17 May 2024

Cümə, 16:01

AVROPA TOLERANTLIĞININ İSTİBDADI

Liberal dəyərlər "Köhnə Qitə"də radikal millətçiliklə əvəzlənə bilər

Müəllif:

19.01.2016

Yeni il gecəsi Almaniyanın Köln şəhərində miqrantların Yeni ili bayram edən Almaniya vətəndaşlarına kütləvi hücumu baş verib. Vağzalyanı meydanda və Mərkəzi kilsənin qarşısına yığışmış yüzlərlə suriyalı, iraqlı, əfqanıstanlı və Şimali Afrika ölkələrindən olan kişi özü ilə sığınacaq almaq üçün hazırlanmış sənədləri də götürüb. Bir qədər sonra onlar fişənglər partlatmağa, yolkeçənləri qarət etməyə, qadınlara hücum çəkib, onların ünvanına təhqirlər yağdırmağa başlayıblar. Eyni gündə Almaniyanın Ştutqart, Hamburq, Düsseldorf, Münhen və digr şəhərlərində də analoji hücumlar olub. KİV insidentə dair polisə müraciət etmiş şəxslərlə bağlı müxtəlif say göstərir - 160-dan 600-dək. Üstəlik, onların əksəriyyəti seksual təhrikə məruz qaldıqlarını bildiriblər. Almaniyanın Ədliyyə naziri Hayko Mass "Bild" nəşrinə açıqlamasında bildirib ki, bütün hücumların əvvəlcədən planlaşdırıldığına və koordinasiya olunduğuna şübhə yoxdur.

Polis baş verənləri müəyyən müddət gizli saxlamağa çalışıb, Yeni il gecəsinin sakit keçdiyini bildirib. KİV-də hücumlarla bağlı məlumatlar yalnız bir neçə gün sonra yayılıb və görünür bu, yalnız hadisədən hiddətlənənlərin yaşananları sosial şəbəkələrdə paylaşmasından sonra baş verib. Zərərçəkmişlər və şahidlər hadisə zamanı küçələrdə lazımi sayda polis əməkdaşının olmadığını bildirirlər. Üstəlik, polis onları olayları "aləmə car çəkməməyə" çağırıb. Yeri gəlmişkən, bu xahişlərin yalnız alman asayiş keşikçilərindən gəlmədiyi məlum olub. Köln hadisələri ilə bağlı KİV-də səs-küyün qalxmasından bir neçə gün sonra, İsveçin Baş naziri öz ölkəsinin polisini gənc qadınlara qarşı satqınlıqda günahlandırıb. O, fikrini hüquq-mühafizə orqanlarının son 2 il ərzində seksual təhriklərlə bağlı məlumatlara etinasız yanaşması ilə əsaslandırıb. Baş nazir xatırladıb ki, 2014 və 2015-ci illərdə Stokholmda keçirilmiş festivalda belə hallara çox rast gəlinib.

Eyni xahiş qaçqınlara yardımla məşğul olan bir sıra hüquq müdafiəsi təşkilatından da gəlib; məsələn, İtaliyanın Ventimilya şəhərciyində Şimali Afrikadan olan qaçqınlar üçün yaradılmış düşərgədə "No Borders" fəalı amansızlıqla zorlansa da, həmkarları ondan polisə müraciət etməməsini istəyib. Guya bu, ölkədə ksenofob əhvalı artıra bilərmiş. Polis isə ksenofob hallarının arta biləcəyi ilə bağlı narahatlıqla yanaşı, istintaqın çətin olduğunu da bildirir. Onlar bunu bütün miqrantların bir-birinə bənzəməsi, onlar haqqında məlumat bazasının olmaması ilə izah edir. Bundan başqa, yaşananlar fonunda KİV-in də yalnız Almaniyada deyil, Fransa, İtaliya, Avstriya, Skandinaviya ölkələrində də miqrantlar tərəfindən onlarca zorlanma faktının qeydə alınmasına həvəssiz yanaşdığı ortadadır.

Qayıdaq Kölnə. Qeyd olunan biabırçılıq ən miqyaslı və iyrənc şəkildə məhz Almaniyanın və ümumilikdə, Avropanın ən qədim şəhərlərindən olan Kölndə baş verib. Ötən il ən çox miqrantı qəbul etmiş ölkə Almaniyadır. Müxtəlif məlumatlara görə, 2015-ci ildə bu ölkəyə 1-1,5 milyon miqrant üz tutub. Berlinin miqrasiya siyasəti kansler Angela Merkelin ideyası əsasında formalaşır. O, "açıq qapı" fəlsəfəsinə əsaslanır və hesab edir ki, başqa ölkələrdən gələnlər zəngin, sabit və güclü Almaniya üçün səadət gətirir. Kansler əmindir ki, ölkəsi bununla nəinki xoş iş görür, insan haqlarını qoruyur, həm də əlavə işçi qüvvəsi, inkişaf stimulu qazanır. Nəticədə, Almaniya faktiki olaraq, sərhədlərində miqrant nəzarəti həyata keçirməkdən imtina edib. Üstəlik, Berlin Aİ-dən olan qonşularını Merkelin ideyalarını bölüşməməkdə, qaçqınları təhlükə saymaqda günahlandırır. Almaniyanın ARD telekanalı isə bu yaxınlarda Türkiyəni mütəmadi olaraq Suriyadan olan qaçqınları müharibənin tüğyan etdiyi bu ölkəyə qaytarmaqla, "beynəlxalq hüququ pozmaqda" təqsirləndirib.

Həqiqətən də, cəmi bir neçə il əvvəl Avropada "multikulturalizmin iflasa uğradığını" bəyan etmiş Merkelin gözlənilmədən yüz minlərlə qaçqına qucaq açmaq qərarına gəlməsinin səbəbini anlamaq çətindir. O, bunu həqiqətən düşünmədən edir. Çünki artıq indi onun özü Avropa hökumətlərinin vəziyyəti nəzarətdə saxlamaq iqtidarında olmadığını etiraf edir. Yanvarın 20-23-də Davosda keçiriləcək Dünya İqtisadi Forumuna səfəri təxirə salmış Merkel birdən-birə cinayət törətmiş miqrantların deportasiyası prosedurunun sadələşdirilməsi təklifini irəli sürüb. Miqrantların Almaniya ərazisində hərəkət azadlığının məhdudlaşdırılmasını Almaniyanın Saar torpağının daxili işlər naziri Klaus Buyon da vacib sayır. Almaniyanın vitse-kansleri Ziqmar Qabriel isə düşünür ki gələcəkdə qaçqınların Almaniya ərazisində konkret olaraq harada yaşamalı olduqları göstərilməlidir.

Bəs, alman siyasətçiləri Köln hadisələrinədək nə düşünürdülər? Antiqlobalçıların nümayişini, futbol fanatlarının yürüşlərini böyük həvəslə əngəlləyən Almaniya hökuməti Yeni il bayramı zamanı vəziyyətə niyə nəzarət edə bilməyib? Miqrasiya üzrə Beynəlxalq Təşkilat qaçqınların əksəriyyətini gənc kişilərin təşkil etdiyini bildirir. Bəs, Almaniya bu məsələnin öhdəsindən hansı yolla gəlməyi düşünür? Axı, əksər araşdırmalar cinslər arasında balansın ciddi şəkildə pozulduğu cəmiyyətlərdə zorlama, seksual təhrik faizlərinin yüksək olduğunu göstərir. Hətta miqrant kriminal və terrorçu keçmişə malik deyilsə belə (əksəriyyəti həqiqətən belə keçmişə malik deyil), pulsuz, əyləncəsiz, əks-cinsin olmadığı, darıxdırıcı düşərgədə yaşayan, üstəlik, boş vaxtı həddindən artıq çox olan qaçqın hər an pis əməllərə əl ata bilər. "Bir çox gənc suriyalı, əfqan, mərakeşli çalışqan işçiyə, dürüst vergi öləyicisinə çevrilə bilər. Lakin bəzi "qaçqın"lar xoş münasibətə rəğmən, polisləri - zəif, qadınları - ov, demokratları isə - axmaq sayacaqlar. Onlar klanların, mütəşəkkil dəstələrin üzvünə çevriləcək, islamçı əsgərlərin sayını artıracaqlar", - deyə "Frankfurter Allgemeine Zeitung" yazır. Üstəlik, miqrant problemi Avropa üçün heç də yenilik deyil. Avropanın bir sıra şəhərlərində miqrant məhəllələri çoxdan mövcuddur. Polis əməkdaşları həmin məhəllələrdən mümkün qədər uzaq durmağa çalışır. Paris isə əsl miqrant qiyamı ilə yaxşı tanışdır. Nəhayət, minlərlə insanın Almaniyaya üz tutması, üstəlik, onların əksəriyyətinin lazımi səviyyədə yoxlanılmaması rəsmi Berlini niyə narahat etməyib? Parisdə polis məntəqəsinə hücumla bağlı aparılmış araşdırmalar şok faktlar üzə çıxarıb: güllələnmiş terrorçu Almaniyada, sığınacaq axtarışında olan insanlar üçün nəzərdə tutulmuş mərkəzlərin birində yaşayıb, qanunsuz silah alveri və narkotik maddələrin dövriyyəsinə görə həbsdə olub, 5 il müddətinə Fransada qeyri-leqal həyat sürüb, özünü ya tunisli, ya mərakeşli, ya da gürcü kimi qələmə verib. Yəni, məsələn, Rusiya, Ukrayna və ya Azərbaycan vətəndaşı Amaniyaya getmək istəyirsə, onun nəsil-nəcabəti araşdırılır, psixoloji və maddi durumu müəyyənləşdirilir, başqalarına isə dərhal yaşıl işıq yandırılır.

Fərq nədədir? Fərq statusdadır - Şimali Afrikadan və Yaxın Şərqdən olan köçkünlər rəsmi olaraq qaçqın adlandırılırlar. Qaçqın üçün isə istənilən demokratik dövlətdə yardım, müdafiə nəzərdə tutulur. Üstəlik, onlara gələcəkdə ailələrinə qovuşmaq şansı yaradılır. Bu insanların deportasiyası isə çox çətindir. Bunun üçün məhkəmə qaçqını vətənində təhlükənin gözləyib-gözləmədiyini müəyyənləşdirməli, belə təhlükə varsa, qaçqının özü hər hansı təhlükənin olduğunu deyirsə, o, heç bir halda vətənə göndərilmir. Almaniyanın vitse-kansleri, iqtisadiyyat və energetika naziri Ziqmara Qabriel deyir: "Biz burada oğurluq edən insanı cəlladların gözlədiyi vətəninə göndərə bilmərik". Roma Papası Fransiskin dediyi kimi, öz vətəndaşlarının müdafiəsi ilə miqranta yardım arasında balansa əməl olunmalıdır. Yəni, miqrant heç bir halda dilindən, ənənəsindən, dinindən, mədəni və əxlaq normalarından imtinaya məcbur edilə bilməz. Əlbəttə ki, bu zaman miqrantın Almaniyanın dəyərlərinə və ənənələrinə hörmət etməsi də şərtdir. O da insan haqlarına hörmətlə yanaşmalı, ən azı, dini və gender bərabərliyini qəbul etməlidir. 

Bütün bunlar çox gözəldir. Lakin görünən odur ki, bunlar təcrübədə əlçatmazdır. Aİ-nin rəhbər vəzifələrində kifayət qədər olan multikulturalizmin müdafiəçiləri bir sualın cavabını bilmirlər; məsələn, miqrantların ənənələri, mədəni normaları kişi-qadın bərabərliyinə ziddirsə, nə etməli? Bu cür ziddiyyətlər nəticəsində, insanlar seçim etmək məcburiyyətində qalırlar: ya sən miqrantı "məcbur edir/qəbul etmir/deportasiya edirsən", ya da tədricən, özün öz dəyərlərini, həyat yolunu dəyişirsən. Kölnün meri Genrietta Reker, deyəsən, birinci yolu seçib. O, qadınlara özlərinə qarşı mümkün seksual təhrik hallarına şərait yaratmamağı məsləhət görüb. Bu, yəqin ki, geyimdə, hərəkətetmədə müəyyən məhdudiyyətləri nəzərdə tutur. Bəs alman qadınları multikultural dəyərlər naminə buna getməyə razı olacaqlarmı? Bu sual hələ ki, açıq qalır. Qərb dünyasının tolerantlıq və fərdiyyəçiliyə baş əyməsi bizim gözümüz qarşısında çox paradoksal vəziyyət yaradıb - hansısa azlığın (etnik, dini, seksual və s.) hüquqlarını pozmamaq istəyi siyasi nəzakətin despotizminə gətirib-çıxarır və nəticədə, artıq çoxluğun hüquqları ciddi şəkildə pozulmağa başlayır.

Digər yandan, hər şeyi müxtəlif mədəni və maddi dəyərlərin üzərinə atmaq da olmaz. Hər halda, Tunisin, Mərakeşin, Misirin və digər Şimali Afrika və Yaxın Şərq ölkələrinin kurortlarında Avropa qadınına heç kəsin toxunmadığını, onların bəzi hallarda toples gün şüası qəbul etdiklərini, gecə klublarını dolaşdıqlarını, kafelərə çimərlik paltarında gəldiklərini çoxları görüb. Və onlar qəflətən evlərində, Avropanın mərkəzində gözlənilməz halla qarşılaşırlar. Axı Kölndəki hücumlar gecənin qaranlığında deyil, açıq şəkildə, insanların gur olduğu meydanda, yerli, alman kişilərin gözləri qarşısında baş verib. Düşünmək olardı ki, kütlənin bu cür özündənçıxması Avropada deyil, yalnız "ərəb baharı"nın tüğyan etdiyi Qahirədə, Təhrir meydanında baş verə bilərdi. 

Məlum olduğu kimi, Qahirədə cinayətkarlar aranın qarışmasından, hakimiyyətdə, hüquq-mühafizə strukturlarındakı xaosdan istifadə edərək, elə meydanda qadınları zorlayırdılar. Eyni sözləri Köln haqqında demək mümkün deyil. Bəs onda nə baş verir? Deyəsən, bu sualın cavabı havadan asılı vəziyyətdədir.

Hakimiyyət və polis tərəfindən bu cinayətlərə proporsional və sərt cavabın olmaması ("qaçqın" statusuna baxmayaraq), cəmiyyətdə millətçiliyə, ksenofobiyaya yol açır. Yəni, əslində, hakimiyyətin ən qorxduğu, problemi ört-basdır etməklə yayınmağa çalışdığı vəziyyət yaranır. Avropa diplomatiyasının rəhbəri Federika Moqerini son dərəcə müdrikcəsinə bildirib ki, "avropalı qadınlara qarşı zorakılıq hallarına Avropaya kütləvi miqrant axınından əvvəl də rast gəlinib" və "milliyyətindən, mənşəyindən asılı olmayaraq, yaxşı və pis insanlar var". Bəla ondadır ki, miqrant və ya neonasist olmasından asılı olmayaraq, müdriklik kütləyə xas deyil. Odur ki, millətçi şüarların, ksenofob qrupaşmaların, başıqırxıq özünümüdafiə dəstələrinin peyda olması heç zaman təəccüblü olmamalıdır. Nə qədər ki, dövlət miqrant problemini nəzarətə götürmək əvəzinə, öz "nasist"lərinə təzyiq göstərəcək, cəmiyyətdə gərginlik o qədər güclü olacaq. Leypsiqdə PEQİDA-nın yerli qanadının "Onları deportasiya edin!" şüarı ilə keçirdiyi antiimmiqrant aksiyası talanla, polislə toqquşmalarla və həbslərlə bitib. Yanvarın 10-da Kölndə naməlum şəxslər 6 pakistanlıya hücum edib, nəticədə, onlardan 2-si yaralanıb. Bir qədər sonra daha bir suriyalı da yaralanıb. Bəlkə də bu insidentlər nəticəsində heç bir günahı olmayan, kiminsə xətrinə dəyməyi, sataşmağı düşünməyən insanlar zərər çəkib. Hər halda, ölkədə sağçı-populist "Almaniya üçün alternativ" partiyasının populyarlığı artmaqdadır. Köln polisinin məlumatına görə, pnevmatik tapança əldə etmək üçün lisenziya almağa çalışanların sayı kəskin şəkildə artıb. Mövzuya aid olmasa da, bir faktı nəzərinizə çatdıraq ki, Üçüncü Reyxin məğlubiyyətindən sonra, Almaniyada ilk dəfə Hitlerin "Mayn kampf" kitabı dərc olunub. Və bütün bunların fonunda, Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf məsələləri üzrə naziri Gerd Müllerin yaxın illərdə Almaniya və ümumilikdə, Avropaya 8-10 milyon qaçqının üz tutacağına dair proqnozu adamı daha çox narahat etməyə başlayır...



MƏSLƏHƏT GÖR:

484