17 May 2024

Cümə, 15:15

HƏDƏFDƏ ANKARADIR

Türkiyə ilin əvvəlindən neçənci dəfədir ki, amansız terror hücumuna məruz qalır

Müəllif:

15.03.2016

Türkiyə son ayda ikincimiqyaslı terror aktı ilə sarsılıb. Martın 13-ü yerli vaxtla saat 20:45-də paytaxtın düz mərkəzində minalanmış avtomobil partladılıb. Jurnal çapa hazırlanan zaman terror aktı nəticəsində ölənlərin sayı 37 nəfər idi. Partlayış zamanı yaralanmış 125 nəfərdən 20-nin vəziyyəti ağır olaraq qalırdı.

Avtomobil Güvən parkındakı avtobus dayanacağının yaxınlığında, insanların sıx toplaşdığı zaman partladılıb. İnsan tələfatının çox olması da bununla izah edilir. Partlayış nəticəsində 1 bələdiyyə avtobusu və bir neçə avtomobil tam yanıb.

Terror aktı hökumət binalarının yaxınlığında törədilib - Türkiyə Baş nazirinin qərargahı hadisə yerinin bir neçə yüz metrliyində yerləşir.

Terror aktının törədilməsində istifadə olunmuş avtomobil hələ yanvarın 10-da oğurlanıbmış. "Haberturk" telekanalının məlumatına görə, "BMW" markalı avtomobil Şanlıurfa şəhərində yaşlı qadından oğurlanıb, elə həmin gün Diyarbəkirə aparılıb, fevralın 26-da isə Ankaraya gətirilib.

İlkin məlumatlara görə, partlayışı iki kamikadze həyata keçirib. Onlardan biri kişi, digəri qadındır. Qadın terrorçunun şəxsiyyəti artıq məlumdur. Türkiyə KİV-in məlumatına görə, bu, Balıkəsir Universitetinin tələbəsi Səhər Çağla Dəmirdir. Məlumata görə, hazırda onun və 4 tələbə rəfiqəsinin barəsində qaldırılmış cinayət işi üzrə məhkəmə gedir. Səhər Çağla Dəmir, həmçinin Həmidə, Kader, Sürəyya Saklı bacıları və Yeşim Akyürək terrorçu Kürd Fəhlə Partiyası (PKK) ilə əlaqələrdə günahlandırılırlar.

Ümumilikdə, qaynar izlərlə terror aktının hazırlanmasında şübhəli bilinən 14 nəfər saxlanılıb.

 

Təsadüf, yoxsa qəsd?!

Türkiyədə terror təhlükəsi hər zaman yüksək olub. Lakin son aylarda ölkənin cənub-şərqində PKK terrorçuları ilə aparılan mübarizə, Suriya münaqişəsi və Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda belə aktların sayı xeyli artıb.

Türkiyəni sarsıtmış son miqyaslı, amansız terror aktının üzərindən heç 1 ay keçməyib: fevralın 17-də də törədilmiş terror aktı zamanı terrorçuların hədəfi Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının pesonalını aparan avtomobil olmuşdu. Həmin hadisə nəticəsində 28 nəfər həlak olmuş, 68 insan yaralanmışdı. O zaman partlayışa görə məsuliyyəti "Kürdüstanın azadlığı şahinləri" qruplaşması öz üzərinə götürmüşdü. Bu, PKK ilə əlaqəli qruplaşmadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sonradan jurnalistlərlə söhbətində terror nəticəsində 20-dən artıq hərbçinin həlak olduğunu etiraf etmiş, lakin onların adlarını və rütbələrini açıqlamamışdı.

Fevral terrorundan dərhal sonra, Türkiyə Prezidenti Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəng etmiş, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısına qatılmaq niyyəti ilə Bakıya nəzərdə tutulmuş səfəri təxirə saldığını bildirmişdi. O zaman toplantı qeyri-müəyyən vaxta təxirə salınmışdı. Cəmi bir neçə gün əvvəl isə Ərdoğanın Bakıya martın 15-də gələcəyi açıqlanmışdı. Və yenidən Ankarada terror aktı törədildi. Bundan başqa, martın 17-18-də Brüsseldə Aİ ilə Türkiyə miqrant böhranının həlli ilə bağlı razılaşma imzalamalı idilər. Bu, Suriya, İraq və digər qeyri-sabit regionlardan Avopaya miqrant axınını tənzimləməli idi. Bütün bunların təsadüf olub-olmadığını söyləmək çətindir. Üstəlik, Türkiyədə növbəti terror aktlarının mümkün olduğunu ABŞ-ın Ankaradakı səfirliyi də bir neçə gün əvvəl bəyan edibmiş. Səfirliyin saytında yerləşdirilmiş məlumatda ABŞ vətəndaşlarına insanların gur toplaşdıqları yerlərdən uzaq durmaları, xüsusilə hökumət binalarına yaxın ərazilərdə dolaşmamaları tövsiyə olunub.

Terror aktından sonra ABŞ səfirliyinin nümayəndələri bu məlumatı Türkiyə hökumətindən aldıqlarını təsdiqləyiblər. "Daily Sabah" xəbər verir ki, bunu kəşfiyyat məruzə edibmiş. Türkiyə mətbuatı yazır ki, ölkə kəşfiyyatı terror aktlarının martın 20-də törədilə biləcəyini müəyyənləşdiribmiş.

Ölkə başçısı R.T.Ərdoğan baş vermiş partlayışın əsas səbəbi kimi, son illər regionda yaşanan qeyri-sabitliyi göstərib: "Həlak olmuş insanların yaxınlarına başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzulayıram. Son illər regionda yaşanan qeyri-sabitlik Türkiyəni terrorçuların hədəfinə çevirib. Terrorçu təşkilatları və onlardan istifadə edənlər vətəndaşlarımızı hədəf seçiblər və ən alçaq, vicdansız yol ilə gedirlər. Bizim terrorçuluqla mübarizə əzmimiz daha da güclənir. Bu mübarizə uğurla bitəcək və terrorçular diz çökdürüləcək", - deyə Türkiyə Prezidenti qeyd edib.

Çətin anlarda qardaş xalqa ilk dəstək verənlərdən biri Azərbaycan Prezidenti olub. "Ankara şəhərində törədilmiş amansız terror aktı nəticəsində, çoxsaylı insan tələfatı xəbəri bizi olduqca kədərləndirdi", - deyə Azərbaycan Prezidenti İlham Əliyevin başsağlığı məktubunda bildirilir: "Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ona qarşı ən kəskin şəkildə mübarizəni vacib hesab edirik. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!".



MƏSLƏHƏT GÖR:

447