5 May 2024

Bazar, 00:06

"BİZ, BİZƏ MƏXSUS OLANI QORUMURUQ"

Tahir EYNULLAYEV: "Azərbaycan rəqs mədəniyyətini təkcə öyrənmək yox, onu heç kim mənimsəməsin deyə, başqa ölkələrə çıxarmaq və təqdim etmək lazımdır"

Müəllif:

15.12.2015

Onun barəsində Sankt-Peterburq Teatr Sənəti Akademiyasında "XXI əsrin azərbaycanlı Esembayevi", Bakıdan olan "möcuzəvi rəqqas" kimi danışırdılar.

Biz də maraqlandıq. Üç il bundan əvvəl Rus Dram Teatrında "Yeddi gözəl" tamaşasının layihəsi həyata keçirilməyə başlandı və xoreoqrafiya üzrə quruluşçu işləri bacaran peşəkar tələb olunarkən, Tahir Eynullayev yada düşdü. O, tamaşa üzərində litvalı rejissorla Bakıda, sonra isə Vilnüsdə işləyirdi. Elə orada "Yeddi gözəl" tamaşasının ikinci səhnə versiyasının dünya premyerası baş tutdu. Tahir Eynullayev bu beynəlxalq layihədə Nizaminin vətəni - Azərbaycanı təmsil edirdi. Yeni versiya üzərində işin getdiyi qisa müddət ərzində gözəl maneralara və yüksək peşəkarlığa malik Şərq adamı təəssüratını yaratmağı bacardı.

O, Bakıda doğulub, böyüyüb, təhsil alıb. Bakı Xoreoqrafiya Məktəbinin milli-xarakterli rəqslər bölməsini bitirib (müəllimləri Xumar Zülfüqarova və Leyla Vəkilova olub). Dövlət Mahnı və Rəqs Ansamblında solist kimi çalışıb. Sonradan Rəşid Behbudov adına Mahnı Teatrında solist kimi işləyib. Bakı Mədəniyyət və İncəsənət Universitetinin xoreoqrafiya rejissorluğu fakültəsini bitirib. Sonra isə Sankt-Peterburqda Teatr Sənəti Akademiyasını - professor Eleonora Odinetsin sinfini bitirib. Xumar Zülfüqarova və Yulana Alakişizadənin məsləhəti ilə "Dünya xalqlarının rəqsləri" adı altında solo-proqram yaradıb. İndi bu proqram 15 nömrədən ibarətdir. Bakı İncəsənət Gimnaziyasında dərs deyir. Öz proqramı ilə hərbi hissələrdə çıxış edir, xeyriyyə konsertlərinə qatılır. Restoranlarda rəqs etmir: hesab edir ki, kabab üçün incəsənəti satmaq olmaz.

- Tahir, deyə bilərsinizmi, piterlilərin sizi Esembayev adlandırmaları xətrinizə dəymirdi ki?

- Deməzdim ki, xətrimə dəyirdi. Daha çox utandırırdı. Çünki Esembayev - sadəcə, istedad deyil, o, dahidir. Bəlkə də təkrarolunmaz birisidir. O səviyyəyə çatmağıma hələ çox var!

- Bayağı sual: nə üçün xoreoqrafiya ilə məşğul olduğunuzu soruşmayacağam. Bu, sizin seçiminizdir və həyat göstərdiyi kimi, təsadüfi deyil. Bəlkə bu, sadəcə, sülalədir. Atanız - Ramiz Eynullayev bu sənətdə tanınmış mütəxəssis olub. Peşman deyilsiniz ki, məhz bu yolu seçdiniz? Çünki rəqqasın ömrü qısadır...

- Peşman deyiləm. Özünüz sülalə barədə dediniz axı. Hərçənd atam uğurlarım barədə mənə heç vaxt heç nə demirdi. Heç vaxt anlamırdım ki, o mənim məşğuliyyətimə necə yanaşır. Yalnız dünyasını dəyişəndə dedi ki, məndən nəsə olacaq. Rəqs - tərcümə tələb etməyən dildir. Rəqs sənəti - bu məni təkcə cəlb edən və insan olaraq həyəcanlandıran deyil, həmçinin məna kəsb edən məfhumdur: seçdiyin yolun vacibliyidir. Rəqs - hər bir xalqın özünəməxsus mədəniyyətinin bir hissəsidir: özünüifadə, hisslərin, fikirlərin, münasibətlərin, əhvalın ehtiva olunma üsulu kimi. Bizim milli rəqsimizin səciyyəvi xüsusiyyətləri var. O, Cənubi və ya Şimali Qafqazın heç bir rəqsinə oxşamır. Və bu şəkildə xalqın xarakteri, onun öz həyatına olan münasibəti var, hətta onun səciyyəvi özəlliklərinə də. Lakin biz, onu gələcək nəsillərdən ötrü qorumaq üçün yaxşı çalışmırıq.

- Fikrinizi aydınlaşdıra bilərsinizmi?

- Bəli. Qədim milli rəqslər var, lakin onları ansamblların repertuarında saxlamırlar. "Çoban rəqsi", "Şəki rəqsi", "Zorxana", "Şalaxo", "Azərbaycan ləzginkası". Bunların hamısı kişi rəqsləridir. Lakin onlar heç vaxt indi olan aqressiv-ekspressiv kökə malik olmayıb. Bizim həmişə öz "Ləzginka"mız olub! Əbəs yerə Niyazi, Sultan Hacıbəyov, Rauf Hacıyev milli ləzginka üçün musiqi yazmayıblar ki!

Onu dinləyin. Orada aqressiv təzyiqi harada eşidirsiniz? Yaxud da aqressiv dinamikaya nəsə yaxın bir şey? Aqressivlik, davakarlıq bizim milli rəqs mədəniyyətimizin adətlərinə xas olmayan elementlərdir.

- Məgər bizim rəqslərimizi ansamblların repertuarında saxlamırlar? 

- Qastrol səyahətlərində onlar ifa olunmur. Və bu məni narahat edir. Çünki biz, bizdə olanı qorumur və müdafiə etmirik, hətta mahiyyətinə görə dahi olanı belə. Xalqımızın xarakteri barədə kulturoloji həqiqət kimi qiymətli olanı. Ona görə də bizdən ancaq oğurlayırlar. Baxın, qonşularımız, məsələn, deyirlər ki, Fikrət Əmirovun "Qarabağın mirvarisi" və ya Brilliant Dadaşovanın "Vokaliz"i onların incəsənətidir. Müəllifliyimizi qorumaq üçün biz nə etdik? Brilliant, heç olmasa, çalışdı. Vaxt keçəcək və bu rəqsləri də kimsə öz mədəniyyətinə aid edəcək. 

- Milli rəqs mədəniyyətini, yəqin ki, müvafiq təhsil müəssisələrində öyrənirlər?

- Öyrənirlər, lakin bu, kifayət deyil. Təkcə öyrənmək lazım deyil. Müxtəlif kollektivlərin repertuarına daxil etmək lazımdır: peşəkar və özfəaliyyət olanlarına. Bunları da mütləq xaricə çıxarmaq və digər ölkələrdə nümayiş etdirmək lazımdır! Əks halda, biz tədricən ancaq xalqımıza məxsus olan bu xüsusi koloriti itiririk. Eyni şey qadın lirik rəqsinə də aiddir. Bu rəqslərdə də onlara xas olmayan dinamika yaranıb. Tədricən, liriklik, jestlərin süzgünlüyü, başın dönməsi, kipriklərin oyunu və gözlərin hərəkətləri; qadın əllərinin ifadəli zərifliyi yoxa çıxır. Bütün bunlar itir! Əvəzinə, bizə xas olmayan sürəklik, coşqunluq, ritm gəlir. Və Azərbaycan qadınının xarakterinin özəlliyi itir! Rəvanlıq, təmkinlilik, xumarlıq özünü doğulandan qadın hiss edən qadının obrazını yaradırdılar!

- Bu, kişinin qadına qarşı münasibətinin həmişə hörmətli-iltifatlı olması ilə bağlıdır?

- Mərhəmətli və heyranedici olmasına görə hə. Bunun arxasında nəhəng kulturoloji təbəqə var: ənənələrin, dünyayabaxışların və s. Bunları biz milli rəqsi fənninin "təxmini" biliklərinin təzyiqi altında itirə bilərik.

- Ölkəmizdə qadın rəqsinin ifasında ənənəvi mədəniyyətin daşıyıcıları var axı?

- Bəli. Lirik qadın rəqs ifasının ustaları var. Lakin onların sayı istənilən qədər çox deyil.

- Siz gimnaziyada tələbələrinizə kişi milli rəqslərini öyrədirsinizmi?

- Öyrədirəm. Amma bu, tədris prosesidir. Bunların hamısı auditoriyada qalır. Mən ənənəvi və qədim milli qadın və kişi rəqslərinin dünya səviyyəsində təbliği barədə danışırdım. 

- O zaman, bəlkə, rəqs teatrının yaradılmasının vaxtı yetişib?

- Bilmirəm. Düşünmürdüm bu barədə. Bu cür teatr üçün plastika rejissorları lazımdır, bizdə isə onlar yoxdur. Artistlərə digər mədəniyyətlərin təbiəti və xüsusiyyətləri barədə nəzəri biliklər verəcək kulturoloqlar lazımdır. Bir də kimsə səhnə mədəniyyəti ilə məşğul olmalıdır axı: qrim etməyi, kostyumun geyinməsini və s. öyrətməlidir. Bu gün bu da keçmişə gedir. Hazırda televiziya proqramlarında və konsert səhnələrində artistlər, məsələn, səhnəyə kim necə gəldi çıxır: kimsə saqqalla, kimsə saqqalsız. Kimsə üzü aztüklü çıxır. Məlum deyil ki, qarşımızda kim rəqs edir: dağıstanlı, gürcü, ya da kimsə başqa birisi? Bizim kişilərimiz üçün ənənəvi qrim vardı - hər birinin bığı olardı. Özünün, yaxud yapışdırılmış, fərqi yox idi. Bu, Azərbaycan obrazının bir hissəsidir. Qalanını rəqs tamamlayırdı. Bu gün artistlərin etinasızlığı məni, sadəcə, öldürür. 

- Siz rəqs teatrının yaradılması barədə arzulamamısınız?

- Xeyr. Müzik-holl barədə arzularım vardı. Mənə müzik-hollun kollektivi ilə işləmək maraqlı olardı. Və harasa quruluş üçün dəvət etsəydilər, məmnuniyyətlə gedərdim.

- Dram artistləri ilə işləmək sizin üçün maraqlıdırmı? Axı dram teatrlarında tamaşaqoyma təcrübəniz var?

- Təcrübəm var. Təəssüratlarım fərqlidir. Aktyorların öz peşə borcunu vicdanla yerinə yetirdikləri yerlər maraqlıdır. Əgər onların musiqi duyumu, ritm hissləri varsa, rəqs etməyi və oxumağı bacarırlarsa, bu, əladır. Belə aktyorlarla maraqlıdır, çünki onlar birgə yaradıcılığa hazırdırlar. Bəziləri üçün, bəlkə, çətin olsa da, yeniliklərdən istifadə etmək üçün onların həm marağı, həm də ehtirasları var. Digərləri isə bacarmırlar və təqsiri işdə görərək, bacarmaq istəmirlər. Bu isə artıq yaradıcılıq deyil. Və belə "peşəkarlıq" heç kimə lazım deyil - ilk növbədə isə tamaşaçıya.

- Ümumiyyətlə, aktyorluq fakültəsinə duyum qabiliyyəti, səsi və rəqs etmək bacarığı olmayanları götürmürlər. Bu, mütləq şərtdir. Bu olmasa insan peşəkar olaraq yararsız sayılır. Bu gün teatra sintetik aktyorlar - hər şeyi bacaran aktyorlar lazımdır.

- Mən də bunu deyirəm. Lakin heç də bütün teatrlarda bu cür aktyorlara rast gəlməmişəm. Müqayisə etməyə haqqım var, çünki Musiqili Komediya Teatrında, İrəvan Dövlət Dram Teatrında, Rus Dram Teatrında və Litva Rus Dram Teatrında çalışmışam. Aktyorlar heç də həmişə rəqsə hazır deyillər. 

- Hansı teatrda dram aktyorları daha çox həmmüəllifliyə hazırdırlar?

- Birmənalı cavab yoxdur. Lakin Litva teatrında, ola bilsin, onlar daha çox buna meyillidirlər.

- Müzik-holl arzusu, rəqs mədəniyyəti ənənələrinin qorunmasından başqa, hər hansı bir diləyiniz var?

- Müzik-holl üslubunda solo-çıxış etmək. Mənim quruluş ideyam, ssenarim var. Lakin aktyorlar, kostyumlar, səhnə yoxdur. Ən əsası, xeyriyyəçilər yoxdur. Lakin tamaşanı mütləq qoyacağam. Yalnız sonra səhnədən gedəcəyəm. Vaxtında getmək lazımdır. Hərçənd, bu, asan deyil: səhnə, tamaşaçı, rəqs mədəniyyəti - bunlar həyata məna verən və sevinc gətirən məfhumlardır.

- Yenidən Litvaya hazırlaşırsınız? Yeni layihəniz var?

- Xeyr. Buraxılmış "Yeddi gözəl" tamaşası üzərində işin davamıdır. Quruluşçu rejissor Yonas Vaytkus dərvişlərlə olan səhnəni tamamlamaq istəyir. O, ümumiyyətlə, maraqlı rejissordur: həmişə prosesdədir. Aktyorlar və tələbələri onu çox sevirlər. O, onlar üçün dahi və teatrda tanrıdır.

- O zaman sizə uğurlar, elə bizə də. Çünki Nizaminin dram səhnəsində uğurlu nümayişi - bizim ümumi uğurumuzdur.



MƏSLƏHƏT GÖR:

504