8 May 2024

Çərşənbə, 12:42

UÇAN FAYTONUN BAKI HƏYATI

Üstü açılan sürətli, manevrli at arabaları - faytonlar köhnə Bakının dəyişməz rəmzi olub

Müəllif:

15.12.2015

Köhnə Bakı haqqında danışarkən ağla ilk gələn nə olur? O vaxtın Bakısının fotoşəkil və açıqcalardakı görüntüləri, bulvar, "Torqovaya", "Parapet", tramvaylar və əlbəttə ki, fayton.

 

Hər şey necə başlayıb?

Hər şey XIX əsrin sonlarında fayton adlı rahat, sürətli, xüsusi konstruksiyalı karetlərin dəbə minməsi ilə başlayıb. Faytonun daha bir fərqi onun manevr qabiliyyətinin yüksək olmasında idi. Şəhər şəraitində bu, vacib amil sayılır. Fayton ən yaxşı sərnişin nəqliyyatı kimi bütün dünyada çox sürətlə populyarlaşmış və təbii ki, Bakıya da gəlib çıxmışdı. O, yüngüllüyü, sürətli olması və manevr qabiliyyəti ilə yanaşı, fənərlərilə də fərqlənirdi. Faytonda elektrik lampalarının əvəzinə xüsusi şamlar və ya karbid qazı yanırdı. Əsrlərin kəsişməsində o, sürətinə görə avtomobilləri üstələyirdi. Hətta gecələr faytonlar təsadüfən piyadaları da vura bilərdi.

Faytonçular o dövr üçün, bir qayda olaraq, elə də yoxsul deyildilər. Əksər hallarda faytonları özü üçün pul yığa bilmiş keçmiş kəndlilər, yaxud İçərişəhərdən olan bakılılar sürürdü. Onlar faytonun 1 aylıq icarəsinə 20 rubl (fəhlənin əməkhaqqından bir qədər artıq) ödəyirdilər. Bu səbəbdən də, var güclərilə işləyirdilər. Hər axşam toran düşən zaman sakitliyi bir səs pozurdu: "Fayton! Fayton!". Onlar bu yolla müştəri çağırırdılar. Bayram günlərində faytonçular "Köhnə Avropa" restoranının qarşısına toplaşır, restorandan hansısa zənginin çıxıb onlardan birinə üz tutacağı anı gözləyirdilər. Sərbəst vaxtlarında, xüsusilə gündüzlər isə onlar nərdtaxtanı iki karet arasında açaraq, nərd oynayırdılar.

Faytonçular hansısa zəngin neft sənayeçisinin və ya səxavətli zabitin toy karteji üçün fayton tutduğu günlərdə daha yaxşı qazanc əldə edirdilər. Bəzi hallarda kortejdə 15 fayton gedirdi. Öndəki faytonda bəy-gəlin, ikinci və üçüncü karetlərdə musiqiçilər, daha sonrakılarda qohumlar oturur, ən arxada gedən faytonlar isə mebel, pal-paltarın yığıldığı yeşiklər və ev əşyalarını daşıyırdı. Faytonların daş döşənmiş küçələrlə hərəkəti zamanı uğultu qopur, bu, musiqi sədalarına qarışırdı.

Lakin günlərin birində inqilab gəldi və səs-küylü bayram tədbirləri Bakı küçələrindən faytonlarla birlikdə yox oldu. Bu, həm də iqtisadi durumun yaxşı olmaması ilə əlaqədar idi. Zaman keçdikcə şəhərin bu rəmzi 20-ci əsrin rəmzi olan avtomobillərlə əvəzlənməyə başladı.

Ümumiyyətlə, faytona nəzər salsaq, onun bir çox əlamətlərinə görə qədim avtomobillərə bənzədiyini, daha doğrusu, avtomobillərin faytona oxşadığını görə bilərik. Mühərrik və təkər dövrü inkişaf etməyə başladıqda, avtomobillərin seriya istehsalına start verildikdə məhz fayton öz xarici görkəmini yeni nəslə ötürərək, yoxa çıxdı. Buna əmin olmaq üçün onu ilk seriya istehsallı "Fort-T" avtomobililə müqayisə etmək kifayətdir.

 

Fayton haqqında romantikasız

Ədalət naminə qeyd etmək lazımdır ki, faytonu bir qədər ideallaşdıraraq, onu sanki kulta çeviriblər. Əslində isə dövrün ən sürətli nəqliyyat vasitəsilə bağlı müxtəlif tarixçələr var. "Russkoe slovo" qəzeti 1908-ci ildə yazırdı: "Jandarmiya rotmistri Loliaşvili teatrdan çıxaraq fayton çağırır. Faytondan çıxan naməlum şəxs rotmistrə tərəf revolverdən atəş açır. Lakin güllə hədəfə dəymir. Rotmistr həmin şəxsi tərk-silah edir və məlum olur ki, ona atəş açan polis idarəsinin stolonaçalnikinin köməkçisi imiş".

Elə həmin qəzetdə dərc olunmuş daha bir tarixçə: "Mühafizə idarəsinin rəisi rotmistr Orlovskiyə bomba atan və həbsxanaya aparılarkan yolda konvoy tərəfindən yaralanan Şaqidyans Mixaylovski xəstəxanasında müalicə alırdı. Bu gün 6 nəfər silahlı şəxs xəstəxanaya soxularaq qorodovoyu tərk-silah edib, Şaqidyansı faytona mindirərək aradan çıxıb".

Yəni fayton sürətli nəqliyyat vasitəsi kimi, cinayət yerinə gəlmək və oranı tez bir zamanda tərk etmək üçün də işə yarayıb.

Bundan başqa, faytonun idarə olunması və ona xidmət asan olmadığından, adi qoşqu ilə müqayisədə o, baha başa gəlirdi. Çox sayda insanın yerləşdiyi konkanı isə qiymət baxımından onunla, ümumiyyətlə, müqayisə etmək olmazdı. Bu səbəbdən də, fayton oğruların da diqqətini cəlb edirdi: onlar faytonda əyləşmiş şəxsin zənginlərdən olduğunu bilirdilər.

Əsrin əvvəllərində baş vermiş daha bir kriminal hadisə: "Aprelin 30-da axşam saat 9 radələrində Bakıdan çıxarkən bizim arxamızca bir faytonun gəldiyini gördük. Xanımım nəsə hiss edərək faytonu saxlatdırdı, ermənilərin bizi ötüb keçməsinə imkan verdi və dedi: "Oğrulardır. Gəl, geri qayıdaq". Mən onu dilə tutaraq yolumuza davam etməyə razı saldım. Lakin brilyantları və 4 min rublu gizlətdik. Vağzalın qarşısında 1 nəfər atların qarşısını kəsdi, daha 2 nəfər revolveri xanımımın ağzına və sinəsinə tuşladı, dördüncü şəxs silahı mənə tərəf çevirərək brilyant və pul tələb etməyə başladı. "Salaməleyküm! Mən bunu gözləyirdim", - dedim və onlara 100 rubl verdim. Xanımımdan isə içərisində 90 rublun olduğu redikülü aldılar. Brilyantların olduğu əl ağacını götürmək istəsələr də, əvəzinə köhnə çətiri götürdülər. Təsadüfdən mən silahsız idim".

 

Küçələrə qayıdış

Fayton Bakıya bir də 1960-cı illərdə mülayim Xruşşov dövrü ilə birlikdə qayıdıb. O dönəmdə şəhər yüksəlişdə idi. Bulvarda təmir-bərpa işləri aparılır, yeni trolleybuslar peyda olurdu. Bunlarla yanaşı, şəhərdə bir neçə konkaya da rast gəlinirdi. Bilərəkdən qədimiləşdirilmiş faytonlar bulvar boyu və şəhərin tarixi mərkəzində dolaşmaqla yerli sakinlərin və azsaylı turistlərin sevincinə səbəb olurdu.

Onların, demək olar ki, hamısının görünüşü "primitiv" idi (sovet dönəmindəki eynitipli kütləvi istehsalat dövründə bu, normal sayıla bilər). Lakin onların arasında digərlərindən tam fərqlənən bir fayton var idi. Çox gözəl hazırlanmış bu faytonun açılıb-bağlanan üstü əsl dəridən (dəri əvəzləyicinin yerinə) gözəl zövqlə hazırlanmışdı. Onun qırmızı məxməri oturacaqları, qara, laklı tutacaqları var idi. Bu fayton tez bir zamanda şəhərin "görməli yerlərindən" birinə çevrildi.

Faytonu Qurban kişi adlı bir nəfər idarə edirdi. O, adi sovet məvacibi alır, bu səbəbdən də, arzulayan hər kəsi faytonda pulsuz gəzdirirdi. Fayton Qurban kişinin ailə mülkiyyəti idi və onun qarajında saxlanılırdı. Qurban kişinin atası, babası, bəlkə, ulu babası da faytonçu olmuşdu. Bu peşə ilə məşğul olmağa yenidən icazə verilən zaman Qurban kişi köhnə faytonu bərpa etmiş, onu öz əllərilə sahmana salmışdı. O, şəhərin qonaqlarını, dostlarını faytonda gəzdirir, axşamlar isə onu İçərişəhərdə, Qoşa Qala qapısının qarşısında saxlayırdı. Orada atları çimizdirən, yemləyən Qurban kişi arabanın üzərini brezentlə, atların üstünü çul ilə örtərək evə qayıdırdı.

Bu gün də Bakı küçələrində nadir hallarda da olsa, fayton görmək mümkündür. Amma təəssüf ki, onların gözəlliyi saysız-hesabsız avtomobillərin, reklamların və ya binaların arasında görünməz hala gəlib. Onlar səssiz hərəkət edir, hərdən bulvarda dayanıb turistlər gözləyir. Və artıq heç kəs "Fayton! Fayton!" çağırışını da eşitmir.



MƏSLƏHƏT GÖR:

524