17 May 2024

Cümə, 11:10

BÖHRANIN ACIĞINA

Budəfəki Cenevrə avtosalonunu iki kəlmə ilə xarakterizə etmək olar: sürət və dəbdəbə

Müəllif:

15.03.2016

86-cı Cenevrə avtosalonunda Azərbaycan yeganə qeydiyyatdan keçmiş jurnalistlə təmsil olunub. Söhbət Azərbaycan Avtodilerləri Assosiasiyasının sədri, "Avtoqraf" jurnalının baş redaktoru, eyniadlı verilişin müəllifi və aparıcısı  Natiq Zərbəliyevdən gedir. O, sərgi təəssüratlarını "Region Plus"un oxucuları ilə bölüşməyə lütfkarlıqla razılıq verib.

Bu avropalılar çox qəribə millətdir. İntensiv iqtisadi artımın qeydə alındığı illərdə ekologiya və qənaətlə məşğul idilər. Bütün böyük avtosalonlarda Avropanın tanınmış avtomobil istehsalçıları hibrid və ya elekron modellər nümayiş etdirir, alternativ mühərriklər düşünür, bərpaolunan enerji mənbələri axtarır, maşınların üzərində onun ətraf mühitə nə qədər zərərli maddə buraxdığını fəxrlə göstərirdilər. Lakin dünyada iqtisadi böhran başlayan, istehsal azalan, qaçqın axını artan kimi, dünənədək qənaət tərəfdarı olanlar sanki bir-birləri ilə yarışa girdilər. İndi onlar nə alıcının pulunun, nə yanacağın, nə də ekologiyanın qayğısına qalırlar - istehsalçılar bir-birindən güclü avtomobillər hazırlayırlar...

Budəfəki Cenevrə Beynəlxalq Avtosalonunu belə xarakterizə etmək olar: sürət və dəbdəbə, yaxud dəbdəbəli sürət. Bahalı "Bentley", "Rolls-Royce", "Lamborghini" və ya "Bugatti"yə baxan avropalılar sanki özlərinə təskinlik verirlər: böhran gəldi-gedər, gözəllik və güc isə əbədidir.

86-cı Cenevrə avtosalonunda gözəllik və güc kifayət qədər idi. Lakin avtomobil istehsalçılarının yenilikləri yalnız avropalılara istiqamətlənməyib: İsveçrə banklarında bütün dünyadan olan maqnat və oliqarxlar pul saxlayır və ərəb şeyxləri belə, "əl işi" olan nüfuzlu avtomobillərə xüsusi maraq göstərir. Görünür, "Brabus", "TechArt", "Hamann" və s. kimi tüninq atelyeləri də məhz bu səbəbdən Frankfurtda və ya Parisdə deyil, məhz Cenevrədə son dərəcə fəaldırlar. Bu atelyelərdə hazırlanmış hər bir avtomobil incəsənət və yüksək texnologiyalar əsəridir. Əlbəttə ki, onların qiyməti onsuz da ucuz olmayan baza modelinin qiymətindən xeyli yüksəkdir. Lakin bu cür maşınların alıcıları böhranlı illərdə belə, cah-cəlal içərisində yaşamağa vərdiş ediblər.

Ümumiyyətlə, İsveçrə qənaət ediləcək ölkə deyil. Saatlar, bıçaqlar, şokolad - qonaqlar aeroporta enər-enməz "meyxoş" olurlar. Biz isə təyyarədən enən kimi, avtoşounun təşkil olunduğu "Palekspo" sərgi kompleksinə yollanırıq. Pavilyonlar düz, iki gün yalnız qeydiyyatdan keçmiş jurnalistlər üçün işləyəcək. Bu gün isə "ilin avtomobili" seçilir. Nüfuzlu münsiflər Avropanın ən nüfuzlu avtomobil nəşrlərinin baş redaktorları və aparıcı icmalçılarından ibarətdir. Onların qərarı ilə "ilin avtomobili" yeni "Opel Astra" olur. Münsiflər maşının dizaynını, rahatlığını, təhlükəsizliyini, innovasiya texnologiyalarını, qiymət/keyfiyyət nisbətini və digər meyarları qiymətləndirirlər.

"Opel" nümayəndələri bayram edir, jurnalistlər üçün nadir bahalı şampan şərablarından olan "Moet" açılır. Yeri gəlmişkən, mən cəmi bir neçə saat sonra şəhərin mərkəzini gəzərkən elə həmin içkini birbaşa şüşədən içən "bomj" görürəm. O, (diqqət!) qızıl suyuna salınmış bağça bellərinin satıldığı mağazanın qarşısında, asfaltın üzərində oturmuşdu. Dedim axı, burada qənaət etmək istəmirlər. Bu səbəbdən də Cenevrə avtosalonundan danışarkən söhbət heç də qənaətcil avtomobillərin təqdimatından getmir...

 

Pis deyil, amma bizlik də deyil...

Sərgidə nümayiş olunan ən ucuz yeni avtomobil, yəqin ki, dördüncü nəsil "Renault Scenic" idi. Lakin şirkətin marketoloqlarının dediyi kimi, o, bizim bazarlar üçün yox, Avropa üçündür. Onlar haqlıdırlar. Çünki bizdə heç kəs bu kiçik fransız maşınına 30 min manat ödəməz. Ondansa, ənənəvi alman sedanına və ya yapon yolsuzluq avtomobilinə üstünlük verərik - yeni olmasa belə. Bizim üçün "Renault", ilk növbədə, ucuz "Logan" və "Sandero" taksi fəaliyyəti göstərmək və ya ailəni gəzdirəcək maşınlardır. Yaxşı ki, heç olmasa, "Duster" bizə gəlib-çatıb və maddi imkanı o qədər də geniş olmayan krossover həvəskarlarını xoşbəxt edib. Digər bazarlar üçün isə "Renault" premium sayılan "Espase" və "Talisman" modellərini buraxır. "Niyə mütləq premium seqmentə qaçmalısan ki? "Xalq" avtomobili sürmək o qədər ayıbdır ki?" - deyə şirkət nümayəndəsindən soruşuram. Cavab: "Yox, ayıb niyə olur? Biz müxtəlif regionlar üçün müxtəlif modellər nəzərdə tutmuşuq. Onların arasında "xalq" modelləri də, bir qədər nüfuzluları da var. Təəssüf ki, sizin ölkənizdə premium dedikdə, yalnız alman istehsalı olan avtomobillər nəzərdə tutulur".

Yeri gəlmişkən, tələb təklifi yaradır və yeni "Renault Scenic" yaxın zamanlarda rəsmi dilerin salonunda peyda olmayacaq. O, kiminsə xoşuna gəlirsə, qoy Avropadan alıb gətirsin. Deyim ki, maşın həqiqətən maraqlıdır, gözəldir, texnologikdir. O, 20 dyümlük təkərlərə malikdir.

Janrın tələblərinə uyğun olaraq, bu avtomobil geniş salona malikdir və içində xırda-xuruş üçün onlarca "cib" var.

Ön oturacaqların arasında hərəkət edən qoltuqaltı yerləşir. Onu bir hərəkətlə geri çəkmək, boşalan əraziyə çanta və ya digər böyüş əşya qoymaq mümkündür. Ön paneldə böyük planşet yeri var ki, onun da köməyi ilə multimedianı idarə etmək olur.

Yeni "Scenic"i ictimaiyyətə "Renault"nun baş dizayneri, köhnə dostumuz Lourens Van Den Aker ənənəsinə uyğun olaraq, ciddi kostyumda və yeni avtomobilin rəngində olan krossovkada podiuma çıxaraq təqdim edib. 

 

"Bentley"nin yeni flaqmanı

Əfsanəvi Britaniya istehsalçısı flaqman modeli sayılan "Mulsanne" modelini eyni vaxtda 3 versiyada təqdim edib: "sadə" "Mulsanne", bir qədər uzun "Mulsanne Extended Wheelbase" və "idmançı" "Mulsanne Speed". Yeni model əvvəlki seriyadan ilk növbədə paslanmayan poladdan hazırlanmış daha enli radiator şəbəkəsi, həmçinin yeni formalı kapot, bamperlər və alümin ön "qanadlar"ı ilə fərqlənir. Ön adaptiv fənərlər tamamilə ledtiplidir.

Avtomobilin ən baza versiyasında belə, son dərəcə rahat arxa oturacaqlar quraşdırılıb. Mühəndislər və dizaynerlər onları iftixarla "birinci sinif aviasiya oturacaqları" adlandırır. Avtomobilin salonu əsl dəbdəbə etalonu sayıla bilər. Seçim üçün 10 növdə dəri, ağac və şpon təklif olunur. Təqdimat zamanı şirkətin rəhbəri bir maraqlı faktı da açıqlayıb: bir maşının hazırlanmasına 400 insan/saat tələb olunur ki, onun 150-si salonun yığılmasına gedir.

8 dyümlük yeni informasiya sistemi, şübhəsiz ki, sürücünün və öndə əyləşən sərnişinin zövqünü oxşayır. 20 dinamikə və ümumilikdə, 2 200 Vt gücə malik 20 kannallı audiosistemi də qeyd etmək lazımdır!

Yeni "Bentley Mulsanne" 6,75 litr həcmində, 8 silindrli, 512 at gücünə malik mühərriklə təchiz olunub. Onun maksimal sürəti saatda 296 kilometrdir. "Mulsanne Speed", əlbəttə ki, daha sürətlidir: 537 at gücündə mühərrik maksimum saatda 305 kilometr sürətlə hərəkət edə bilir. Unutmayaq ki, söhbət "Formula-1" bolidindən yox, son dərəcə nüfuzlu, rahat limuzindən gedir.

Onu da qeyd edək ki, şirkət yeni flaqmanın 3 versiyası ilə kifayətlənməyib. Stendin dərinliyində, qapalı məkanda fərdi sifariş əsasında nadir avtomobillərin yığımı ilə məşğul olan "Mulliner" atelyesi tərəfindən hazırlanmış xüsusi model də yerləşdirilmişdi. O, "Mulsanne Grand Limousine" adlanır. Avtomobilin salonunda şpon ilə haşiyələnmiş qatlanan masalar, butulkaların, şampan şərabı süzülmüş büllur və hətta şəffaf metal qədəhlərin soyudulması üçün seksiya var. Elə həmin yerdə istənilən qacetin enerji ilə doldurulması üçün qurğu da yerləşir; yeri gəlmişkən, "aypad" vasitəsilə rahatlıq sistemini, həmçinin rabitə və əyləncə sistemlərini idarə etmək mümkündür.

Limuzin standart "Mulsanne" sedanından 1 metr uzun, 79 millimetr enlidir. O, altınəfərlikdir. Bununla yanaşı, arxada bir-birinin qarşısında qoyulmuş ayrı-ayrı 4 oturacaq var və onların hər birinin qarşısında qatlanan masa quraşdırılıb.

 

Yaxşıların yaxşısı

Artıq ardıcıl olaraq 12 ildir ki, hiperavtomobillərin yaradıcısı olan "Bugatti" eyni "Veyron" modelini təqdim edir. Lakin əvvəllər o, sensasiya sayılsa da, bir müddət sonra artıq adiləşdi. Həqiqətən də, hər dəfə kuzovun rəngini, salondakı "zinət əşyaları"nı dəyişməklə maşını nə qədər yeni model kimi təqdim etmək olar? Ədalət naminə qeyd edək ki, gücünə, sürətinə görə onun tayı yox idi: 16 silindrli, 1 001 at gücündə mühərrik. Sonradan bu göstərici mütəmadi olaraq artıb. "Koenigsegg" şirkətinin "One:1" modelini 1350 kiloqramlıq ("birdə-bir" adı da buradan götürülüb) avtomobili 1 350 at gücünə malik mühərriklə buraxmasından sonra isə o, ən güclü və sürətli seriya avtomobili statusunu da itirib. Və budur, sensasiya! Ötən əsrin tanınmış avtomobil yarışı ustasının şərəfinə adlandırılmış "Bugatti Chiron" 4 turbokompressorun hesabına 1 500 at gücündədir! Üstəlik, yeni soyutma, işəsalma və söndürmə, həmçinin təchizat sistemi... Bu, tamamilə yeni mühərrikdir. O, hiperavtomobilə adi rejimdə saatda 380, xüsusi rejimdə isə 420 kilomer sürətlə hərəkət etmək imkanı verir. Yeri gəlmişkən, nəzəri baxımdan maşının sürəti daha artıq ola bilərdi: buna təkərlərin dözümü imkan vermir. Əslində, maşının sürətölçmə cihazında maksimal sürəti saatda 500 kilometrdir! Təsəvvür edin, onun sürətyığma müddəti 13,6 saniyədir... Amma saatda 100 deyil, 300 kilometrlik sürəti! Avtomobil saatda 100 və 200 kilometrlik sürəti müvafiq olaraq 2,5 və 6,5 saniyəyə toplayır.

Avtomobil sərgidə hər kəsin diqqət mərkəzində idi. Deyəsən o, yalnız jurnalistləri və potensial alıcıları yox, həm də "kopipast" həvəskarlarını, daha dəqiqi, peşəkarları da maraqlandırmışdı. Hər halda, "Chiron"un yanında "Bugatti"nin çömələrək oturmuş, ətrafına toplaşdığı çinli mütəxəssislərlə söhbətləşən rəhbərini görmək maraqlı idi. Onların nə haqda danışdıqları eşidilmirdi. Lakin söhbətin maşının texnoloji xüsusiyyətlərindən getdiyinə şübhə yox idi. Jurnalistlər zarafatla deyirdilər ki, deyəsən, cənab Dyurxaymer özünə avtomobilin "saxta"sını sifariş etmək qərarına gəlib, çünki öz istehsalı olan avtomobili almağa heç özünün də pulu çatmaz. Hər zarafatda isə məlum olduğu kimi... Axı, "Bugatti Chiron" yalnız ən sürətli və güclü yox, həm də ən bahalı seriya avtomobilidir. Onun qiyməti 3 milyon avrodur...

Artıq qeyd etdiyim kimi, Cenevrə avtosalonu super və hipermaşın istehsalçılarının, həmçinin tüninq atelyelərinin fəallığı ilə fərqlənir. Məqsəd aydındır - Cenevrədə yaşayan zənginlərin öz maliyyə işlərinə cəlbi. Bəlkə kiminsə növbəti fərdi modelə "gözü düşdü". Bəs, onun diqqətini öz stendinə necə çəkəsən? Əlbəttə ki, "şerşe lə fam"! Cenevrə avtosalonu həm də ən gözəl sərgiçi qızları ilə yadda qalır. Maşın nə qədər eybəcərdirsə, yanında dayanmış qız o qədər seksualdır. Paradoks? Xeyr, norma. Nə etmək olar?



MƏSLƏHƏT GÖR:

463