18 May 2024

Şənbə, 09:57

QİTƏLƏRİ YAXINLAŞDIRMAQ

Çin Azərbaycanı Böyük İpək Yolunda əsas tərəfdaş kimi görür

Müəllif:

15.12.2015

Azərbaycan postneft dövründə özünün siyasi və iqtisadi inkişafı baxımından regional əlaqələrə, Asiya və Avropanın kəsişməsində yerləşmənin verdiyi imkanlardan istifadəyə böyük ümidlər bəsləyir. Son illər rəsmi Bakı Asiya-Sakit okean ölkələri ilə münasibətlərin dərinləşdirilməsi istiqamətində ciddi addımlar atır. İndi o, Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi statusuna malik olmaqla yanaşı, Asiya İnfrastruktur İnvestisiyaları Bankının (AİİB) təsisçilərindəndir. Bundan başqa, Azərbaycan Çinin "İpək Yolu İqtisadi Kəməri" təşəbbüsünə də maraq göstərir.

Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə dekabrın 8-11-də bu ölkəyə etdiyi dövlət səfərindən sonra, hansı yeni əməkdaşlıq üfüqlərinin açıldığı aydın olur; məsələn: səfər çərçivəsində İlham Əliyev Çinin Şaansi vilayətinin qubernatoru Lou Çincyan ilə görüşüb, regionun iqtisadi imkanları ilə tanış olub. Dövlət başçısının əsas görüşləri isə Pekində baş tutub: parlamentin sədri Can Decian, Çinin Dövlət Şurasının baş naziri Li Keçyan və əlbəttə ki, ÇXR sədri Si Cinpinlə.

Bu cür yüksəksəviyyəli görüşlərdə, əsasən, Azərbaycanla Çin arasında siyasi və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. Bütün görüşlərdə Çinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, Bakının isə "Vahid Çin" prinsipinə dəstək verdiyi xüsusi vurğulanıb.

Azərbaycan üçün dünyanın aparıcı fövqəldövlətlərindən biri, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çinin Dağlıq Qarabağ münaqişəsi kontekstində ədalətli mövqe tutması, onun ərazi bütövlüyünü dəstəkləməsi çox vacibdir.

Məlum olduğu kimi, Dağlıq Qarabağ probleminin həlli ilə 20 ildən artıqdır məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermir. Son zamanlar isə rəsmi Bakı həmsədrlərin faktiki olaraq fəaliyyətsizliyindən ciddi narazılıq ifadə edir. Azərbaycanda hesab edirlər ki, onların regiona səfərləri atəşkəs rejiminin dəstəklənməli olduğuna dair boş bəyanatlardan başqa, heç bir nəticə vermir. Beləliklə, Bakı münaqişənin sülh yolu ilə həlli üçün yeni imkanlar axtarır və bu konteksdə BMT-də veto hüququna malik Çinin mövqeyi işə yaraya bilər.

Çin və Azərbaycan rəhbərliyinin mövqeyi İ.Əliyev və S.Cinpin tərəfindən imzalanmış "Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə"də öz əksini tapıb. Sənəddə iki ölkənin bir-birinin ərazi bütövlüyünə dəstəyi yer alır.

Danışıqlarda daha bir vacib məqam Çinin təşəbbüsü olan "İpək Yolu İqtisadi Kəməri" layihəsinin reallaşdırılması kontekstində iqtisadi əməkdaşlıq, Azərbaycanın ŞƏT və AİİB-də iştirakı məsələləri olub.

Qeyd edək ki, Azərbaycanla Çin arasında ticarət dövriyyəsi mövcud potensialdan xeyli geri qalır. 2014-cü ilin yekunlarına görə, Çin Azərbaycanın əsas xarici ticarət tərəfdaşları arasında 760 milyon dollarla 13-cü yerdədir. Bu, ölkənin ümumi xarici ticarət dövriyyəsinin cəmi 2,45%-i deməkdir.

Görüşdə İlham Əliyev Azərbaycanın əlverişli coğrafi mövqeyə sahibliyini, Çin məhsullarının Türkiyəyə, oradan isə Avropaya tranziti üçün yaxşı infrastruktur imkanlarına malik olduğunu bildirib. O, Azərbaycandan keçən marşrutun Şərq-Qərb dəhlizində ən qısa yol olduğunu deyib.

İ. Əliyev ilə ikitərəfli görüşdə ÇXR sədri S.Cinpin bildirib ki, tərəflər energetika, İKT, maliyyə sektoru və s. sahələrdə əməkdaşlığı genişləndirmək üçün böyük potensiala malikdirlər. O, Azərbaycanın AİİB, "İpək Yolu İqtisadi Kəməri", ŞƏT kimi layihələrdə iştirakını yüksək qiymətləndirib. Azərbaycanın Avrasiyanın mərkəzində yerləşdiyini xatırladan Si Cinpin deyib ki, logistika və beynəlxalq nəqliyyat baxımından onun yaxşı imkanları var. ÇXR sədri hesab edir ki, bu üzdən Azərbaycan Çinlə Avropa arasında vacib tranzit rolu oynaya bilər.

Azərbaycan Prezidenti isə energetika sahəsində Çin şirkətlərinin uğurlu fəaliyyətini vurğulayıb, onları Azərbaycanın İKT sahəsində investisiyaları artırmağa, həmçinin texnoparkların imkanlarından istifadəyə çağırıb.

Səfər çərçivəsində tərəflər arasında imzalanmış sənədlər əməkdaşlığın genişləndirilməsinə töhfə olmalıdır. Ümumilikdə, iki ölkə arasında dövlət başçılarının imzaladıqları bəyannamə də daxil olmaqla, 10 razılaşma imzalanıb. Razılaşmalar təhsil sahəsində əməkdaşlıq, məhkumların verilməsi, alternativ enerjinin inkişafı ilə yanaşı, kifayət qədər perspektivli sahələri də əhatə edir. Misal kimi, iqtisadi və nəqliyyat sahələrində "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının təşviqi, həmçinin hava və dəmir yolu əlaqəsi haqqında razılaşmaları göstərmək olar. 

Bununla da Azərbaycanla Çin arasında sıx əməkdaşlıq üçün hüquqi baza yeni razılaşmalarla xeyli güclənib.

Azərbaycan Prezidenti Çinə səfəri zamanı bu ölkənin iki aparıcı müəssisəsində də olub və bu, iki ölkə arasında əməkdaşlığın potensialının daha bir göstəricisidir; məsələn: İlham Əliyev Sian şəhərində Şaansi Avtomobil Zavodu ilə tanış olub. Burada Almaniyanın "MAN" şirkəti ilə əməkdaşlıq çərçivəsində son illər Azərbaycanda da kifayət qədər populyarlıq qazanmış "SACHMAN" yük maşınları, həmçinin "Eurostar Bus" avtobusları istehsal olunur. Bu məhsullar dünyanın 90-dan artıq ölkəsinə ixrac edilir.

Daha sonra Azərbaycanın dövlət başçısı dünyanın aparıcı IT şirkətlərindən olan "Huawei" şirkətinin sərgi mərkəzinə baş çəkib. Şirkətin məhsullarına naqilsiz, baza və nəqliyyat şəbəkələri avadanlıqları, şəbəkə cihazları, optik cihazlar, marşrutizatorlar, şəbəkə kommutatorları, tətbiqi proqramlar, aparat təminatı, terminallar və s. daxildir.

Çinin və onun şirkətlərinin təcrübəsi Azərbaycana iqtisadiyyatın qeyri-neft sektorunun inkişafında kömək edə bilər. Çin şirkətlərinin dövlət səviyyəsində dəstəklənən fəal investisiya fəaliyyəti, xüsusilə "İpək Yolu İqtisadi Kəməri" ölkələrindəki fəaliyyəti Azərbaycana da əhəmiyyətli miqdarda investisiya axınına yol açmalıdır. İndiyədək bu sahədə ikitərəfli hüquqi bazanın olmaması belə işlərin görülməsinə mane olurdusa, İlham Əliyevin Çin səfəri zamanı imzalanmış sənədlər, qarşılıqlı iqtisadi əlaqələrə qarşılıqlı dəstəklə bağlı yüksək səviyyədə səsləndirilmiş bəyanatlar Çin şirkətlərinin Azərbaycanın müxtəlif istiqamətli texnoparklarında iştirakını artıra bilər.

Digər yandan, Azərbaycan Çin iqtisadiyyatının imkanlarından da fəal istifadə edir; məsələn, Azərbaycanın Dövlət Neft Fondu 2014-cü ilin ortalarında yuanla investisiya yatırmağa başlayıb və 3 milyard yuanadək investisiya qoyuluşu üçün icazə alıb. Sonrakı hadisələr ARDNF-in bu siyasətinin düzgün olduğunu təsdiqləyib: yuan bu yaxınlarda BMF-nin ehtiyat valyutalar səbətinə daxil edilib və orada 11%-lik pay alıb. İndi o, əldə etdiyi paya görə funt-sterlinqi və yuanı üstələyərək, yalnız ABŞ dolları və avrodan geri qalır.

Ümumilikdə, Çin dünya iqtisadiyyatındakı qlobal proseslərdə son dərəcə vacib rola malikdir. Təsadüfi deyil ki, ekspertlər Çinin inkişaf perspektivlərini qiymətləndirərkən, iqtisadi göstəricilərin neft, metal, qızıl və s. qiymətinə təsir imkanlarını da modelləşdirirlər.

"İpək Yolu İqtisadi Kəməri", AİİB və digər layihələrin reallaşdırılması Çinin dünya iqtisadiyyatına təsirini daha da artıracaq. Bu baxımdan, Azərbaycan Çinin bir sıra təşəbbüslərinə qoşulmaqla, regional inkişaf kontekstində tendensiyaları vaxtında duyduğunu göstərib.

 

 

SİTAT

 

"Uzun illərdir ki, Çin ilə Azərbaycan hüquq bərabərliyi, qarşılıqlı fayda və qarşılıqlı hörmət ruhunda ikitərəfli əlaqələri inkişaf etdirir, həyati əhəmiyyətli və ciddi narahatlıq doğuran məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyirlər. Siyasi sahədə qarşılıqlı etimad daim möhkəmlənir, çoxplanlı əməkdaşlıq fasiləsiz olaraq dərinləşir. Cənab Prezident, mən ikitərəfli münasibətlərin inkişafında yüksək dinamikanı daim saxlamaq üçün sizinlə bərabər işgüzar əlaqələri fəallaşdırmağa hazıram".

Si CİNPİN, ÇXR sədri

 

"Biz əlaqələrimizi genişləndirmək, siyasi dialoqu inkişaf etdirmək, beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı bundan sonra da davam etdirmək və iqtisadi əlaqələri möhkəmlətmək istəyirik. İpək Yolu iqtisadi zolağının yaradılması barədə sizin təşəbbüsünüzü biz Azərbaycan da çox yüksək qiymətləndiririk".

İlham ƏLİYEV, Azərbaycan Prezidenti



MƏSLƏHƏT GÖR:

529