17 May 2024

Cümə, 12:13

NÖVBƏTİ FİASKO

Ermənistanın KTMT-nın sessiyasındakı təxribatı baş tutmadı

Müəllif:

29.12.2015

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Şura iclası 2016-cı ilin ikinci yarısında İrəvanda keçirilməliydi. Amma Ermənistan bu KTMT Şurasının növbədənkənar toplantısının bu ay Moskvada keçirilməsində israr etdi. Ola bilsin, rəsmi İrəvan proseslərin öz lehinə inişaf etdiyni düşünərək, yaranmış şəraitdən istifadə etmək niyyətində idi. Ermənistanda belə qərara gəldilər ki, indi hadisələr lap "əla" cərəyan edir: Rusiya ilə Türkiyənin münasibətləri korlanıb, dekabrın 21-nə təyin olunmuş Avrasiya İqtisadi İttifaqı Şurasının (AİİŞ) sessiyasında sədrlik Ermənistana keçir və s. Xatırladaq ki, Avrasiya Şurasının heyəti ilə KTMT üzvü olan ölkələr eynidir - Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan. Yeganə fərq, hərbi ittifaqa Tacikistanın da üzv olmasıdır. 

Beləliklə, heç kəs Erənistanın öz sədrlik səlahiyyətindən istifadə edərək, növbədənkənar toplantı çağırmasına mane ola bilməzdi və İrəvan özü üçün əlverişli geosiyasi vəziyyətdən yararlanaraq, Azərbaycan ərazilərindəki işğalçı hərəkətlərinə dəstək almaq ümidi ilə buna getdi. 

İrəvanda toplantıya ciddi hazırlaşırdılar, ermənilərin Dağlıq Qarabağ probleminə dair mövqeyini hərbi blokdakı müttəfiqlərinə də qəbul etdirmək üçün arqumentlər toplayırdılar. Belə təsəvvür yaranır ki, Ermənistan Rusiya-Türkiyə münasibətlərindəki gərginliyin uzunmüddətli olacağına inanmadığından, çox tələsir. Artıq dekabrın 9-da - KTMT-nin Hərbi Komitəsinin iclasından dərhal sonra, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yuri Xaçaturov tələm-tələsik bəyan edib ki, onun həmkarları Rusiyanın Türkiyə ilə münaqişədəki mövqeyini dəstəkləyiblər və Türkiyə HHQ-nin ruslara məxsus "Su-24"ü vurmasını "arxadan zərbə" kimi qiymətləndirirlər. Onun sözlərinə görə, KTMT üzvü olan bütün ölkələrin Baş Qərargah rəisləri baş verənləri Türkiyə tərəfindən "alçaqcasına təcavüz" hesab edirlər. 

Amma Belarus, Qazaxıstan və Qırğızıstanın müdafiə nazirlikləri dərhal təkziblə çıxış edərək bildiriblər ki, heç biri Xaçaturova onların adından bəyanat yaymaq səlahiyyəti verməyib. Üstəlik, bu ölkələr bəyan ediblər ki, Türkiyəni əvvəlkitək öz strateji tərəfdaşı hesab edirlər. 

Belə görünür ki, erməni generalının açıqlaması Rusiyanı və hərbi ittifaqın digər üzvlərini narahat edib. Yoxsa, Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi vəzifəsinə seçilməsinə dair, faktiki olaraq, razılaşdırılmış qərar sonradan ləğv olunmazıdı.

Bəs, nə baş verir?

Beləliklə, dekabrın 21-də Ermənistanın xahişi və istəyi ilə KTMT Şurasının növbədənkənar sammiti keçirilib. Amma nədənsə, bu toplantı ənənəvi kimi açıq şəraitdə yox, bağlı qapılar arxasında baş tutub. İclasın gedişi haqqında informasiyalar "süzgəc"dən keçirilərək KİV-ə ötürülüsə də, diskussiyanın gedişi və detalları, təəssüf ki, gizli qalıb. Heyf, çünki Serj Sarqsyanın "KTMT öz nüfuzunu itirir" tipli bəyanatına dövlət başçılarının necə reaksiya verdiyini kənardan izləmək maraqlı olardı.

Ermənistan prezidenti, təbii ki, çıxışına Rusiya təyyarəsi ətrafındakı qalmaqalla başlayıb və "Su-24"ün vurulmasını "terrorizmlə mübarizəyə qarşı yönəlmiş ciddi çağırış" kimi qiymətləndirib. Onun gəldiyi nəticə budur ki, təyyarənin vurulması şəxsən Rusiyaya qarşı deyil, terrorizmlə mübarizə aparan bütün bəşəriyyətə qarşı yönəlmiş addımdır. Bu zaman Sarqsyan xatırladıb ki, yaranmış durumda NATO-nun bütün üzvləri "Bir nəfər hamı üçün, hamı bir nəfər üçün" prinsipi ilə bir nəfər kimi, Türkiyəyə dəstək veriblər. Dartanyan haqqında filmin pərəstişkarı olan Sarqsyan "Biz bu məsələdə onlardan çox şey öyrənməliyik", - deyərək, növbədənkənar toplantını çağırılmasının kökündə duran əsas məsələyə keçdi: "Sözsüz ki, hər bir ölkənin öz maraqları, öz prioritetləri var, amma bu, təşkilatın üzv ölkələrinin ümumi maraqlarına və ümumi vəzifələrinə qarşı qoyulmamalıdır. Azərbaycan Silahlı Qüvvələri hər dəfə bütün kalibrli silahlardan, minaatanlardan və artilleriya qurğularından Ermənistana qarşı atəş açanda, onlar Astana, Düşənbə və Bişkəkə, Moskva və Minskə atəş açırlar". 

Daha sonra Sarqsyan öz müttəfiqlərini "Ermənistanda nə baş verdiyi ilə maraqlanmamaqda", "beynəlxalq təşkilatlarda müttəfiqə qarşı səs verməkdə", həmçinin "üçüncü ölkə ilə mətni KTMT üzrə müttəfiqinə qarşı olan ikitərəfli deklarasiyalar qəbul etməkdə" suçlamağa başlayıb. 

Ermənistan prezidenti bütün bunların yekununda KTMT-nin öz siyasi, diplomatik və hətta hərbi resursları hansı istiqamətə "yönəltməli" olduğuna da işarə vurub: "Regionda yaranan gərgin mühiti nəzətə alaraq, istisna etmək olmaz ki, Azərbaycan bütün bu addımları xaricdən gələn təhrik və dəstək müqabilində atır".

Bundan sonra yaşananları təsəvvür edirəm. Alovlu çıxışdan sonra sədr (Ermənistan gələn ilin sentyabrına qədər KTMT-ya sədrlik edəcək) müzakirələrin başlanacağını zənn edib. 

Amma müzakirə-filan olmayıb. Bunun əvəzinə, təşkilatın növbəti baş katibinin taleyi bu iclasdaca həll edilib. Sammit iştirakçıları çox haqlı olaraq düşünüblər ki, Ermənistan nümayəndəsinin bu vəzifəyə seçilməsi Türkiyə ilə münasibətləri gərginləşdirmək istəyi kimi yozula bilər. Beləliklə, KTMT-nin baş katibi vəzifəsini daha bir il Nikolay Bordyuja tutacaq.

KTMT-nin "Beynəlxalq terrorizmə qarşı mübarizəyə dair" yekun bəyanatında çoxlu sayda ağıllı və yaxşı fikirlər yer alıb. Sənəddə, məsələn, "terrorizmlə effektli mübarizə naminə bütün dünya birliyinin öz səyini birləşdirməsi" zərurəti, və ya "terrorçuların dinc əhalini kütləvi şəkildə qırması, tarixi abidələrin vəhşicəsinə dağıdılması, dini abidələrin təhqir edilməsi"nin mənəvyyat və humanizm normalarına zidd olması kimi fikirlərə rast gəlirik. Amma bu bəyanatda nə Türkiyənin, nə də onun vurduğu "Su-24"ün adı çəkilir. 

Suriyaya dair mövqeyə gəlincə, sənəddə yalnız BMT TŞ-nın bu ölkədəki siyasi nizamlamaya dair qəbul etdiyi son qətnaməyə dəstək ifadə olunur. 

İclasın sonunda KTMT-ya sədrlik edən ölkənin (unutmayın ki, bu sədrlik artıq formaldır) rəhbəri kimi, S.Sarqsyan mətbuata bildirib ki, KTMT Suriya münaqişəsində Suriyanı dəstəkləyir, "rus qırıcısı ilə bağlı insident isə Suriyada vəziyyətin nizamlanması, terrorizmə qarşı yönəlmiş beynəlxalq səylərin birləşdirilməsi və regionda sülh, əmin-amanlığın bərpasına" mane olan amildir. 

Gördüyünüz kimi, Sarqsyanın əvvəlki ifadələri əməlli-başlı redaktə olunub. Amma onun fikirləri, hətta belə "yumşaq" formada belə yekun sənəddə əksini tapmayıb. 

Kimlərəsə belə gələ bilər ki, mövzunu artıq bağlamaq olar, çünki qonşularımızın növbəti təxribatı baş tutmayıb. 

Amma bizcə, Ermənistan prezidentinin çıxışındakı bəzi məqamlara xüsusi diqqət yetirmək lazımdır. 

Birincisi, Ermənistan prezidenti yenidən faktları təhrif edib. Azərbaycanı Ermənistana qarşı silah işlətməkdə suçlayan Sarqsyan, bu atəşin Azərbaycan ərazisindəki Ermənistan ordusunun mövqelərinə, yəni işğalçı qoşunlara açıldığını gizli saxlayır. Düzdür, hamı söhbətin nədən getdiyini yaxşı anlayır, amma istənilən halda, bu yalana qulaq asanlar da olur.

İkincisi, Sarqsyan KTMT üzvlərini açıq mətnlə Ermənistana qarşı yönəlmiş digər beynəlxalq təşkilatlarda təmsil olunduğuna görə ittiham edir. Bu zaman o, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyini dəstəkləyən İslam Konfransı Təşkilatı, Türk Şurası və digər təşkilatları nəzərdə tutur.

Öz məruzəsində Sarqsyan bir faktı - NATO-nun rus qırıcısını vurmuş Türkiyəyə verdiyi dəstəyi xüsusilə qabardıb. Halbuki Şimali Atlantika Alyansı təyyarə qalmaqalından sonra, dəfələrlə Türkiyəyə işarə edib ki, Rusiya ilə münaqişəni onun özü həll etməlidir. 

Yeri gəlmişkən, Ermənistanın özü artıq 20 ildən çoxdur NATO ilə fərdi əməkdaşlıq proqramının üzvüdür və cəmi bir neçə həftə əvvəl - dekabrın 10-da bildirib ki, gələn il NATO-nun dünyanın müxtəlif ölkələrində reallaşdırdığı sülhyaratma missiyalarında iştirak etməyə hazırdır. Bundan başqa, Brüsseldə NATO-nun mənzil-qərargahında keçirilən görüşlər zamanı Ermənistan xarici işlər nazirinin müavini Aşot Ovakimyan və müdafiə nazirinin müavini Davit Tonoyan Ermənistan SQ-də aparılan islahatlar, hərbi təhsil proqramları və s. haqqında ətraflı hesabat veriblər. 

Bax, KTMT-nın erməni müttəfiqi belə "etibarlı" imiş!

Nəhayət, terrorizm məsələsinə gələk. Çıxışının böyük bir hissəsini bu problemə həsr edən Sarqsyanın prezident olduğu ölkədə dünyanın ən böyük terror təşkilatlarından olan "Daşnaksutyun" partiyası fəaliyyət göstərir! Özü də fəaliyyəti bir yana, bu partiya hakim dairələrdə də kifayət qədər güclü təmsil olunur. Yeri gəlmişkən, elə bu dekabr ayında bu partiyanın 125 yaşı tamam olur. Və tarixn ironiyasına baxın ki, dekabrın 21-də Moskvada terrorçuları və onlarla əlbir olanları söyən bu adam, təxminən, elə eyni günlərdə daşnakların yubileyini təbrik edirdi. Onların "qəhrəmanlığının erməni xalqının tarixinə qızıl hərflərlə yazıldığını" bildirirdi...

 



MƏSLƏHƏT GÖR:

495