14 May 2024

Çərşənbə axşamı, 02:28

ÇOXDAN GÖZLƏNİLƏN UĞUR

Azərbaycan cüdoçuları Çin Qran-prisində 6 medal qazanmaqla uzun sürən uğursuzluğa son qoydu

Müəllif:

01.12.2015

Azərbaycan cüdoçularının uğursuz günləri arxada qalıb. Bir neçə ay əvvəl onlara lazımi şəraitin yaradılmamasından şikayətlənən idmançılarımız indi mötəbər yarışlarda rəqib tanımır. Azərbaycan millisinin uğurlu çıxış etdiyi sonuncu yarışlardan biri Çinin Qingdao şəhərində keçirilən Qran-pri yarışıdır. 

Çinə Peter Zayzenbaherin rəhbərliyi altında yollanan komandamız məşqçilər heyətini qazanılan 6 medalla sevindirdi. 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov ardıcıl qələbələrdən sonra 14 finalda komanda yoldaşı İlqar Müşkiyevlə üz-üzə gəldi. Azərbaycan duelindən Müşkiyev qalib çıxdı. Yarımfinalda da uğurlu çıxışını davam etdirən idmançımız bu mərhələdə Qazaxıstan cüdoçusu Aybəy İmaşevi məğlub edərək finala yüksəldi. Həlledici görüşdə Hollandiya təmsilçisi Jeron Murenə qalib gələn Müşkiyev qızıl medala sahib çıxdı.

66 kq çəki dərəcəsində çıxış edən digər cüdoçumuz Nicat Şıxəlizadə də mübarizəyə ikinci mərhələdən qoşuldu. Ardıcıl üç görüşü qələbəylə başa vuran təcrübəli idmançımız finalda monqolustanlı idmançı Tumurxuleq Davadorja şans vermədi. Həlledici görüşdə "ippon" fəndi ilə uğur qazanan Şıxəlizadənin final görüşü cəmi 45 saniyə davam etdi. 73 kq çəki dərəcəsində dünya reytinqində 1-ci olan Azərbaycan cüdoçusu Rüstəm Orucov mötəbər turnirin gümüş medalını qazandı. Finala gedən yolda İspaniya, Çin, Qazaxıstan, Belçika cüdoçularının kürəyini yerə vuran Orucov həlledici görüşdə uğursuzluqla üzləşdi. Yaponiya cüdoçusu Soiçi Haşimoto ilə finalda səhvə yol verən Rüstəm Çin Qran-prisində gümüş medalla kifayətləndi.

 90 kq çəki dərəcəsində yarışan Ramin Qurbanov mübarizəyə ikinci turdan, tatami sahibi Ksun Jao Çenqi məğlub edərək qoşuldu. Daha sonra Monqolustan cüdoçusuna qalib gələn Qurbanov 1/4 finalda kubalı idmançı Esli Qonzalesə uduzaraq təsəlliverici görüşlərə qatıldı. Ramin Qurbanov bürünc medal uğrunda mübarizədə isə rusiyalı Kiril Voprosovu "ippon" fəndi ilə məğlub edərək qələbəni bayram etdi.

100 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Elmar Qasımov yarışa yaponiyalı Rutaro Qoto və gürcüstanlı Quram Tuşişvilini məğlub edərək başladı. 1/4 finalda isə o, argentinalı Hektor Kampos və koreyalı Hvanq Min-Hoya qalib gələn komanda yoldaşı Elxan Məmmədovla qarşılaşdı. Azərbaycan duelindən qalib çıxan Məmmədov yarımfinalda Qazaxıstan cüdoçusu Maksim Rakova uduzdu. Lakin cüdoçumuz Ukrayna təmsilçisi Artyom Bloşenkonu məğlub edərək bürünc medal qazandı.

Elmar Qasımov da təsəlliverici görüşlərdə xorvatiyalı Zlatko Kumriç və almaniyalı Karl-Rixard Frey üzərində qələbə qazanaraq bürünc medala sahib oldu.

Bununla da, Azərbaycan cüdoçuları Çin Qran-prisini 6 medalla başa vurdu. İlqar Müşkiyev (60 kq) və Nicat Şıxəlizadə (66 kq) qızıl medal, Rüstəm Orucov (73 kq) gümüş medal, Ramin Qurbanov (90 kq), Elmar Qasımov (100 kq) və Elxan Məmmədov (100 kq) isə Qran-prinin bürünc medalına layiq oldular. Bu göstərici ilə Azərbaycan Çin Qran-prisində kişilər arasında ən çox medal qazanan ölkə oldu.

Federasiya rəhbərliyində dəyişiklik və ardınca Peter Zayzenbaherin baş məşqçi postuna təyinatından sonra cüdoçularımızın fiziki hazırlığından irəliləyiş hiss olunur. Artıq milli komandada rəqabət yaratmaq istiqamətində işlər aparılır. Üstəlik, cüdoçular təqvimə uyğun olaraq lisenziya xarakterli bütün Qran-pri və turnirlərində iştirak edir. Çində keçirilən turnirdə medal qazanan idmançılarımız xal ehtiyatını yaxşılaşdırıb. Bu isə gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına daha böyük heyətlə yollanmağa şərait yaradacaq. 

Azərbaycan millisinin baş məşqçisi Peter Zayzenbaher "R+"a açıqlamasında cüdoçulardan razı qaldığını bildirsə də qarşıda onları daha çətin sınaqların gözlədiyini dedi: "Planetin ən böyük yarışına getdikcə az vaxtımız qalır. Federasiya rəhbərliyi qarşımızda mümkün qədər çox lisenziya qazanmağı qoyub. Hazırkı məqamla iki-üç cüdoçumuz reytinqdə daha yaxşı mövqelərdə qərarlaşıb. Bu səbəbdən, digər cüdoçularımız nəticə qazanmağa davam etməlidir. Rioya bütün heyətlə yollanmaq niyyətindəyik. Ancaq bunun üçün qarşıdakı lisenziya xarakterli turnirlərdə də uğur qazanmaq vacibdir. Gələn ilin martından etibarən olimpiadaya hazırlığa başlanılacaq. Hələlik lisenziya xallarını qazanmaq üçün çalışırıq".

Çin Qran-prisinin qalibi İlqar Müşkiyev turnirdə rəqabətin yüksək olduğunu söyləyib: "Çindəki yarışa hazırlıq yüksək səviyyədə gedirdi. Yeni rəhbərliyin göstərdiyi qayğının nəticəsində artıq yüksək yerlər uğrunda mübarizə aparırıq. Bu gün qazanılan uğurlar göstərdi ki, düzgün yoldayıq. Olimpiya Oyunları öncəsi bütün yarışlar gərgin keçir. Bu da istisna deyildi. Artıq zaman göstərir ki, yüksək nəticə qazanmağa layiqik və bu gün də bunu sübut elədik. Cüdo artıq o dərəcədə inkişaf edib ki, hansısa bir idmançını xüsusi qeyd etmək düzgün çıxmaz. Bütün görüşlərə axırıncı görüş kimi yanaşırdım. Ümumiyyətlə, Qazaxıstan cüdosu son zamanlar çox inkişaf edib, 60 kq dərəcəsində 4 güclü rəqib var".

66 kq-da turnirin qalibi olan Nicat Şıxəlizadə bütün diqqətinin Rioya vəsiqə qazanmağa yönəldiyini vurğuladı: "Məqsədimiz Çin turnirində qələbə qazanaraq olimpiadaya lisenziya xallarını artırmaq idi. Bu tapşırığın öhdəsindən gəldim və 300 xalı götürərək reytinq cədvəlində yerimi möhkəmləndirdim. Rəqiblər haqda onu deyə bilərəm ki, ilk görüşümlə yarımfinal görüşüm bir az çətin keçdi. Buna baxmayaraq, qalib gələ bildim. Finala isə inamla, qalib olmaq üçün çıxmışdım. Amma düşünmürdüm ki, ilk dəqiqədən "ippon"la udum. Çünki rəqibim çox güclü idmançı idi".



MƏSLƏHƏT GÖR:

518