17 May 2024

Cümə, 11:10

Aİ-RUSİYA: MÜNASİBƏTLƏRDƏ RESESSİYA

Rusiya və Avropa biznesinin siyasətçilərə təzyiqləri onları sanksiyaların ləğvi yollarının axtarışına vadar edə bilər

Müəllif:

19.01.2016

Beynəlxalq Valyuta Fondu yanvarın 20-də Londonda 2016-cı illə bağlı yenilənmiş proqnozunu açıqlayacaq. Artıq indidən məlumdur ki, orada Rusiya iqtisadiyyatında 1%-lik geriləmə proqnozlaşdırılır. Bu, əvvəlki 0,4%-lik gözləntidən daha pisdir. Dünya Bankı və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin rəqəmləri də təxminən eynidir. İlin əvvəlindən etibarən, Rusiyada proqnoz göstəricilərinin dəyişdirilməsi ilə bağlı müzakirələr gedir. Bu, yeni ilin dövlət büdcəsində ciddi dəyişikliklərə səbəb olub. Büdcənin yenilənmiş variantı yanvarın sonlarında qəbul olunmalıdır.

Etiraf etmək lazımdır ki, DB, ümumilikdə, dünya iqtisadiyyatı ilə bağlı göstəricilərdə mənfi tərəfə dəyişiklik edib. Qurumun proqnozuna görə, bu il dünya iqtisadiyyatında artım 2,9% olacaq ki, bu da əvvəlki gözləntilərlə müqayisədə 0,4% azdır. Lakin qlobal bazarı resessiya gözləmirsə, eyni sözü artıq ardıcıl olaraq üçüncü ildir iqtisadi tənəzzül yaşayan Rusiya haqqında demək mümkün deyil. Bunun səbəbi yalnız neftin sürətlə ucuzlaşması deyil. Səbəblər arasında ABŞ və müttəfiqləri, o cümlədən, Avropa İttifaqının Rusiyaya sanksiyalar tətbiq etməsi də var.

28 ölkəni özündə birləşdirmiş Aİ Rusiyanın ən nəhəng iqtisadi tərəfdaşıdır. Bu, sanksiyaların tətbiqindən sonra belə, dəyişməz qalır. Rusiyaya xarici investisiyaların 75%-i məhz Aİ ölkələrindən daxil olur. 2015-ci ildə Rusiya xarici ticarətinin 46-48%-i (o cümlədən, enerji resurslarının 70%-i) Avropa İttifaqının payına düşüb. Rusiya, öz növbəsində, Aİ üçün iqtisadi tərəfdaş kimi, 3-cü yerdədir (ABŞ və Çindən sonra). Avropa ölkələrinin idxalının 10%-i Rusiyanın payına düşür. Avropa neftin 30, qazın isə 41%-ni məhz Rusiyadan alır.

2015-ci ildə Rusiya ilə Aİ ölkələri arasında ticarət dövriyyəsi 230 milyard dollar təşkil edib. Bu, 2014-cü illə müqayisədə 38%, 2013-cü illə (417 milyard dollar) müqayisədə isə təxminən, 2 dəfə azdır. Bununla yanaşı, Rusiya ilə Aİ arasında natural ifadədə ticarət dövriyyəsi 3 milyon ton artıb. Bu rəqəmlər ötən cümə günü Moskvada başa çatmış Qaydar forumunda açıqlanıb.

Tədbirdə sanksiyalar üzündən baş vermiş itkilərlə bağlı rəqəmlər də səsləndirilib. Rusiya İqtisadi İnkişaf nazirinin birinci müavini Aleksey Lixaçovun sözlərinə görə, 2015-ci ildə Avropa üçün bu itki 50, Rusiya üçün isə 25 milyard dollar (ÜDM-in 1,5%-i) təşkil edib.

Forumda Avropa ilə qarşılıqlı münasibətlərə xüsusi diqqət ayrılıb. Rusiya hökumət başçısı Dmitri Medvedev bildirib ki, onun ölkəsi Avropa ilə barışığın əldə olunmasında son dərəcə maraqlıdır. Baş nazirin sözlərinə görə, qarşılıqlı sanksiyalar sağlam düşüncəyə uyğun gəlmir.

Rusiya Baş nazirinin münasibətlərin bərpası ilə bağlı çağırışını Avropa Komissiyasının vitse-prezidenti Kristalina Georgiyeva "göydə tutub" və çıxışını "Gəlin, birlikdə işləyək!" sözləri ilə bitirib.

Münasibətlərin tezliklə qaydaya düşməsini hər iki tərəf arzulayır. Lakin onların yaranmış vəziyyətin səbəbləri haqqında düşüncələri bir-birindən fərqlənir. "Qarşılıqlı inamın əldə olunması üçün biz Ukrayna sualına ümumi cavab tapmalıyıq. O, bizim ümumi qonşumuzdur, bizim Minsk razılaşmamız var. Bu razılaşmaya tam əməl olunması Rusiya-Aİ münasibətlərinin normallaşmasına imkan verər", - deyə Aİ-nin Rusiyadakı daimi nümayəndəsi Viqaudas Uşaskas forumdakı çıxışı zamanı bildirib.

Səfir vaxtilə Avropa və Rusiyanın Kamçatkadan Lissabonadək ümumi iqtisadi və humanitar məkanın yaradılması kimi ümumi iddialı hədəflərinin olduğunu xatırladıb. Lakin o zamanda da Moskva və Brüsselin sanki görmək istəmədikləri fikir ayrılıqları olub. Onlar "Krımın işğalı və Ukraynada sabitliyin pozulmasınadək" üzə çıxmağa başlamışdı. Son hadisələr isə münasibətlərin bünövrəsini dağıdıb. "Vladivostokdan Lissabona gedən yol Kiyevdən keçir və oradan yan keçmək mümkün deyil", - deyə diplomat çıxışını başa vurub.

Yeri gəlmişkən, Uşaskasın opponentləri müzakirələr zamanı bir neçə dəfə onun RİA "Novosti"yə verdiyi və Rusiyada böyük rezonansa səbəb olmuş müsahibəsinə istinad ediblər. Aİ səfiri həmin müsabihədə Rusiya ilə əvvəlki münasibətlərin bərpasının mümkün olmadığını bildirib. Onun sözlərinə görə, "Rusiyanın Ukraynaya qarşı açıq təcavüzü ona olan inama ciddi zərər vurub. Münasibətlərimizdəki böhranadək ildə iki dəfə keçirilən Rusiya-Aİ sammiti kimi əlamətdar görüşlər, yəqin ki, daha mümkün olmayacaq. Bu da Moskvanın, əslində, Rusiyanın da bölüşdüyünü düşündüyümüz ümumi qaydalara, prinsiplərə zidd addımlarının nəticəsidir. Münasibətlərimizə ciddi zərbə vurulub".

Aİ-nin Rusiyadakı daimi nümayəndəsinin forumda dediyi "Bizim Aİ ilə yaxşı münasibətlər qurmaq üçün ehtiyatımız, arzumuz və iradəmiz var" sözlərinə "ümumi baxış və qarşılıqlı inam"ın da əlavə olunmasını təklif edib. O, ilk addım kimi, hər şeydə gizli məna axtarılması kimi sovet vərdişini tərgitməyi məsləhət görüb. Diplomat hesab edir ki, Avropa Enerji İttifaqının konsepsiyası müzakirə olunan zaman məhz bu cür hala yol verilib; guya, onun Rusiyaya qarşı olduğu söylənilib: "Mən istərdim ki, biz artıq sətirarası oxumaqdan əl çəkək, necə ki, artıq "Pravda" qəzetini oxumuruq. Oruelsayağı "hamı bərabərdir, amma bəziləri daha çox bərabərdir" prinsipi ilə düşünməkdən də əl çəkmək lazımdır"". Səfirin sözlərinə görə, Avropa Enerji İttifaqı Rusiyaya və ya hər hansı digər ölkəyə qarşı yaradılmır. Qurumun yaradılmasında məqsəd avropalı istehlakçıya daha ucuz qiymət seçmək imkanı vermək, onlarda tədarükün fasiləsizliyinə əminlik yaratmaqdır.

Forumda Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında münasibətlərin inkişaf etməməsi məsələsi də qaldırılıb. "R+"in "Bu, Aİ-nin belə əlaqələri Rusiya-Ukrayna dialoqunun normallaşması ilə əlaqələndirməsi ilə bağlıdırmı?" sualına Aİ səfirinin cavabı belə olub: "Avropa İttifaqı Aİİ-nin azad ticarətin inkişafına nə qədər yardım edəcəyini diqqətlə izləyir. Rusiya birtərəfli addım ataraq, Ukraynanı MDB-nin Azad Ticarət Zonası haqqında razılaşmasından məhrum edib. Bu, artıq bizdə narahatlıq yaradır. Çünki bu, Aİİ-nin əsasnaməsinə ziddir".

Rusiyalı ekspertlər Uşaskasın qarşılıqlı inamın olmadığına dair fikirləri ilə razılaşıblar. İndi Avropaya da inam yoxdur. Son il ərzində Rusiya biznesinin ixrac risklərindən, ilk növbədə, siyasi risklərdən sığortalanmağa ehtiyacın dəfələrlə artması bunun göstəricisidir.

Avropalı diplomatın Lissabona aparan yolun Kiyevdən keçdiyinə dair məcazına isə Rusiya İqtisadi İnkişaf nazirinin birinci müavini Aleksey Lixaçov kifayət qədər emosional cavab verib: "Biz Rusiya-Avropa münasibətlərinə Kiyev prizmasından baxacağıqsa, söhbəti elə burada kəsməyimiz yaxşı olar. Çünki bu, təhrif olunmuş mənzərədir. Onun Rusiya-Avropa münasibətlərnə, əsl maraqlara heç bir aidiyyəti yoxdur". Rusiyalı məmur bildirib ki, Kiyev Moskvanın ümumi iqtisadi problemlərlə dağlı konsensusun əldə olunmasına yönəlmiş bütün cəhdlərini bilərəkdən pozur.

Lixaçovun sözlərinə görə, Aİ-də "sanksiyalar savaşı"nın perspektivsizliyini hökumət səviyyəsində anlayan dövlətlər var. Nazir müavini hesab edir ki,həmin dövlətlər sanksiyaların onların ölkəsinin milli maraqlarına zidd olduğunu dərk edirlər. Bu üzdən onlarla hökumətlərarası komissiyalar səviyyəsində dialoqun aparılması mümkün olur. "2015-ci ildə Macarıstan, Yunanıstan, İrlandiya, İspaniya, Kipr, Slovakiya və Sloveniya ilə hökumətlərarası komissiyalar səviyyəsində 7 iclas keçirilib. Yaxın zamanlarda Fransa, İtaliya Avstriya və Belçika-Lüksemburq İqtisadi İttifaqı ilə də eyni formatda sessiyalar keçirməyə ümidliyik", - deyə o, qeyd edib.

Rusiya və Avropa biznesinin siyasətçilərə təzyiqləri onları sanksiyaların aradan qadırılması üçün fəal şəkildə əsaslar axtarmağa vadar edə bilər. Məhdudiyyət addımlarından narazılıq hər iki tərəfdə artır. Bəzi avropalı iqtisadçılar düşünür ki, sanksiyalar rejimində ilk zəifləmə artıq bu ilin ortalarında baş verə bilər.

Hər iki tərəfin etiraf etdiyi kimi, bu, bir-birinin mövqeyini tam bölüşməyən, lakin bir-birindən asılı olan Rusiya ilə Aİ arasında yeni reallıq, yeni modus operandi olacaq.



MƏSLƏHƏT GÖR:

480