4 May 2024

Şənbə, 00:26

ODLA SU ARASINDA

Azərbaycan neftçiləri tarixlərində görmədikləri fəlakətlə qarşılaşdılar

Müəllif:

15.12.2015

Zəlzələ, daşqın, sunami, vulkan, torpaq sürüşməsi, tufan - bu, insan tələfatına yol açan, texniki inkişafa rəğmən, hələ də insana tabe olmayan təbiət kataklizmlərinin tam siyahısı deyil.

Dekabrın 4-də Azərbaycan neftçiləri də güclü fırtına ilə qarşı-qarşıya qaldılar. Təəssüf ki, bu dəfə tələfatsız ötüşmədi. Əvvəlcə güclü külək Neft Daşlarının estakadasından içərisində 3 fəhlənin olduğu köşkü uçurdu. Onların xilası məqsədilə aparılan işlər nəticə vermədi. İndi həmin 3 nəfərin adı da itkin düşmüş neftçilərin siyahısındadır. Amma təəssüf ki, bu, son olmadı. Bir qədər sonra miqyasına görə, Neft Daşlarında baş vermiş hadisəni kölgədə qoyan faciə baş verdi.

Dekabrın 4-də axşam ölkə KİV SOCAR-ın "Günəşli" yatağındakı hasilat platformasında yanğının başlandığına dair məlumat yaydı. Əvvəlcə hadisə nəticəsində insan tələfatının olduğuna dair xəbərlər yox idi. Lakin səhəri gün hadisə zamanı platformadakı 63 nəfərdən yalnız 33-nün xilas olunduğu, 29 nəfərin itkin düşdüyü, 1 nəfərin isə həlak olduğu açıqlandı. Bir qədər sonra dənizdən daha 6 neftçinin cəsədi tapıldı (jurnalın çapa verildiyi ana olan məlumat).

Hadisədən sonra verdiyi açıqlamada SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirdi ki, hadisə günü küləyin sürəti saniyədə 40-42 metrə, yəni, saatda, təxminən, 140 kilometrə çatıb. Ən acınacaqlısı isə bu küləyin düz, 27 saat davam etməsi olub. Halbuki, adətən, belə hal 5-6 saat sürür. Fırtına zamanı dənizdə dalğanın hündürlüyü 10-11 metrə çatıb. Nəticədə, quyuya vurulması üçün qazın nəql olunduğu yüksəktəzyiqli qaz kəməri qırılıb. Bu, yanğına səbəb olub və alov tez bir müddətdə platformanın böyük bir hissəsini bürüyüb.

Platforma komandası alovdan qorunmaq üçün 2 qayığa doluşub. Onların birinə 27, digərinə 33 nəfər oturub. Daha 3 nəfər platformada özünə sığınacaq tapıb. Germetik qayıqlar platformadan bir neçə metr aşağı endirilib və troslardan asılı vəziyyədə saxlanılıb. Xilasedicilər qayıqları çox aşağı endirməyiblər, çünki şiddətli külək onları platformanın dirəklərinə çırpa bilərdi. Bir saat ərzində yanmaqda olan platformaya Fövqəladə Hallar Nazirliyinin "Günəşli" yatağının yerləşdiyi ərazidə növbə çəkən "Vixr-9", "Topaz", "Avior" və "Samir Quliyev" gəmiləri yaxınlaşıblar. Lakin onlar platformaya yan alıb, qayıqlardakı insanları xilas edə bilməyblər; dalğalar gəmiləri də platformanın sütunlarına çırpa bilərdi və bu halda platformanın özü dağılardı.

Faciə 22:45-də baş verib; qayıqlardan birini saxlayan troslardan biri küləyin gücünə dözməyərək qopub və içərisində neftçilərin olduğu qayıq platformadan şaquli vəziyyətdə asılı qalıb. Platformaya çırpılan dalğalar isə qayığı parçalayıb və içəridəki neftçilər suya tökülüb. Bu anda əsl qəhrəmanlıq göstərən "Topaz" gəmisinin komandası qayıqlarla suya tökülmüş insanlara yaxınlaşıb, inanılmaz əzab-əziyyətlə 4 nəfəri xilas ediblər. Lakin onlardan biri bir müddət sonra qayıqda dünyasını dəyişib.

İkinci qayığı isə külək xoşbəxtlikdən və Allahın köməyi ilə platformanın altına salıb. Qayığın orada dirəklərin arasına ilişib-qalması onun içərisindəki insanları ölümdən qurtarıb.

Artıq səhəri gün FHN-in Sərhəd Xidmətinin və "AZAL" QSC-nin vertolyotları hadisə yerinə göndərilib. Vertolyotlardan biri platformanın üzərindəki meydançaya enərək, xilasediciləri oraya düşürə bilib. Xilasedicilər, öz növbələrində, dirəklər arasında qalmış qayıqdakı 27 neftçini, həmçinin platformada gizlənmiş 3 nəfəri xilas ediblər. Söhbət bir neçə saat ərzində, sözün əsl mənasında, ölümlə-həyat arasında qalmış insanlardan gedir...

Digər qayıqdan dənizə tökülmüş şəxslərin axtarışı isə nəticə verməyib. Onların yalnız 6-nın cəsədi hələ bir neçə gün sonra platformadan 50-70 kilometr aralıda, Qazaxıstan sektoru ilə sərhəddə tapılacaqdı...

Qəzanın səbəblərinin araşdırılması, nəticələrin aradan qaldırılması, itkin düşmüş şəxslərin axtarışının həyata keçirilməsi, neftçilərin ailələrinə yardım göstərilməsi üçün Azərbaycan Prezdenti İlham Əliyevin sərəncamı ilə Baş nazir Artur Rasizadənin başçılığı ilə Dövlət Komissiyası yaradılıb. Dekabrın 6-sı isə ölkədə matəm elan olunub. Qəza ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə ("Yanğın təhlükəsizliyi qaydalarının pozulmasının ağır nəticələrə səbəb olması") cinayət işi açılıb.

Bu hadisə, miqyasına görə, Azərbaycanın neft sənayesi tarixində ən böyük faciədir. İndiyədək bu sahədə ən çox insan tələfatı 1957-ci il noyabrın 21-də qazma platformasının suda batması nəticəsində qeydə alınmışdı. Yenə də güclü fırtına nəticəsində baş vermiş hadisə zamanı 22 neftçi həlak olmuşdu. Onda Xəzər üçün son dərəcə nəhəng hesab olunan dalğalar Neft Daşlarındakı qazma platformasını məşhur neftçi Mixail Kaveroçkinin briqadası ilə birlikdə batırmışdı. Xilasetmə işləri heç bir nəticə verməmiş, neftçilərdən heç biri tapılmamışdı. Nəticədə, Neft Daşları itkin düşmüş neftçilər üçün, bir növ, simvolik məzara çevrilmişdi.

Budəfəki faciənin miqyası isə bütün ictimaiyyəti sarsıdıb. Ayrı-ayrı KİV-də və sosial şəbəkələrdə SOCAR rəhbərliyinin ünvanına adi təhlükəsizlik normalarına əməl edilməməsi, müasir qayıqların alınmaması haqqında ittihamlar səsləndirilib. Bundan başqa, şirkət rəhbərliyi müvafiq hava proqnozuna rəğmən, fəhlələri platformadan vaxtında təxliyyə etməməkdə də günahlandırılır. Əksəriyyət bu məsələdə "bp" Şirkətini misal göstərir; qurumun Azərbaycanda fəaliyyət göstərdiyi 20 ildən artıq müddətdə dənizdəki özüllərdə bircə belə, ölüm halı baş verməyib. Lakin dünya sözügedən şirkətin Meksika körfəzindəki platformasında 2010-cu ildə baş vermiş partlayışı yaxşı xatırlayır. O zaman 11 nəfər həlak olmuş, körfəzin böyük bir hissəsi isə neft axması nəticəsində çirkaba çevrilmişdi. Yəni, heç bir müasir şirkət qəzadan 100% sığortalandığını deyə bilməz.

Onu da nəzərə almaq lazımdır ki, "bp"nin Azərbaycandakı ən "yaşlı" platformasının ("Çıraq" yatağında qurulmuş) cəmi 17 yaşı var. "Azəri" yatağındakı platforma isə 2005-2008-ci illərdə qurulub və daha müasir sinfə aiddir. "Günəşli" yatağındakı 10 nömrəli platformaya gəlincə, artıq 30 ildir fəaliyyətdədir. 2007-ci ildə o, əsaslı təmir olunsa da, platformanı müasir analoqları ilə müqayisə etmək mümkün deyil.

Digər yandan, ekspertlər Xəzər dənizindəki platformalarda güclü külək proqnozu üzündən, neftçilərin təxliyyəsi təcrübəsinin olmadığını bildirirlər; məsələn, SOCAR-a münasibətdə heç də loyal olmayan Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı platformada təxliyyə işlərinin aparılmasının mümkün olmadığını deyir. "Çoxları işçilərin platformanı tərk etməli olduğunu yazır. Lakin onlar başa düşmürlər ki, bu, işlərin gecə-gündüz aparıldığı quyudur. İşləri dayandırmaq olmaz. Siz bir quyunun saxlanılmasına və bərpasına nə qədər vəsait tələb olunduğunu bilirsiniz? İşlərin dayandırılması ölkəyə ciddi zərbədir. Orada fasiləsiz iş gedir", - deyə Qəhrəmanlı qeyd edib. Xəzərin Azərbaycan sektorunda külək praktiki olaraq, fasiləsiz əsir və bu, platformanın bağlanması üçün əsas sayılmır. Belə hala Xəzərdə işləyən xarici şirkətlərdə də rast gəlinmir.

Tufanın olacağı ilə bağlı xəbərdarlıq həqiqətən də edilib və xilas olunmuş neftçilərin sözlərinə görə, bununla bağlı müvafiq addımlar atılıb. "Bizə güclü küləyin olacağına dair xəbərdarlıq edilmişdi. Hər kəsi bir-birinə dəstək olmağa çağırmışdılar. Yaşayış blokunu tərk etmək qadağan olunmuşdu. Yəni, platformada bütün işlər dayandırılmışdı", - deyə xilas olunmuş neftçilərdən biri Bəhruz Babayev "CBC" telekanalına açıqlamasında bildirib.

İşçilərin hər birinə xilasedici jilet verilibmiş. Hər biri 42 nəfər üçün nəzərdə tutulmuş qayıqlar isə 2011-ci ilin istehsalı idi. Koreya istehsalı olan və germetik bağlanan qayıqlar bir neçə günlük qida və su ilə təchiz edilmişdi. Dənizdəki tufana rəğmən, neftçilərin qayıqlara doldurulması ilə bağlı qərar da doğru idi. Amma sonradan yaşayış blokuna yanğının heç bir təsir göstərmədiyi üzə çıxsa da, qaz kəmərinin qırılması zamanı platformanın göyə sovrulmayacağına heç kəs zəmanət verə bilməzdi.

Bütün bu tədbirlərə baxmayaraq, faciədən qaçmaq mümkün olmayıb.

Yeri gəlmişkən, neftçilər insidentin diversiya olması versiyasını qəti şəkildə rədd edirlər. Xoşbəxt Yusifzadənin sözlərinə görə, yanğına səbəb tufan olub və diversiya haqqında danışmaq artıqdır. Mirvari Qəhrəmanlı da diversiya versiyasını qəbul etmir: "Neftçilər bir-birlərinə sadiq olurlar. Onlar sanki böyük bir ailə, bir-birlərinə doğma insanlardır. Dənizdə kamikadzenin peyda olması mümkünsüzdür. Bu, ola bilməz".

Demək, əsas məsələ texniki təchizat və platformanın bu cür qasırğaya dözmək bacarığıdır. Dağılması ilə yanğına səbəb olmuş qaz kəmərinin vəziyyəti son dəfə nə vaxt yoxlanılıbmış? Bəs, platformalarda fövqəladə vəziyyətlərə hazırlıqla bağlı təlimlər mütəmadi keçirilirmi? Qayıqlar, onları saxlayan troslar sonuncu dəfə nə vaxt yoxlanılmışdı? Ümumiyyətlə, troslar yüklü qayıqları bir neçə saat havadan asılı vəziyyətdə saxlamaq iqtidarında idimi? Hüquq-mühafizə orqanlarının araşdıracağı bu cür suallar az deyil.

SOCAR və dövlət, əlbəttə ki, həlak olmuş və yaralanmış neftçilərin ailələrinə yardım göstərəcək. Nazirlər Kabineti 10 nömrəli platformadakı qəza nəticəsində həlak olmuş və itkin düşmüş neftçilərin hər birinin ailəsinə 15 min manat ödənilməsi haqqında qərar qəbul edib. SOCAR isə öz növbəsində, həlak olmuş neftçilərin ailələrinə əməkhaqqının 20 mislini ödəyəcək. Bunu "ANS" telekanalına şirkətin işçilərə tibbi xidmətin təşkilinə nəzarət şöbəsinin rəisi Fuad Əlizadə bildirib. Hadisə nəticəsində həlak olmuş şəxslərin övladlarına yetkinlik yaşına çatanadək hər ay mərhumların əməkhaqqının 2,5 qatı ödəniləcək. Bununla yanaşı, həlak olmuş neftçilərin övladları ali məktəblərdə təhsil alarlarsa, bu kompensasiya 23 il ödəniləcək.

Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə, platformada çalışan bütün neftçilərin həyat sığortası polisi var və onların ailələri mərhumun əməkhaqqından, yaşından, uşaqlarının sayından və digər amillərdən asılı olaraq, 80-140 min manat arası pul alacaqlar.

Əlbəttə ki, heç bir kompensasiya həlak olmuş atanı, oğulu, həyat yoldaşı və qardaşı əvəzləyə bilməz. Bu faciədən əsas dərs yalnız günahkarların cəzalandırılması olmamalıdır. İndi bu cür halların təkrarlanmaması üçün ciddi tədbirlər görülməlidir.

Azərbaycan son onillikdə neftinin hesabına iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə edib. Ölkədə əməkhaqları, pensiyalar, müavinətlər artıb, nəhəng infrastruktur layihələri həyata keçirilir, regionda baş verən mənfi iqtisadi proseslərə müqavimət göstərməyə imkan verən müəyyən maliyyə ehtiyatı formalaşıb. İstənilən neft platformasında yanğının, qəzanın baş verməsi tələfatsız ötüşərsə belə, hazırkı ağır iqtisadi dövrdə ölkənin gəlirlərini azaldır.

10 nömrəli platformada sutkada, təxminən, 900 ton neft və 1 milyon kubmetr qaz hasil olunurdu. İndi bu, SOCAR-ın ümumi hasilat həcmindən çıxılıb. Platformada artıq quyulara keçmiş yanğının nə vaxt söndürüləcəyi bəlli deyil. Mütəxəssislər, hələ ki, bu barədə dəqiq vaxt söyləməkdən çəkinir. Bununla yanaşı, platformanın bərpasına da xeyli vəsait və vaxt tələb olunur. Ümumilikdə, SOCAR-a məxsus platformaların əksəriyyəti 70-80-ci illərdə tikilib. Neft Daşlarındakı estakadaların əsası isə 1950-ci illərdə qoyulub. Demək, bu nəhəng infrastrukturun təmirinə, yenilənməsinə böyük diqqət ayrılmalıdır. Ümumiyyətlə, istər işçilər, istərsə də rəhbərlik təhlükəsizlik texnikasına əməl olunmasına diqqəti artırmalıdır. Hər halda, bizim öz təhlükəsizliyimizə o qədər də diqqətlə yanaşmadığımız sirr deyil. Hər birimiz özümüzü sanki həmkarlarımızdan daha bəxtli və daha peşəkar sayırıq.

Ölümlə nəticələnən faciə hər insanın həyatında bir dəfə baş verir. Belə halların heç zaman baş verməməsi üçün artıq şüuraltında da, ilk növbədə, təhlükəsizlik texnikası normaları haqqında düşünmək vacibdir. Bu, xüsusilə neftçilər kimi vacib, nüfuzlu, eyni zamanda, təhlükəli peşə sahiblərinə aiddir. Bu halda SOCAR istehsalatda tələfatla nəticələnmiş hadisələr qrafasında "sıfır" yaza biləcək. 10 nömrəli platformada baş vermiş faciə isə Azərbaycanın neft sənayesi tarixinin ən böyük faciəsi olaraq qalacaq...



MƏSLƏHƏT GÖR:

542