29 May 2024

Çərşənbə, 00:11

QƏRİBƏ ADAM...

O, bu boyda dünyanın içərisində özünün qurduğu dünyada yaşayırdı

Müəllif:

16.02.2016

Qəribəlik Qədir Rüstəmovun yalnız həyata, insanlara münasibətində, xasiyyətində, düşüncə tərzində, söhbət-lərində, davranışında deyildi. Onun səsi, ifası da qəribəydi. Azərbaycan muğamları, xalq mahnıları Qədir Rüstəmovun səsində yanıqlı bir naləyə dönür, pünhan dərdlərlə dilləşir, həmsöhbət olurdu. 

O biçimdə səsin, elə bənzərsiz ifaçılıq qabiliyyətinin sahibinin görünmək - radioda, televiziyalarda, konsert salonlarında oxuyub, məşhurlaşmaq kimi bir qayğısı yox idi. Eləcə bu boyda dünyanın içərisində qurduğu öz dünyasında yaşayırdı... 

Ağdam rayonunda 1935-ci ilin 29 noyabrında dünyaya gəlmişdi Qədir Rüstəmov. Böyük bir ailədə böyüyüb, boya başa çatdı. Ailədə doqquz uşaq idilər. Anası Südabə xanım evdar qadınıydı. Ağdamdakı dəri tədarükü zavodunda işləyən atası Çərkəzin qazancı ilə dolanırdılar. Böyük Vətən müharibəsinə yollanan Çərkəz kişi yaralandığı üçün ordudan tərxis edilmişdi. İllərsonra həmin yaralar da ölüm səbəbi oldu.

Evin ortancıl övladıydı Qədir Rüstəmov. Uşaqlıqdan çox nadinc olsa da, ailənin sevimlisiydi. Bir də gözəl səsi hələ kiçik yaşlarından onu sevdirirdi. Evlərinin qabağında, geniş həyətlərində dayanıb-oxumaqdan xoşu gəlirdi. İlk dinləyiciləri - ailə üzvləri, qonşuları onu tərifləyirdilər. Sonralar özünəməxsus səsi, gözəl avazı olduğunu el-obada bilməyən qalmadı. 

O əsrarəngiz səs Qədir Rüstəmova sanki nəslin əmanətiydi. Hər iki nəslində - həm ata, həm də ana tərəflərində hər kəsin gözəl səsi vardı.

Ağdam rayonundakı 3 saylı məktəbə getdi. Hafizəli olduğuna, dərsləri yaxşı qavradığına görə, müəllimləri onu tərifləsələr də, məktəbə çox da həvəsli deyildi. Yeddillik məktəbi bitirdikdən sonra, 1 saylı məktəbə getdi. Ancaq tezliklə başqa bir məktəbə keçməli oldu. Güllücə kənd məktəbinə getdi və məktəbi başa vurub Bakıya üz tutdu. 

1960-cı il idi. Sənədlərini Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinə verdi. İmtahanı ondan Hacıbaba Hüseynov götürdü. Ustad xanəndə qarşısında dayanmış arıq, çəlimsiz gəncdən soruşdu: "Bala, nə oxumaq istəyirsən?". "Çahargah", - dedi. Oxumağa başlayınca, imtahanı da, qarşısında dayandığı, muğamı dərindən bilən sənətkarı da unutdu. Hacıbaba Hüseynovu muğam oxumaqla heyrətləndirmək asan məsələ deyildi. Amma Qədir Rüstəmov bunu bacardı. İmtahandan müvəffəqiyyətlə keçdi. Hacıbaba Hüseynovun sinfində oxumağa başladı.

Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinə daxil olsa da, oranı başa vurmağa qoymadılar. Səbəbini belə söylədilər: "Solfecionu yaxşı bilmirsən". Əslində, bu, bəhanəydi. Sonralar 2 il Ağdam Orta İxtisas Musiqi Məktəbində təhsil aldı. Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbindən çıxarıldıqdan 28 il sonra isə yenidən həmin məktəbdə oxudu. 1990-cı ildə təhsilini başa vurdu. Diplomunu 30 ilə ala bildiyi məktəbdə sonralar onu işləməyə dəvət etdilər. 

Televiziyada ilk çıxışı 1971-ci ildə oldu. Tarzən Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblın müşayiəti ilə oxudu. O zaman Qədir Rüstəmov artıq tanınmış xanəndələrdən biri idi. Təkcə toylarda deyil, konsertlərdə, Azərbaycan Dövlət Filarmoniyasında çıxış edirdi. Ancaq çoxlarından fərqli olaraq, onu xarici ölkələrə qastrol səfərlərinə göndərmirdilər. Heç vaxt belə təklif almamasının səbəbini bilmirdi.

Hara gedirsə-getsin, gözü-könlü dünyaya göz açdığı yerlərdəydi. Ona görə 1972-ci ildə Ağdama qayıtdı. Özünə yurd-yuva qurdu. Qırx iki yaşında onunla eyni məhəllədə yaşayan Fatimə xanımla ailə qurdu. Dillərə düşən toy etdi. Toyunda musiqiçi dostları fəal iştirak etdilər. Qədir Rüstəmov öz toyunda da oxudu. 

Əslində, o vaxta qədər onun həyatından bir sevgi keçmişdi. Bu sevginin bəhrəsi olan Azər adlı oğlu sonralar gözəl ifaçı kimi tanındı... 

Fatimə xanımla evliliyindən isə 3 övladı - bir qızı və iki oğlu oldu. Qədir Rüstəmovu ən çox təəssüfləndirən bu idi: uşaqları dədə-baba yurdunda yox, qaçqın evlərində böyüdülər.

Ermənilərin Qarabağa əsassız torpaq iddiaları böyük faciələrə səbəb oldu. 1992-ci ilin fevralında ermənilər Xocalını işğal edəndə, həlak olmuş azərbaycalıların cənazələri helikopterlə Ağdama gətirilirdi. Köməyə gedənlərdən biri də Qədir Rüstəmov idi. "O gün gördüklərim məni ölənədək yandıracaq", - deyirdi xanəndə. 

Hələ Qarabağda ağır döyüşlər getdiyi günlərdə, ellərimiz, obalarımız erməni işğalçıları tərəfindən talan ediləndə, yaxından, uzaqdan tanıdığı soydaşları qətlə yetriləndə, Qədir Rüstəmov ümidini itirmirdi. İnanırdı ki, məkrli qonşuların arzuları ürəklərində qalacaq. Ustad xanəndə əlinə silah almasa da, gününün çoxunu döyüşçülərimizin yanında keçirirdi. Oxuduğu xalq mahnıları ilə, muğamlarla əsgərlərimizi ruhlandırırdı.

Lakin müharibə bir çoxları kimi, Qədir Rüstəmovu da ağır dərdlə sınağa çəkdi. Yurd-yuvasından didərgin düşdü. Böyük həvəslə, zəhmətlə gözəl ev-eşik düzəltmişdi Ağdamda. Bağ-bağçalı həyətində müxtəlif növ quşlar, heyvanlar saxlayırdı. Zəngin kitabxanası vardı. Evinin yuxarı başında isə məşhur rəssam Səttar Bəhlulzadənin "Dağlar" əsəri asılmışdı. Bu əsəri Qədir Rüstəmova ad günündə Ağdam Rayon Mədəniyyət Şöbəsindən bağışlamışdılar. Qardaşının ona hədiyyə etdiyi radioqəbuledicinin içərisində Cabbar Qaryağdıoğlunun, Keçəçioğlu Məhəmmədin və Xan Şuşinskinin qədim valları var idi. Onların hamısı evi ilə birlikdə erməni işğalçılarının əlinə keçdi. 

Yurdundan didərgin düşən xanəndəyə Bərdədə salınmış çadır düşərgəsində yaşamaq üçün yer verildi. Uşaqlarını gətirmək üçün getdi. Qayıdanda çadırı yerində görmədi. Ailəsini Oğuza apardı. Bir evdə kirayə yaşadılar. Orada da uzun müddət qala bilmədilər. İnternata sığındılar. Yenə çox əziyyət çəkdilər. Sonra Bakıya köçdülər. İllərsonra xanəndənin burada üçotaqlı evi oldu. Amma bu ev Qarabağdakı evinin yerini vermədi. Hərdən Ağdamda qoyub-gəldiyi radioqəbuledicidə qalan o qədim val da düşürdü yadına. Gözlərini yumub, saatlarla onu dinləmək istəyirdi. O zaman torpaq həsrətini bütün ağrısıyla, acısıyla yenidən yaşayırdı. 

Bu dünyadan başqa umacağı yox idi. Var-dövlətdə, malda, pulda, şöhrətdə heç vaxt gözü olmamışdı. Öz istedadı, məşhurluğuyla öyünmək ona yad idi. Ona "böyük sənətkar" deyilməsini istəmirdi. Bəlkə, bütün bunlar xanəndənin təvazökarlığından, ötkəmliyindən, sadəliyindən başqa bir də arxayınlığından irəli gəlirdi. Qədir Rüstəmov lap gənclik illərindən xalqının qəlbindəki yerini də, Azərbaycan musiqi mədəniyyəti tarixində adını da bəlli etmişdi. Bunu bilməyənmi vardı?  Özündənəvvəlki və özündənsonrakı bütün sənətkarlardan səsi-sənəti ilə seçilirdi. Onun oxuduğu "Rast", "Çahargah" və başqa muğam dəstgahları, "Sona bülbüllər", "Apardı sellər Saranı", "Laçın", "Ay dili-dili", "Sarı gəlin" və digər xalq mahnıları könülləri fəth etmişdi. Unudulmuş xalq mahnılarımızdan bir çoxu onun ifası ilə yenidən xatırlandı. Xüsusilə, "Sona bülbüllər" mahnısı Qədir Rüstəmova böyük şöhrət qazandırdı.

Səs imkanları geniş olan sənətkarın opera səhnəmizə də dəvət etdilər. Ancaq "Teatr mənlik deyil", - deyib razılıq vermədi. Nə qədər təkid etsələr də, xaraktercə inadkar, dəymədüşər xanəndəni Məcnun rolunda çıxış etməyə razı sala bilmədilər. 1981-ci ildə yazıçı Anarın "Uzun ömrün akkordları" ssenarisi əsasında film çəkiləndə, onu Cabbar Qaryağdıoğlu rolunu oynamağa dəvət etdilər. Qədir Rüstəmov bu dəfə də razılaşmadı. Anar özü gələndən sonra, filmdə çəkilməyə etiraz etmədi. Çəkilişlər Şuşada oldu. Əvvəl fikir belə idi: rolu Qədir Rüstəmov oynayacaq, ifa Cabbar Qaryağdıoğlunun olacaqdı. Amma Cabbarın valdakı səsi filmlə uyğun gəlmədiyindən, qərara gəldilər ki, elə Qədir Rüstəmovun səsini versinlər. Səsin yazılması üçün isə Bakıya gəlməli oldu. Filmin çəkilişi müddətində Qədir Rüstəmov gah parikdən, gah bığ-saqqaldan şıkayətlənirdi. Saqqalını dartıb-qoparır, "Məni nə kökə salmısınız?" - deyə gileylənirdi. Çəkiliş qrupu səbirlə onu sakitləşdirirdilər. 

Elə Qədir Rüstəmovu televiziyaya çəkilişə gətirmək də asan iş deyildi. Onun qazancı da, səhnəsi də toylar idi. Amma toyda da sifariş verilən hər mahnını oxumurdu. Xalq mahnıları, muğamları ifa etməkdən isə yorulmurdu. Heç vaxt fonoqramla oxumadı. Hərdən Dövət Televiziyasında könsert verirdi. Onda da canlı ifa edirdi. Fonoqramla oxumaq təklif olunanda ya imtina edir, ya da "Xəstəyəm" bəhanəsi ilə çəkilişə getmirdi.

Çox gec fəxri ad aldı. 1988-ci ildə Əməkdar artist, 1992-ci ildə Xalq Artisi, 1997-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edildi.

Qədir Rüstəmovun bu dünyadan bircə istəyi vardı. 77 yaşlı xanəndə yurduna dönmək, xəstəliklərin zəiflətdiyi canını o yerlərdə tapşırmaq arzusundaydı. Türkiyənin İstanbul şəhərindəki Acıbadem xəstəxanasında 3 ay amansız xəstəliklə mübarizə apardı. Lakin son arzusuna çatmadı. 2011-ci ilin 13 dekabrında Qədir Rüstəmovun vəfatı xəbəri sevənlərini, sənətinin, səsinin pərəstişkarlarını kədərə boğdu.


MƏSLƏHƏT GÖR:

529