5 May 2024

Bazar, 05:01

QARŞILIQLI ƏLAQƏ

Qlobal böhranın təsirlərinin önlənilməsi tədbirləri əhalinin fəal şəkildə məlumatlandırılması ilə müşayiət olunmalıdır

Müəllif:

02.02.2016

Qlobal böhranla əlaqədar yaranmış çətin iqtisadi vəziyyət öz qaydalarını diktə edir. İndi hər birimiz yalnız özümüz və ailəmizlə deyil, nə qədər pafoslu səslənsə də, həm də həmvətənlərimizlə bağlı məsuliyyətli olmalıyıq. Kimin nə deməsindən asılı olmayaraq, vətəndaş məsuliyyəti, vətəndaş həmrəyliyi boş sözlər deyil. Hazırkı çətin durumdan çıxmaqda bizə məhz o kömək edəcək.

"Bu gözlənilməz vəziyyətdən çıxış yolunu dövlət, hökumət və vətəndaşlar birlikdə tapmalıdır", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bidirib və bununla da faktiki olaraq, dövlətlə ictimaiyyətin fəaliyyətində koordinasiyanın vacibliyini göstərib.

Bundan başqa, prezident bütün çıxışlarında hazırkı vəziyyətdə əsas məsuliyyətin ön xətdəki insanların - qərarları qəbul edən və onlara görə cavab verən vəzifəli şəxslərin üzərinə düşdüyünü təsadüfən vurğulamır. Onlar ölkədə sabitliyin asılı olduğu hər bir qərarında şəffaflığın təmininin vacibliyini anlamalıdırlar. Onlar hər bir əməllərini, sözlərini ictimaiyyətə izah etməli, insanları mütləq qaydada məlumatlandırmalıdırlar. Bu, insanların təşvişə, nizamsızlığa aparıb-çıxaran şayiələrə, uydurmalara inanmamaları üçün vacibdir.

Manatın devalvasiyasından sonra baş vermiş kiçik etiraz aksiyaları da məhz "qarşılıqlı əlaqənin" yoxluğunun nəticəsi idi və üçüncü qüvvələrin ondan istifadə etməyə çalışdıqlarına şübhə yoxdur. Hiss olunurdu ki, insanları daha çox milli valyutanın azalması faktı və onun mümkün nəticələri deyil, cavabdeh strukturarın susması nəticəsində yaranmış qeyri-müəyyənlik narahat edir.

Şayiələr əsasında qızışmış ehtiraslar dövlət başçısının məsələyə şəxsən müdaxilə etməsindən sonra söndü. Yeni ilin ilk ayında Prezident İlham Əliyev hökumətlə 3 toplantı keçirdi, qlobal böhranın mənfi fəsadlarının qarşısını almaq üçün hökumətin atacağı addımlar haqqında ictimaiyyətə məlumat verdi, əməkhaqlarının, pensiyaların, əhallinin aztəminatlı təbəqəsi üçün müavinətlərin artırılmasına dair 20-dən çox fərman və sərəncam imzaladı.

Sual yaranır: həqiqətənmi, hər kəsin yuxudan ayılması üçün məsələyə şəxsən prezident müdaxilə etməli idi?

 

Məlumatlısansa, deməli, silahlısan

Bəzi dövlət strukturları sanki insanlarda onların fəaliyyəti ilə bağlı xoş fikrin yaranmasında maraqlı deyillər. Belə deyilsə, onların gizlənmək, danışmamaq, doğru informasiya verməkdən yayınmaq istəkləri nə ilə bağlıdır?

Məntiqsizlik yaranır: ictimaiyyətə vaxtında obyektiv informasiya çatdırmaqda maraqlı olmayan dövlət strukturları müvafiq olaraq, bu informasiyanı "yaratmır". Nəticədə, jurnalist məlumat qıtlığı üzündən, dəqiqləşdirilməmiş xəbərlər yayır, baş verənlərdən xəbərsiz olan vətəndaş isə dezinformasiyalarla dolu mühitdə hər xəbərə inanmağa başlayır;

məsələn, artıq qeyd etdiyimiz kimi, milli valyutanın devalvasiyasının elan olunduğu vaxt iqtisadi qurumlar özlərini yaxşı tərəfdən göstərməyiblər. Onlar vəziyyətə aydınlıq gətirilməsi üçün jurnalistlərin iştirakı ilə bircə miqyaslı tədbir keçirməyiblər. Nəticədə, insanlarda sabaha əsaslı inamsızlıq yaranıb - ciddi dövlət strukturları susmağa üstünlük verirsə, apokalipsis hissi yaranır. Halbuki, bundan qaçmaq olardı.

Bütün bunların nəticəsində ikinci əl valyuta bazarında ajiotaj baş qaldırıb: Mərkəzi Bank ikinci, bu dəfə, təxminən, 50%-lik devalvasiya elan edib və milli valyutanın "üzən məzənnə"yə keçdiyini bəyan edib, banklar xarici valyuta ilə qeyri-nağd əməliyyatları belə dayandırıb, valyutadəyişmə məntəqələrində dollar və avro qeybə çəkilib, sonda isə ümumiyyətlə, valyutadəyişmə məntəqələri bağlanıb. Bütün bunların fonunda baş verənlərlə bağlı rəsmi izaha, gələcək planlarla bağlı informasiyaya rast gəlinməyib. İşbazların varlanmaq üçün yeni devalvasiya dalğasının olacağına dair şayiə yaymasına bundan yaxşı şərait ola bilərmi?!

Daha bir "stəkanda fırtına" nümunəsi kimi, yanvarın əvvəlindən Azərbaycanda 850 adda dərmanın satışına qadağa qoyulacağına dair yayılmış məlumatları göstərmək olar. Bu barədə xəbərdə, hətta zərərsiz yod və askorbin turşusunun da satışına qadağa qoyulacağı bildirilirdi. Bu xəbər yayılar-yayılmaz sosial şəbəkələr əvvəlcə "silkələndi", daha sonra "partladı". "Bu, nə deməkdir?! İndi biz analginsiz, spazmalqonsuz, askorbin turşusuz necə yaşayacağıq?!" - deyə hiddətlənmiş xalq sual edirdi. Bu vəziyyət Səhiyyə Nazirliyinin məlumatı təkzib etməsinədək davam etdi. Məlum oldu ki, söhbət yalnız xüsusi icazə olmadan satılan əczaçılıq vasitələrindən gedir. Sən demə, Səhiyyə Nazirliyinin Dərman Preparatlarının Analitik Ekspertizası Mərkəzi (DPAEM) bu cür monitorinqləri ayda bir dəfə aparır. Sadəcə, indiyədək jurnalistlərdən heç birinin ağlına Səhiyyə Nazirliyinin saytına mütəmadi olaraq yerləşdirilən bu xəbərdən sensasiya yaratmaq fikri gəlməyibmiş. Bu dəfə isə Səhiyyə Nazirliyinin təkzib hazırlamasınadək bəzi məsuliyyətsiz KİV-lər bundan istifadə etdilər - səs-küy qaldıraraq, onsuz da yeni devalvasiya dalğasından sonra yaranmış ümumi bədbinliyi bir az da artırdılar.

Vəziyyətə tam aydınlıq yalnız prezidentin rəhbərliyi ilə keçirilmiş iclasdan və parlamentin yanvarın 19-da keçirilmiş növbədənkənar sessiyasında hökumətin iqtisadi blokunun rəhbərlərinin də iştirakı ilə baş tutmuş geniş müzakirələrdən sonra gəlib. Yəni, ictimaiyyətin ölkə iqtisadiyyatında nələrin baş verdiyini, hökumətin hər hansı plana malik olub-olmadığını bilməsi üçün 1 ay vaxt tələb olunub. Halbuki, belə hallar üçün böhran kommunikasiyası deyilən bir mexanizm mövcuddur. Onun əsas şərti isə kifayət qədər aydındır: "Özünə qapanma!".

Sıravi vətəndaşların islahatlara göstərə biləcəkləri ilk yardım ictimai sabitliyi dəstəkləmələridir. Bunun üçün isə onlar məlumatlandırılmalıdır. Operativ və dəqiq informasiya şayiələrin yayılmasının qarşısını alır, ictimaiyyətin əsəblərini sakitləşdirir. Bu mənada, qonşu Rusiyanın təcrübəsini nümunəvi hesab etmək olar. Orada Qərblə sanksiya savaşının başlanmasından dərhal sonra, nazirlərin mütəmadi mətbuat konfransları ənənəyə çevrilib.

Bununla yanaşı, mütəxəssislərin fikrincə, əhali ilə ünsiyyət peşəkar səviyyədə qurulmalıdır. Çünki təcrübəsiz kommunikatorlar vəziyyəti daha da korlaya bilər.

 

Dövlət strukturları ünsiyyəti bacarmalıdır

Bu işdə əsas rol mətbuat xidmətlərinin üzərinə düşür. Özünə hörmət edən hər bir qurumun və strukturun mətbuat xidməti var. Jurnalistikanı tədris edən Zeynal Məmmədli deyir ki, mətbuat xidmətlərinin funksiyası, ilk növbədə, əhalini strukturun fəaliyyəti haqqında məlumatlandırmaqdır. Digər tərəfdən, o, təmsil etdiyi qurumun maraqlarını da təmsil edir. "Əgər rəsmi strukturlar, nazirliklər, qurumlar ictimaiyyəti yalnız baş verənlərlə deyil, həm də planlaşdırılan işlərlə bağlı vaxtında məlumatlandırarsa, gözlənilməz hadisələr insanlarda şok yaratmaz", - deyə ekspert qeyd edir.

Anlamaq lazımdır ki, istənilən strukturda PR xidməti və mətbuat xidməti bənzər olsalar da, fərqli funksiyalara malikdirlər. 

Z.Məmmədlinin sözlərinə görə, reallıqda Mətbuat Xidmətinin əsas rolu strukturun təbliğatının aparılmasıdır və bu, ictimai anlamda onları "beşinci təkər"ə çevirir.

Əməkdar jurnalist, tənqidçi, jurnalistika müəllimi Qulu Məhərrəmli də hesab edir ki, hazırkı şəraitdə mətbuat xidmətlərinin işi PR xidmətlərinin fəaliyyətinə bərabər tutulsa da, mətbuat xidmətləri jurnalistikaya daha yaxındır. Problem ondadır ki, mətbuat xidməti informasiyanı ictimaiyyyətə birinci şəxsin (strukturun rəhbərinin) razılığı olmadan təqdim edə bilmir. "Əksər hallarda onlar press-relizlərlə kifayətlənirlər, bu sənədlərdə isə hadisənin, tədbirin və ya faktın mahiyyəti səthi olur, faktlar bəzən şişirdilir. Bu, media və jurnalistika qaydalarına uyğun deyil. Mətbuat xidmətləri müstəqil olmalıdır. Lakin reallıqda onların fəaliyyəti tənzimlənir və razılaşdırılır", - deyə Q.Məhərrəmli qeyd edir.

Mətbuat xidmətlərinin funksiyasına KİV-lə əməkdaşlıq da daxildir - xoşbəxtlikdən, texnologiyalar bunun üçün geniş imkanlar açır. Sadəcə, mətbəx debatları, boş söhbətlər və səthi mülahizələr üçün şərait yaratmaq yox, onlardan məharətlə istifadə etmək lazımdır. Hər bir məmurla obratnoy svəzi üçün bütün şərait yaradılmalıdır.

Biz burada fəaliyyətində mətbuat xidmətlərinə böyük rol verən və bunu etməyən strukturları adbaad sadalamayacağıq. Yalnız sonuncuların daha çox olduğunu deyə bilərik. Amma məsələnin mahiyyəti başqadır - dövlət strukturları anlamalıdırlar ki, hazırkı şəraitdə vətəndaşların görülən işlər haqqında operativ və keyfiyyətli informasiya ilə təmin edilməsi islahatların aparılmasından heç də az əhəmiyyət daşımır.

Vətəndaş sualına cavab tapmaq üçün məmuru axtarmalı deyil. Əksinə, məmur ictimaiyyətdə yaranacaq istənilən sualı cavalandırmağa hazır olmalıdır. Prezident İlham Əliyevin də dəfələrlə dediyi kimi, "Hər bir dövlət məmuru, o cümlədən də prezident xalqın xidmətçisidir. Xalq bizə etibar edib. Biz də bu etimadı, inamı hər gün doğrultmalıyıq".



MƏSLƏHƏT GÖR:

461