Müəllif: Məhərrəm ZEYNAL Bakı
Bilet almaq üçün dəmir yolu vağzalına yollanan insanların əksəriyyəti şəhərin ən qədim memarlıq nümunələrindən birinə düşdüklərinin fərqində olmurlar. Bundan başqa, hazırda fəaliyyətini davam etdirən qədim inzibati binalar arasında bu vağzaldan "qoca" yalnız Bakı Şəhər İcra Hakimiyyətinin binasıdır.
Bakının görməli yerləri
Söhbət bu yaxınlaradək kassaların və mehmanxananın yer aldığı bəsit sovet tikilisindən, yaxud Cəfər Cabbarlının heykəlinə çıxan, hazırda "KFC" qəlyanaltısının və bir neçə mağazanın yerləşdiyi, 1930-cu illərə aid bayağı Şərq evindən getmir.
Hazırda vağzal binasının arxasında yerləşən gözəl binanı məşhur memar Xrisanf Vasilev nadir Mavritan üslubunda layihələndirib. Bu, 1882-ci ildə baş verib. O zaman vağzal rəsmi olaraq Tiflis vağzalı adlanırdı, çünki o, Bakı ilə Tiflisi (o cümlədən Potini) birləşdirirdi. Oradan Tiflis quberniyasına, daha sonra imperiyanın mərkəzinə sərnişin, yük və post qatarları yola düşürdü. Zaqafqaziyada ondan əvvəlki vağzallar, Tiflisdə və Potidə bir neçə on il əvvəl tikilsə də, Bakı vağzalı onların ən gözəli, əsl memarlıq şedevri idi.
Bina cəmi 3 mərtəbədən ibarətdir və perron tərəfdən köhnə vağzal binası kifayət qədər sadə görünür. Lakin hazırda avtobusların dayandığı vağzalyanı əraziyə çıxmaq kifayətdir ki, binanın gözəlliyinə valeh olasan. Əvvəla, onu deyək ki, bu hissədən baxdıqda, binanın cəmi 3 mərtəbə olduğuna inanmaq çətindir (üstəlik, fasaddan yalnız 2 mərtəbə görünür). Mərtəbələrarası məsafə, təxminən, 5 metrə çatır. Üstəlik, birinci mərtəbə kifayət qədər hündür kürsünün üzərində qurulub. Binanın üzərində isə böyük mansar qurulub. Bundan başqa, binanın fasadı və interyeri digər bənzər tikililərdə olduğundan, kəskin şəkildə fərqlənir. Onun sütunları nəinki çox böyükdür, həm də sanki naxışlarla işlənib.
Vağzal ərsəyə gələr-gəlməz, əsl sensasiyaya çevrilir. Memarlıq üzrə ixtisaslaşmış jurnallarda, həmçinin yerli "Bakinskiye izvestiya", "Kaspi" qəzetlərində onunla bağlı məqalələr yazılmağa başlayır. Binanın şəkilləri çəkilir, bakılılar da şəkil çəkdirmək üçün oraya üz tuturdular.
Bina Moskvanın o qədər xoşuna gəlir ki, paytaxtın əsrlərin qovşağındakı obrazını yaratmış məşhur memar Pyotr Drittenpreys Bakıya gəlir. O, binanın memarlığına bəzi əlavələr edir, damın formasını dəyişir və böyüdür, binanın ornamentini vahid imperiya üslubuna bir qədər də uyğunlaşdırır.
Bundan başqa, Peterburqdan olan əfsanəvi memar Aleksandr Bruni də bina üzərində "eksperimentlər" aparır.
Binanın daxilində məşhur rəssam və memarlar işləyib. Nəticədə, vağzal yapma naxışlarla, freska və möhtəşəm mozaika ilə bəzədilir. İndi olduğu kimi, əsr yarım əvvəl də bina perron tərəfdən birmərtəbəli tikili kimi görünüb. Lakin o zaman vətəndaşlar binaya bayırdan, meydan tərəfdən daxil olurdular.
Həyat buradan başlayırdı...
O dövrdə binada bilavasitə kassalarla yanaşı, poçt və teleqraf da yerləşirdi. Telefonun, internetin olmadığı həmin illərdə daimi yazışmada olan insanlar, demək olar ki, hər gün buraya gəlirdilər. Vağzal mövcudluğunun ilk 10 ilində (yəni, 1893-cü ilədək) qısa zamanda restoranlar və mağazalarla əhatə olunmuşdu. Ətrafda gözəl park salınmışdı. Təəssüf ki, o, dövrümüzə gəlib-çatmayıb - onda vağzalın girişinə aparan yol uca çinarların əhatəsində idi. Orada hər zaman böyük insan kütləsinə rast gəlmək mümkün idi. Vağzala məktublar, bağlamalar daşıyan konkalar gəlir, teleqram yazmaq istəyən insanlar üz tuturdu. Və əlbəttə ki, kimləri isə qarşılayan və yola salan insanlar. Burada - vağzaldan çıxışda faytonlar müştəri gözləyirdilər. Onların yanında isə hörmə səbətlər və gül satılırdı.
Ərazidə ilk "gecəqondu"nun "səbəbkarı" da məhz Tiflis vağzalı olub. O, yaxınlıqda birmərtəbəli "vağzalətrafı tikililər"ə yol açıb. Həmin binalarda ticarətçilər yaşayırdılar. Rayonlardan gəlmiş və mehmanxanada qalmaq üçün pulu olmayan insanlar ucuz qiymətə bu evlərdə gecələyirdilər.
İllər keçir və şəhərin getdikcə böyüməsi üzündən Tiflis vağzalı sərnişin axınının öhdəsindən gələ bilmir. Nəticədə, 1930-cu ildə Sabunçu vağzalı (Cabbarlı heykəlinin qarşısında) tikilir, dəmir yolunun inzibati aparatları yeni binaya köçürülür. Bundan başqa, şəhərətrafı qatarlarla bağlı xidmətlər də yeni binada göstərilməyə başlayır. 1977-ci ildə isə memarların sevimlisi olan köhnə vağzalın binası fəlakətə düçar olur - o, bağlanır. Köhnə vağzalın əvəzində, yaxınlıqda hündür, sovetsayağı eybəcər, boz betondan nəhəng bina ucaldılır. Dərd yalnız vağzalın yeni binaya köçürülməsində deyildi. Əsas problem o idi ki, yeni bina köhnə memarlıq şedevrinin qarşısını tamamilə kəsirdi. Məhz bu üzdən bir çoxu Bakıda Tiflis vağzalının mövcudluğundan xəbərsizdir.
Tiflis vağzalı bir də bu il gündəmə gəlib. Yazda "Azərbaycan Dəmir Yolları" QSC vağzalın sovet binasında yenidənqurma işlərinə başlayıb və bu müddətdə köhnə vağzal sərnişinlərin üzünə açılıb. İndi beynəlxalq daşımalarla bağlı biletlər məhz orada satılır. Onu da deyək ki, bir çoxu bilet almaq üçün ənənəvi quru, qaranlıq bina əvəzinə, buraya yönləndirilməsindən və əsl muzeyə düşməsindən təəccüblənir.
Şəhərin vağzalın yerləşdiyi ərazisinə gedib-çıxsanız, bu binadan yan keçməyin. Ona diqqətlə baxsanız, binanın üslubunun Bakının digər binalarından nə qədər fərqləndiyini görəcəksiniz. Onun tikintisində və yenidənqurulmasında, sözün əsl mənasında, dünyaca məşhur memarlar və rəssamlar iştirak ediblər. Onlar binaya əlavə memarlıq möcüzəsi gətiriblər. Köhnə dəmir yolu vağzalında Şərq və Avropa motivləri qəribə harmoniya təşkil edir. Üstəlik, orada Moskva üçün xarakterik olan rus memarlığının əlamətlərinə də rast gəlinir.
Beləliklə, qarşınızda nadir və əsl şedevr açılır.
MƏSLƏHƏT GÖR: