17 May 2024

Cümə, 13:44

"QIRMIZI XƏTT"in BİR ADDIMLIĞINDA

2016-cı il asan olmayacaq - bu ilin ən əlamətdar hadisələri gələn il daha da inkişaf edəcək

Müəllif:

29.12.2015

2015-ci il rahat il olmadı. Bunu dönüş anı da adlandırmaq olar - bu il üzdəki maskalar yırtılmağa, beynəlxalq siyasi sistem dəyişməyə başladı və elə hadisələr yaşandı ki, bir neçə il əvvəl, hətta ən cəsarətli politoloqlar da bunu proqnozlaşdırmağa cürət etməzdi...

 

Ukraynadan-Suriyaya

2015-ci ildə dünya siyasətində aksentlər Ukraynadan Suriyaya tərəf dəyişdi. Bunadək Ukraynada gərginliyin pik nöqtəsində, Donbasda hərbi əməliyyatların getdiyi vaxt - xarici KİV başlıqlarından Suriya mövzusu yoxa çıxırdı, amma bu il hər şey tərsinə oldu. İndi KİV-də əsas mövzu Suriyadır, Ukraynadakı münaqişə isə növbəti "dondurulmuş qaynar nöqtə"yə çevrilib. Fevral ayında uzunsürən danışıqlardan sonra, Rusiya, Ukrayna, Almaniya və Fransa liderlərinin imza atdıqları Minsk razılaşması Donbasdakı hərbi əməliyyatları dayandırdı. Amma bu razılaşmaların bir müddəası belə yerinə yetirilməyib, qondarma "DXR" və "LXR" faktiki olaraq, Rusiyanın protektoratı altındadır, KİV-də mütəmadi olaraq Donbasda atışmalar haqqında xəbərlər yayılır, Ukrayna administrasiyasında daxili qarşıdurmalar ara vermir, ölkə müflis olmaq təhlükəsi ilə üz-üzədir. 

Amma bütün bu bəlalar bəşəriyyəti Yaxın Şərqdəki vəziyyət qədər maraqlandırmır - burada yazın sonundan etibarən, "İslam Dövləti" qruplaşması İraqın və Suriyanın böyük ərazilərini nəzarət altına alıb. Bir neçə ay ərzində dünya birliyi Palmiranın misli-bərabəri olmayan antik abidələrinin məhvini səssiz olaraq izlədi. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın "İD"nin qarşısını almaq cəhdləri nəticə vermirdi. Paralel olaraq Suriyada Bəşər Əsəd və müxalifətçi qruplaşmalar arasındakı qarşıdurmadan doğan daxili böhran da dərinləşirdi. Hadisələrin dönüş nöqtəsi Suriya teatrına Rusiyanın qoşulması oldu - sentyabrın 30-dan etibarən, Əsədin xahişi ilə Rusiya Hərbi Kosmik Qüvvələrinin təyyarələri Suriyada "İD"yə qarşı əməliyyat həyata keçirir. Əməliyyatın ilk günündən ABŞ bildirirdi ki, rus bombaları terrorçuların yox, Suriya müxalifətinin mövqelərinə atılır. Moskva bunu təkzib edir, amma eyni zamanda bildirir ki, müxalifətçilərin bir hissəsi də elə terrorçudur. Noyabrın 24-də Türkiyənin "F-16" qırıcısının ruslara məxsus "Su-24"ü vurmasından sonra isə Suriyada onsuz da gərgin olan vəziyyət daha da ağırlaşdı. Rəsmi Ankara təyyarənin Türkiyə sərhədlərini pozduğuna görə vurulduğunu desə də, Moskva bunu qətiyyətlə rədd edərək, Ankaranı "arxadan zərbə" vurmaqda ittihamladı. Türkiyə ilə Rusiya arasındakı münasibətlərin indiyədək görünməmiş həddə pisləşməsindən, həm siyasi, həm də iqtisadi baxımdan hər iki tərəf uduzub. Ekspertlər Bosfor və Dardanel boğazlarında, həmçinin Suriya-Türkiyə və "kürd kartı"nın oynanıldığı Türkiyə-İraq sərhədində yeni qarşıdurmaları istisna etmirlər. 

Bundan əlavə, Rusiya ilə Türkiyə bir-birlərini "İD"dən qeyri-leqal neft almaqda, yəni, faktiki olaraq, silahlıları maliyyələşdirməkdə ittiham edirlər. 

Suriya münaqişəsinin nizamlanması prosesi "Vyana formatı" çərçivəsində aparılır. Bu prosesdə, az qala, 20 ölkənin xarici işlər nazirləri, həmçinin, Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatı və Aİ nümayəndələri iştirak edirlər. Suriyadakı siyasi dəyişikliklərə dair "yol xəritəsi" də hazırlanıb, lakin Əsədin sonrakı taleyi, həmçinin Suriya və İraq ərazisindəki terrorçu təşkilatların siyahısına dair hələ də heç bir razılıq yoxdur. 

İlin sonunda isə Səudiyyə Ərəbistanı yeni İslam Antiterror Koalisiyasının yaradıldığını bəyan edib. Yeni koalisiyaya 34 ölkə qoşulacaq, amma orada İraq, İran, Suriya və Oman olmayacaq. Bu isə Yaxın Şərqdəki qüvvələr nisbətində ciddi dəyişikliklər vəd edir.

 

Terror aktları

2015-ci il amansız teraktların ili oldu. Hər şey yanvar ayında Parisdə "Charlie Hebdo" satirik jurnalının əməkdaşlarına divan tutulması ilə başladı. Bu faciə söz azadlığı, satiranın əsl missiyası, həmçinin Avropa dəyərlərinin indiki səviyyəsi ətrafında geniş müzakirələrə səbəb oldu. Fransa təhlükəsizlik tədbirlərini gücləndirdi, amma bu, noyabrın 13-də Parisin bir neçə rayonunda törədilmiş növbəti terror aktının qarşısını ala bilmədi - həmin gün terrorçular dinc sakinlərə atəş açaraq, 130 nəfəri qətlə yetirdilər. Baş vermiş hadisə yalnız fransızları yox, bütün dünyanı sarsıtdı. Çünki "İD" hamıya nümayiş etdirdi ki, o yalnız Suriya və İraqda yox, Yaxın Şərqdən uzaqlarda da "işləməyə" qadirdir. 

İyunun 26-da Tunisdə terrorçular qayıqla dənizdən "Imperial Marhaba" otelinin ərazisinə girərək, çimərlikdə istirahət edən 40 turisti güllələyib - onların əksəriyyəti Aİ ölkələrinin vətəndaşları idi.

Oktyabrın 10-da Ankarada baş vermiş iki partlayış isə 100-dən artıq insanın həyatına son qoyub - bu, respublika tarixində ən qanlı terakt hesab olunur. 

Oktyabrın 31-də Sinay üzərində Şarm-əş-Şeyxdən Peterburqa uçan "A321" təyyarəsinin partladılması nəticəsində, 224 nəfər həlak olub. Onların əksəriyyəti Misirdə istirahətdən qayıdan rusiyalı turistlər idi. Bu hadisə Misirin turizm biznesinə çox böyük zərbə vurdu, terrorçuların yayıldığı Şimali Sinay problemini üzə çıxardı və Süveyş kanalı üçün mümkün təhlükəni aktuallaşdırdı. 

İl ərzində müxtəlif Afrika ölkələrində (daha çox, "Boko Haram" təşkilatının əli ilə), Əfqanıstanda, Pakistanda, Livanda, Küveytdə və digər ölkələrdə də çoxsaylı terror aktları baş verib.  

 

Siyasi mübarizə

Yola saldığımız il Avropada sağ və solçu radikal qüvvələrin baş qaldırması ilə də yadda qalacaq. Yunanıstanda SİRİZA solçu-radikalları, İspaniyada "Podemos" partiyası ("Biz bacarırıq"), Almaniyada PEQİDA hərəkatı və s. Fransada keçirilən regional seçkilərdə məşhur Marin Le Penin rəhbəri olduğu "Milli Cəbhə"nin hakimiyyətə gəlməsinin qarşısını almaq mümkün oldu. Bu, ənənəvi olaraq mərkəzçi "solçular" və "sağçılar" bölgüsündən istifadə edən Avropa partiya sistemindəki böhranı göstərir. İndi Avropada siyasi qüvvələr artıq "bizimki" və "yad"lara bölünüb, səhnəyə ifrat sağçılar və ifrat solçular çıxır və ən əsası, onlar bir-biri ilə dil tapmağı öyrənirlər. İkipartiyalı sistemin dağılması ilə miqrasiya böhranı da başlayır, Avropada tolerantlıq və siyasi korrektliyin lazım olub-olmaması, hansı həddə qədər lazım olması, milli təhlükəsizliyə təsiri və s. haqqında mübahisələrə yol açır. Yəqin ki, gələn il bu sualları artıq Böyük Britaniyada da səsləndirməyə başlayacaqlar - bu il Baş nazir Devid Kemeronun başçılıq etdiyi Konservativ Partiya seçkilərdə böyük uğur qazandı. Və o, britaniyalılara Aİ-yə üzvlüklə bağlı referendum və miqrasiya problemlərinə daha ciddi yanaşma vəd edir. 

Yola saldığımız ildə dünyada yaşanan vacib siyasi proseslərdən danışanda, 2015-ci ildə iki dəfə parlament seçkilərinin keçirildiyi Türkiyəni də yada salmaq lazımdır. Birinci seçkilər nəticəsində, hakim koalisiya qurmaq mümkün olmasa da, ikinci seçkinin yekununda Türkiyə birpartiyalı idarəçilik sisteminə qayıtdı - hakim Ədalət və İnkişaf Partiyası təkbaşına hökumət qurmaq və ölkəni idarə etmək hüququ qazandı. Türkiyənin indiki Prezidenti Rəcəb Tayyib Ərdoğan bu uğurla kifayətlənmək niyyətində deyil və hesab edir ki, ölkəyə mütləq prezident üsul-idarəsi və yeni Konstitusiya lazımdır. 

 

Mühacirlər

2015-ci ildə Türkiyə və Avropa miqrasiya böhranı ilə bağlı eyni vəziyyətlə üzləşdilər. Yazın sonundan etibarən, Avropa Şimali Afrika ölkələrindən kütləvi axınla üzləşdi. Yayın sonunda və sentyabrda Aİ ölkələrinə artıq Suriya və digər Yaxın Şərq ölkələrindən mühacirlər axını başlandı. Hesablamalara görə, Avropaya 1 milyondan artıq mühacir gəlib, amma bəzi ekspertlər bu rəqəmin 1,5 milyona çatdığını düşünürlər. Onların marşrutu belədir - əvvəlcə Türkiyə ərazisi, sonra dənizlə Yunanıstan və ya İtaliya. Amma heç də hamı can atdıqları yerə gedib-çata bilmir - çoxlu mühacir, o cümlədən, uşaqlar, Egey və Aralıq dənizlərinin sularında batıblar. Mühacir böhranı Aİ daxilində yeni siyasi fikir ayrılıqları yaratdı və təhlükəsizlik məsələsini yeni səviyyəyə qaldırdı. Çünki qaçqın adı altında Avropaya çoxlu sayda terrorçular da yol tapırlar. Ən çox mühacir qəbul edən ölkə Almaniyadır - kansler Angela Merkelin siyasəti belədir. Təbii ki, kanslerin "açıq qapı" siyasətini ölkə daxilində heç də hamı dəstəkləmir. Berlinin addımlarından doğan narazılıq Almaniyanın Aİ-dəki qeyri-formal liderliyinə də təsir edir. Odur ki, Merkelin karyerası və Almaniyanın dünya səhnəsindəki rolu 2016-cı ilin ən maraqlı siyasi süjetlərindən birinə çevrilə bilər. 

 

İran

2015-ci il tarixə İranın nüvə proqramı ətrafındakı böhranın nizamlandığı il kimi düşəcək. İyulda İranla beynəlxalq vasitəçi "altılıq" (BMT TŞ-nın 5 daimi üzvü+Almaniya) arasında tarixi razılaşma imzalanıb. Ekspertlər baş verənləri "İranın dünya birliyi ilə münasibətlərində yeni mərhələnin başlanması" kimi qiymətləndirirlər. Bu sahədə ciddi məhdudiyyətlər müqabilində, İrana sanksiyaların zəiflədilməsini vəd ediblər. İranın həm siyasi, həm iqtisadi baxımdan beynəlxalq arenaya qayıdışının yekunları baxımından da gələn il çox maraqlı keçəcək.

 

Hamı bir yerdə

Dünyanın siyasi liderləri ilin sonuna yaxın iqtisadiyyat və müharibələrdən bir qədər uzaqlaşaraq, axır ki, ekologiya problemlərinə vaxt ayırmağa imkan tapdılar. İqlim dəyişikliyi ilə bağlı imzalanmış ümumi sənəd bütün bəşəriyyətin bu problemin həlli istiqamətində səylərini bilrəşdirilməsi baxımından, çox böyük əhəmiyyət daşıyır. Paris sammitində iştirak dən 195 ölkənin hamısı razılaşmanı dəstəkləyib. 2016-cı il aprelin 22-də Nyu-Yorkda bu sənədin rəsmi imzalanma mərasimi keçiriləcək. 

Beləliklə, 2020-ci ildən etibarən, Kiot iqlim protokolunun vaxtı bitəcək və Paris razılaşması qüvvəyə minəcək. 

Bundan 2 ay əvvəl isə dünya liderləri BMT Baş Assambleyasının 70 illik yubileyinə toplaşmışdılar. Onlar burada həm ölkələrini, həm də bütün dünyanı maraqlandıran məsələlərə dair mövqelərini ifadə etmək imkanı qazanmışdılar. Müxtəlif rəylər, nəticələr oldu, fərqli ittihamlar səsləndi, amma hər bir çıxış sülhpərvər çağırışla bitirdi. 

Aydın görünür ki, İkinci Dünya müharibəsindən keçən 70 il ərzində beynəlxalq siyasi sistem daha yaxşı və daha təhlükəsiz olmayıb. Üstəlik, üçüncü dünya müharibəsi təhlükəsi haqqında müxtəlif iddialar səslənir. Bu baxımdan, 2016-cı ilin çətin keçəcəyi, bu ilin ən əlamətdar və kritik hadisələrinin gələn il daha da inkişaf edəcəyinə şübhə qalmır. Amma ümid etmək istərdik ki, bəşəriyyət, hər halda, "qırmızı xətt"i keçməyəcək...



MƏSLƏHƏT GÖR:

497