18 May 2024

Şənbə, 14:20

ORKESTR-İNSAN

Dirijor, Azərbaycanın Xalq Artisti R. MƏLİKASLANOV: "İstanbulda Azərbaycanın bütün simfonik musiqisi mənim əlimdən keçib"

Müəllif:

02.02.2016

O, həyatını iki şeysiz təsəvvür etmir: musiqi və orkestrə rəhbərlk etmək. Yıxılaraq ciddi zədə aldığı, əlil arabasının köməyilə hərəkət etdiyi dövrdə belə, işsiz qala bilməyib - bu vəziyyətdə də dirijorluq edib. Tanınmış azərbaycanlı dirijor, Azərbaycanın Xalq Artisti, İstanbul Konservatoriyasının professoru Ramil MƏLİKASLANOV 20 ildən çoxdur ki, İstanbulda yaşayır. Bu günlərdə o, Bakıya gəlib. İşinin çoxluğuna baxmayaraq, maestro həyatı, işi və gələcək planları barədə danışmaq üçün "R+"la söhbətləşməyə vaxt tapıb.

- Uşaqlığınız, ailəniz barədə danışın. Necə oldu ki, dirijorluq peşəsini seçdiniz?

- Əcdadlarım musiqinin beşiyi olan Qarabağdan çıxsalar da, ailəmizdə musiqiçi olmayıb. Babam Xudadat Məlikaslanov müstəqil Azərbaycanın qurucularından olub. Parlamentin üzvü, yollar, poçt və teleqraf naziri olmuş babam Azərbaycanın təşəkkülü barədə aktı imzalamış şəxslərdən biridir. Atam professor, texniki elmlər doktoru olub və Bakının neft institutlarının birində çalışıb. Övladlarım və nəvələrimin də musiqiyə adiyyəti yoxdur. Mən, sadəcə, ziyalı ailəsində böyümüşəm və hamı mənə musiqi öyrətmək barədə düşünüb. Ələlxüsus da nəzərə alsaq ki, konservatoriya yaxınlıqda yerləşirdi. Əvvəlcə İsaak Mixayloviç Turiçdən violonçel dərsləri aldım. Daha sonra Sabir Əliyevin tələbəsi oldum. O, öz tələbələrini Mstislav Rostropoviçə göstərirdi. Lakin bir alətdə ifa etmək məni razı salmırdı. Daha çox şey istəyirdim - orkestr. Nəticədə ilk cəhddən Peterburq Konservatoriyasının dirijorluq fakültəsinə daxil oldum. Orada SSRİ xalq artisti, professor Eduard Petroviç Qrikurovdan dərs aldım. Dirijor kimi ilk sınağım Bakıda, Opera və Balet Teatrında oldu. Orada mənə yalnız uşaqlar üçün "Qırmızıpapaq" tamaşaçında dirijorluq etməyi öyrətdilər. Teatra işə götürüldüm. Halbuki, hələ konservatoriyada təhsilimi başa vurmamışdım. Elə bu vaxt radio və televiziya nəzdində simfonik orkestrin yaradılması barədə xəbərlər yayıldı və mən bədii rəhbər Cahangir Cahangirovun dəvəti ilə artıq 28 yaşımda Azərbaycan Dövlət Televiziya və Radio Komitəsi sədrinin otağından simfonik orkestrin dirijoru kimi çıxdım. Bir sözlə, hər şey uğurlu alınırdı. Həyatım boyunca 6 il İraqda, Misirdə və Makedoniyada işləməli olmuşam. Lakin son dayanacağın İstanbul Konservatoriyası oldu. Yaradıcı insan üçün oranın şərtləri daha yaxşıdır. Əlimdə orta səviyyəli tələbə orkestri var idi. İndi o, beynəlxalq səviyyəyə yüksəlib. Hər bir ifaçını istər musiqiçi, istərsə də insan kimi tanıyıram. Onların hər biri mənim əlimdən keçir. Çox diqqətlə seçim aparıram. Onlar, əsasən, universitetin tələbələridir. 100 nəfərdirlər, türklər. Amma orkestrə kənardan da gəlirlər: almanlar, isveçrəlilər, kanadalılar və digərləri. Səviyyə uyğundursa, onları orkestrə qəbul edirəm. Simfonik opera hazırlığı kafedrasına rəhbərliklə yanaşı, gənclərdən ibarət orkestrlə də məşğul oluram. Yeri gəlmişkən, orkestr fransız sistemilə işləyir - tələbələrin yanında təcrübəli musiqiçilər də əyləşir. Onlar 20 nəfərdir. Bu, orkestrdə yer alan tələbələrin hazırlıq səviyyəsinə müsbət təsir göstərir. Biz bu orkestrlə bütün dünyanı gəzirik.

- Fəaliyyətinizdə Azərbaycan klassik musiqisini təbliğ edirsinizmi?

- Bəli, əlbəttə. Bundan başqa, hər bir çıxışımızda Azərbaycan haqqında məlumat veririk. Konsertlərdə, festivallarda əsas proqramla yanaşı, azərbaycanlı müəlliflərin əsərlərini səsləndiririk və bu, adətən dinləyiciləri valeh edir. Tez-tez "bis"ə Qara Qarayevin əsərləri səsləndirilir. Azərbaycanın bütün simfonik musiqisi mənim əlimdən keçib, biz demək olar ki bütün Azərbaycan musiqisini ifa etmişik. Onların çoxu ilk dəfə səsləndirilib. Bundan başqa, biz öz video və səsyazma studiyamızı yaratmışıq. Orada disklər ən yüksək səviyyədə yazılır. Buna əlbəttə ki, universitetin böyük maddi dəstəyilə, lakin öz gücümüzlə nail oluruq.

- Türkiyədə klassik musiqiyə münasbət necədir?

- Çox yaxşı. Bu ölkədə klassik musiqiyə münasibət uşaqlıqdan aşılanır. Pullu və ya pulsuz konsertlərə düşmək çox çətindir. Əksər hallarda anşlaq olur. Orada klassik musiqini gənclər də dinləyir. Belə konsertlərə bilet tapmaq, demək olar ki, mümkün deyil. Konsertlər, adətən, ağzınacan dolu zallarda keçirilir. Bəzi hallarda insanlar konserti pilləkənlərdə əyləşərək dinləyirlər. Halbuki, İstanbulda 5-6 orkestr var. Hələ mən az qala hər bir mədəniyyət mərkəzində rast gəlinən özəl orkestrləri saymıram. Həmin mərkəzlərdə də simfonik musiqi dinləmək, tamaşa və ya film izləmək mümkündür. Bir çox hallarda musiqiçilər bir neçə orkestrdə çıxış edir. Türkiyədə musiqi tədrisi də ən yüksək səviyyədədir. Musiqi dərsi almaq istəyənlər kifayət qədərdir və onların qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Odur ki, mən Türkiyədə işləməklə mənəvi həzz yaşayıram. Hesab edirəm ki, mənim taleyim elə bu imiş.

Konservatoriyada dirijorluq dərsləri də keçirəm. Mənim "İşıq" universitetinin filarmoniya kamera orkestrim var. Onunla da qastrollara yollanırıq. Rizvan Sadırxanov, Yusif Həsənov, Anar İbrahimov və digər tanınmış həmvətənlərimiz onlarla birlikdə çıxış edirlər. Hesab edirəm ki, indi mümkün qədər çox sayda istedadlı gənc dirijorları önə çəkməliyik ki, 10 il sonra onlar beynəlxalq səviyyəyə yüksəlsinlər. Ən başlıcası, gənclərdən ibarət orkestrimiz seçimlərin çətin olduğu bir şəraitdə Almaniya və Fransada nüfuzlu Bethoven festivallarında iştirak etmək hüququ qazanıb. 2002-ci ildə isə biz Bethoven festivalında iştirak uğrunda mübarizə aparmış və qalib gəlmişik. Demək olar ki, musiqinin "Oskar"ını qazanmışıq. Bu səbəbdən də 2013-cü ildə Bethoven festivalına dəvət almışıq.

- Maestro, sizi daha çox nə cəlb edir - opera və balet tamaşalarının musiqisini, yoxsa sırf simfonik musiqi ifası?

- Mənim üçün bu, xüsusi önəm daşımır. Əsas odur ki, yaxşı musiqi və layiqli ifa olsun.

- Bu cür gərgin rejimdə belə şənlik, nikbinlik, yaradıcılıq həvəsi haradandır?

- Bu, gənclərlə, yaradıcı insanlarla ünsiyyətdən gəlir. Yaradıcılığın ömrü uzatdığını bilirsiniz? Əslində, mən istədiyimi əldə etmişəm. Mənim üçün istər musiqiçilərin, istərsə də qədirbilən dinləyicilərin vəcdə gəlmiş simalarını görmək böyük xoşbəxtlikdir. Demək, boş yerə yaşamamısan, əməyin, öyrəndiklərin itməyib.

- Hansı bəstəkarlara üstünlük verirsiniz? 

- İlk növbədə, Motsarta, Bethovenə, Malerə, Şostakoviçə, Qara Qarayevə, Fikrət Əmirova.

- Necə işləməyi sevirsiniz?

- Mənim qaydalarım sərtdir: iş günü üçün planlaşdırdıqlarımı vaxtında yerinə yetirməliyəm. Odur ki, mənim yarımçıq işim qalmır.

- Bakıya gələn zaman burada çıxışlarınız olurmu?

- 2009-cu ildə öz orkestrimi vətənə gətirmişdim. Ondan yaxşı təəssüratlar qalıb. XI Qəbələ festivalında iştirak etmişik. Bu musiqi forumu çox yüksək səviyyədədir. Düşünürəm ki, onun böyük gələcəyi var.

- Deyirlər, siz şən hadisələrin "kolleksioner"isiniz. Bizə bu "kolleksiya"nızdan nəsə danışa bilərsinizmi? 

- Məmnuniyyətlə. Mən lətifələri sadəcə toplamağı deyil, onları danışmağı da sevirəm. Bilirsiniz ki, Sovetlər dönəmində ərlə-arvadı xaricə o qədər də həvəslə buraxmırdılar. Bu səbəbdən də kişilər öz xəstəliyi ilə bağlı əlavə ərizə yazırdılar; məsələn, mən hipertonikəm və ya ürəyim ağrıyır və demək, mənə qulluq edilməlidir. Hərtərəfli orijinal insan olan Slava Rostropoviç isə bunun tam əksini yazır: "Mən tamamilə sağlam bir kişiyəm. Odur ki, xanımımın mənimlə birlikdə xaricə getməsinə icazə verin. Musiqiçilərin qastrol səfəri elə olur ki, artist istənilən ruh halında, səhhətilə bağlı istənilən vəziyyətdə özündə səhnəyə çıxmağa, heç nə baş verməmiş kimi, çıxış etməyə güc tapmalıdır".

Daha bir lətifə yadıma düşür. Gipsdə yatan xəstəyə yaxınlaşan həkim ondan səhhətinin necə olduğunu soruşur. Xəstə: "Həkim, mən sağalandan sonra skripka çala biləcəyəm?". "Əlbəttə", - deyə həkim cavab verir. Xəstə: "Axı mən heç vaxt skripka çala bilməmişəm". 

Danışacağım daha bir əhvalat isə bəxt barədədir. Deməli, Bakıya gəlməzdən əvvəl mən xanımımla birlikdə Neapola baş çəkdik. Orada ardarda 7 gün Jorj Bizenin "Karmen" operası səhnəyə qoyulmuşdu. Operaya biletin çox baha olmasına baxmayaraq, bir il əvvəldən hamısını almışdılar. Konsertin başlamasından xeyli əvvəl oraya gəldik və təsəvvür edin ki, alverçilərdən bilet tapa bildik. San-Karlo teatrında dirijor Zubina Meta da daxil olmaqla, dünyanın dahiləri çıxış edirdilər.

- İstirahət etməyə, hobbinizlə məşğul olmağa vaxt tapırsınız?

- Düzünü desəm, İstanbulda buna vaxtım olmur. Bakıda, Bilgəhdəki bağ evimdə olan zaman isə balıq tutmağa gedirəm. Ov yaxşı alındıqda 20-dək qonaq çağıra, onları özümün hazırladığım türk balıq kotletinə qonaq edə bilərəm. Bu kotletin reseptini də açıqlayım: əvvəlcə balıq sümüklərdən təmizlənməlidir. Daha sonra onu soğanla qarışdıraraq, farş hazırlamaq lazımdır. Bundan sonra farşa "Kaşar" sarı Türkiyə pendiri əlavə olunur, kotlet hazırlanır, una batırılır və qızardılır. Qarniri içərisinə kök və yaşıl noxud əlavə edilmiş qaynanmış düyüdən hazırlamaq yaxşı olar. Bu yeməyi istənilən balıqdan hazırlamaq mümkündür.

- Yaxın gələcəklə bağlı planlarınız nədən ibarətdir?

- Bu ilin aprelində İstanbulda ilk dəfə olaraq Fikrət Əmirovun "Nizami" simfoniyasının ifasını planlaşdırırıq. Mayda isə opera solistlərilə konsert verəcəyik. Orada populyar operalardan ariyalar və ansamblları dinləmək mümkün olacaq.

- Maestro, sizə möhkəm cansağlığı, müvəffəqiyyət və yaradıcılıq uğurları arzulayırıq.



MƏSLƏHƏT GÖR:

537