5 May 2024

Bazar, 11:41

XALQ QLASNISI

Fətəli xan Xoyski Dövlət Dumasının deputatı kimi Rusiya İmperiyasındakı bütün müsəlmanların hüquqları uğrunda mübarizə aparıb

Müəllif:

22.12.2015

"Biz - rus dövlətinin ümumi əhalisinin 20 milyondan çoxunu təşkil edən müsəlmanlar, rus imperiyasının digər əhalisi kimi aqrar məsələnin həllini eyni səbirsizlik və həssaslıqla gözləyirik. Bu kafedradan edilən çoxlu sayda çıxışlardan sonra mən milyonlarla kəndlinin düşdüyü yoxsulluğu, maddi ehtiyacı təsvir etməklə vaxtınızı almaq istəmirəm".

Bu, Fətəli xan Xoyskinin 2 aprel 1907-ci ildə Dövlət Dumasının imperiyanı bürüyən aqrar böhrana həsr olunmuş iclasındakı çıxışından bir parçadır. Çoxlarımız Fətəli xanı Azərbaycan Demokratik Respublikasının liderlərindən biri kimi tanıyırıq - o cümhuriyyətin ilk baş naziri (1918-1919), hərbi və ədliyyə naziri (1918), xarici işlər naziri (1918-1919 və 1919-1920-ci illər) postlarını tutub.

Amma Fətəli xanın əvvəlki illərdə də istedadlı siyasətçi kimi fəaliyyətindən çox az adam xəbərdardır.

 

Bütün müsəlmanların hüquqları naminə

O, əslən Gəncədən olub.  Atası (leyb-qvardiya polkovniki) və babası hərbçi olsa da, Fətəli xan onların yolu ilə getməyərək hüquqşünas və siyasətçi karyerasına üstünlük verib. 1897-ci ildə 22 yaşında Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib, sonradan Tiflis, Suxumi, Kutaisi və doğma Gəncədə hüquqi təcrübə keçib. Öz regionunun problemləri, siyasəti və iqtisadiyyatı ilə maraqlanan savadlı və gənc hüquqşünas dərhal tanınmış ictimai xadim və publisist Əlimərdan bəy Topçubaşovun diqqətini cəlb edib.  O zaman - XX əsrin əvvəllərində belə şayiələr gəzirdi ki, 1904-cü ildə Parisdə keçirilən konfransda fransızlar imperator II Nikolayı inandıra biliblər ki, mütləq hakimiyyətin dövrü artıq keçib və dövlətə mütləq parlament lazımdır.  O illər imperiya dərin böhran içində idi, əhali sürətlə kasıblaşırdı və mütəmadi olaraq qiyamlar, terror aktları baş verirdi. Regionlardakı ziyalılar da ümid edirdilər ki, Dövlət Dumasında onların öz nümayəndələri yer alacaqlar və Topçubaşov bu işə tam ciddiyyətlə hazırlaşırdı. 1905-ci ildə o gənc hüquqşünas Xoyski Nijnı Novqorodda keçirilən Ümumrusiya Müsəlmanları Qurultayına dəvət aldı - bu tədbirdə gələcək Dumada müsəlman fraksiyasının yaradılması və ümumilikdə, imperiya müsəlmanlarının bir araya gəlməsi məsələləri müzakirə olunurdu. Orada yaradılmış "İttifaqi-müsliman" təşkilatının məqsədi "xalqın maddi və ictimai sahələrdə maraqlarının qorunması, icmada islahatlara dair vahid xəttin hazırlanması və ona riayət olunması" idi. Xoyski təşkilatın həm iqtisadi, həm də hüquqi (Topçubaşov və Xəlil bəy Xasməmmədovla birgə) komissiyasına seçildi. Həmin dövrdə ölkədə artıq ilk inqilab baş vermişdi və məhz bu, imperatoru Rusiya İmperiyası tarixində ilk dəfə Dövlət Dumasını yaratmağa məcbur etdi. Topçubaşov Xoyskini öz əqidədaşı, yalnız doğma Qafqazda deyil, bütün imperiyada yaşayan müsəlmanların (ümumiyyətlə, kasıbların) hüquqları uğrunda mübarizə aparan savadlı və istedadlı gənc kimi görürdü. Amma bütün səylərə baxmayaraq, doğma Yelizavetpol (Gəncə) quberniyasından namizədliyi irəli sürülmüş Xoyski ilk Dumaya düşə bilmədi. Lakin yarım ildən sonra (1906-cı ilin yayında) parlament imperatorun fərmanı ilə buraxıldı və yeni seçkilər keçirildi. Bu dəfə - ikinci cəhddən Xoyski parlamentin deputatı seçilməyi bacardı. 

 

Siyasi baxışları

Xoyski ölkə vətəndaşlarının digər regionlara köçürülməsinin qatı əleyhdarı idi. Yeni əsrin başlanğıcında məhsuldarlığın kəskin azalması imperiya üçün görünməmiş iqtisadi fəlakətlərə yol açdı. Aqrar ölkə olan Rusiya İmperiyası taxıl ixracından asılı olduğundan, yaranmış qıtlıq ölkəyə öldürücü təsir göstərirdi. Başlanmış Stolıpin islahatı vəziyyəti bir qədər də qəlizləşdirdi - bu islahat nəticəsində minlərlə kəndli doğma torpaqlardan ölkənin digər ərazilərinə köçürüldü. Bu zaman Qafqaza köçürülən çoxlu sayda kəndli, onsuz da əhalinin sıx olduğu bu regiona uyğunlaşa bilmirdi.  Bu problemi ilk olaraq qaldıran məhz Xoyski oldu: "Köçürülmə  heç bir müsbət nəticə verə bilməz. Əksinə, indiki şəraitdə o, yalnız mənfi fəsadlara gətirib çıxarır. Əgər sizin Qafqaza köçürülən ailələrdə uşaqların ölüm sayı haqda xəbəriniz olsaydı, özünüz qərara gələrdiniz ki, köçürülən şəxs üçün bu yalnız bədbəxtlik və iqtisadi iflas deməkdir. Mənim fikrimcə, köçürülmə haqda qərar bürokratik kabinetlərdəki boğanaqda beynə gələn mənasız fikirdir.  Bu fikrin kökündə dövlətin ayrı-ayrı hissələrini və ərazilərinin ruslaşdırılması istəyi dayanır. Odur ki, köçürülmənin kökündə dayanan əsas niyyət budur, köçürülənlərin maraqları yox". 

Xoyski, əlbəttə ki, rusofob deyildi. Onun əsas istəyi Qafqazın ruslaşdırılmasını dayandırmaq yox, düşünülməmiş strategiyanın qarşısını almaq idi. Əslində, Xoyski üçün əsas dil məhz rus dili idi. Özünün Yazdı Polyanadakı mülkündən çara islahatlara təzədən baxmaq tələbilə məktublar yazan Lev Tolstoy kimi, Xoyski də bu islahatların uğursuzluğunu və imperiyanın süquta getdiyini yaxşı görürdü. 

Onun fikrincə, problemin kökü onda idi ki, azadlıq alan kəndlilər, eyni vaxtda torpaqdan məhrum olublar. Beləliklə, qəribə vəziyyət yaranıb: dünyanın 1/6-ni təşkil edən ölkədə bu qədər qara topraq olduğu halda, onun böyük hissəsi əkilmirdi, çünki bu topraqlarda kəndlilər yox idi.  Xoyski başa düşürdü ki, yeni dövr başlasa da, ölkədə təhkimçilik hüququ ləğv olunmayıb və ölkə, əslində, yeni iqtisadi qaydalarla yaşamır.  O, dövlətə mülkədarların torpaqlarını büdcə hesabına alaraq, kəndlilərə paylamağı təklif edirdi.

 

Ədalətli mövqe

Xoyski parlamentdəki çıxışlarında torpaq məcəlləsinin müddəalarına istinad edirdi. Bu məcəlləyə görə isə "dövlət və cəmiyyətin xeyri üçün daşınmaz əmlakın məcburən müsadirəsi yalnız ədalətli haqq müqabilində mümkündür".  O, deyirdi: "Mən yüz milyonluq ac əhalinin normal yaşaması üçün onun torpaqla təmin edilməsindən daha əhəmiyyətli və xeyirli nəsə təsəvvür edə bilmirəm. Biz müsəlmanlar hesab edirik ki, əmlakın müsadirəsi ədalətli qiymətləndirmə ilə həyata keçirilməlidir".

Xoyski çox yaxşı anlayırdı ki, vaxt uzandıqca mərkəzi dövlət hakimiyyəti və şişən məmur aparatı regionlarla daha az maraqlanır. Buna görə o hələ 1906-cı ilə yerli özünüidarə orqanlarının səlahiyyətlərinin artırılmasını və demokratik seçkilər keçirilməsini tələb edirdi. Doğma Gəncə haqda yazarkən o tez-tez Peterburqun təyin etdiyi general-qubernatorun və məmurların özbaşınalığına toxunurdu: "General-qubernatorlar öz rayonları çərçivəsində mütləq hakimiyyətə malik satrapları xatırladırlar - onlar kefləri istədiyi kimi idarə edir, heç bir qanunla hesablaşmırlar. Onlar düşünürlər ki, qanunlar onlar üçün yazılmayıb".

Zəif və konservativ şəxs olmasına rəğmən 1914-cü ilin siyahıya alınmasında özünü "rus torpaqlarının sahibi" kimi təqdim edən imperator gələcək naminə güzəştə getmədi. Zərərli islahatların müəllifi Stolıpin anarxistlər tərəfindən qətlə yetirildi. Müharibəyə cəlb olunmuş ölkə isə parçalanmağa başladı ki, onun xarabalıqları üzərində yeni dəhşətli və böyük dövlət yaransın. 

Bu xarabalıqlar üzərində müstəqil dövlət qurmağa çalışan Fətəli xan Xoyski 1920-ci ildə Tiflisdə daşnaklar tərəfindən qətlə yetirildi. Amma həmin gün o, ölümdən qaçmağı bacarsaydı belə, çətin ki, yeni bolşevik reallığında özünə yer tapaydı...



MƏSLƏHƏT GÖR:

522