26 Aprel 2024

Cümə, 09:55

ERMƏNİ PARADOKSU

Rusiyanı strateji tərəfdaş adlandıran Ermənistan vətəndaşlarına rus dilində təhsil almağı qadağan edir

Müəllif:

22.12.2015

"Tez-tez deyirlər ki, rəqəmlər dünyanı idarə edir", - deyə İohann Volfqanq fon Höte yazırdı: "Ən azından, rəqəmlərin dünyanın necə idarə olunduğunu göstərdiyinə şübhə yoxdur".

Dahi alman nasiri hələ XVIII əsrdə - sənaye inqilabının başlanğıcında və rəqəmsal inqilabdan xeyli əvvəl bizim bugünkü reallığın yaşanacağından xəbər verirdi. Statistikanı bilmədən real vəziyyəti müəyyənləşdirmək, proqnoz vermək, gələcəklə bağlı plan qurmaq mümkün deyil.

Həyat elə gətirmişdi ki, 70 ildən artıq müddətdə 15 müttəfiq respublikadan ibarət vahid dövlətin vətəndaşları ailə, xidmət və digər imkanlar hesabına onu sərbəst şəkildə gəzirdilər. Müxtəlif peşənin mütəxəssisləri və ailələri onlara tələbatın olduğu yerdə işə düzəlirdi. Lakin günlərin birində respublikanın müstəqil yaşamalı olduqları dövran gəldi. Nəticədə, milyonlarla insan vətənlərindən, əcdadlarının torpağından kənarda qaldı. SSRİ-nin, ondan əvvəl isə Rusiya İmperiyasının mirası olan bu durum 20 ildən artıqdır ki, vacib gündəm olaraq qalır. İndi müxtəlif ölkələrin vətəndaşları bir-birlərilə heç də düşmən deyildilər - qətiyyən. Söhbət, sadəcə, harada yaşamağın daha rahat olmasından, böyüməkdə olan nəsil üçün haranın daha perspektivli görünməsindən gedir. 100 minlərlə azərbaycanlı, ukraynalı, özbək, moldovan və erməni özlərini Rusiyada əla hiss edir, gələcəyini bu ölkə ilə əlaqələndirir. Bununla yanaşı, onlar doğma dillərini unutmur, vətənlə əlaqəni kəsmir, çoxsaylı diaspor təşkilatları ilə fəal şəkildə ünsiyyətdə olurlar. Özünü rus və ya rusdilli hesab edən 25 milyon insan hazırda Rusiyadan kənarda, keçmiş SSRİ respublikalarında yaşayır. Bu məqalədə söhbət məhz onlardan, daha dəqiqi, həmin ölkələrə baş çəkmiş müstəqil ekspertlərin hansı nəticələrə gəlmələrindən gedəcək.

Moskvada geniş, bəzi məqamlarına görə nadir sayılacaq tədqiqatın nəticələri açıqlanıb. Söhbət "MDB və Baltikyanı ölkələrin rusdilli əhalisinin vəziyyətinin öyrənilməsi" adlı araşdırmadan gedir. Nəticələri "NGO Acceptare"in prezidenti, hüquq magistri Viktoriya Pavlenko və "Avrasiya" Strateji Araşdırmalar İnstitutunun eksperti Tatyana Borzova təqdim ediblər.

Bir neçə ay ərzində böyük həcmdə statistik məlumatlar, normativ-hüquqi sənədlər öyrənilib, sosioloji sorğular keçirilib, KİV-in, elmi nəşrlərin monitorinqi aparılıb.

Əsas araşdırma mövzuları arasında rus dilindən istifadəni tənzimləyən qanunverici baza, rusdilli mərkəzi və regional KİV-in mövcudluğu, rus dilində tədrisalma imkanları olub.

Sosioloji sorğuların gedişində məlum olub ki, MDB ölkələrinin rusdilli əhalisi Rusiya tərəfindən xüsusi dəstək hiss etmir. Azərbaycana dair məlumatlar açıqlanmayıb, bu da narazı olanların sayının həddindən artıq az olduğunu düşünməyə əsas verir. Bu göstərici üzrə ən yüksək nəticələr isə bu respublikalardadır: Moldovada 80%, Ukraynada 73%, Qırğızıstanda 72%, Ermənistanda 71%, Qazaxıstanda 70%, Gürcüstanda 69%. Söhbət ölkədə Sovet İttifaqı dönəmindən yaşayan yaşlı nəslə köməkdən, mədəni əlaqələrdən, rus dilində təhsil proqramlarından, gənclər proqramlarından, həmyerlilərin hüquqlarına riayət olunmasına nəzarətdən gedir.

İnsanlar cəmiyyətdəki durumlarından, hökumətin və ətrafdakıların onlarla davranışından razı deyillərsə, təbii ki, baş götürüb gedirlər. 1997-2014-cü illərin statistikası göstərir ki, Ermənistan ölkəni tərk etmiş rusdilli əhalinin sayına görə ilk yerdədir - 64%. İkinci yerdə Qırğızıstan (54%), üçüncü pillədə Moldova (50%) gəlir. Sonrakı yerləri Qırğızıstan (44%), Gürcüstan (40%), Tacikistan (36%), Azərbaycan (35-36%), Özbəkistan (32%), Ukrayna (32%-dən az), Latviya (28%), Estoniya və Litva (hərəyə 27%) tuturlar.

Ermənistan hesabatda rusdilli əhaliyə qarşı ayrı-seçkiliyin son dərəcə yüksək olduğu yeganə ölkə olaraq göstərilir. Üstəlik, bu ayrı-seçkilik həm dövlət, həm də məişət səviyyəsində müşahidə olunur. Ekspertlər apardıqları araşdırmanın Ermənistanla bağlı nəticələrindən o qədər təəccübləniblər ki, mətbuat konfransının əsas hissəsini məhz bu məsələyə həsr ediblər.

Ölkəyə yollanmazdan əvvəl onun qanunverici bazası öyrənilib, bəyan olunanla real vəziyyət arasındakı fərq yerində müqayisə olunub. Tədqiqatçıların sözlərinə görə, bu araşdırma zamanı "qızıl orta"ya Azərbaycanda və Baltikyanı ölkələrdə rast gəlinib. Lakin onlar bu bənzərliyin şərti olduğunu da bildirirlər. Azərbaycanda rusdilli əhalinin hüquqi vəziyyəti yüksəkdir və bu, reallıqla üst-üstə düşür. Baltikyanı ölkələrdə isə həm onların hüquqları daha azdır, reallıq da həmçinin.

Bu cür "qızıl orta", məsələn, Ermənistanda yoxdur. "Ermənistandakı durum bizim üçün niyə şok oldu? Çünki onun rəsmi ərizəsi, təxminən, Azərbaycanla eyni səviyyədə olduğu halda, rusdilli əhalinin faktiki hüquqi durumu bundan çox aşağı səviyyədə idi. Sovet illərində Ermənistan monoetnik respublika olub, bütün digər millətlərin nümayəndələrini məhv edib, sıxışdırıb və özünə tabe edib. İndisə vəziyyət sözün əsl mənasında acınacaqlıdır. Bu gün Ermənistan faktiki olaraq, monodövlətdir və "kim erməni deyilsə, ərazimizi tərk etsin" siyasəti yürüdür", - deyə "NGO Acceptare"in prezidenti bildirib.

Rusdilli əhalinin Ermənistandan köçməyə başlamasının əsas səbəbi 1993-cü ildə qəbul olunmuş qanundur. Söhbət erməni dilinə dövlət dili statusunun verilməsini nəzərdə tutan qanundan gedir. Bu qanunun qəbulundan sonra ölkədə tədrisin rus dilində aparıldığı bütün dövlət məktəbləri bağlanıb - yalnız Lori vilayətinin Fioletovo kəndindəki məktəb istisna olmaqla. İndi Rusiyaya məxsus hərbi bazanın yerləşdiyi Gümrüdə rus məktəbi də var. Yerli ermənilər uşaqlarının orada təhsil alması üçün müxtəlif hiylələrə əl atırlar. Bundan başqa, İrəvanda özəl slavyan məktəbi fəaliyyət göstərir. Orada illik təhsilhaqqı 90 dollardır. Vəssalam! Ölkədə bundan başqa rus məktəbi yoxdur. Söhbət yalnız rus dilində təhsil verən siniflərdən gedə bilər. Bu da 1410 məktəb arasında yalnız 40-da mövcuddur. Amma bu siniflərə də arzulayan hər kəsin övladı gedə bilmir. Onlarda yalnız etnik rusların, Rusiya vətəndaşlarının, qaçqınların və ya qarışıq ailələrin uşaqları təhsil ala bilər.

Məktəblərdəki "dil məsələsi"nə nəzarəti Ermənistan hökuməti yanında Dil üzrə Dövlət Təftişi həyata keçirir. Tədqiqat müəlliflərinin bildirdiyinə görə, bu qurum rus siniflərində təhsil alan erməni uşaqlarını məcburi şəkildə erməni məktəblərinə keçirir. Rusiyanın Ermənistandakı səfiri Anatoli Dryukov bu qurumun fəaliyyətini orta əsrlərə xas inkvizasiya ilə müqayisə edib. Bəzi erməni ailələri 6-7 il Rusiyada yaşadıqdan sonra vətənə qayıtdıqda belə, uşaqlarını rus siniflərinə qoya bilmirlər - səbəb onların erməni olmasıdır. Ermənistanda rus dilinə münasibəti "Modus vivendi" mərkəzinin rəhbəri Ara Papanyanın fikirləri də açıq şəkildə nümayiş etdirir: "Məgər, aydın deyil ki, Puşkinin və Tumanyanın nağılları ilə böyümüş ermənilər tamamilə fərqli ermənilərdir?"

Mən bu yaxınlarda bənzər tarixçəni BBC-dən də eşitmişəm: erməni ailəsi övladını rus sinfinə vermək üçün hiyləyə əl atmalı olub - ona Rusiya vətəndaşlığı olan uzaq qohumunun qəyyumluq etdiyini göstərib. Verilişdə bildirilirdi ki, bu, yeganə belə hal deyil.

İrəvan Dövlət Universitetinin professoru Araik Arutyunyan əmindir ki, Ermənistanda xarici dilli məktəblərə qadağa qoyulması məcburi atılmış addımdır. Professor bunu belə əsaslandırır ki, xarici məktəblər fəaliyyət göstərərsə, onlar yaxşı maliyyələşəcək, bu isə yerli məktəblərə mənfi təsir göstərəcək. "Çünki dövlətimiz müəllimlərə yüksək əməkhaqqı vermək iqtidarında deyil. Demək, bütün yaxşı mütəxəssislər sadəcə xarici məktəblərə üz tutacaq", - deyə o, qeyd edib.

Bu, bəlkə də, dövlətin maraqlarını müdafiə etmək kimi qəbul edilə bilər, əslində isə vətəndaşların haqlarının pozulmasıdır.

Bütün bunlara rəğmən, güman ki, ictimaiyyətin təzyiqi ilə Ermənistanın Təhsil Nazirliyi 2010-cu ildə ölkədə xarici dillərdə təhsil verən məktəblərin açılmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb. Amma bu qanuna əsasən ölkədə 5 il ərzində cəmi 2 xarici məktəb açılıb və onların hər ikisi ingilis dilində tədris verir.

Beləliklə, tədqiqat müəllifləri ortaya çıxan paradoksa diqqət çəkir: bir yandan Ermənistan Rusiyanı strateji tərəfdaş adlandırır, digər tərəfdən vətəndaşlarına rus dilində təhsil almağı qadağan edir. Bu qadağanın nəticəsi isə tamamilə qanunauyğundur - Analitik İnformasiya Mərkəzinin statistikasına görə, bu gün Ermənistanda əhalinin cəmi 23%-i rus dilini bilir.

Ekspert Tatyana Borzova mətbuat konfransında Azərbaycana və Ermənistana səfərilə bağlı təəssüratlarını bölüşüb. "Mən Azərbaycana gedərkən haraya getmək istədiyimi, taksi çağırmağı öyrənmişdim. Lakin oraya çatdıqda gördüm ki, hər kəs rusca danışır. Bu, məni çox təəccübləndirdi - Azərbaycana təşəkkürlər", - deyə o, qeyd edib. Ermənistana səfər isə Borzovada tam əks təəssürat yaradıb: "Mətbuatla tanış olduqdan sonra Ermənistanda ən azı sevinclə qarşılanacağımızı düşünürdük. Ermənistanda gördüklərim isə mənim üçün əsl şok oldu. Amerikada belə, özümü Ermənistandakı kimi hiss etməmişdim. İnanın ki, Amerikada rusdilli insan tapmışdım və o, getməli olduğum yolu mənə izah etmişdi. Ermənistanda isə bu sahədə böyük problemlər yaşadım. Çaş-baş qaldım və azdım. Üstəlik, orada o qədər pis münasibətlə qarşılaşdım ki, Ermənistandan şok içərisində qayıtdım".

Ermənistan daim Rusiyanı özünün müttəfiqi, dostu adlandırsa da, onların rus dilinə münasibəti hər zaman pis olub. Bunu "İnterfaks-Azərbaycan"a Azərbaycan Prezidentinin Administrasiyasının sektor müdiri Fuad Axundov Ermənistanda rusdilli əhalilə bağlı vəziyyəti şərh edərkən bildirib. "Bu gün keçmiş SSRİ-nin digər üzvlərilə müqayisədə "dost" Ermənistanda rusdilli əhalinin sayı ən aşağı həddədir - təxminən, 5 min. Rusiya ilə münasibətləri yumşaq desək, yaxşı olmayan Gürcüstanda rusdilli əhalinin sayı 50 minə, NATO üzvü olan Baltikyanı ölkələrdə, təxminən, 1 milyona çatır", - deyə F.Axundov qeyd edib.

MDB və Baltikyanı ölkələrdə rusdilli əhalinin vəziyyətilə bağlı məruzədə rəqəmlər də yer alır - müqayisəli cədvəllər, diaqramlar, sorğu nəticələri.

Orada proqnoz da var - Rusiya rəhbərliyi həmyerlilərini və rus dilinə marağı fəal şəkildə dəstəkləməzsə, 10 il sonra rusdilli diaspor yalnız yaşlı insanlardan ibarət olacaq, Puşkinin, Çexovun dili isə əksər gənclər üçün yad bir dilə çevriləcək.



MƏSLƏHƏT GÖR:

538