17 May 2024

Cümə, 06:29

NƏZARƏT QADAĞASI

Dollarla istehlak kreditlərinin müvəqqəti dayandırılması barədə qərar: müştərilər sevinir, banklar tərəddüd edir

Müəllif:

15.04.2016

Sirr deyil ki, ötən il manatın ikiqat devalvasiyası nə valyuta sıçrayışına, nə də ardınca nəzarət orqanları tərəfindən kəskin tədbirlərə hazır olan ölkənin bank sektoruna çox ağır təsir etdi. 

"Maliyyə və bank sektorunda nəzarət çox vacibdir. Yaxın keçmişdə şahidi olduğumuz kimi, bu sektorda nəzarətin lazımi səviyyədə olmaması bizim maliyyə sistemimiz üçün çoxsaylı problemlər yaratmışdır". - Bu yaxınlarda Prezident İlham Əliyev Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüşündə bildirib. Bununla yanaşı, təcili tədbirlər də, təəssüf ki, heç də səmərəli olmadı. Bundan irəli gələrək, bazara nəzarət edən yeni struktur - Maliyyə Bazarlarına Nəzarət Palatası - xarici valyutada istehlak kreditlərinin verilməsi və restruktizasiyasına qadağa qoyulması barədə son dərəcə mühüm qərar qəbul edərək, biraylıq müvəqqəti məhdudiyyət müəyyən edib. Bu, yerinə düşən, lakin bəlkə də gec verilən qərardır. Bütövlükdə, son illər Azərbaycanda istehlak kreditləri ilə bağlı vəziyyət, demək olar ki, nəzarətdən çıxıb. Bununla, az qala, gah bütün ticarət obyektləri, avtomobil salonları və s. məşğul olurdular, gah da bazarı müştərinin kredit tarixçəsini detallı şəkildə öyrənmədən, konkret olaraq istehlak məqsədləri üçün verilməyə yönələn kredit xəttinin balansına yüklənmiş müxtəlif mövzulu bank kartları doldururdular. Qeyd edək ki, istehlak kreditlərinin payına bankların məcmu kapitalının böyük hissəsi - 38,1%-i düşür. 2016-cı ilin yanvar ayına görə onların ümumi həcmi 8,07 mlrd. manat (il ərzində 4,5%) təşkil edib. 

Devalvasiya və əhalinin gəlirlərinin səviyyəsinin azalması kredit portfelindən yan keçə bilməzdi və dövri olaraq mətbuata bu və ya digər bankda böhran vəziyyətləri barədə məlumatlar sızırdı. Bütün bunlar onunla qurtardı ki, bir çox banklar milli valyutada istehlak kreditlərinin verilməsini dayandırdı və ya dəfələrlə azaltdı; potensial borcalanların dairəsini isə maksimum məhdudlaşdırdılar. Nəticədə, bankın müştərilərinin dəyişlən valyuta məzənnələri fonunda xarici valyutada kredit götürməyə razılaşmaqdan başqa çarələri qalmadı. Hərçənd, Ali Məhkəmənin sədri Ramiz Rzayevin təsdiq etdiyi kimi, ancaq dollar kreditləri təklif etməklə, Azərbaycanda banklar vətəndaşların hüquqlarını pozur. "Düşünürəm, vətəndaş dollarla kredit götürübsə, onu dollarla da qaytarmalıdır. Kredit manatla verilibsə, o, manatla da ödənilməlidir, qayda belədir", - Rzayev bildirib. Onun sözlərinə görə, kreditləri ancaq dollarla təklif etməklə, banklar vətəndaşların hüquqlarını pozur. "Lakin məhkəmə bankların daxili məsələlərinə də qarışa bilməz", - Rzayev qeyd edib. 

Təxminən, bu günlərdə fəaliyyətinə başlayan palatanın yuxarıda qeyd edilən qərarı ilk növbədə, bundan sonra manatla borc almaq hüququna məhkəmə qaydasında etiraz edə biləcək potensial kredit alanların xeyrinədir. Lakin yenilik banklarda xüsusi məmnunluq yaratmaya bilər. Axı indi məzənnə dəyişikliklərinin kredit portfelinin "sığortalanması" tamamilə bankların "üzərinə" qoyulub. Ekspert-iqtisadçı Fərhad Əmirbəyovun fikrincə, palatanın bu qərarı bank balanslarına təzyiqi, ancaq çoxaldacaq və bankların valyuta   riskləri artacaq. 

"Bankarın aktivləri manatda formalaşacaq, belə ki, kreditlər milli valyutada veriləcək. Valyuta öhdəlikləri isə qalacaq və nəticə etibarilə, onlar üzrə risklər də artacaq. Belə çıxır ki, əhalinin riskləri azalacaq, banklarınkı isə artacaq. Belə bir sual yaranır: banklara nə vaxt kömək etməyə başlayacaqlar? Palata banklara kömək etmək üçün maliyyə vəsaitlərinə malik deyil. Onların kreditorları son instansiyada Mərkəzi Bankdır", - F. Əmirbəyov bildirib. 

Bununla yanaşı, bir sıra bank ekspertlərinin fikrincə, problemli kreditlərin portfelində bu gün məhz dollarla olan kreditlər "ağır yük" kimi qalır. "Manatla borcu olan müştəri gecikmə ilə də olsa, onu qaytarmağa çalışır. Dollarla isə çox vaxt onların həcminin milli valyutada böyük olması və gəlirlərinin olmamasına əsaslanaraq, sadəcə, ödəməkdən imtina edirlər", - ekspertlərdən biri deyib. 

"Devalvasiyadan sonra Azərbaycanın bank sektoru" adlı dərc edilmiş hesabatda "Fitch Ratings" Reytinq Agentliyinin qiymətləndirmələrinə görə, Azərbaycan banklarında 90 günü ötmüş işləməyən kreditlərin (problemli kreditlər) xüsusi çəkisi 2014-cü ildəki 8,3%-ə qarşı 2015-ci ilin nəticələrinə görə, 9,5% təşkil edib. Bununla yanaşı, 2016-cı ilin nəticələrinə əsasən, bu göstəricilərin artma riskləri mövcuddur. "Fitch" həm də hesab edir ki, Azərbaycan banklarının aktivlərinin keyfiyyəti restruktrizasiya kreditlərinin (2015-ci ilin yekununda, təxminən, 15%) payının yüksək olması ilə bağlıdır. Bütün bunlar Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarına haqq qazandırır. Bu və ya digər şəkildə, Palatadan məlumat verilib ki, struktur verilən qərarın təsirinin müəyyən edilməsi məqsədilə artıq bazarın monitorinqinə başlayıb və sonrakı addımlar bu analizin nəticələrinə əsasən atılacaq. 

Bununla yanaşı, palata yerli bankların likvidliyi və kapital mövqelərinin zəifləmə tendensiyasının qaldığını etiraf edir. Vəziyyətin yaxşılaşması üçün banklar restruktrizasiya və digər preventiv tədbirlər görməyə başladı. "Lakin mövcud mənfi tendensiyalar davam edir", - palatada qeyd ediblər.

Yeri gəlmişkən, F.Əmirbəyovun qeyd etdiyi kimi, xarici valyutada istehlak kreditlərinin qadağan edilməsinin əhəmiyyətli səbəbi Azərbaycanda pul tədavülünün həddindən artıq dollarlaşmasıdır. "Depozitlərə görə bizdə əmanətlərin artıq 80%-i dollarladır, kreditlər üzrə isə (aktiv) 70%-dən yüksəkdir. Bu, yaxşı fakt deyil. Bu qərar say göstəricisində dollarlaşmaya güclü təsir etməsə də, bazara işarə verəcək ki, tənzimləyici vədlərdən konkret hərəkətə keçib", - F. Əmirbəyov bildirib. 

"Fitch Ratings"in maliyyə təşkilatları üzrə dirketoru Dmitri Vasilyev də bu fikirdədir. "Əsasən, kreditlərin dollarlaşması aktivlərin keyfiyyətinə təsir edir. Çünki əksər borcalanların gəlirləri xarici valyutada deyil. Sektorun dollarlaşması son dərəcə yüksəkdir və artmağa davam edəcək. 

Bankların öhdəlikləri aktivlərlə müqayisədə daha çox dollarlaşıb. Ona görə öz portfellərində dollar kreditlərinin payını artırmağa məcbur olacaqlar. Bu, bizim yaxın bir neçə ilə olan gözləntilərimizdir", - o, hesab edir. 

Lakin bazarın dollarlaşmasına baxmayaraq, Azərbaycan banklarının Mərkəzi Bankın hərracları vasitəsilə xarici valyutanın alış həcminin azalması müşahidə edilir. Belə ki, yanvarda hər hərracda, orta hesabla, 144,56 mln. dollar alınırdısa, martda analoji göstərici 48,23 mln. dollar (2 dəfə azalma) təşkil edib. Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyevin sözlərinə görə, bu, dollara olan tələbatın istər banklar, istərsə də əhali tərəfindən azalması ilə bağlıdır. Belə ki, banklar, əsasən, müştərilərinin tələbatlarına əsaslanaraq valyuta alırlar. "Bankdaxili əməliyyatlarda öz tələbatlarını ödəmək üçün banklar hərraclarda xarici valyuta almır. Belə zərurət xarici kreditlər üzrə öhdəliklər və ya bankın valyuta mövqelərinin bərpa olunması zəminində yaranır. Qalan bütün hallarda banklar iqtisadiyyat subyektləri və öz müştərilərindən daxil olan sorğulara əsaslanaraq, xarici valyuta əldə edir", - Z. Nuriyev bildirib. 

Aprelin əvvəlində AMB-nin 2015-ci ilin may-iyun aylarından bəri ilk dəfə valyuta hərraclarında dollar alışını yeniləməsi və 400 min dollar əldə etməsini daha bir müsbət siqnal hesab etmək olar. Bundan başqa, martda Mərkəzi Bankın sərəncamında olan valyuta rezervləri fevral ayı ilə müqayisədə 0,98% artaraq, 4,06 mlrd. dollara çatıb. "Dollarla istehlak kreditlərinin verilməsinə qoyulan qadağa bu müsbət tendensiyaların aktivləşməsinə kömək edə biləcəkmi?" - sualı hələlik açıq qalır. İstənilən halda, bugünkü reallıq belədir ki, yardım təkcə potensial kreditalıcılarına deyil, bilvasitə kredit institutlarına da artıq gərəklidir. Axı, kredit portfelinin mühüm dərəcədə azalması onların bəzilərinin biznesinin məhvinə gətirib çıxara bilər. Bu isə prosesin obyektivliyinə rəğmən, bütövlükdə bazar üçün və ayrılıqda ona etimadın yüksəldilməsi baxımından heç də müsbət siqnal deyil.


MƏSLƏHƏT GÖR:

393