5 May 2024

Bazar, 11:40

MEDAL ÜCÜN İKİ TƏKƏRLƏ

Azərbaycan velosipedçiləri Olimpiya Oyunlarına üç lisenziya qazandılar

Müəllif:

01.04.2016

Azərbaycanın şose velosipedi üzrə elit yığması və "Synergy Baku Cycling Project" kontinental komandasının üzvü Maksim Averin bu ilin avqustunda Rio de Janeyroda keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib. Bununla bağlı Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) tərəfindən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinə və Azərbaycan Velosiped İdmanı Federasiyasına təsdiq məktubu göndərilib. Maksim Averin 4 illiyin zirvə yarışında ölkəmizi qrup yarışlarında təmsil edəcək.

Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından əvvəlki il ərzində velosipedçilər təmsil etdikləri qitələr üzrə klub və yığma səviyyəsində yarışlarda iştirak etməklə, Olimpiadaya lisenziya xalları toplayırlar. 2015-ci ildə "Synergy Baku"nun heyətində bir sıra yarışlarda uğurla çıxış edən Maksim Averin ümumilikdə 158 lisenziya xalı toplayıb ki, bu da Rio-de-Janeyroda qrup yarışlarında mübarizə aparacaq 142 velosipedçi sırasına düşmək üçün yetərli olub.

Məlumat üçün onu da bildirək ki, Maksim Averinin atası, Azərbaycan velosiped məktəbinin yetirməsi, 1978-ci il Dünya Turunun qalibi Aleksandr Averin 1976-cı ildə SSRİ yığma komandasının heyətində Monreal Yay Olimpiya Oyunlarında iştirak edib.

Ölkəmizin trek velosipedi üzrə qadınlardan ibarət yığma komandasının üzvü Olqa İsmayılova da XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək. İdmançımız mötəbər yarışa 2 lisenziya əldə edib. Qadın velosipedçimiz dördilliyin zirvə yarışında ölkəmizi həm sprint, həm də keyrin yarışlarında təmsil edəcək.

Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından əvvəlki 2 il ərzində (2014-2015 və 2015-2016-cı illər mövsümü) velosipedçilər dünya və Avropa çempionatları, Dünya Kuboku yarışları da daxil olmaqla iştirak etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar. Bu müddət ərzində bir sıra yarışlarda uğurla çıxış edən İsmayılova bununla da həm sprint, həm də keyrin növündə Olimpiadada iştirak hüququ əldə edən 27 velosipedçi sırasına düşməyi bacarıb.

Maksim Averin Rio Olimpiadasında iştirak edəcəyini böyük sevinclə qarşılayıb. Təəssüratlarını “R+”la bölüşən idmançı yayda karyerasının ən mötəbər yarışında iştirak etməyə hazır olduğunu bildirib: “Lisenziya qazanmağımda federasiyanın, məşqçilərin və "Synergy Baku Cycling Project" klubunun böyük əməyi oldu. Azərbaycan Olimpiya yığmasının heyətində Rioda çıxış edəcəyimə görə sevinirəm. Hazırda bütün fikrim Olimpiadaya yönəlib. Planetin ən böyük yarışında layiqincə çıxış etmək üçün gecə-gündüz çalışmağa hazıram. Olimpiada idmançılar üçün bayram kimidir. Rio Olimpiadasının iştirakçısı olacağım üçün xoşbəxtəm. Uğurların davamı gəlməlidir. Yüksək səviyyədə iştirak etmək üçün hər cür şəraitimiz var. Sadəcə, özümüzə inanmalıyıq”.

Qeyd edək ki, bununla da Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılarımızın sayı 35-ə çatıb. İsmayılovadan öncə Maksim Averin (velosiped idmanı), Maksim Şemberev (üzgüçülük) Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsayev (hamısı taekvondo, +80 kq), Oleq Stepko (idman gimnastikası), Marina Durunda (bədii gimnastika), Nazim Babayev (üçtəkanla tullanma), Hayle İbrahimov (5000 m), Anna Skidan (hər üçü atletika, çəkicatma), İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m), Valentin Demyanenko (kanoe, 200 m), Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m), Yuri Meqliç (kanoe-slalom), Elvin Məmişzadə (52 kq), Albert Səlimov (boks, 60 kq), Pərviz Bağırov (hamısı boks, 69 kq), Elvin Mürsəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Saman Təhmasibi (hamısı yunan-Roma güləşi, 85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (qadın güləşi, 58 kq), Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Camaləddin Məhəmmədov (sərbəst güləşmə, 125 kq) Olimpiadada iştirak hüququ qazanıb. Bununla yanaşı, kişilərdən ibarət ağırlıqqaldırma millimiz 4 vəsiqəyə sahib olub.

 Gənclərvə İdmannazirininmüavini İsmayıl İsmayılov R+açıqlamasında qarşıdakı aylarda lisenziyalarısayınıartacağını bildirib. Onun sözlərinə görə, Riodakı iştirakçılarımızın sayı 2012-ci ildə Londondakı təmsilçilərimizdən az olmamalıdır: “Hazırda proqnoz vermək düzgün olmaz. Boksda, cüdoda, gimnastikada yeni lisenziyalar gözləyirik. Rioya vəsiqə uğrunda mübarizə davam edir. Bildiyiniz kimi, cüdoçuların lisenziyaları mayın sonunda dəqiqləşir. Gimnastlar və boksçular Olimpiadaya vəsiqələrin sayını artıra bilərlər. Əsas məqsəd, ən azı, 4 il əvvəl Londondakı Olimpiadaya qazandığımız lisenziyaların sayını təkrarlamaqdır. Digər tərəfdən, bizim üçün əsas kəmiyyət deyil, keyfiyyətdir. Planetin ən böyük yarışında Azərbaycanı layiqincə təmsil etmək vacibdir. Ona görə Olimpiya yığmamız xüsusi proqram üzrə hazırlığı davam etdirir”.

Yeri gəlmişkən, Azərbaycan nümayəndə heyətinin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarındakı geyimlərinin hazırlanması üçün Avropanın məşhur moda evinə sifariş verilməyəcək. Gənclər və İdman Nazirliyindən “R+”a verilən məlumata görə, bu dəfə geyimlər İtaliyanın moda evlərinin birində tikiləcək. Amma geyimlər yüksək keyfiyyəti ilə seçiləcək. Qeyd edək ki, 2012-ci il London Yay Olimpiya Oyunlarında geyimlər dünyaşöhrətli dizayner Ermanno Scervinonun adını daşıyan moda evində hazırlanmışdı.



MƏSLƏHƏT GÖR:

530