17 May 2024

Cümə, 12:13

YENİ QAZ AVANTÜRASI

Gürcüstan hökuməti yeni enerji siyasətinin əsassız olduğunu anlamağa başlayıb

Müəllif:

19.01.2016

Gürcüstanın Baş nazirinin müavini və Energetika naziri Kaxa Kaladzenin 2015-ci il dekabrın sonlarında İsveçrədə "Qazprom" rəhbərliyi ilə gizli danışıqlar aparmasının üzə çıxması ölkədə növbəti daxili-siyasi gərginliyə səbəb olub. Görüşün keçirildiyini ictimaiyyətə politoloq Soso Siskarişvili açıqlayıb. Onun sözlərinə görə, "Gürcü arzusu" hökuməti Azərbaycandan aldığı qazın 50%-ni Rusiya qazı ilə əvəzləməyi düşünür. Bu sövdələşməyə məsul olması nəzərdə tutulan "Tərəfdaş fondu" isə sabiq baş nazir, oliqarx Bidzina İvanişviliyə məxsusdur.

Gürcüstan hökumətinin alternativ qaz mənbələri tapmaq istəyi hələ ötən ilin payızında üzə çıxmışdı. Bunu tamamilə təbii saymaq olardı. Lakin burada bir "əmma" var. Azərbaycan dəfələrlə Gürcüstanın qaz bazarındakı inhisarçı mövqeyinə zidd olaraq, "mavi yanacaq"ı bu qonşusuna kifayət qədər aşağı qiymətlərlə satıb, sosial güzəştlər paketi verib (üstəlik, ölkədəki bütün kilsələr, məbədlər, məscidlər dinindən asılı olmayaraq, qazla pulsuz təmin olunur) və lazımi həcmdə qaz tədarük edib. Hər halda, Azərbaycan nefti və qazını dünya bazarlarına daşıyan əsas boru xətləri məhz Gürcüstan ərazisindən keçir və Azərbaycan bu ölkədə ictimai-siyasi, sosial-iqtisadi sabitliyin qorunub-saxlanmasında hər kəsdən çox maraqlıdır.

"Gürcü arzusu"nun niyyəti isə, deyəsən, fərqlidir. Ölkənin Energetika naziri Kaxa Kaladzenin sözlərinə görə, Gürcüstanın qaza olan tələbatı ildən-ilə artır və artıq Azərbaycan qonşusuna "mavi yanacaq" tədarükünü artırmaq üçün texniki imkanlara malik deyil. Nazirin sözlərinə görə, qazı Gürcüstana daşıyan boru xətlərinin ötürücülük qabiliyyəti buna imkan vermir. Bu səbəbdən, Kaladze alternativ kimi Rusiya qazını görür. Qeyd edək ki, hazırda Gürcüstan "Qazprom"dan Ermənistana nəql edilən Rusiya qazına görə, tranzithaqqı kimi "mavi yanacaq" alır. Nazirin ən maraqlı bəyanatı isə "Qazprom"un Gürcüstana, hətta Azərbaycan qazından ucuz "mavi yanacaq" verməyə hazır olmasıdır. Bu mənada, Rusiya inhisarçısının konkret təklifləri ilə tanış olmaq maraqlı olardı. Lakin Kaladze rəqəmləri açıqlamağı lazım bilməyib.

Qiymət məsələsinə qayıdacağıq. Hələlik isə qaz tədarükünün şaxələndirilməsi məsələsinə toxunaq. Gürcüstanda faktiki olaraq, paradoksal vəziyyət yaranıb - bütün Avropa Rusiyadan, xüsusilə "Qazprom"dan asılılığı azaltmaq üçün alternativ enerji resursları mənbəyi axtarır. Bunun üçün ilk variant kimi, Azərbaycan qazının idxal imkanlarını nəzərdən keçirir, Gürcüstanda isə hər şey əksinə baş verir. Görünür, Gürcüstan hökuməti 2006-cı ilin qışını unudub. Həmin il qonşu ölkəni donmaqdan məhz Azərbaycan qazı xilas etmişdi. "Rusiyanın 2006-cı ilin qışında qaz xəttində, elektrik enerjisi naqillərində bilərəkdən qəza törədərək, Gürcüstanı qazsız, işıqsız qoyduğu zaman hansı dəhşətli durumla üzləşdiyimizi Gürcüstan ictimaiyyəti yaxşı xatırlayır. İnsanlar "Qazprom"la intensiv əməkdaşlığın hansı nəticələr verə biləcəyini anlayır və bu səbəbdən də bu əməkdaşlığa qarşı çıxır", - deyə Gürcüstan Xarici İşlər nazirinin sabiq müavini Nikoloz Vaşakidze bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin Bakının Gürcüstana istədiyi qədər qaz ixrac etməyə hazır olduğuna dair bəyanatına münasibət bildirən sabiq nazir deyib: "Bizim Azərbaycan Prezidentinə inanmaq üçün bütün əsaslarımız var. İndiyədək onun sözünə əməl etməməsi halına rast gəlinməyib. İkitərəfli əməkdaşlığa gəlincə o, bizim son 25 ildə yorulmadan qurduğumuz möhkəm təməl üzərində formalaşıb. Heç bir anlıq konyuktura bu münasibətləri ciddi şəkildə sarsıda bilməz".

"Qazprom"la razılaşma Kreml ilə Gürcüstanın uzunmüddətli maraqlarına zidd geosiyasi sövdələşməyə getməkdir". Bunu isə eks-prezident Mixail Saakaşvilinin müxalifətçi "Vahid Milli Hərəkat" (VMH) Partiyasından olan silahdaşı Nuqzar Siklauri Rusiyanın "Kommersant" qəzetinə açıqlamasında bildirib. "Azərbaycan kimi sınaqdan çıxmış tərəfdaşla əməkdaşlıqdan imtina edərək, əvəzində, ərazimizin 20%-ni işğal etmiş düşmən dövlətlə sövdələşmə bağlamaq olarmı?" - deyə digər müxalifətçi deputat David Darçiaşvili sual edib. Müxalifət narahatdır ki, Gürcüstanın qaz təchizatını artıran Rusiya ondan yeni güzəştlər, o cümlədən Abxaziya üzərindən Rusiyadan Ermənistana dəmir yolu hərəkətinin bərpasını tələb edəcək.

VMH artıq "Qazprom"la razılaşmaya etiraz olaraq, Tiflisdə bir neçə nümayiş keçirib. İndi isə o, Rusiya inhisarçısı ilə hər hansı razılaşmanın imzalanacağı təqdirdə, miqyaslı etiraz aksiyalarına başlayacağını bildirir. Gürcüstan hökuməti isə bunu müxalifətin başlamaqda olan seçki kampaniyası ərəfəsində siyasi dividend qazanmaq cəhdi kimi qiymətləndirir. "Əgər keçmiş hakim partiya olan VMH-nin timsalında müxalifəti enerji məsələləri narahat edirsə, onlar vaxtilə bu qədər elektrik stansiyasını Rusiya şirkətlərinə satmamalı idilər. Onlar magistral qaz kəmərini belə, Rusiyaya satmağa cəhd göstərmişdilər", - deyə Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze  bildirib.

Qayıdaq qiymət məsələsinə. Gürcüstanın Energetika nazirinin müavini Mariam Valişvili bildirib ki, ölkə əhalisi "mavi yanacaq"ı sosial paketə uyğun olaraq, 1000 kubmetri 120 dollardan alır (yeri gəlmişkən, manatın 2015-ci ilin fevralında devalvasiyaya uğramasınadək Azərbaycanda da qaz əhaliyə bu qiymətlə satılıb). Valişvili qazın istilik enerjisi stansiyalarına satış qiymətini də açıqlayıb - 143 dollar. Kommersiya qazının qiyməti isə istehlakçılardan asılı olaraq dəyişir və orta hesabla, 260 dollar təşkil edir. Bu qiymət SOCAR-ın tədarük etdiyi və Gürcüstanın tranzit haqqı kimi, "Şahdəniz" yatağından pulsuz aldığı qazın qarışması ilə formalaşır.

Məlumdur ki, Azərbaycan qazı regionda ən ucuz qazdır - istər Rusiya, istərsə də İran qazı ilə müqayisədə. Bu qiymətin müəyyənəşdirilməsində əsas meyar isə Azərbaycanla Gürcüstanın yaxın olmasıdır. Azərbaycan qazı Gürcüstanla sərhədədək 500 kilometr yol qət edirsə, "Qazprom" Sibirdəki yataqlarından hasil olunan "mavi yanacaq"ı gürcülərə 2 min kilometrdən artıq məsafə qət etməklə çatdırmalıdır. Qazın qiymətinin formalaşmasında, az qala, əsas amil isə məhz daşınma məsafəsidir. Hələ bu yaxınlaradək "Qazprom" özü Dağıstanı "mavi yanacaq"la təmin etmək üçün SOCAR-dan qaz alırdı. Çünki onun öz qazını Dağıstana nəql etməsi məhz nəqliyyat xərcləri üzündən baha başa gəlirdi. Odur ki, "Qazprom"un Gürcüstana Azərbaycan qazından ucuz "mavi yanacaq"ı hansı iqtisadi hesablamalarla satmağa hazır olduğu aydın deyil. Bunu yalnız siyasi məqamlarla izah etmək mümkündür - nəzərə alınmalıdır ki, Rusiya xarici maraqlarını təmin etmək üçün "Qazprom"dan çox istifadə edir.

Bu baxımdan, Ermənistan nümunəsi kifayət qədər maraqlıdır. İrəvan Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulanadək, "Qazprom"dan qazın 1000 kubmetrini 270 dollara alırdı. Üstəlik, o zaman Ermənistan rəhbərliyi Aİ ilə Assosiativ Sazişin imzalanmasına dair danışıqlar aparırdı. "Qazprom" isə onların bu sənədi imzalayacaqları təqdirdə, qiymətləri bazar səviyyəsinə qaldıracağını bildirirdi. Sonda Ermənistan Aİİ-yə qoşuldu və bundan dərhal sonra Rusiya Ermənistan üçün qazla bağlı gömrük rüsumlarını sıfırladı. Nəticədə, ermənilərə satılan qazın 1000 kubmetrinin qiyməti 190 dollaradək düşdü. Bundan sonra Ermənistana daha 25 dollarlıq endirim edildi. Nəticədə, indi Ermənistan "Qazprom"dan ən ucuz qaz alan ölkədir - 1000 kubmetri 165 dollar. Bununla yanaşı, ölkənin bütün qaz infrastrukturu "Qazprom"un nəzarətindədir. Bu da son deyil - Ermənistanın siyasi müstəqilliyi belə, böyük suallar doğurur. Bu cür analoji gedişatla Gürcüstan üçün Rusiyadan lap elə kommersiya qazının tədarükünü artırmaq vacibdirmi? Üstəlik, Tiflis kommersiya qazını Azərbaycandan almaqla, sosial layihələrin reallaşdırılmasında SOCAR-ın maliyyə dəstəyini hiss edir, dini obyektlərin "mavi yanacaq"la pulsuz təchizatına nail olur.

İstənilən halda, SOCAR prezidenti Rövnəq Abdullayev danışıqlar aparmaq üçün Tiflisdə olub və orada Baş nazir Georgi Kvirikaşvili və Kaxa Kaladze ilə görüşüb. Kaladze ilə görüşdə Gürcüstana qaz nəql edən boru xəttinin gücünün artırılması istiqamətində işlərin görülməsi, sutkada 1 milyon kubmetrlik təchizatın 7 milyonadək artırılması haqqında razılığa gəlinib. Tərəflər yay və qış mövsümlərində qaz tədarükünün balanslaşdırılması məqsədilə qaz anbarının tikilməsinə dair razılıq əldə ediblər.

Bununla yanaşı, maraqlıdır ki, Kaxa Kaladze görüşdən sonra, Azərbaycanın onun ölkəsinin qaza olan tələbatını ödəyə bilməyəcəyini bir daha dilə gətirib. "Biz əlavə qaz tədarükü üçün texniki imkanların olmaması haqqında danışdıq. İl ərzində belə olub və biz boşluğu "Qazprom"un qazı ilə doldurmuşuq. Yəqin ki, gələcəkdə də belə olacaq. Bizim bu problemi həll etmək imkanlarımız var. Lakin bunun üçün əlavə investisiyalar tələb olunur", - deyə Kaladze qeyd edib. Nazir onu da deyib ki, Gürcüstan əlavə qaz həcmini 2019-cu ildə, "Şahdəniz" yatağının ikinci fazasının işlənməsinin başa çatmasından sonra almağı gözləyir. O vaxta əlavə ixrac boru xətti tikiləcək və Azərbaycan qazının Gürcüstandan tranzit həcmi artırılacaq. Yəni, Kaladzenin sözlərindən belə çıxır ki, Gürcüstan hökuməti "Qazprom"dan qaz almaqda israrlıdır. Bu mənada, SOCAR-ın nə qədər təmkinli olacağı maraq doğurur. Axı, gəlirlərin azalması şirkətin sosial öhdəliklərinə də təsir edə bilər. Hər halda, məhz SOCAR Gürcüstanın qazlaşdırılmasına vəsait xərcləməklə, onun qaz istehlakının artmasına imkan yaradıb. Belə çıxır ki, Azərbaycan şirkəti bu işləri sonda bundan başqa şirkətin bəhrələnməsi üçün görüb.

Bununla yanaşı, deyəsən, Kaladzenin rəhbərlik etdiyi qurumda artıq yeni qaz macərasının əsassız olduğunu anlamağa başlayıblar. Söhbət, xüsusilə ictimaiyyətin iradəsi əleyhinə olaraq, "Qazprom"la yaşanmaqda olan macəradan gedir. Gürcüstanın Energetika nazirinin müavini Mariam Valişvili bildirib ki, nazirlik "Qazprom"la Ermənistana qaz nəqlinə görə tranzithaqqının "mavi yanacaq"la deyil, pula ödənilməsi versiyasını müzakirə edir. Bu halda, əldə ediləcək vəsait Azərbaycandan əlavə qaz alınmasına yönəldilə bilər. Nazir müavininin sözlərinə görə, bu variant SOCAR ilə danışıqlarda müzakirə edilib. Valişvili "Trend" agentliyinə müsahibəsində Rusiya qazının tam şəkildə əvəz olunmasının mümkünsüzlüyünü, bu səbəbdən, Tiflisin istənilən halda, "Qazprom"la danışıqlar aparacağını söyləyib. Bununla yanaşı, nazir müavini Rusiya tərəfinin təklif etdiyi qiymətlərin kifayət qədər yüksək olduğu, Azərbaycanın isə onlara qazı çox sərfəli qiymətlə satdığını bildirib.

Valişvilinin bu bəyanatı faktiki olaraq, onun rəhbərinin mövqeyinə tam ziddir. Lakin unutmaq lazım deyil ki, onun rəhbərinin də rəhbəri var. Odur ki, Valişvili bəlkə də Gürcüstan hökumətinin qaz məsələsindəki strategiyasının artıq dəyişdiyini ifadə edib.



MƏSLƏHƏT GÖR:

483