15 May 2024

Çərşənbə, 01:18

RAMZAYDAN İKİNCİ ŞANS

Rixard Zorge haqlı olaraq, XX əsrin görkəmli supercasuslarından biri hesab olunur

Müəllif:

01.12.2015

Hərbi gündəlikləri, məktubları, protokolları və rəsmi məlumatları oxuyarkən, Sovet İttifaqının Böyük Vətən müharibəsində qalib gəlməsinə inanmaq bəzən çətin olur. Paranoyyaya qapılaraq, ölkə rəhbərliyi çoxlu səhv buraxırdı, heç kimə güvənmirdi və ən əsası, ən yaxşı insanları, zabitləri məhv edirdi. Elə həmin gündəliklər də cavab verir - çətin qələbə diqqətdənkənar, zalım taledən yayına bilən həmin bəzi insanların ümumi səyləri sayəsində əldə edilib. Bu qələbəyə töhfə verənlərdən biri, bizim həmyerlimiz, "alman jurnalisti", 1930-cu ildən Fəhlə-Kəndli Qırmızı Ordusunun Kəşfiyyat İdarəsində (FKQO) "Ramzay" adı ilə tanınan Rixard Zorge olub - Bakı mədənlərində Nobelin firmasında neft hasilatı ilə məşğul olan almaniyalı mühəndis Qustav Vilhelmin ailəsində doğulan kəşfiyyatçı Rixard Zorge. 

 

Etimadsızlıq şərtlərində

1930-cu illərin ikinci yarısı SSRİ-də qorxu və ümumetimadsızlıq mühitində keçib. İstər kommunal mənzil qonşuları, istərsə də ərköyün generalları - "dünya inqilabı"nın veteranları bir-birlərini satırdılar. Sovet kəşfiyyatı məhz belə şəraitdə işləməli olurdu. Stalin və onun ətrafındakılar bu xəbərləri ikili oyunun nəticəsi və yalan informasiya hesab edirdilər. 1937-ci ildə kəşfiyyat işçilərinə qarşı ilk sərt repressiyalar təşkil edildi. Həmin ilin sentyabr ayında Baş Qərargaha Yaponiyada olan sovet agentlərinin geri çağırılmasını bildirən qərar daxil oldu. Onların sıralarında, əlbəttə ki, rezidenturanın rəhbəri Zorge də vardı. Vəziyyəti nəzərə alaraq, geriçağırılmada tamamilə uydurma ittihamlar (daha çox ikili casusluq) və qaçılmaz güllələnmənin olduğunu anlamaq çətin deyildi. Həmin vaxt Zorgenin müdafiəsinə Kəşfiyyat İdarəsinin rəhbəri Semen Gendin qalxmışdı. O, şəxsən rəhbərliyə məktub yazaraq izah etmişdi ki, illərboyu yaradılan kəşfiyyat şəbəkəsini heç bir halda dağıtmaq olmaz. Gendin Zorgeni xilas etdi, lakin yarım ildən sonra casusluqda ittiham olundu və güllələndi. Gendinin əvəzinə gələnlərin kəşfiyyat işində təcrübəsi az idi və məhz bu, Zorgeni xilas elədi. Onu, çox güman ki, böyük mütəxəssis olduğu üçün həyatda saxladılar. Buna baxmayaraq, onun xəbərlərinə şübhə ilə deyil, onları bəzən açıq yalan informasiya hesab edirdilər. Onun hesabatlarında "rezidentura" yazılmışdı. Ehtimal ki, o, rəqibi tərəfindən ifşa edilib və onun nəzarəti altında işləyir. 

Rixard Zorgenin də hesabatında belə qrif vardı, ölkə üçün fəlakətli nəticələrə, milyonlarla ölümə səbəb olan inamsızlıq. 1941-ci ilin mayında Zorge Almaniya səfirliyində nə az, nə çox - artıq mətbuat katibi kimi çalışırdı və Mərkəzə 15 iyun tarixində Almaniyanın SSRİ-yə hücum etməyə hazır olduğunu radio vasitəsilə bildirmişdi. O, bunu iddia edərkən, bir neçə mənbəyə - bilavasitə səfir Oyhen Otta və bir sıra alman hərbçilərinə istinad edirdi. Zorge hər gün mərkəzə məlumatlar göndərməyə davam edirdi. O, dürüstcəsinə məlumat verirdi ki, dəqiq tarix bilinməsə də amma əmindir ki, lap yaxın günlərdə müharibə başlayacaq. Ramzay sonuncu ümidsiz radioproqramı 20 iyun tarixində - həlledici gecəyə iki sutka qalmış göndərir. Təəssüflər olsun ki, bütün bu proqnozlara məhəl qoyulmur. Əsl mütəxəssisləri güllələnməyə məhkum edən yeni rəislər, Zorgeni ikili agent hesab edərək, özlərinə müvafiq ölçü götürürdülər. Nəticə: heç bir möhkəmləndirmə tədbiri görməyən və ancaq hücum müharibəsinə hazırlaşan SSRİ 30 milyon əsgər və mülki əhali itirdi. İnamsızlığın bədəli məhz belə oldu. 

 

İşi davam etdirərək...

1960-cı ildə Ramzayın Hitler qoşunlarının, guya, nə zaman hücuma keçəcəyi tarixini bildiyi qeyd edilən sənədi dərc olunub. Təəssüf ki, sənəd saxta idi. Lakin başqa məsələlər ortaya çıxdı. Məlum oldu ki, Vermaxtın xarici casusları aldatmaq üzrə xüsusi təlimatı varmış. Bu agentlərin hamısını müəyyən etməyin mümkün olmayacağı aydın idi. O zaman Almaniyanın öz səfirləri və generalları kəşfiyyat dili ilə desək, "gizlincə işləyirdilər". Onlara zaman-zaman dostluq görüşlərində hücumun tarixlərinin müxtəlif variantları barədə məlumat verilirdi. Bu zaman diplomatlar bir badə artıq pivə ilə düşməni çaşqınlığa salırdılar. Zorge bu fikri tutmuşdu. Lakin tarixlərin və "xəbərlər"in intensiv şəkildə dəyişdirilməsi ancaq bir şeyi bildirirdi - müharibə yaxın vaxtlarda başlamalıdır. 

Qaçılmaz hadisə baş verəndə Zorge bundan nəticə çıxardı və informasiya mənbələrinə artıq daha diqqətlə yanaşırdı. Sovet kəşfiyyatı da nəticə çıxardı. Sovet Ordusu ən ağır döyüşləri məşum 1941-ci ildə keçirdi və ən çox itkilər də məhz bu ildə oldu. Və həmin ilin yayında Zorge Mərkəzə yeni məlumat ötürdü. Bir çox mənbələrə istinadən o, xəbər verirdi ki, Yaponiya nə 1941, nə də 1942-ci ildə müharibə etməyə hazır deyil. Bundan başqa, onun ancaq Hərbi Dəniz Ordusu qurutipli orduya malik olan sovet rəqibi ilə, həm də öz ərazisində uzunmüddətli müharibəyə hazır deyil. O, ölkəsinə ikinci şans verdi. 

Bu informasiya gələcək qələbəyə böyük kömək oldu, çünki ölkəni iki cəbhədə müharibə etmək zərurətindən azad etdi. Bu dəfə Ramzayın sözlərinə biganə yanaşmadılar. Şərq sərhədlərindən cəbhəyə köməyə 26 Sibir diviziyası yollanmışdı. Onların əksəriyyəti Vermaxt ordusunun ilk iri məğlubiyyət yaşadığı Moskva ətrafında həmin həlledici döyüşdə böyük qüvvə oldu. 

 

Etiraf

Zorge və onunla bağlı olan bütün şəbəkə 41-ci ilin oktyabrında ifşa olundu və saxlanıldı. Ona və bir neçə dostuna ölüm hökmü çıxarıldı. Lakin onun icrasını daha 3 il ləngitdilər - Yaponiya bütün bu müddət ərzində Ramzayı öz agentlərinə dəyişməyə çalışırdı. Amma Moskvadan qəribə cavablar alırdı: "Bizdə belə agent yoxdur". Vətəni ondan üz çevirdi. Zorgenin edamı 1944-cü il 7 noyabr tarixində Tokionun "Suqamo" həbsxanasında baş tutdu. Həkim isə protokolda qeyd etdi ki, Zorgenin ürəyi hələ 8 dəqiqə döyünürdü. Yaponiya hakim dairələri 1942-ci il 17 may bəyanatından sonra, bu iş haqqında heç bir məlumat vermirdilər. 

Stalin rejimi onun həyat yoldaşı Yekaterina ilə də məhz belə hesablaşdı - o, bir ildən çox saxlanıldığı Lübyankadakı tənha kamerada 1943-cü ildə vəfat etdi. 

Sovet İttifaqı Rixard Zorgenin ümumi qələbəyə verdiyi töhfəsini uzun müddət qəbul etmədi. Bundan başqa, 1960-cı illərə qədər bu agentin adı, ümumiyyətlə, heç yerdə çəkilmirdi. Hətta 1955-ci ildə Münhendə həmkarı və dostu Hans-Otto Maysnerin çıxan "Zorgenin işi" kitabına da etinasızlıq göstərildi. Və ancaq 1964-cü ildə ABŞ-da (daha doğrusu, ideoloji rəqib) "Siz kimsiniz, cənab Zorge?" adlı sənədli filmi çıxanda, ölkə öz qəhrəmanını qəbul etdi. 

 

Bir qədər də sevgidən

Rixard Zorgenin Bakıda eyniadlı parkda və şəhərin eyniadlı əsas küçələrinin birindəki abidəsi hamıya məlumdur. Sabunçu qəsəbəsində Zorgenin 1895-ci ildən 1898-ci ilə qədər yaşadığı evin divarında xatirə lövhəsi asılıb. Özü isə Tokionun Futyu şəhərətrafı qəsəbəsində yerləşən ən bahalı qəbiristanlıqda - Tamada dəfn edilib. Güllələndikdən sonra onun sonuncu həyat yoldaşı Xanako İsiya Zorgenin cəsədini həbsxana qəbiristanlığından buraya köçürüb. Onun məzarı yerli ölçülərə uyğun olaraq böyük və səliqəlidir. Bu yaxınlarda dünyasını dəyişən Xanako İsiya ömrünün son günlərinədək onun məzarına qulluq edirdi. Zorgenin həbsindən bir qədər öncə, əks-kəşfiyyat Xanakonu yoldaşının sənədlərini gətirməyə və ifadə verməyə məcbur edərək, onu əməkdaşlığa cəlb etməyə çalışırdı. O isə bildirmişdi: "Onu sevirəm. Mənə işgəncə verə, mühakimə edə bilərsiniz. Lakin mən Rixardın qarşısında diz çökürəm. O, bütün həyatımın mənasıdır".



MƏSLƏHƏT GÖR:

525