14 May 2024

Çərşənbə axşamı, 22:08

VYETNAMIN "BEŞ DƏQİQƏ"Sİ

Bu şərq ölkəsinin sirlərinə tam bələd olmaq üçün bir turist səfəri kifayət etməz

Müəllif:

01.12.2015

Qırmızı bayraq, beşguşəli ulduz, çəkic və oraq... Vyetnam Sosialist Respublikasına gəlişinizdə ilk gördükləriniz məhz bunlar olacaq. Lap Sovet İttifaqında olduğu kimi. Lövhələrdəki rum rəqəmləri Kommunist Partiyasının qurultaylarından xəbər verir, sırayla küçələrdə addımlayan pionerlər isə xoşbəxt uşaqlığı tərənnüm edir. Siz, yəqin ki, böyük rəhbər Ho Şi Minin məqbərəsini də ziyarət edəcəksiniz - Leninin Moskvadakı mavzoleyindən heç fərqlənmir. Yeri gəlmişkən, elə Vladimir İliçin öz heykəli də Hanoyun mərkəzindəki parkda məskən salıb. 

Amma nəticə çıxarmağa tələsməyin. Bugünkü Vyetnam təkcə sosialist atributikası, "dahi rəhbərlər"in abidələri, şəfalı Vyetnam mazı və məşhur "vyetnamka"lar demək deyil. Ölkədə sosialist quruluşu hakim olsa da, özəl kapital da geniş yayılıb. Vyetnamlılar çox işgüzar xalqdır və az qala hər kəsin kiçik də olsa öz işi, biznesi var. Hamı nəsə istehsal edir, nəsə satır, hansısa xidmətlər göstərir. Demək olar ki, bütün evlərin alt mərtəbələrində, elə Azərbaycanda olduğu kimi, mağaza, restoran və ya kiçik emalatxanalar yerləşir. 

Burada qədim Asiya ilə müasir Avropa mehriban qonşuluq edir, buddist məbədləri ilə Qərb abidələri yan-yana yaşayır. Onillərlə davam etmiş Fransa müstəmləkəçiliyi də öz izlərini buraxıb. Qloballaşma isə öz yerində. 

 

Azərbaycan-Vyetnam

Bəzi azərbaycanlılar bu ölkəni təkcə Vyetnam müharibəsi barədə filmlərdən tanımır. Hələ ötən əsrin 70-80-ci illərində Sovet Azərbaycanının vətəndaşları Vyetnamın neft-qaz sektorunda çalışıblar. Bir çox Vyetnam neftçisi isə ali təhsilini məhz Bakıda alıb. Bu gün də Azərbaycan universitetlərində onlarla vyetnamlı tələbə oxuyur. Deməli, ənənəvi əlaqələr indi də qorunub saxlanılır.

Hətta məsafə uzaqlığına baxmayaraq, Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi də sürətli artıma meyil göstərir. Vyetnam tərəfinin məlumatına görə, 2012-ci ildə qarşılıqlı ticarət dövriyyəsi cəmi 30 milyon $-a yaxın idisə, 2014-cü ildə düz 14 dəfə artaraq, 422 milyon $-a çatıb.

Yeri gəlmişkən, iki ölkə arasında hərtərəfli əməkdaşlığın əsası məhz ötən il Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama səfəri zamanı qoyulub. Bu, Bakı ilə Hanoy arasında ilk yüksək səviyyəli kontakt idi. Əlaqələrin davamı olaraq, bu ilin may ayında Vyetnam prezidenti Çıonq Tan Şanq da Bakıya səfərə gəldi.

Səfər zamanı SOCAR-la "Petrovietnam" şirkəti arasında əməkdaşlıq barədə sənəd imzalanıb, kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair razılıq əldə olunub, investisiyaların qarşılıqlı şəkildə təşviq olunması zərurəti vurğulanıb. Əməkdaşlığın əsas istiqamətlərindən biri kimi isə Azərbaycan Prezidenti diqqəti turizmə çəkib. "Biz, gərək, insanlararası əlaqələri sürətləndirək. Burada turizm sektoru, əlbəttə ki, ən birinci vasitədir. Bu sahədə əməkdaşlığın konkret formatları təşkil edilə bilər. Biz turizm imkanlarımızı təqdim etməliyik ki, insanlar bizim nə kimi imkanlarımızın olduğunu daha da yaxından bilsinlər", - deyə İlham Əliyev vurğulayıb.

Vyetnam prezidenti isə öz növbəsində Azərbaycan iş adamlarını bu ölkənin turizm sektoruna sərmayə yatırmağa çağırıb.

 

Vyetnama vizasız da getmək olar

Vyetnamda turizm dövlətin əsas gəlir mənbələrindən biridir. Hanoy bu sektorun inkişafı ilə bağlı iddialı planlar qurur. Elə bu məqsədlə də bir ay bundan əvvəl Vyetnam hökuməti yerli turizm şirkətlərinin xətti ilə ölkəyə gələn bütün əcnəbilər üçün vizanın ləğvi ilə bağlı qərar qəbul edib. Qətər Hava Yollarının Vyetnam Milli Turizm Administrasiyasının dəstəyilə təşkil etdiyi media-turda iştirak edən azərbaycanlı jurnalistlər bu xəbəri, hətta vyetnamlı həmkarlarından da qabaq eşitdilər. Administrasiyanın idarə rəisi Nquen Qay Fuonq bu xəbəri bizimlə bölüşdüyü gün ölkənin baş naziri vizanın ləğvi barədə qərarı yenicə imzalamışdı. 

Vizanın ləğvi barədə qərar 2016-cı ildən qüvvəyə minəcək. Lakin artıq indi Vyetnam hər il müxtəlif ölkələrdən milyonlarla turist qəbul edir. Bu sırada Avropa, Avstraliya və qonşu Asiya ölkələrindən gələn qonaqlar çoxluq təşkil edir. Çox da uzaq olmayan 1990-cı ildə Vyetnama cəmi 200 min turist gəlmişdisə, bu il gələnlərin sayı 8 milyon nəfərə çatacaq. "Cəmi 25-30 il əvvəl ölkədə adi infrastruktur yox idi, heç yollar da çəkilməmişdi. İndi isə yeni yollar da, müasir avtobuslar da, bir sözlə, lazım olan hər şey var. Ölkədə dünya turizm sənayesinin bütün brendlərinə rast gələ bilərsiniz. Yəni indikindən daha çox turist cəlb etmək üçün bütün imkanlarımız mövcuddur", - deyə Nquen Qay Fuonq vurğulayır. 

Onun sözlərinə görə, artıq bu gün Vyetnam turizm sektorundakı xidmət səviyyəsinə görə özünə rəqib görmür və olsa-olsa, qonşu Kamboca bu ölkə ilə ayaqlaşa bilər. Hökumətin əsas məqsədi isə Vyetnamı lüks turizm ölkəsinə çevirməkdir. Yeni-yeni ölkələrdən turistlərin cəlb olunması üçün perspektiv bazarlar sırasında Azərbaycanın da adı çəkilir. 

 

Vyetnam bu qədər yaxın olmamışdı

Doğrudan da, əgər Vyetnam Azərbaycanın yaxınlığında, tutaq ki, haradasa Türkiyə və ya Gürcüstanla qonşuluqda yerləşsəydi, ölkəmizdən bu ekzotik diyara turist axını dayanmazdı. Deyirsiniz, məsafə uzaqdır? Haqlısınız. Ancaq unutmayın ki, şərq nağıllarında uzağı yaxın edən uçan xalça var. 

Bu gün Azərbaycanla Vyetnam arasında məsafəni yaxınlaşdırmaq missiyasını öz üzərinə "Qatar Airways" şirkəti götürüb. Gözünüzü yumub-açmağa macal tapmamış, Qətər Hava Yollarının təyyarələri sizi dünyanın o başına çatdıracaq. Şirkətin hava gəmilərində uçan xalça ayağınızın altında, sehrli süfrə və dirilik suyu qarşınızda olacaq. Mehriban və gülərüz şərq gözəlləri - təyyarə bələdçiləri isə sizi elə ofsunlayacaqlar ki, özünüzü əməlli-başlı nağılda hiss edəcəksiniz. 

Yeri gəlmişkən, "World Airline Awards" reytinqinə görə, "Qatar Airways" 2015-ci ildə dünyanın ən yaxşı hava yolları şirkəti seçilib. "The Daily Mail"in verdiyi məlumata görə, bu reytinq Böyük Britaniyanın "Skytrax" şirkəti tərəfindən 19 milyon sərnişin arasında keçirilmiş sorğunun nəticələri əsasında tərtib olunub. "Qatar Airways" ard-arda üçüncü ildir ki, birinciliyi əldə edir. Elə həmin reytinqə görə, bu şirkət dünyanın bir neçə beşulduzlu hava yolları şirkətlərinin arasında qərar tutub. 

Azərbaycandan Vyetnama Dohadan tranzitlə uçmaq olar. Qətər Hava Yollarının laynerləri Bakı-Doha-Bakı reyslərini hər gün həyata keçirir. Şirkətdə uçuşların sayının artırılacağını da istisna etmirlər. İki saat yarım Qətərin paytaxtına, oradan isə səkkiz saata yaxın Vyetnamın istənilən hava limanına. İşdir, birdən Doha hava limanında növbəti reysinizi uzun müddət gözləyəsi olsanız, narahat olmayın. Sizi mütləq buradakı hoteldə yerləşdirəcəklər ki, yolçuluğunuz ağır keçməsin. 

Bizim media-turun iştirakçıları Vyetnama gedərkən çox gözləməli olmadı. Təyyarəmiz Dohaya yenicə eniş etmişdi ki, artıq Hoşimin reysinə qeydiyyatdan keçmək lazım gəldi. Yeri gəlmişkən, Vyetnamın turistlər arasında ən populyar şəhəri olan Hoşimin, 1975-ci ildə ölkənin ilk prezidenti Ho Şi Minin şərəfinə belə adlandırılsa da, bir çox insan onu hələ də köhnə adı ilə - Sayqon deyə çağırır. Ölkənin cənubunda yerləşən bu səsli-küylü meqapolis Vyetnamın mədəniyyət və maliyyə paytaxtı sayılır. Buradan bizi Fukuok adasına daha bir saatlıq uçuş gözləyirdi. Lakin Vyetnamın okean mirvarisi və qara istiotu ilə məşhur olan bu cənnət guşəsində biz ayrıca dayanacağıq. Hələlik isə bu möcüzəli ölkənin turizm imkanları barədə digər maraqlı məlumatlarla bölüşək.

 

Vyetnamda havanın pisi-yaxşısı yoxdur

Bu ölkədə tropik iqlim hökm sürür. Özünü qabarıq büruzə verən qış və yay bu yerlərə yaddır. İlin fəsillərini isə şərti olaraq yağışlı və yağışsız mövsümə bölmək olar. Ölkənin cənubunda may ayından oktyabradək yağıntılı, noyabrdan aprelədək isə nə qədər qəribə olsa da, quru hava şəraiti hökm sürür. Şimal kurortları yazda və payızda daha cəlbedici olur, yayda buraya tropik yağışlar yağır. Azərbaycanlıların nisbətən adət etdiyi hava şəraitinə Vyetnamın mərkəzi rayonlarında rast gəlmək olar: buranın payızı yağmurlu, qışı nisbətən soyuq, yazı və yayı isə quru və isti keçir. Hərçənd Vyetnamda quru və yağmurlu hava anlayışı çox nisbidir. Bu səbəbdən, bu ölkədə il boyu istirahət etmək mümkündür.

 

Məhbusların ruhu və Vyetnam kuklalarının sirləri

Vyetnamda haqqında müxtəlif əfsanələr dolaşan sirli-sehrli yerlər çoxdur. Bu sırada əjdahanın endiyi deyilən əsrarəngiz Hanoy buxtası, paytaxt Hanoydakı "Qaytarılmış qılınc" gölü və müasir tələbələrin ibadət yerinə çevrilmiş ölkənin ilk universieti - Ədəbiyyat məbədini göstərmək olar. Lakin bu, son deyil. Qədim ənənələrə malik bu ölkədə buddist məbədlərinə, imperator saraylarına, qədim kəndlərə, Vyetnam müharibəsindən bəhs edən muzey-həbsxanalara baş çəkmək olar.

Hanoyda axşam gəzintisi zamanı başımız şəkil çəkməyə elə qarışdı ki, hoteldən xeyli uzaqlaşdığımızı hiss etmədik. Bir də gördük ki, şəhərin mərkəzindəki böyük gölün kənarındayıq. Bu, məşhur Hoankyem və ya "Qaytarılmış qılınc" gölü idi. Vyetnam müharibəsi zamanı təyyarəsi vurulan Con Makkeyn katapulta edib bu gölə düşmüşdü. Bəli, bəli, həmin amerikalı senator Con Makkeyn. Müharibə zamanı o, ABŞ-ın dəniz aviasiyasında hücumçu təyyarə pilotu kimi xidmət edib.

Yeri gəlmişkən, 1967-ci ildə Vyetnamda əsir düşmüş gələcək senator və ABŞ prezidentliyinə namizədin hərbi geyimi və paraşütü bu gün də Hanoydakı keçmiş həbsxana, indiki müharibə muzeyində saxlanılır. "Haolao", yəni "Yanar soba" adlanan bu məhbəsi XIX əsrin sonlarında fransız müstəmləkəçiləri inşa etdirib. Fransızlar özləri buranı "Maison Centrale" adlandırırdılar, elə indi də muzeyin girişində məhz bu ad yazılıb. Vyetnam müharibəsi zamanı burada saxlanılan amerikalı hərbi əsirlər isə məhbəsə "Hanoy Hilton" adı vermişdilər. Buranın ən tanınmış məhbusu da elə həmin Con Makkeyn olub. 

Zindan həyatının bütün dəhşətlərini hiss etmək istəyirsinizsə, bu muzeydə eksponatlara əl vura, kameralara qapana, qandalları öz qollarınızda sınaqdan keçirə bilərsiniz. Hətta fonda səslənən ağır musiqi də məhbusların iniltiləri ilə müşayiət olunur. Məhbusların kuklaları isə bu gün də qandallarda zindan əzabı çəkirlər. Əlbəttə, ürəkaçan mənzərə deyil. Axı, bura kukla teatrı yox, müharibə muzeyidir! Burada məhbusların ruhu indi də dolaşır. 

Lakin əgər siz əsəblərinizə istirahət vermək və məsələn, Vyetnam kəndinin ruhunu duymaq istəyirsinizsə, onda Hanoyun dünyaca məşhur Water Puppet Show - su üzərində milli kukla teatrına baş çəkməyiniz məsləhətdir. Vyetnam kəndliləri ta qədimdən ruhlara inanır, havanın pisləşməsindən tutmuş məhsulun batmasına kimi hər şeyi onlarla bağlayırdılar. Ruhları razı salmaq üçün isə elə su basmış çəltik sahələrindəcə kukla tamaşaları nümayiş etdirirdilər. Bu gün isə bu sadə kəndli əyləncəsi bütün Vyetnamın rəmzinə çevrilib. 

 

Vyetnamda turizmin özəllikləri

Qeyd etdiyimiz kimi, Vyetnamda dövlət büdcəsinin və deməli, sıravi ailələrin də əsas gəlirləri məhz turizmdən formalaşır. Bu səbəbdən, burada sizi həmişə arzuolunan şəxs kimi qarşılayacaqlar. Bu ölkədə turistlər öz təhlükəsizlikləri üçün narahat olmaya bilərlər. Qonaqpərvər ev sahibləri bizə yalnız insanların çox toplaşdığı yerlərdə cibgirlərdən və xırda oğrulardan ehtiyatlı olmağı məsləhət gördülər. 

Bu arada Hanoyda ən çox diqqətimizi çəkən məqamlardan biri də nəqliyyatın, daha doğrusu, vyetnamlıların əsas nəqliyyat vasitəsi olan motosikletlərin xaotik hərəkəti oldu. Onlar okean dərinliyindəki rəngarəng balıq sürüləri kimi sürətlə ora-bura şütüyür. Hərəkətləri sinxron olsa da, istiqamətləri gözlənilmədən dəyişə bilər. Özü də onlar üçün sanki nə işıqfor, nə də yol nişanları mövcuddur. Yol patrul xidməti avtomobillərinə isə Hanoy küçələrində çox nadir hallarda rast gəlmək olar və maraqlıdır ki, qəzalar da az-az baş verir. 

Vyetnam şəhərlərinin daha bir özəlliyi isə düz səkilərdə salınmış səyyar kafelərdir. Şəhər sakinləri öz ailələri və dostları ilə birgə burada şam edir, ağır iş gününün yorğunluğunu çıxarırlar. Masaların üstündəki balaca qaz sobalarının üzərində bişirilən ekzotik dəniz məhsullarının spesifik qoxusu bütün gəzinti boyu sizi müşayiət edəcək. Lakin əgər siz həm ziyarət, həm də ticarət etmək istəyirsinizsə, tələsin, mağazalar axşam 21:00-da bağlanır. Yeri gəlmişkən, Vyetnamda istirahət cibinizə böyük ziyan vurmaz. Bizim bütün məsrəflərimizi ev sahibləri qarşılasa da, yerli insanlardan öyrəndik ki, burada yemək baha deyil. Elə supermarketlərdə də qiymətlər münasibdir. Əlbəttə, turistlərə hesablanmış yerlər istisna olmaqla. Turistlər arasında ən böyük tələbat isə Sakit Okean mirvarisi, timsah dərisindən və ipəkdən tikilmiş, palma yarpaqlarından hazırlanmış mallar, ipək üzərində rəsm əsərləri, Vyetnam çayı və balıqqulağıdan hazırlanmış müxtəlif milli suvenirlərədir. Özü də cibinizdə Vyetnamın milli pulu - donq saxlamaq vacib deyil. ABŞ dollarınız varsa, sizə zaval yoxdur - bəzi mağazalar, hətta malın üzərindəki qiyməti də USD ilə göstərir. Avro isə bu tərəflərdə dəbdə deyil. 

Lakin bütün büdcənizi dərhal xərcləməyə tələsməyin. Vyetnamda sizi bir çox maraqlı yerlər və əyləncələr, alınası şeylər gözləyir. Bu şərq ölkəsinin sirlərinə tam bələd olmaq üçün bir turist səfəri kifayət etməz. Məşhur "Sakit amerikalı" filminin qəhrəmanının dediyi kimi, "Vyetnamda çox şeyi beş dəqiqəyə başa düşürsən, qalanına isə bir ömür də bəs etmir".



MƏSLƏHƏT GÖR:

491