17 May 2024

Cümə, 05:42

"CƏRRAHİ" MÜDAXİLƏ

Azərbaycan Prezidenti milli təhlükəsizlik orqanlarında qayda-qanun yaratdı

Müəllif:

22.12.2015

Xüsusi xidmət orqanlarının hansı işləri görməli olduğuna dair təsəvvürlər müxtəlifdir. Məsələn, anqlosakson dünyasında xüsusi bölüklərin adlarında bir çox hallarda "intelligence" sözünə rast gəlinir. Bu, "ağıl", "maarif" deməkdir. Bu, tamamilə məntiqlidir. Axı, Böyük Britaniyada və ABŞ-da bu işə qeyri-adi ağıla, bacarığa malik şəxslər cəlb olunur. Britaniyalı kəşfiyyatçılar real həyatdan götürülmüş faktlara əsaslanan əfsanələrin, miflərin qəhrəmanlarına çevriliblər. Lakin bunun əksi də olur - onların fəaliyyətinin daha az romantik tərəfi rəqib düşərgəsinə böyük faciələr yaşadıb.

Qərbin xüsusi xidmət orqanlarının ləkəsiz olduğunu söyləmək mümkün deyil. Çünki dünya dəfələrlə onların da iştirak etdiyi "İrangeyt", "Uoltergeyt", "Vikiliks" kimi səs-küylü qalmaqallara şahid olub. Bu sıraya MKİ-nin sabiq əməkdaşı Edvard Snoudenin ifşaedici açıqlamalarını da əlavə etmək olar.

Şərqdə isə biz milli təhlükəsizlik xidmətlərinə fərqli yanaşmaya şahid ola bilərik. Bir çox Şərq dövlətində bu strukturların adında "habar" ("xəbər" və ya "məlumat") sözünə rast gəlinir. Məsələn, "muxabarat" (Suriya, İordaniya, İraq, Misir), "istihbarat" (Türkiyə). Nəticədə, insanların kollektiv şüurunda xüsusi xidmət orqanlarının əməkdaşları əsasən, mənfi yüklü "donosçu" mənası ilə assosiasiya olunur.

Azərbaycanı isə nə birinci, nə də ikinci qrup ölkələrə aid etmək olar. Burada milli təhlükəsizlik orqanlarına hər zaman hörmət və ehtiyatlılığın sintezini özündə cəmləşdirmiş "Şahzadə" Makiavelli üslubunda yanaşılıb. Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi (MTN) fəaliyyətdə olduğu əvvəlki illərdə ölkədə korrupsiya hallarının olmadığı qurum kimi tanınıb, təmiz, eyni zamanda kifayət qədər vahiməli imicə sahib olub. Xalq arasında daim belə bir fikir olub ki, "oraya" heç kəsi elə-belə götürmürlər". Bu, 2000-ci illərin ortalarınadək də, ondan əvvəl də belə olub. Amma...

 

Qalmaqal 

...heç kəsin gözləmədiyi bir anda bu il oktyabrın 17-də Prezident İlham Əliyev milli təhlükəsizlik naziri Eldar Mahmudovu vəzifəsindən kənarlaşdırdı. Bunun ardınca bu strukturun rəhbərliyinin əməllərilə bağlı saysız-hesabsız ifşaedici məlumatlar KİV səhifələrinə axmağa başladı. Bu qalmaqalı yaratdığı səs-küyə görə, hətta Qərb xüsusi xidmət orqanları ilə bağlı artıq qeyd etdiyimiz qalmaqallarla müqayisə etmək olar. Bircə fərqlə - MTN ətrafındakı qalmaqalın miqyası lokal xarakter daşıyır. Lakin "Uoltergeyt" və ya "İrangeyt" insidentləri fraqment xarakteri dayışırdısa, Azərbaycan MTN-in metamorfozasını asayiş keşikçilərinin "poqonlu qulyabani"yə çevrildiyi uzun proses kimi xarakterzə etmək olar.

İndi istintaqa, MTN-nin artıq sabiq rəhbərliyinin qurbanlarının ifadələrinə əsaslanan məlumatlarda nələrə rast gəlinmir? Şantaj, reketçilik, həcmi milyonlarla ölçülən maliyyə maxinasiyalarına himayədarlıq. Bununla yanaşı, qruplaşma digər dövlət orqanlarına da "metastaz verməyi" bacarıb, həmin qurumların rəhbərliyini şantaj vasitəsilə törətdikləri kriminal əməllərə göz yummağa məcbur edib.

 

Nə baş verib?

Əvvəllər polis orqanlarında işləmiş Eldar Mahmudov milli təhlükəsizlik naziri postuna 2004-cü ildə təyin olunmuşdu. Onun Olimpə çıxışı ölkənin Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı Hacı Məmmədovun başçılıq etdiyi cinayətkar qruplaşmanın zərərsizləşdirilməsilə başlamışdı. Həmin əməliyyat yeni nazirə müəyyən kart-blanş da qazandırmışdı - Mahmudov sonradan həmin kart-blanşdan "super strukturunun" müstəsnalığı görüntüsünün yaradılmasında istifadə edirdi.

Əlbəttə, bu cür strukturun mövqelərini gücləndirməsi dövlət təhlükəsizliyi baxımından maraqlara uyğun idi. Birincisi, Azərbaycan ərazilərinin 20%-ni işğal etmiş Ermənistan Bakıya qarşı təxribatlar törətmək üçün bütün imkanlara əl atır. İkincisi, elə həmin illərdə postsovet məkanını "rəngli inqilab" əlamətləri bürümüşdü və bu cür ssenarilər Qərbin xüsusi xidmət orqanları tərəfindən onlara loyal olmayan hökumətlərin devrilməsi məqsədilə hazırlanırdı. O ana Gürcüstan, Ukrayna və Qırğızıstan artıq "liberal dəyərlərin" qurbanına çevrilmişdi. 2005-ci ildə isə Azərbaycanda keçirilən parlament seçkisi dövründə dövlət çevrilişinə cəhd olmuşdu.

Azərbaycanın coğrafi mövqeyi də nəzərə alınmalıdır. Məhz bu səbəbdən qüdrətli qonşuları onu bu gün də təhlükəli oyunlara cəlb etməyə çalışır. Həmin qonşular öz əməllərilə zaman-zaman göstərirlər ki, Azərbaycanın əsas və yeganə müttəfiqi onun ordusu, milli təhlükəsizliyin təminilə məşğul olan strukturlarıdır.

Bütün bunlarla yanaşı, inamdan, böyük səlahiyyətlərdən görünməmiş sui-istifadə halları MTN-i milli təhlükəsizliyə dayaqdan real təhlükəyə çevirdi. Bu illər ərzində bir çox peşəkarlar xüsusi xidmət orqanlarındakı işindən ya kənarlaşdırılıb, ya da kənarlaşmağa məcbur edilib.

Bu kimi halların nəticələrindən biri kimi terror təşkilatlarının ölkəyə caynaq atmasını, burada dini fanatikləri asanlıqla öz sıralarına cəlb etməsini göstərmək olar. MTN biznes mühitinə də az zərbə vurmayıb: iş adamlarının telefon danışıqları dinlənilib, şantajla üzləşib, MTN-in artıq sabiq əməkdaşları tərəfindən təqiblərə məruz qalıb.

Bütün bunlarla yanaşı, cinayətkar qruplaşma dövlətin milli təhlükəsizliyini tam çökdürməyə nail olmayıb. Dövlət başçısı məsələyə vaxtında müdaxilə edərək, milli təhlükəsizlik orqanlarında qayda-qanun yaradıb.

Eldar Mahmudovun vəzifədən kənarlaşdırılması ilə yanaşı, nazirliyin 19 yüksəkrütbəli əməkdaşı həbs olunub, 250 nəfər bu strukturdakı işindən kənarlaşdırılıb. Dövlət başçısı miqyasına görə böyük olsa belə, adi sağlamlaşdırma ilə kifayətlənməyərək, milli təhlükəsizlik sistemini kökündən dəyişmək qərarına gəlib.

Prezidentin 2015-ci il dekabrın 14-də imzaladığı Sərəncamla Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib, onun əvəzində iki müxtəlif qurum yaradılıb - Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti.

Siyasi baxışlarından asılı olmayaraq, bütün siyasətçilər prezidentin bu qərarını vaxtında atılmış, düzgün və vacib addım kimi qiymətləndirib. Xarici Kəşfiyyat Xidmətinin son dərəcə həssas məqamda yaradılması da diqqəti cəlb edən məqamlardandır: indi regiondakı durum kənar çağırışlara vaxtında və operativ reaksiya verilməsini zəruri edir. Ekspertlərin sözlərinə görə, indi işə götürülən bütün əməkdaşlar ciddi yoxlamadan keçirlər.

Yeri gəlmişkən, bu iki yeni strukturun yaradılmasını dünya təcrübəsi də diktə edirdi. Məsələn, ABŞ-da paralel olaraq Federal Tədqiqatlar Bürosu və Mərkəzi Kəşfiyyat İdarəsi fəaliyyətdədir. Böyük Britaniyada MI6 əsas kəşfiyyat xidmətidirsə, MI5 əks-kəşfiyyat idarəsidir. Almaniyanın BND xüsusi xidmət orqanı ölkənin maraqlarını xaricdə qorumaqla məşğuldursa, daxildə bu işi Almaniya Konstitusiyasının Müdafiəsi Federal Xidməti görür. Rusiyada Federal Təhlükəsizlik Xidməti əfsanəvi DTK-nın varisi sayılırsa, ölkədə kəşfiyyata cavabdeh olan Xarici Kəşfiyyat Xidməti də fəaliyyət göstərir.

Azərbaycana gəlincə, Dövlət Təhlükəsizlik Xidməti daxili kəşfiyyatla, Xarici Kəşfiyyat Xidmətisə adından da göründüyü kimi, xarici məsələlərlə məşğul olacaq. Bu görülən işlərin operativliyini və miqyasını artıracaq.

Beləliklə, MTN dövrü arxada qalıb. Bu qurumun son rəhbəri Eldar Mahmudov karyerasının Olimpinə "poqonlu qulyabaninin" ifşası ilə yüksəlsə də, mövqeyini də eyni qulyabanilərin əhatəsində tərk etdi.

Müstəqil Azərbaycanın cəmi 24 yaşı var. Tarix üçün bu, bir andır. Bir çox klassiklər dövləti canlı orqanizm kimi təqdim ediblər. Yəni, bizim ölkəmiz nəinki gənc, hətta lap uşaqdır. Bəzi, xüsusilə də ağır xəstəliklərisə uşaq vaxtı keçirmək daha yaxşıdır. Çünki bu halda orqanizmdə immunitet və müdafiə reaksiyası yaranır.


MƏSLƏHƏT GÖR:

493