17 May 2024

Cümə, 08:56

TAEKVANDO YÜKSƏLİŞDƏ

Azərbaycan millisi planetin güclü komandaları ilə mübarizədə Dünya kubokunu qazandı

Müəllif:

22.12.2015

Meksikanın Mexiko şəhərində milli komandalar arasında təşkil edilən Dünya kuboku ölkəmiz üçün tarixi nəticəylə əlamətdar olub. Dünya Taekvando Federasiyası (DTF) tərəfindən təşkil edilən yarışda Məhəmməd Məmmədov, Ayxan Tağızadə, Sina Bahrami, Səid Quliyev, Milad Beigi Hərçəqani və Radik İsayevdən təşkil olunan yığma komandamız ilk dəfə Dünya kubokuna sahib çıxdı.

Yığma komandamızın baş məşqçisi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun yetirmələri ilk görüşünü Belçika yığma komandasına qarşı keçirib. Qarşılaşmada milli komandamız 57-31 hesabı ilə qalib gəlib. Növbəti döyüşdə Özbəkistan komandasına da şans verməyən təmsilçilərimiz (31-11) liderliklərini möhkəmlədiblər. Üçüncü görüşdə millimiz İrana uduzsada (22-31), yarımfinala adlayıb. Bu mərhələdə yığmamız Cənubi Koreya təmsilçiləri ilə görüşdə 48-30 hesablı qələbə qazanaraq finala vəsiqəni təmin edib. Dünya kuboku uğrunda final döyüşündə güclü İran millisi ilə qarşılaşan komandamız rəqib üzərində inamlı qələbə qazanaraq (42-23) Dünya kubokuna sahib olublar. Cənubi Koreya və Rusiya komandaları isə bürünc medala layiq görülüblər. Mötəbər turnirin yekun nəticələrinə əsasən Azərbaycan millisinin baş məşqçisi Reza Mehmandost yarışın ən yaxşı məşqçisi, Milad Beigi Hərçəqani isə ən yaxşı kişi taekvandoçusu seçilib.

Azərbaycan millisinin ən güclülərin yarışdığı Dünya kubokunda baş mükafatı qazanması iranlı baş məşqçi Reza Mehmandostun qısa müddətdə gördüyü işlərin məntiqi nəticəsidir. Böyük təcrübəyə malik mütəxəssis hətta ölkəsinin komandasıyla görüşdə belə maksimum nəticə qazanmağı bacarıb. Azərbaycan millisi qrupda İrana məğlub olsa da, final görüşündə taekvandoçularımız sevinən tərəf olub. Bu mənada qrupdakı dueldə məğlubiyyəti məşqçinin taktiki gedişi kimi qiymətləndirmək olar. Reza Mehmandost "R+"a müsahibəsində Azərbaycan millisinin çıxışından razı qaldığını və qələbə qazanacaqlarına inandığını deyib: "Azərbaycan taekvandosu son illər inkişafda olduğunu göstərir. 2015-ci ildə idmançılarımız bir sıra yarışlarda yüksək nəticələr qazanıb. Radik İsayev Dünya Çempionatında qızıl medal qazandı. Bakıda keçirilən ilk Avropa Oyunlarında layiqincə mübarizə apardıq. İndi isə Dünya kubokunda fəxri kürsünün ən yüksək pilləsinə qalxdıq. Meksikadakı yarışda ən güclü komandalar təmsil olunurdu. İran hazırda ən güclü taekvandoçulardan formalaşan komandadır. Bu rəqibə qalib gəlmək böyük uğurdur. Ayrı-ayrılıqda millinin üzvlərindən razıyam. Komanda kimi əla mübarizə sərgilədik".

Azərbaycan millisinin baş məşqçisi qazanılan nəticələrlə kifayətlənmək fikrində deyil. İranlı mütəxəssisin fikrincə, gələn il bütün diqqət Rioda keçiriləcək Yay Olimpiya Oyunlarına yönələcək: "Hazırda taekvandoçulardan yalnız Radik İsayev lisenziya qazanıb. 2016-cı ildən etibarən o xüsusi proqram üzrə hazırlıq keçməlidir. Gələn il lisenziya xarakterli turnirlər olacaq. Ümid edirik ki, Braziliyaya maksimum sayda vəsiqə qazanacağıq. Məşqçi kimi əsas məqsədim olimpiadada uğur qazanmaqdır. Bilirəm ki, Azərbaycan taekvando növündə indiyə qədər olimpiadada medal əldə etməyib. Buna görə də Rioya yüksək hazırlıq səviyyəsində yollanmaq vacibdir. Qazanılan uğurlar rəqiblərimizi bizə qarşı daha ciddi hazırlaşmağa məcbur edir".

Rza Mehmandostun fikrincə, gənc yaşında böyük nəticələr göstərən Radik İsayev olimpiadada karyerasının ən böyük uğuruna imza atacaq: "Radik haqda xüsusi danışmağa ehtiyac yoxdur. 2015-ci ildə idmançı yeni mərhələyə qədəm qoydu. Dünya və Avropa çempionluğuyla yanaşı, millinin heyətində Dünya kubokunu qazandı. Gələn il keçiriləcək olimpiadada ən böyük ümidimiz onunla bağlıdır. İsayev üzərində işləməyi davam etdirməlidir. Yalnız bu halda azarkeşləri yeni qələbələrlə sevindirə biləcək". 

Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Nağı Səfərov "R+"a açıqlamasında 2015-ci ili yığmamızın tarixində ən uğurlu mövsüm olduğunu deyib: "2015-ci il Azərbaycan taekvandosu üçün ən uğurlu ildir. Son 15 ildə bu idman növü üzrə ən mühüm nailiyyətlərə bu il imza atılıb. 14 ildən sonra ilk dəfə bu ilin mayında Azərbaycan taekvandoçusu dünya çempionu oldu. İyunda Bakıda keçirilən Birinci Avropa Oyunlarında taekvandoçularımız qızıl medal qazandı. Nəhayət, Meksikadakı Dünya kuboku yarışlarında Azərbaycan millisi dünyanın ən güclüsü olduğunu sübut etdi. Azərbaycan millisi bu yarışda dünya taekvandosunun liderləri hesab olunan İran və Koreya Respublikası komandalarına qalib gələrək birinci yerə çıxdı. Mexikodakı Dünya kubokundan bir gün əvvəl təşkil edilən Qran-pri turnirində mübarizə aparan Radik İsayevin 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya əldə etməsi sevincimizi daha da artırdı. Qələbəmiz xalqa məxsusdur. Çünki Bakıda keçirilən yarışlarda azarkeşlər hər zaman bizə dəstək olur. İndi komandamızın hədəfi Rioda uğurlu çıxış etməkdir".

2015-ci ildə Azərbaycanın ən yaxşı idmançısı adına namizəd olan Radik İsayev Yay Olimpiya Oyunlarına böyük həvəslə hazırlaşacağını söyləyib. Onun sözlərinə görə artıq qazandığı nəticələri unudub və səbirsizliklə planetin ən böyük yarışının başlanmasını gözləyir. Dünya taekvandosunda rəqabətin artdığını deyən İsayev hər bir rəqiblə mübarizə aparmağa hazır olduğunu qeyd edib.

Dünya kubokundan Vətənə qayıdan taekvando üzrə Azərbaycan millisinə 10 günlük istirahət verilib. İstirahətdən sonra idmançılarımız növbəti təlim-məşq toplanışına başlayacaq. İlin sonuna qədər təqvimdə mötəbər yarış olmadığından hazırlıq yüngül təmrinlərlə davam edəcək.



MƏSLƏHƏT GÖR:

503