19 May 2024

Bazar, 14:03

SÜKUT VƏ PARILTI RƏSSAMI

Rəşad MEHDİYEV: "İstedad, sanki, bir almazdır - parlaması üçün o, biliklərlə cilalanmalıdır"

Müəllif:

07.02.2016

Rəşad Mehdiyev əməkdar rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Rusiya İmperator Akademiyasının fəxri akademikidir. Onun rəsmləri Azərbaycanda və dünyanın müxtəlif ölkələrində dövlət və fərdi kolleksiyalarda saxlanılır. Rəşad Mehdiyev BMT-nin Avropa nümayəndəliyində sərgisi təşkil olunmuş yeganə azərbaycanlı rəssamdır. Hazırda o, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında gənc rəssamlara bu sənətin incəliklərini öyrədir.

- Rəşad, Azərbaycanın xalq rəssamı Rafiq Mehdiyevin ailəsində doğulmusunuz. Uşaqlığınız haqda danışın...

- Uşaqlığımda atamın emalatxanasına tez-tez baş çəkirdim. Onun rəsm əsərlərini necə çəkdiyini müşahidə edir, atamın işlərinə baxırdım. Evdə atam rəsm çəkmirdi, nadir hallarda, sadəcə, eskizləri hazırlayırdı. Hesab edirdi ki, ruhlanmaq üçün sakitlik, təklik vacibdir. Bizdə isə həmişə səs-küy, şənlik idi. Atamın dostları bizə tez-tez qonaq gələrdilər: rəssamlar, yazıçılar, musiqiçilər, alimlər... Mənim üçün onları müşahidə etmək, söhbətlərini, fikirlərini dinləmək maraqlı idi. Anam dadlı xörəklər bişirərdi və adlı-sanlı qonaqları məmnuniyyətlə Azərbaycan xörəklərinə qonaq edərdi. Belə günlərdə evimiz, sanki, incəsənət adamlarının qapalı klubuna çevrilərdi. Bu cür anlarda sanki içimə qeyri-adi enerji dolurdu və nə vaxtsa onlar kimi məşhur rəssam olmağı arzulayırdım (gülür). O dövrdə uşaqların arzuları, düşüncələri başqa idi. Biz indiki uşaqlardan fərqlənirdik. Mənim uşaq olduğum dövrdə insanların prioritetləri fərqli idi. Bu gün isə əksər tələbələr özlərini uğurlu, varlı biznesmen, vəkil və ya səfir görürlər. Biz hər ay ailəvi Moskva yaxınlığında, Senej gölünün sahilində yerləşən rəssamların Ümumittifaq istirahət və yaradıcılıq evinə gedirdik. Orada bədii emalatxanalar açılır, müxtəlif sərgilər, simpoziumlar keçirilir, gənc istedadlar üçün yaradıcı məktəblər fəaliyyət göstərirdi. Dünyaca məşhur rəssam olmağı arzulayan uşaq kimi, mənim üçün o zaman bu, dünyanın ən maraqlı, qəribə məkanı idi. Orada əsl yaradıcı həyat var idi: güclü ideyalar, bədii fikirlər. Mən daim hərəkətdə olan, ilham axtaran rəssamların işini müşahidə edir və düşünürdüm: "Doğrudanmı, mən də nə vaxtsa bu cür dəli, ağılsız olacağam?"

2-3 il sonra, 14 yaşım tamam olduqda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil oldum. Daha sonra SSRİ-nin əsas ali məktəblərindən biri olan V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasına qəbul olmağa hazırlaşırdım. Artıq bu ali məktəbi necə fəth eləcəyim haqda düşünürdüm. Lakin SSRİ-nin dağılması və 1989-1990-cı illərdə Azərbaycanda məlum faciəvi hadisələrin başlanması planları dəyişdi. Ölkənin qarışdığı bir dönəmdə atam məni uzağa buraxmaq istəmirdi. Nəticədə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunmaq qərarına gəldim. Sonradan təhsilimi Memar Sinan adına İstanbul Gözəl Sənətlər Universitetində davam etdirdim. Türkiyədə təhsilimi başa vurduqdan sonra Bakıya qayıtdım, iki il müddətinə öz universitetimizdə assistenturada (mədəniyyət və incəsənət sahəsində yaradıcı-ifaçı ixtisası üzrə kadrların ali məktəbdən sonra hazırlıq forması) oxudum, dissertasiya müdafiə etdim və doğma ali məktəbimdə müəllimliyə başladım. 2000-ci ildə müəllim heyətimizi prezident Heydər Əliyevin sərəncamı ilə yeni yaradılmış Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına köçürdülər.

Yeri gəlmişkən, bu gün bəziləri düşünür ki, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin dövrü keçib və onu bağlamaq vaxtıdır. Guya, rəssamlıq təhsili almaq üçün bir neçə ilini məktəbdə itirmək lazım deyil, birbaşa Rəssamlıq Akademiyasına daxil olmaq, ali təhsil haqda diplom almaq olar... Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi rəssamlıq üzrə təhsili sisteminin vacib bəndidir və o, bu sahədə kadrların hazırlıq səviyyəsində ciddi təsir göstərir. Yeri gəlmişkən, vaxtilə Tahir Salahov, Ömər Eldarov, Sakit Məmmədov, Nadir Əbdürrəhmanov, Arif Hüseynov, Toğrul Nərimanbəyov və bir sıra digər məşhur Azərbaycan rəssamları bu məktəbi bitiriblər. Onların hər biri xaricdə ölkəmizə şöhrət gətirib, yaradıcılıq Olimpinin zirvəsinə yüksəliblər. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində tələbələr rəssamlıq sənətinin prinsiplərini, metodlarını, üsullarını mənimsəyirlər. Onlar bu təhsil ocağının xüsusi atmosferində "bişir", orada ən yaxşı, faydalı şeyləri öyrənirlər. Tələbələrin orada öyrəndikləri gələcəkdə onlara mütləq lazım olur. Məktəbin təhsilini Rəssamlıq Akademiyasında davam etdirmək qərarına gələn məzunları bu ali məktəbə hazır, necə deyərlər, "silahlanaraq" gəlirlər. Bizim üçün də akademiyanın müəllimləri olaraq, bu cür tələbələrlə işləmək ləzzət verir...

Düşünürəm ki, əla rəssam olmaq üçün Allahın verdiyi istedad, ilham kifayət deyil. Təkmilləşmək, çox oxumaq, incəsənətin tarixini öyrənmək, bu və ya digər rəssamın yaradıcılıq üsulu haqda təsəvvürə malik olmaq lazımdır... Öz işinin peşəkarı olmaq üçün daim öyrənmək, eksperimentlər aparmaq, istedadını inkişaf etdirmək, ona nəzarət etmək, müasir dünyanı dolduran və məqsədə nail olmağa maneə yaradan artıq informasiyaları özündən uzaqlaşdırmaq lazımdır. Odur ki, tələbələrimə daim bir şeyi deyirəm: İstedad sanki bir almazdır - parlaması üçün o, biliklərlə cilalanmalıdır.

- Fərdi sərgiləriniz haqda danışın. Sizin üçün onların ən əhəmiyyətlisi hansıdır?

- Həm Bakıda, həm də xaricdə 10-dan artıq fərdi sərgim olub. Onların hər biri mənim üçün vacib və əhəmiyyətlidir. Lakin bir sərgim xüsusi önəm daşıyır. Bu, 2006-cı ildə Vyanada, BMT-nin mənzil-qərargahında keçirilmiş sərgidir. O zaman Avstriyada yaşayırdım və Azərbaycanın Vyanadakı art-rezidenti idim. Azərbaycanın Xarici İşlər Nazirliyi sərginin təşkili üçün mənim namizədliyimin irəli sürülməsi təklifilə çıxış etmişdi. Nəticədə, ərizə verdim. Vyanada ərizəmə baxış üçün üç ay lazım gəldi və sonra sərgi baş tutdu. 

- Rəşad, atanız sizə faydalı məsləhətlər veribmi? O, yaradıcılıq prosesinə müdaxilə edirdimi? 

- Məsləhətləri, əlbəttə ki, olurdu. Lakin heç zaman məni heç nəyə məcbur etməyib. Hər zaman hər şeyə özümün nail olmalı olduğumu deyirdi. Öz yolunu özün getməlisən. Ali məktəbləri "tapşırıq"sız oxumuşam. Çox oxuyur, rəsmlər çəkir, eksperimentlər edirdim.

- Rəsmləriniz necə yaranır? Sizə ilham verən nədir?

- İstənilən şeydən ruhlana bilərəm: səyahətdə, oxuyarkən, hətta yuxuda olarkən. Rəssama ideya iki halda gəlir: bu və ya digər ideyanın daşıyıcısı kimi, şüurlu şəkildə, ya da qəlbdən gələn irrasional bir şey kimi. Peşəkar rəssam ağılla ruhu birləşdirməyi bacarmalı, lakin onlardan hansınınsa üstünlük təşkil etməsinə imkan verməməlidir. Hər şeydə harmoniyaya əməl olunmalıdır... (fikrə gedir)... Əslində, mənim üçün özümün rəssamlıq istiqamətimə dəqiq tərif vermək çətindir. Düşünürəm ki, bu, formal və real rəssamlığın qarışığıdır.

- Əsərləriniz sanki daxildən işıq saçır: bu effektə necə nail olursunuz? Xüsusi texnikadan istifadə edirsiniz?

- Heç bir xüsusi effektdən istifadə etmirəm. İşıq saçmaq uzun-uzadı və ağır işin nəticəsidir. Odur ki, mənim xüsusi sirrim yoxdur. Sadəcə, əşyaya ruh verməyə çalışıram...



MƏSLƏHƏT GÖR:

618