövqeyini dünya liderlərinin diqqətinə çatdırmaq üçün istifadə edib.

Azərbaycan Prezidentini tədbirə fəxri qonaq qismində sammitə ev sahibliyi və sədrlik edən Türkiyə dəvət etmişdi. Bu, Azərbaycanla Türkiyə arasında xüsusi, müttəfiq münasibətlərinin göstəricisi olmaqla yanaşı, həm də Azərbaycanın Cənubi Qafqazdakı lider rolunun təsdiqi sayıla bilər. Hər halda, bu regionun ÜDM-nin 70%-dən çoxu, xarici ticarət dövriyyəsinin dörddə üçü və təmiz beynəlxalq aktivlərin, təxminən, 100%-i Azərbaycanın payına düşür. Azərbaycan ərazisinə və əhalisinin sayına görə kiçik ölkələr sırasına daxil olsa da, onun həyata keçirdiyi enerji, nəqliyyat-kommunikasiya layihələri şübhəsiz ki, ümum-Avropa əhəmiyyəti daşıyır.

Bu layihələrdə Azərbaycanın tərəfdaşları qardaş Türkiyə və qonşu Gürcüstanla yanaşı, ABŞ, Böyük Britaniya, Fransa və digər ölkələrin aparıcı şirkətləridir. Prezident İlham Əliyev sammit çərçivəsində təşkil olunmuş işgüzar nahardakı çıxışında "Cənub" Qaz Dəhlizi layihəsinə xüsusi diqqət ayıraraq onun uğurla reallaşdırılacağını bildirib. Dövlət başçısı bu layihənin yaxşı investorlarının olduğunu deyib, onun reallaşdırılmasına göstərdikləri dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, ABŞ-ın dövlət başçısı Barak Obamaya və Böyük Britaniyanın Baş naziri Devid Kemerona minnətdarlıq edib. İ.Əliyev deyib ki, "bp" şirkəti Azərbaycanın ən nəhəng investorudur.

Noyabrın 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından sammitə qatılmış dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin şərəfinə təşkil olunmuş işgüzar nahar zamanı terrorçuluqla mübarizə və miqrasiya böhranı ilə bağlı fikir mübadiləsi də aparılıb. İlham Əliyev tədbirdəki çıxışında Azərbaycanın beynəxalq terrorçuluqla mübarizədə fəal iştirak etdiyini, Əfqanıstanda koalisiya qüvvələrinə ilk qoşulanlardan birinin olduğunu söyləyib. Prezident Azərbaycanın erməni təcavüzündən və terrorundan əziyyət çəkdiyini bildirib. Onun sözlərinə görə, erməni terror təşkilatlarının fəaliyyəti nəticəsində indiyədək 2 mindən artıq Azərbaycan vətəndaşı dünyasını dəyişib. Erməni silahlı qüvvələri beynəlxalq hüququn tələblərini pozaraq Azərbaycan ərazisinin 20%-ni işğal edib, həmin ərazilərdə etnik təmizləmə aparılıb, nəticədə 1 milyonadək azərbaycanlı öz doğma torpaqlarından qovulub. BMT Təhlükəsizlik Şurasının erməni hərbçilərinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnaməsi olsa da, Ermənistan onlara məhəl qoymur və buna görə heç bir cəza ilə üzləşmir. Prezident İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

İlham Əliyevin "Böyük iyirmilik" sammitində iştirakı və orada erməni terrorunu və təcavüzünü ifşa edən əsaslı çıxışı Ermənistan hökumətində əsl həyəcan və çaşqınlıq yaradıb. Ermənistan xarici işlər nazirinin öz qeyri-adekvat fikirlərilə tanınmış müavini Şavarş Koçaryan bunun cavabında Bakını bəzi Azərbaycan vətəndaşlarının (Fransanın, Almaniyanın, Böyük Britaniyanın, Rusiyanın minlərlə vətəndaşı kimi) radikal islamçı qruplaşmalara qoşulmaqda, Suriya və İraqda gedən döyüşlərdə iştirak etməkdə günahlandırıb. O, "Əl-Qaidə terror təşkilatının caynağını Azərbaycan ərazisinə də atdığını deyib. Bu cür "korun kora kor deməsi" məşhur gedişdir. Dünya liderlərisə Azərbaycanın antiterror koalisiyasının fəal üzvü olduğunu, ərazisində cihadçıların istənilən fəallığının qarşısını sərt şəkildə aldığını yaxşı bilirlər. Bundan başqa, əgər heç bir terrorçu təşkilatın adı bilavasitə Azərbaycanla bağlı deyilsə, ASALA erməni təşkilatı bütün dünya tərəfindən terror təşkilatı kimi tanınır.

Azərbaycan prezidenti YUNESKO-nun Baş Konfransının təşkilatın yaradılmasının 70 illiynə həsr olunmuş 38-ci sessiyasındakı çıxışı zamanı da erməni terroru məsələsinə toxunub. Parisdə törədilmiş silsilə terror aktları forumöncəsi əhvalı korlamışdı və çıxış edən bütün dövlət başçıları terror və zorakılıqla mübarizədə Fransa xalqı ilə həmrəylik nümayiş etdirirdilər.

İlham Əliyev islamın terrorla əlaqələndirilməsinin qəbuledilməz olduğunu bəyan edib: "Mən müsəlman ölkəsini, erməni terrorizmindən, işğalından, tarixi abidələrinin məhv edilməsindən əziyyət çəkən bir ölkəni təmsil edirəm. Əlbəttə ki, biz torpaqlarımıza qayıdacağıq, şəhərlərimizi bərpa edəcəyik, orada yeni məktəb və xəstəxanalar inşa edəcəyik, lakin tarixi abidələrimizi bərpa edə bilməcəyik".

Başqa sözlə, beynəlxalq hüquq normalarına sərt və birmənalı yanaşmanın, ikili standartlardan imtina etməyin vaxtıdır.

Türkiyənin Antalya şəhərində keçirilmiş "G20" sammitinə qayıdaraq qeyd edək ki, Türkiyə prezidenti Ərdoğan da orada ikili standartların yolverilməz olduğunu dilə gətirib. Sammitin yekununda Antalyada terrorçuluqla mübarizəyə dair birgə bəyanat qəbul edilib. Bəyanatda sammit iştirakçıları beynəlxalq qurumları ekstremistlərin maliyyələşdirilməsinə son qoymağa çağırıb, qaçqın problemlərinin həllində birgə çalışmaq niyyətlərini ortaya qoyublar. Onlar aviasiya daşımaları təhlükəsizliyinin təmini məsələsində də birgə çalışacaqlarını bildiriblər. Türkiyə sammiti yekun kommünikenin qəbulu ilə bitib. Orada sammitdə 2 gün ərzində müzakirə olunmuş bütün əsas mövzular öz əksini tapıb.

Sammit çərçivəsində liderləri müşayiət edən birinci xanımlar üçün biznesdə qadınların problemlərilə bağlı müzakirə təşkil olunub. Onlar üçün xüsusi humanitar proqram da reallaşdırılıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva bu tədbirlərdə iştirak ediblər.

"G20" sammitinin yekunlarından bəhs edən dünya KİV Türkiyənin miqyaslı beynəlxalq forumları ən yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirdiyini yazır. Beynəlxalq KİV bildirir ki, Türkiyə nəinki forum iştirakçılarını terror təhlükəsindən, həm də zəhlətökən və səs-küylü antiqlobalçılardan və digər marginal qruplardan tam qorumaq bacarığını hər kəsə göstərib.

Ankaranın NATO-dan olan müttəfiqləri, ilk növbədə, ABŞ xaosun yaşandığı, əsas cihadçı qüvvələrin və onların özəyini təşkil edən "İslam Dövləti"nin məskən saldığı Suriya və İraqla bilavasitə həmsərhəd olan Türkiyənin narahatlığını anlayışla qarşılayıblar. Amerikalılar İncirlik hərbi bazasındakı hava qrupunu gücləndirəcəklərini, Türkiyəyə havadan dəstək verəcəklərini bildiriblər. Avropa İttifaqı isə həmsərhəd zonada Suriya və İraq qaçqınları üçün müvəqqəti "məskən" yaradılmasına böyük həcmdə maliyyə resursu (3 milyard dollardan çox) ayırmağa hazırdır. Məqsəd onların Avropaya axınının qarşısını almaqdır.

Azərbaycana gəlincə, onun "G20" sammitində iştirakını kifayət qədər uğurlu saymaq olar. Haberler.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sammitin yekunlarını şərh edərkən Azərbaycanın tədbirdə sadəcə formal şəkildə iştirak etmədiyini, sammitə öz töhfələrini verdiyini söyləyib.

Qlobal iqtisadi böhranın aradan qaldırılması məsələsinə gəlincə, qeyd etmək lazımdır ki, bunun üçün böyük iqtisadi potenrsiala malik ölkələrin, həmçinin beynəlxalq maliyyə institutlarının rəhbərliyi birgə və düşünülmüş addımlar atılmalıdır. Lakin terror təhlükəsinin qarşısı alınmazsa, miqrasiya axını konkret çərçivəyə salınmazsa, iqtisadi inkişafın stimullaşdırılması ilə bağlı bütün səylər ikinci plana keçəcək.

Cihadçı qruplaşmalarla mübarizəyə çağırış etmək, eyni zamanda, məsələn, kürd və ya ermənilərdən gələn terror təhlükəsinə yumşaq yanaşmaq olmaz. Lokal münaqişələrin (Fələstin, Kipr, Qarabağ və s.) həllinə qəti və yekdil yanaşmaq vacibdir. Üstəlik, onlara beynəlxalq hüququn prinsiplərinə əsasən yanaşılmalıdır. Böyük və regional fövqəldövlətlərin birgə səyləri ilə İraqda, Suriyada, Liviyada, Əfqanıstanda, Somalidə, Yəməndə və digər bölgələrdəki xaosa son qoyulmalıdır. Bunun üçün quru qoşunlarından istifadə tələb olunursa belə, buna gedilməlidir. Sülhün və hüquqi qayda-qanunun bərqərar olması, hazırda münaqişələrə cəlb olunmuş və ya qarşılıqlı sanksiyalar siyasəti yürüdən dövlətlər arasında əməkdaşlığın bərpası, qlobal iqtsadiyyatın böhrandan çıxması üçün lazımi impulsun verilməsi istiqamətində səyləri əsirgəmək yolverilməzdir.



MƏSLƏHƏT GÖR:

487