17 May 2024

Cümə, 05:42

QƏNAƏTLİ ENERJİ

Azərbaycanda enerjiyə qənaət sahəsində islahatlar hazırlanır

Müəllif:

22.12.2015

Karbohidrogen resurslarının ucuz qiymətləri enerjiyə qənaət edən texnologiyaların tətbiqinə böyük maneə törədir. Elmi-texniki tərəqqi ləngiyir, işgüzar dairələrin enerjinin alternativ və bərpaolunan mənbələrindən elektrik enerjisi əldə etməyə maraqları xeyli zəifləyir. 

Neftin barelinin dünya bazarlarında 40 dollar həddində olması fonunda islahatlar aparmaq son dərəcə çətindir. Enerji səmərəliliyi məsələsində nəzərəçarpacaq uğurlara nail olmaq üçün iri maliyyə sərmayələri zəruridir. Lakin təbii qazın qiymətinin aşağı olması elektrik enerjisini müasir buxar-qaz qurğularında əldə etməyi dəfələrlə ucuzlaşdırır. Nəticədə, işgüzar dairələr üçün günəş batareyaları və ya külək qurğuları hesabına tikilmiş "təmiz enerjini"n əldə olunmasını az cəlbedici edir. 

Digər tərəfdən enerjiyə qənaətin də mühüm əhəmiyyəti var. Bundan əlavə, bu amil istər ümumdövlət səviyyəsində, istərsə də ayrı-ayrı ev təsərrüfatları üçün aktualdır. Söhbət enerjiyə qənaət edən texnologiyalar, enerji tutumunun azalması, elektrik enerjisinin ötürülməsi zamanı itkilərin azaldılması və onun istehlakçılar tərəfindən qənaətli istifadəsindən gedir. Bu istiqamətdə Azərbaycanı irimiqyaslı islahatlar gözləyir.

Lakin islahatlardan danışmazdan öncə, Azərbaycanın enerji sisteminin giriş xarakteristikası və onun dünya təsnifatında yerini nəzərdən keçirmək lazımdır. Energetikanın qiymətləndirilməsi sahəsində dünya təşkilatlarından biri 1923-cü ildə yaradılan "World Energy Council"dır (Dünya Energetika Konqresi /WEC). Bu BMT-də akkreditasiyadan keçmiş, energetikanın problemləri ilə məşğul olan təşkilata dünyanın 100 ölkəsindən 3000-dən çox dövlət və özəl qurumlar daxildir.

WEC-in "Enerji sabitliyi indeksi: 2015-ci ilin milli enerji sistemlərinin sabitliyinin bençmarkinqi" adlı noyabr hesabatında Azərbaycan dünyanın 130 ölkəsi arasında 55-ci yeri tutaraq, öz göstəricisini yaxşılaşdırıb. 2013-cü ildə Azərbaycan 81, 2014-cü ildə 71-ci yerdə olub. Bu hesabat üç göstərici əsasında formalaşır - enerji təhlükəsizliyi, enerji bərabərliyi və ekoloji sabitlik. Milli və xarici mənbələrdən ilkin enerjinin tədarükünün səmərəli təşkilini nəzərdə tutan enerji təhlükəsizliyi göstəriciləri, enerji infrastrukturunun etibarlılığı və cari və gələcək tələbatı ödəmək qabiliyyətinə görə Azərbaycan dünyanın ən yaxşı ölkələrinin onluğunun bir addımlığında dayanıb. Ölkəmiz 2013-cü ildəki 32-ci pillədən yüksələrək, 2015-ci ildə 11-ci yeri tutub. Əhalinin enerjiyə çıxışını qavrayan enerji bərabərliyinə görə ölkə 67-ci yeri (2013-cü ildə 74-cü) tutub. Enerjinin bərpaolunan mənbələrinin inkişafını nəzərdə tutan ekoloji sabitliyə görə isə Azərbaycan 74-cü yerdə (2013-cü ildə 98-ci) qərarlaşıb. Ümumilikdə Azərbaycanın enerji sabitliyi indeksi son illər ərzində 2013-cü ildəki BCD səviyyəsindən 2015-ci ildə ABC-yə yüksəlib. 

Ölkənin elektrik enerji sisteminin təyin edilmiş gücü 2001-ci ildəki 5181 MVt-dan 2013-cü ildə 7250 MVt-a qədər yüksəlib. 2020-ci ildə isə onun 8000 MVt-a qədər çatdırılması planlaşdırılır. Bundan əlavə, ölkənin 12,1 min MVt həcmində qiymətləndirilən enerjinin alternativ növlərinin istifadəsində böyük potensialı var. Onun 5000 MVt günəş enerjisinin, 4500 MVt külək enerjisinin, 1500 MVt - bioenerjinin, 800 MVt -geotermal enerjinin, 350 MVt isə kiçik su elektrik stansiyalarının payına düşür. 

Lakin alternativ energetika üçün böyük sərmayələr tələb olunur və bu, neftin qiymətinin ucuz olduğu dövrdə Azərbaycan üçün son dərəcə ağırdır. Ona görə də indi əsas məsələ enerji daşıyıcılarına qənaət etməkdir. 

Enerji sektorunun göstəricilərinin yaxşılaşdırılması üçün enerjiyə qənaət və enerji səmərəliliyinin artırılmasına dair beşillik Dövlət Proqramının qəbulu nəzərdə tutulub. Proqram nazirliklər və qurumlarda son razılaşdırma mərhələsindədir. 

Yeni buxar-qaz qurğularının işə salınması son 10 ildə 1 kVt/saat elektrik enerjisinin hasilat xərclərinin xeyli düşməsinə (şərti yanacaq 413 qramdan 314-ə enib) imkan verib. 2020-ci ilə qədər bu göstəricinin 260 qrama kimi azaldılması, habelə paylayıcı şəbəkələrdə itkilərin 16%-dən 6%-a qədər azaldılmasına nail olmaq planlaşdırılır. Müasir buxar-qaz qurğularının tətbiqini nəzərə alaraq, xüsusi xərcləri azaltmaq  çətin olacaq. 

Enerji sektorunun islahatlarının istiqamətinin hazırlanmasında son dərəcə fəal texniki və hüquqi köməyi "Inogate" proqramı vasitəsilə Avropa İttifaqı göstərir. Bu layihə çərçivəsində milli işgüzar plan hazırlanıb. Burada ölkənin regionlarında infrastrukturun yenidən qurulması və inkişafını, əhalinin kommunal xidmətlərə çıxışının yaxşılaşdırılması, o cümlədən qaz və elektrik enerjisi ilə təchizat, infrastrukturun müasir obyektlərinin yaradılması və mövcud obyektlərin beynəlxalq standartlara keçirilməsi, enerji səmərəliliyi və enerjinin bərpaolunan mənbələrinə investisiya yardımı göstərilməsini nəzərdə tutan hökumətin enerji siyasətinin əsas istiqamətləri müəyyənləşdirilib. Son illər elektrik və qaz təchizatı sferasında böyük iş görülsə də, istilik təchizatı inkişafdan xeyli geri qalıb. 

Bu problemin həllində dəstəyi Azərbaycan hökuməti "İnogate" proqramının köməyi ilə ala bilər. "İnogate"in layihələrindən birində mərkəzləşdirilmiş istilik təchizatı ilə məşğul olan şirkətlərə 2020-ci iləqədərki dövrdə daha səmərəli istilik sisteminin reallaşdırılması və vətəndaşların rahatlığının yüksəldilməsi üçün texniki yardım vasitəsi ilə kömək göstərmək nəzərdə tutulur. Birinci missiyanın məqsədi Azərbaycanın istilik təchizatı şirkətlərinə ölkə üzrə daha səmərəli istilik sistemi üçün "Yol xəritəsi -2020"nin işlənib hazırlanması yolu ilə yardımdan ibarətdir. 

Qeyd etmək lazımdır ki, səmərəliliyin əsas parametrləri mərkəzləşdirilmiş istilik təchizatı və isitmə sisteminə fərdi sayğacların quraşdırılması müəyyənləşdirilib. Bu isə mənzil sahiblərinə istilik resurslarını qənaətli şəkildə xərcləməyə imkan verəcək. 

Təəssüf ki, infrastrukturun yenilənməsi strukturunda mənzillərə istiliyin verilməsi istiqamətində aparılan işlər hələlik köklü dəyişikliklər olmadan aparılır. Daha doğrusu, Bakıda mənzil sahiblərinin böyük əksəriyyəti sayğaclar olmadığına görə istifadə edilən istiliyə çəkilən xərcə müstəqil təsir edə bilmirlər və buna görə ödəniş mənzillərin sahəsindən asılı olaraq müəyyənləşdirilir. Halbuki Bakıda nisbətən uzun sürən isti hava dövrünü nəzərə alaraq, mənzillərə istilik verilməsinin sahibləri tərəfindən tənzimlənməsi istər maliyyə xərclərinə, istərsə də ümumilikdə sistemin enerji səmərəliliyinə müsbət təsir edə bilərdi.  

Bir çox ölkələrdə sayğaclar vasitəsilə havadan asılı olaraq verilən istiliyin həcmini tənzimləmək mümkündür. Azərbaycanda isə əksər vətəndaşlar isti qış günlərində batareyaların qaynar, soyuq günlərdə isə - ancaq azca isti olduğu hallarla dəfələrlə rastlaşıblar. Bundan başqa, istilik təchizatına görə ödəniş noyabrın 15-dən hesablansa da, cari ildə "Azəristiliktəchizat" SC-nin qaza olan borcuna görə mənzillərə istilik verilməsi ancaq dekabrın ilk günlərindən başlanılıb. Çətin ki, bu fərq sərf olunan istilik hesablanarkən nəzərə alınacaq.  

Azərbaycanda istehlakçıların kommunal sahədə dövlət şirkətlərinin göstərdiyi xidmətlərin xərclərini tənzimləmək imkanları olmadıqca, təbii resursların istifadəsinin qənaəti və səmərəliliyi haqda danışmayacağıq. Enerji daşıyıcılarının istifadəsi məsələsinə bu cür israfcıl yanaşma ilə dövlət və əhalinin rifahının yüksələcəyini gözləmək müvafiq olaraq çətindir.


MƏSLƏHƏT GÖR:

490