15 May 2024

Çərşənbə, 00:37

İŞIQLA ZÜLMƏT ARASINDA

Krımın enerji blokadası Rusiya-Ukrayna qarşıdurmasının növbəti süjetidir

Müəllif:

01.12.2015

Krım yenidən Rusiya-Ukrayna qarşıdurmasının episentrinə çevrilib. Vəziyyətin növbəti dəfə gərginləşməsi Moskva ilə Kiyevin getdikcə yadlaşdıqlarını göstərməklə yanaşı, Ukrayna nizamlanması çərçivəsində əldə olunmuş bütün sülh razılaşmalarının etibarsızlığını təsdiqləyir.

Noyabrın 22-nə keçən gecə Krım işıqsız qalıb. Buna səbəb 4 elektrik enerjisi naqilinin partladılmasıdır. Nəticədə, yarımadada fövqəladə vəziyyət elan olunub. Krımın elektrik enerjisilə fasiləsiz təmin olunması üçün ehtiyat mənbələrdən istifadəyə başlanılıb. Lakin onlar yarımadanın elektrik enerjisinə olan tələbatının yalnız yarısını təmin etmək iqtidarındadır.

Rusiyanın Energetika Nazirliyi Krımın enerji blokadasının aradan qaldırılması üçün tədbirlər görür. Qurum Rusiyanın ötən ilin martında öz ərazisi elan etdiyi yarımadaya gedən enerji körpüsünün mümkün qədər tez istismara verilməsinə çalışır.

Bununla yanaşı, qırılmış xətlərdə qəza-bərpa işlərinə ukraynalı mütəxəssislər də qoşulublar. Lakin Rusiyanın Krımın işığının kəsilməsinə reaksiyası göstərir ki, Moskva qəzanın əsas günahkarı kimi məhz Ukrayna hökumətini görür. Moskvanın rəsmi mövqeyi qətidir: Krımın işıqsız qalmasına səbəb terror aktıdır. Rusiya prezidenti Vladimir Putin bildirib ki, "Ukrayna hökumətinin susqun razılığı olmasaydı, bu hadisə yaşanmazdı". Putin deyib: "Onlar Krımın Ukraynanın tərkibinə qaytarılmasının vacibliyindən danışır, amma insanları ələ salaraq tam əks istiqamətdə hərəkətlər edirlər".

Krım parlamenti də baş verənlərə görə günahı Kiyevin üzərinə qoyub. Federal Təhlükəsizlik Xidmətinin Krım şöbəsi isə Ukraynanın Xerson vilayətində elektrik naqillərinin korlanması və Krımın tamamilə işıqsız qalması ilə bağlı cinayət işi qaldırıb.

Rusiyada əmindirlər ki, diversiyanın arxasında "Sağ sektor" millətçi hərəkatı və Ukrayna parlamentinin deputatı Mustafa Cemilevin rəhbərlik etdiyi "Krım-tatar xalqı məclisi" dayanır. Məsələ ondadır ki, bu təşkilatlar bir müddət əvvəl Krımın ərzaq blokadasına salınmasına çağırışlar ediblər. Bu ilin sentyabrında "Sağ sektor"un fəalları Krıma ərzaq daşımalarının qarşısını kəsmiş, yarımadanın müddətsiz ərzaq blokadasına qərar vermişdilər. Krımın işıqsız qalmasından sonra isə elə həmin qüvvələr ustaların zədələnmiş naqillərin təmir etmələrini əngəlləməyə çalışıblar. Mustafa Cemilev insidentdən yalnız 3 gün sonra Krımın "enerji blokadası" koordinatoru Lenur İslamova təmir briqadasının hadisə yerinə buraxılmasına dair tapşırıq verdiyini açıqlayıb.

Rusiya isə Krımın enerji blokadasına Ukraynaya kömür tədarükünün dayandırılması ilə cavab verib. Rusiyanın energetika naziri Aleksandr Novak bu addımın yaxın perspektivdə effekt verməyəcəyini deyib. O, Ukraynanın kömür ehtiyatının və öz hasilatının olduğunu xatırladıb. Moskva öz növbəsində bu blokadanı uzun müddət tətbiq etməyi düşünür. Bu, heç də əbəs deyil. Məsələ ondadır ki, ukraynalı ekspertlərin özləri belə, Kiyevin kömür ehtiyatının uzağı 1 aylıq tələbatı ödəyə biləcəyini deyirlər.

Statistik məlumatlara görə, 2015-ci ilin ilk 9 ayında Rusiyadan Ukraynaya kömür idxalı 31% azalaraq 3,7 milyon ton təşkil edib. Ukrayna üçün əsas problem ondadır ki, onun idxal etdiyi kömürün əsas hissəsi Donetsk və Luqanskda yaradılmış "xalq respublikaları"ndan gəlir. Həmin ərazilərə Rusiyanın nəzarət etdiyinə isə heç kəsin şübhəsi yoxdur. Ukrayna ekspertləri hesab edirlər ki, Rusiya ölkənin şərqində yerləşən və Kiyevin nəzarətində olmayan ərazilərdən kömür tədarükünü əngəlləyərsə, artıq yanvarın əvvəlində ölkədə yanacaq çatışmazlığı yaşana, nəticədə, elektrik enerjisinin verilişində də fasilələr yarana bilər. Ötən il bənzər vəziyyətin yaranması bütün Ukrayna ərazisində elektrik enerjisinin kəsilməsilə nəticələnmişdi. O zaman yaranmış vəziyyətdən çıxış yolu, əlbəttə ki, Moskva, "DXR" və "LXR" ilə danışıqlar müstəvisində tapılmışdı. Krımın blokadasının qızğın dövrünü yaşadığı indiki şəraitdə isə danışıqlardan əsər-əlamət yoxdur. Bundan başqa, Moskvanın "cavab" addımlarına Kiyevdən də "cavab" gəlir. Məsələn, Ukrayna hökuməti Krıma yük daşımalarını müvəqqəti olaraq qadağan edib. Təklif Ukrayna prezidenti Pyotr Poroşenkodan gəlib. O, bu addımın "Rusiya hökuməti tərəfindən kobud təzyiqlərlə üzləşmiş Krım tatarlarının maraqlarının qorunması baxımından" vacib olduğunu düşünür. Poroşenko bunu Belçika, Lüksemburq və Niderlandın xarici işlər nazirlərilə görüşündə bildirib: "Krım Ukrayna ərazisidir. Biz Krım tatarlarının və işğal altındakı ərazilərdə yaşayan bütün ukraynalıların qanuni maraqlarını müdafiə edəcəyik. Ümid edirik ki, beynəlxalq tərəfdaşlarımız bundan sonra da Rusiyanın Krımı işğalını tanımayacaqlar".

Bununla yanaşı, Ukrayna noyabrın 26-dan etibarən Rusiya aviaşirkətlərinə öz hava məkanından istifadəni qadağan edib. Bu, Rusiyanın istisnasız olaraq, bütün aviaşirkətlərinə aiddir. Kiyev bu qərarın səbəbi kimi "hərbi, ictimai-siyasi vəziyyətin kəskinləşməsini" göstərir. Kiyevdə hesab edirlər ki, bu səbəbdən, indiki şəraitdə "Ukraynanın hava məkanında mümkün təxribatların qarşısı alınmalıdır".

Rusiya isə Ukraynanın ölkə ərazisindən uçuşlara qadağa qoymasını Kiyevin destruktiv mövqeyinin növbəti göstəricisi kimi qiymətləndirib. Bununla yanaşı, ruslar Kiyevin bu qərarının Rusiyanın mülki aviasiyası üçün o qədər də önəmli olmadığını bildirirlər. Məsələ ondadır ki, Malayziyaya məxsus "Boinq"in Donetsk üzərində qəzaya uğramasından sonra Rusiyanın əksər aviaşirkətləri təhlükəsizlik baxımından Ukraynanın hava məkanı ilə uçmaqdan imtina edib.

İndi Rusiya Ukraynaya ərzaq embarqosu tətbiq etməyi, həmçinin Ukraynadan bir çox malın rüsumsuz tədarükü haqda razılaşmanı ləğv etməyi düşünür. Bu, Aİ ilə Assosiativ sazişin iqtisadi hissəsinin qüvvəyə minməsilə əlaqədar, 2016-cı il yanvarın 1-dən tətbiq ediləcək. Kiyev isə öz növbəsində yerli məhsulların satışı üçün yeni bazarlar axtarmağa başlayıb. Ukraynalılar diqqətlərini Afrika və Asiyaya yönəldiblər. Bunu ölkənin iqtisadi inkişaf və ticarət naziri Ayvars Abramoviçus açıq şəkildə dilə gətirib. Bununla da, Rusiya ilə Ukrayna arasında ticarət dövriyyəsinin azalması tendensiyası davam edəcək. Bu göstərici son dövrlərdə onsuz da ciddi şəkildə azalıb. Hazırda Rusiya ilə ticarət dövriyyəsi Ukrayna ixracının yalnız 12,4%-ni təşkil edir.

Beləliklə, əsas ocaqlarından birinin Krım olduğu Rusiya-Ukrayna qarşıdurması getdikcə artır. Yarımadanın enerji blokadası, həmçinin Moskva ilə Kiyevin qarşılıqlı "cavab addımları" iki ölkə arasında müxtəlif beynəlxalq formatların dəstəyilə çətinliklə qorunub saxlanılan dialoqun nə qədər ağır başa gəldiyini aydın şəkildə göstərir. Bu, əlbəttə ki, Rusiya-Ukrayna qarşıdurmasının ən faciəvi məqamının uzunmüddətli həlli imkanlarını xeyli çətinləşdirir. Söhbət Donbasdakı silahlı münaqişədən gedir.



MƏSLƏHƏT GÖR:

477