27 Aprel 2024

Şənbə, 23:53

TOTAL HƏBSLƏR

Bolşeviklərin hakimiyyətə gəlişindən sonrakı ilk aylarda araşdırma aparılmadan hər kəs həbs olunur, yalnız bundan sonra onlara hansı ittihamı irəli sürmək haqqında düşünülürdü

Müəllif:

01.04.2016

1920-ci il aprelin sonlarında Azərbaycanda hakimiyyətə gələn bolşeviklər ölkə vətəndaşlarının kütləvi həbsini həyata keçirməyə başladılar. Həmin illərin arxiv materiallarından bu prosesin hansı məntiqlə apardığını anlamaq çətindir. Məsələ ondadır ki, bolşevikər kimliyindən asılı olmayaraq, hər kəsi həbsə atırdılar - keçmiş parlamentarilər və hökumət üzvləri, hərbçilər və polislər, sıravi vətəndaşlar və əcnəbilər. Hakimiyyət hər yanda «əks-inqilab» görürdü. Bəzi hallarda insanlar ən absurd ittihamlarla həbs olunurdular. Bolşeviklərin ilk hədəfi isə şübhəsiz ki, Azərbaycan Demokratik Respublikasının devrilmiş hökumətində yer almış siyasətçilər idilər.

1920-ci il mayın 5-də Xalq Ədliyyə komissarı Əliheydər Qarayev Ali İnqilab Tribunalının (AİT) sədri Teymur Əliyevə yazırdı: «Yoldaş, keçmiş hökumət üzvlərinin cinayətləri ilə bağlı araşdırmaların aparılması üçün yaradılmış Föqəladə Komissiyanın sədri səlahiyyətlərini öz üzərinizə götürməyinizi təklif edirəm».

O dövrdə siyasi partiyalar olan Müsavat Partiyasının və «İttihad»ın liderləri Məmməd Əmin Rəsulzadə ilə Qara bəy Qarabəyov, Parlament üzvləri Abuzər bəy Rzayev və Bəhram bəy Vəzirov, Gəncənin qubernatoru Xudadat bəy Rəfibəyli, nazirlər Səməd bəy Mehmandarov və Rəşid bəy Kaplanov, qoşun başçıları Əliağa Şıxlinski və Əbdülhəmid bəy Qaytabaşı, həmçinin bir çox digər şəxslər həbs olunmuşdular. Onlardan bəziləri Nəriman Nərimanovun himayəsi sayəsində azadlığa çıxa bilmişdisə, başqaları sürgün olunmuş, digərləri güllələnmişdi. Amma saxlanılanlar arasında nədəsə günahlandırılması mümkün olmayanlar da var idi. Belə şəxslər bir neçə ay həbsxanada saxlanıldıqdan sonra, azadlığa buraxılırdılar. Bolşeviklərin arzuolunmaz şəxslərlə necə «mübarizə apardıqlarını» aşağıda təqdim edəcəyimiz faktlar açıq şəkildə ortaya qoyur.

 

«Tapşırıqla həbs olunub»

1920-ci il mayın 23-də Əliheydər Qarayevin şəxsi göstərişi ilə ADR Parlamentinin sabiq üzvü, Müsavat Partiyasının yaradıcılarından biri Məmməd Əmin Rəsulzadənin əmisioğlu Məmməd Əli Rəsulzadə həbs edilərək, Bayıl həbsxanasına salınır. Arxiv materialları arasında belə məzmunlu bir sənədə rast gəlinir: «Qərar. 1920-ci il iyunun 22-də mən, Azərbaycan Sovet Sosialist Respublikası Ali İnqilab Tribunasının müstəntiqi Aleksandroviç, Azər. Res. parlamentinin keçmiş üvü Rəsulzadə ilə bağlı şifahi tapşırığı nəzərdən keçirdim. Ali İnqilab Tribunalının İstintaq şöbəsinin rəhbəri Klokovun qətnaməsinə əsasən, Məmməd Əli Rəsulzadənin əks-inqilabçılığı ilə bağlı ilkin istintaqa başlanılması üçün bütün əsaslar var». Sənədin mətnindən də göründüyü kimi, müstəntiq «şifahi tapşırığı» nəzərdən keçirməklə, ilkin istintaqa başlanılması üçün «kifayət qədər əsaslar» tapıb. Beləliklə, həbsdən 1 ay sonra istintaqa başlanılması haqqında qərar qəbul edilib. Lakin qərardan da göründüyü kimi, həbs və istintaqın başlanılması üçün heç bir əsas olmayıb. Saxlanılan şəxsin həbsxanaya salınması zamanı yaradılan müttəhimin qeydiyyat vərəqəsində də yazılırdı ki, «Rəsulzadə uzun müddət, 1920-ci il aprelin 28-dək cinayətkar fəaliyyətlə məşğul olub». Yəni, onun «günah”ı Müsavat Partiyasına sadiqliyi imiş.

2 gün sonra - iyunun 22-də Rəsulzadə Aleksandroviç tərəfindən dindirilir. O bildirir ki, 35 yaşı var, ailəlidir, ixtisasca jurnalistdir, 2 övladı var, rus-tatar məktəbinin 4 sinfini bitirib, Müsavat Partiyasının üzvüdür, Novxanı kəndində bağ evi var və 1918-ci ildə orada qalıb, 1918-1920-ci illərdə «Açıq söz» qəzetini buraxıb, ADR Parlamentinin üzvü olub. Rəsulzadə deyib ki, 1907-ci ildə o, siyasi cinayətkar kimi həbs edilib.

İttiham aktı ilə tanışlıqdan sonra isə Rəsulzadə ona qarşı irəli sürülmüş ittihamları qəbul etmədiyini, parlamentdə yer aldığı dövrdə Müsavat fraksiyasının üzvü olduğunu və bir müddət onun katibliyini həyata keçirdiyini söyləyib: «Fraksiyanın sədri Məmməd Əmin Rəsulzadə olub. Mən katib vəzifəsini tutanadək Birjevoy küçəsində (indiki Ü.Hacıbəyov) hökumət tipoqrafiyasına rəhbərlik etmişəm. Parlamentdə Fəhlə Məsələləri üzrə komitədə çalışmışam. Komitənin sədri əvvəlcə Karaşarov, daha sonra Qarayev olub. Parlamentin və fraksiyanın ümumi iclaslarında iştirak etmişəm. Parlamentin ümumi toplantılarında çıxış etməmişəm. Deyəcəyim başqa heç nə yoxdur».

Təxminən, 2 il həbsxanada saxlanılan Məmməd Əli Rəsulzadə 1920-ci il iyulun 18-də amnistiyaya düşərək azadlığa çıxır. Bu dövrdə ona qarşı irəli sürülmüş ittihamları sübuta yetirmək mümkün olmur.

 

«Əks-inqilabçı»

İyunun 18-də ADR Parlamentinin sabiq üzvü Bəhram bəy Vəzirov Cəbrayıl qəzasının Qaryagin kəndindəki şəxsi evində həbs olunub. Həbs edilərkən zaman Vəzirovun 62 yaşı olub. O, «İttihad» Partiyasının üzvü, partiyanın parlament fraksiyasının iştirakçısı idi. Bəhram bəy Vəzirova qarşı standart ittiham irəli sürülmüşdü - əks-inqilabçı. Onunla birlikdə qardaşı oğlu Surxay bəy Vəzirov da həbs edilmişdi. Halbuki, o, heç zaman siyasi fəaliyyətlə məşğul olmamışdı - Surxay bəy Vəzirovun heç ibtidai təhsili də olmayıb və o, bütün həyatı boyu əkinçilik edib.

Vəzirovlar XI Qızıl Ordunun Hərbi İnqilab Şurası yanında Xüsusi İdarə tərəfindən həbs ediliblər (tanınmış Semyon Pankratovun idarəsi - red.). Həbsdən bir ay sonra aparılmış dindirmə Ümumrusiya Fövqəladə Komitəsinin əməkdaşı İvan Aslamazov tərəfindən aparılıb. B.Vəzirov müstəntiqin siyasi əqidəsi ilə bağlı sualına cavabında bildirib ki, o, «Azərbaycanda bütün partiyaların birləşməsinin, bütün sinifərin maraqlarını müdafiə edən ümumi proqramın hazırlanmasının tərəfdarıdır». Vəzirov ona qarşı irəli sürülmüş ittihamları qəbul etməyib: «Mən özümü günahkar saymıram və hansı səbəbə həbs olunduğumu bilmirəm. Gəncədə sovet hakimiyyətinə qarşı qiyam zamanı mən evimdə olmuşam və oradan insanların qaçqın düşməsinədək bu barədə heç nə bilməmişəm. Aprelin 1-dən o vaxtadək evdə olmuşam, odur ki, Bərdə, Tərtər ətrafında yaşananlarda, o cümlədən digər yerlərdə baş verənlərin heç birində iştirak etməmişəm. Qızıl Ordu Qaryaginə yaxınlaşdığı zaman həmin yerlərdən qaçqın düşmüş insanlar Qızıl Ordunun əməlləri, yerli əhaliyə münasibətindəki dəhşətlərdən danışırdılar. Deyirdilər ki, Qızıl Ordunun üzvləri hər kəsi vurur: qadınları, uşaqları, qocaları, həmçinin soyğunçuluq, zorlama və digər əməllər törədirlər. Qaryagin əhalisi kim hara bacarırsa qaçıb. Mən də belə etmişəm».

B.Vəzirov bir müddət Araz çayının bir neçə kilometrliyində yerləşən «Zobucuq» adlanan əraziyə köçmüşdü. Bu, istintaq tərəfindən gizlənməyə cəhd kimi qiymətləndirilmişdi.

B.Vəzirovun ifadəsi ilə qane olmayan, onun günahını sübut edəcək dəlillər əldə etməyən müstəntiq Aslamazov yerli sakinləri dindirmək qərarına gəlir. Amma burada da onu məyusluq gözləyir - heç kəs Bəhram bəyin əleyhinə ifadə vermir. Bunu yalnız yerli qəza milisinin rəisi Ağayev edir. Lakin müstəntiq «müttəhimin bəy nəslindən olduğunu, varlı sinfə mənsubluğunu» nəzərə alaraq, belə qənaətə gəlir ki, «Bəhram bəy Vəzirovun son nəfəslərinədək fəhlə-kəndli ordusu ilə mübarizə aparmaq niyyətində olan əks-inqilabçılarla əlaqələrinə şübhə yoxdur».

Surxay bəyə gəlincə, ona qarşı erməni-azərbaycanlı toqquşmasında iştirak ittihamı irəli sürülür. Vəzirovların işi istintaqın davam etdirilməsi üçün XI Qızıl Ordunun Süvari diviziyası yanında 3 nömrəli Xüsusi İdarəyə göndərilir. 

 

Məsələ «İttihad»dadır

1920-ci il iyulun 31-də XI Qızıl Ordunun Hərbi İnqilab Şurası yanında Xüsusi İdarənin hərbi müstəntiqi Romanov Vəzirovların işi ilə bağlı yekun qərar çıxarır. O, B.Vəzirovu həm də «İttihad» partiyasına mənsub olmaqda, bu partiyanın parlament fraksiyasında yer almaqda günahlandırır. Romanov hesab edib ki, ««İttihad» partiyası Türkiyədəki gənctürklər konstitusion-monarxiya partiyasıdır. Bu partiya sırf Almaniya imperializminin maraqlarından çıxış edir. Partiyanın ilhamvericisi II Vilgelm olub. Türkiyədə partiyanın yaradıcısı və təbliğçisi gənc türklərin rəhbəri Ənvər Paşadır, onların Azərbaycandakı nümayəndəsi isə Nuru Paşa. Sonuncuların məqsədi bütün islam dünyasının Türkiyənin hakimiyyəti altında birləşdirilməsi və böyük Türkiyənin yaradılmasıdır».

Romanov Vəzirovların işini XI Qızıl Ordunun Xüsusi İdarəsinə, oradan isə hökmün çıxarılması üçün AİT-ə bu rəylə göndərib.

16 avqust 1920-ci ildə B.Vəzirov Azərbaycan AİT-in İstintaq Komissiyasına müraciət edərək dindirilməsini və zaminə buraxılmasını istəyir. Cavab almayan Vəzirov sentyabrın əvvəlində eyni xahişlə AİT-in rəhbərinə müraciət ünvanlayır. Sentyabrın 13-də müstəntiq Musabəyova həbsdə olan Vəzirovların 48 saat ərzində dindirilməsi tapşırılır. Vəzirovlara əvvəlcədən irəli sürülmüş əks-inqilabçılıqla bağlı ittihamlarla razılaşan Musabəyov işi öz icraatına götürür. 1920-ci il oktyabrın 23-də o, B.Vəzirova qarşı yeni ittiham irəli sürür - o, «kommunistlərə düşmən münasibətdə olan parlamentdə və hökumətdə yer alıb». Yenidən dindirilən Qaryaginin adi sakinləri əvvəlki ifadələrini təsdiqləyirlər. Oktyabrın 31-də iş məhkəməyə göndərilir. 1921-ci il fevralın 8-də AİT Vəzirovlara qarşı irəli sürülmüş ittihamları nəzərdən keçirir, onları sübuta yetirəcək dəlillər olmadığından, cinayət işinin dayandırılmasına dair qərar çıxarır.



MƏSLƏHƏT GÖR:

442