18 May 2024

Şənbə, 16:14

ÖZ HESABINA ZƏRƏR

Devalvasiya ilə əlaqədar xərclərin artmasına baxmayaraq, sığorta şirkətləri tarifləri yüksəltməyi planlaşdırmır

Müəllif:

02.02.2016

Neftin qiymətinin düşməsi və milli valyutanın məzənnəsinin azalması Azərbaycanın, demək olar ki, maliyyə sektorunun bütün istiqamətlərinə təsir edib. Lakin hətta bu cür çətin şərtlərdə sığorta bazarı ümumilikdə artımın müsbət dinamikasını saxlaya bilib. Sığorta sferasında cari vəziyyət və birincinövbəli sabitləşdirici tədbirlər Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) bu yaxınlardakı iclasında müzakirə predmeti olub. 

ASA-nın məlumatlarına görə, ötən il ölkənin sığorta şirkətlərinin xətti ilə 442,9 milyon manat sığorta haqqı toplanıb. Bu, 2014-cü illə müqayisədə 3,2% çoxdur. Müqayisə üçün Azərbaycan iqtisadiyyatı üçün son dərəcə uğurlu 2013-cü ildə ölkənin sığorta şirkətləri 18% nəzərəçarpacaq artım templərini təmin edərək, 405,6 milyon manat toplamışdılar. Bu cür artım templəri əvvəlki beş ilin ən yaxşı göstəricisi kimi qəbul edilmişdi.

Dəyişikliklər ölkədə fəaliyyət göstərən 26 sığorta şirkətinin daxilolmalar strukturuna da toxunub. Belə ki, əvvəlki illərdə könüllü sığortanın payına bütün toplanmış vəsaitlərin üçdəikisi, qalanları isə icbari növlərin payına düşüb. Lakin ötən ildə sığortanın könüllü növlərinin payı yığımların ümumi stukturunda 281 mln. manat təşkil edərək, 63,4%-dək azalıb. Bu isə 2014-cü ilin göstəricisindən 1,3% daha azdır. Əksinə, icbari sığortanın payı artıb: sığorta haqlarının yığım səviyyəsinə görə, 162 mln. manata yaxın. Bu seqment sahədə ən çox illik artım tepmini - 12,1% təmin edib. 

Oxşar vəziyyət 2008-10-cu illərdəki qlobal böhran illərində də baş vermişdi. İstehsalın azalması və satışın düşməsi ilə üzləşən yerli sahibkarlar birincidərəcli əhəmiyyət kəsb etməyən xərcləri azaltmışdılar. Və təəssüf ki, sekvestr qoyulan xərclər siyahısına çox vaxt könüllü sığorta sferası da salınmışdı. 

Daha çox zərərgörənlər sırasında - könüllü avtomobil sığortası sahəsidir: burada neqativ proseslər hələ 2014-cü ildə Mərkəzi Bankın avtomobillərin alışının bank kreditləşməsi qaydalarının sərtləşməsinə dair qərarından sonra başlayıb. 

Bu, təəccüblü deyil, nəzərə alsaq ki, KASKO üzrə sığorta polisləri, əsasən, bank avtokreditləri ilə reallaşdırılırdı. 2015-ci ildə avtomobil idxalının ikiqat azalması sığortaçılar üçün fəaliyyət meydançasını daha da azaltdı. Bu amillərə görə ötən ildə KASKO-sığortası üzrə yığımlar 28,3 mln. manat təşkil edərək, 25,3% azalıb. 

Öz növbəsində manatın devalvasiyası icbari avtomobil sığortası sahəsinə zərər vurub: "İcbari avtomobil sığortası üzrə sığorta şirkətlərinin itkisinin səviyyəsi 50%-ə, inzibati və digər xərclər isə artdıqca 80-90%-ə çatır", - ASA-nın rəhbəri Orxan Bayramov hesab edir. Məsələ ona görə çətinləşib ki, nəqliyyat vasitələrinin sahiblərinin vətəndaş məsuliyyəti sığortası dövlətlə tənzimlənir və onların artırılması məsələsi hələlik gündəmdə deyil. Ona görə də sığortaçılar xərcləri elektron onlayn-satışı genişləndirməklə, inzibati xərclərin azaldılması və agentlərin vasitəçilik xidmətləri hesabına azaltmaq niyyətindədirlər. 

Könüllü avtomobil sığortası sahəsində tariflərin müəyyən edilməsinə gəldikdə, ötən il assosiasiyanın üzvləri Dövlət Sığorta Nəzarəti Xidməti ilə birgə KASKO-nun dəyərinin hesablanması üçün mexanizm işləyib hazırlamışdılar. Bu tariflər bazar iştirakçılarının hər birinin KASKO portfelinin səviyyəsinə aid ediləcək. Belə ki, ziyanın həcmi az olduqqda tariflər minimallaşdırılmalı, yüksək itkilər zamanı isə bu həddi müəyyən səviyyədən aşağı göstərmək olmaz. 

Tibbi sığorta sahəsində fəaliyyət göstərən təxminən yeddi şirkət ciddi problemlər yaşayır: bu istiqamət dərman preparatlarının qiymətinin qalxması eləcə də klinika və diaqnostika mərkəzlərində qiymətlərin yüksəldilməsi fonunda zərərli olur. "Sığortaçılar tibb müəssisələri ilə danışıqlara başlayıblar, onlar əlavə güzəştlərin verilməsinə ümid edirlər, habelə çox vaxt dərman preparatları və reaktivlərinin bahalaşması ilə bağlı olmayan xidmətlərin qiymətinin yüksəldilməsinin əsaslandırılmasını təklif ediblər. Bu və ya digər özəl klinikadan güzəşt rəddi aldıqda, sığortaçılar əməkdaşlıqdan imtina etmək və öz müştərilərini digər klinikalara yönəltmək hüququnu özlərində saxlayırlar", - O. Bayramov hesab edir. Onun sözlərinə görə, bu cür tədbirə haqq qazandırmaq olar, çünki sığortaçıların tarifləri devalvasiyadan sonra dəyişməyib. Lakin onlar klinikalarda heç həmişə əsaslandırılmış bahalaşma ilə qarşılaşmayıblar. Digər tərəfdən, bu sahədə vəziyyət banklar və iri şirkətlər (könüllü tibbi sığorta sferasında ənənəvi olaraq əsas sayılan müştərilər) tərəfindən "sosial paket" adlanan korporativ xərclərin azalmasına görə çətinləşib. 

Ümumilikdə, manatın devalvasiyasına baxmayaraq, Maliyyə Nazirliyi icbari sığorta növlərində tariflərin yüksəldilməsini planlaşdırmır və sığortaçılara komissiya haqları, elektron xidmətlər, vicdansız agentlərə qarşı kəskin reaksiya göstərmək və s. hesabına bu növlər üzrə zərəri azaltmağı tövsiyə edib. Öz növbəsində, Dövlət Sığorta Nəzarət Xidmətinin ekspertləri güman edirlər ki, hazırda sığorta şirkətləri daşınmaz əmlakın icbari sığortası sahəsində yeni satış kanallarının axtarışları üçün daha çox səylər sərf etməlidirlər. Azərbaycanda daşınmaz əmlakın icbari sığortası 2011-ci ildən fəaliyyət göstərir. Ötən ildə isə bu fəaliyyət növü üzrə yığımlar əvvəlki illə müqayisədə 45,5% artaraq 25,3 mln. manat təşkil edib.

"Azərbaycanda sığorta şirkətləri üçün vergi güzəştləri tətbiq etməyə zərurət yoxdur", - Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov hesab edir. Onun sözlərinə görə, 2009-2012-ci böhrandan əvvəlki dövrlərdə kapitallaşmanın genişləndirilməsi, maliyyə sahəsinin artım templərinin sürətləndirilməsi və xidmətin yüksəldilməsi məqsədilə sığorta, təkrar sığorta şirkətləri və banklar gəlir vergisindən azad edilmişdilər. Lakin bu gün sığortaçıların kapitallaşmasının yaxşı səviyyəsi nəzərə alınmaqla, bu cür güzəştlərin vacibliyi mövcud deyil. Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbərinin sözlərinə görə, ölkənin sığorta sektoru maliyyə bazarının digər iştirakçılarından nəzərəçarpacaq dayanıqlığı ilə seçilir. Belə ki, bazar iştirakçılarının məcmu kapitalın tələblərinin yerinə yetirilməsi ilə bağlı problemi yoxdur, şirkətlərin aktivlərinin strukturu da bütövlükdə qənaətbəxşdir.

"Manatın fevralda məzənnəsinin düşməsindən sonra əksər sığorta şirkətləri vəsaitlərini xarici valyutaya keçirdilər, bununla da, ötən ilin dekabrında devalvasiyanın ikinci dalğası onların kapitalına təsir etmədi. Üstəlik, manata çevirdikdə sığortaçıların resursları artdı", - deyə N. Xəlilov qeyd edib.

Qeyd etmək lazımdır ki, yerli sığorta şirkətlərinin inkişafına mane olan köhnə problemlərin qarşısını almaq məqsədilə, ötən il Maliyyə Nazirliyi Azərbaycan sığorta bazarının 2015-2017-ci illərdə inkişafına dair tədbirlər planını təsdiq edib. 

Burada nəzərdə tutulan tədbirlər bir neçə istiqaməti, o cümlədən sığortaçıların və digər mənfəət əldəedənlərin maraqlarının daha səmərəli müdafiə mexanizmlərinin tətbiqi, həyat sığortasının inkişafı və Non-life seqmenti, kadr potensialının möhkənləndirilməsini əhatə edir. Həmçinin icbari sığortanın bir neçə yeni növlərinin tətbiqi gözlənilir. Xüsusən, müəyyən sahələrdə məşğul olan sahibkarlar və mütəxəssislərin peşəkar məsuliyyətlərinin, habelə onların üçüncü şəxslər qarşısında məsuliyyətinin sığortalanması planlaşdırılır. Həyat sığortası sahəsində məşğul olan şirkətlər üçün investisiya alətlərinin genişləndirilməsinə yönəlmiş qanunverici dəyişikliklər də nəzərdə tutulub. Yeni normativlər şirkətlərə müxtəlif pul aktivlərinə, o cümlədən daşınmaz əmlaka sərmayə yatırmaq hüququ verəcək. Daha uzaq perspektivdə Maliyyə Nazirliyi nəqliyyat vasitələrinin sahiblərinin vətəndaş məsuliyyəti sığortası üzrə sığorta məbləğini tədricən artırmaq, həmçinin sığorta halı nəticəsində avtomobil və daşınmaz əmlaka dəyən ziyanın hesablanmasının yeni standartlarının hesablanmasını nəzərdə tutur. Bütövlükdə isə sığorta bazarının inkişaf perspektivləri qeyri-neft - şübhəsiz, Azərbaycanın bütün maliyyə artımının əsas drayveri olan sektorun inkişaf dinamikası ilə bağlıdır. Bununla belə, ekspertlər istisna etmirlər ki, əlverişli şəraitdə yaxın on ildə sığorta bazarının həcmi milyard dollara yaxınlaşaraq, ikiqat arta bilər.


MƏSLƏHƏT GÖR:

478