5 May 2024

Bazar, 20:05

DƏYİŞMƏZ ƏSAS

Heydər Əliyev Qarabağ nizamlanmasında Azərbaycanın ərazi bütövlüyü prinsipini qoruyub-saxladı

Müəllif:

01.05.2016

Hansı siyasi xadimin Qarabağ nizamlanması prosesinə daha böyük təsir göstərdiyi, Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həllinin strateji prioritetlərinin müəyyənləşdirilməsinə ən çox töhfə verdiyi haqda danışsaq, cavab birmənalı olar - Heydər Əliyev. Qarabağ böhranının həlli ilə bağlı məhz onun baxışları bitmək bilməyən bu münaqişənin bugünkü həll prosesinin nəzəri və praktiki əsasını təşkil edir və bu, beynəlxalq hüquqa da tam uyğun bir mövqedir. Bu əsasın alternativi yoxdur.

Ondan başlayaq ki, sonradan azğın erməni millətçiləri və onların xarici havadarları tərəfindən Dağlıq Qarabağ uğrunda qanlı münaqişəyə çevrilmiş erməni-azərbaycanlı düşmənçiliyini yalnız 1987-ci ildə Heydər Əliyevin SSRİ rəhbərliyindən kənarlaşdırılmasından sonra canlandırmaq mümkün olub. Onlar anlayırdı ki, Əliyevin si-yasi karyerasının qeyri-adi Moskva mərhələsinin davam etməsi ermənili-yin ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycandan ayrılması ilə bağlı köhnə planının həyata keçirilməsinə ciddi maneə olacaq. Nəticədə, əvvəllər ermənilərin ekspansionist təşəbbüslərinin qarşısını dəfələrlə almış Heydər Əliyev İttifaqın rəhbəri Mixail Qorbaçovun "köməyi" ilə istefaya göndərildi. Bundan cəmi bir neçə gün sonra, Qorbaçovun köməkçisi Abel Aqanbekyan düz, Qərb dünyasının mərkəzindən - Parisdən verdiyi bəyanatda Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının vacibliyini bəyan etdi.

Bundan sonra Qorbaçovun ətrafı ilə sinxron olaraq, Azərbaycan SSR-in rəhbərliyi də Qarabağın dağlıq hissəsinin Azərbaycandan qoparılması planının reallaşdırılması işinə girişdi. 1988-ci ilin sonlarında Ermənistan monoetnik respublikaya çevrildi - oradan son 200 min yerli azərbaycanlı da qovuldu. 1991-ci ilin sonlarında SSRİ-nin dağılması tam bitdikdə isə Ermənistan qüdrətli xarici mərkəzlərin dəstəyi ilə Azərbaycana qarşı tammiqyaslı müharibəyə başladı. Azərbaycandakı qeyri-sabitlikdən istifadə edən ermənilər 1992-1993-cü illərdə nəinki Dağlıq Qarabağı, ona bitişik 7 rayonu da (Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli) işğal edə bildilər. Nəticədə, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi.

BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal olunmuş rayonlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan Azərbaycan ərazisinin 20%-nin işğalını hələ də davam etdirir. Ermənistan - Azərbaycan münaqişəsini beynəlxalq hüququn prinsipləri, BMT TŞ-nin qətnamələri, Helsinki Yekun Aktı və digər beynəlxalq hüquqi sənədlər əsasında dinc yolla çözmək məqsədilə hələ 1992-ci ilin martında yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti də uğursuzdur.

Lakin geridə qalmış, təxminən, 25 il ərzində Azərbaycan nəinki özünün dövlət müstəqilliyini möhkəmləndirib, həm də danışıqlar prosesində özünün ərazi bütövlüyü prinsipini, əzəli Azərbaycan torpağı olan Qarabağ üzərindəki suveren hüququnu addım-addım müdafiə edib. Və bu, şübhəsiz ki, əsasən, 1993-2003-cü illərdə Azərbaycana prezidentlik etmiş Heydər Əliyevin xidmətidir. Həmin 10 il Azərbaycan dövlətçiliyinin gücləndiyi, ölkədə si-yasi sabitliyin qurulduğu və bütün sahələrdə islahatların başlandığı dövrdür.

Heydər Əliyev dövət quruculuğunda Azərbaycanın təhlükəsizliyinin və ərazi bütövlüyünün qarantı olan Silahlı Qüvvələrin yaradılmasını əsas istiqamət kimi müəyyənləşdirmişdi. Onun döyüş qabiliyyətli nizami ordunun yaradılmasına yönəlmiş səyləri özünü prezident seçilməsindən cəmi 3 ay sonra göstərməyə başlamışdı. 1994-cü il yanvarın 5-6-da Azərbaycan Milli Ordusunun hissələri Qarabağın cənubunda uğurlu əks-hücum əməliyyyatı keçirmiş, Horadiz qəsəbəsini və Füzuli rayonunun daha 20 kəndini, həmçinin Cəbrayıl rayonunun 2 kəndini işğaldan azad etmişdi. Nəticədə, işğalçı erməni qoşunları ciddi tələfat verməklə, 25 kilometr geriləmək məcburiyyətində qalmışdı. Horadiz əməliyyatı Ermənistanın başladığı Qarabağ müharibəsində, sözün əsl mənasında, ən uğurlu əməliyyatlardan sayılır. O, əslində, müharibənin gedişində dönüş nöqtəsi ola bilərdi və məhz bundan ciddi narahatlıq keçirən erməni işğalçıları sülh prosesinə qoşulmağa razılıq vermişdilər.

Beləliklə, 1994-cü il mayın 5-də Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında Qarabağ cəbhəsində atəşkəsi nəzərdə tutan Bişkək protokolu imzalanır. Bunun ardınca Heydər Əliyev barışıqdan istifadə edərək, Azərbaycan dövlətinin hərtərəfli möhkəmlənməsi üçün çalışmağa başlayır. Onun "Qarabağ strategiya"sının əsasını münaqişənin uzunmüddətli həllinin Azərbaycanın güclənməsindən keçdiyi fikri təşkil edirdi. Məhz təcavüzkarı əldən salan uzunmüddətli qarşıdurmaya hazır olan güclü Azərbaycan amili, Bakının düşmənlə hər hansı əməkdaşlıqdan imtinası və onun regional inteqrasiya proseslərindən tam kənarlaşdırılması münaqişənin nizamlanması prosesinin inkişafında əsas rol oynayıb. Zaman bu yanaşmanın özünü tam doğrultduğunu göstərir.

Heydər Əliyevin daha bir vacib nailiyyəti Qarabağ probleminin Ermənistanla Azərbaycan arasındakı münaqişə kimi qəbul etdirə bilməsidir. Halbuki, erməni tərəfi onu "Qarabağ xalqının öz müqəddəratını təyin etmək uğrunda mübarizəsi" kimi tanıtmağa çalışırdı. Bakı Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində ən yüksək muxtariyyət verməyə razılaşıb. İrəvanın bundan imtinası isə hər kəsə göstərib ki, Ermənistan, əslində, müqəddəratı təyinetmə prinsipindən öz işğalçı siyasətini pərdələmək üçün istifadə etməyə çalışır.

Heydər Əliyev BMT Baş Assambleyasının 1994-cü ilin sentyabrında keçirilmiş 49-cu sessiyasındakı çıxışında deyib: "Ermənistan Respublikası Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan ermənilərin etnik qrupunun öz müqəddəratını təyin etmək hüququnu reallaşdırması bəhanəsi ilə dövlətimizin ərazilərinin ilhaqı, onun dövlət sərhədlərinin zorakılıqla dəyişdirilməsi və azərbaycanlı əhalinin öz doğma ev-eşiyindən qovulması planlarını açıq-aşkar həyata keçirir. Bütün bunlar xalqların öz müqəddəratını tə-yin etməsi hüququnun əsassız olaraq hər hansı bir etnik icmanın öz müstəqilliyini özbaşına elan etmək və başqa dövlətin tərkibinə daxil olmaq hüququ kimi yozulması ilə pərdələnir. Öz müqəddəratını təyin etmək hüququnun bu cür yozulması dövlətin suverenliyi və ərazi bütövlüyü prinsipləri ilə kəskin ziddiyyət təşkil edir. Bu hüququ mütləqləşdirmək sahəsində hər hansı bir cəhd amansız münaqişələrə gətirib çıxarır".

Heydər Əliyev bu uzaqgörən və günümüzdə də aktuallığını itirməyən fikrini 1994-cü ilin dekabrında ATƏM-in Budapeşt sammitində daha da inkişaf etdirib: "Bugünkü istənilən lokal münaqişə gələcəkdə özünü Avropada göstərəcək və tamamilə məntiqi olaraq, yeni böyük partlayışın detonatoru kimi qəbul olunur". Heydər Əliyev bu cür "partlayışlar"ın qarşısının alınması üçün münaqişənin mərhələli həllini nəzərdə tutan Böyük Siyasi Razılaşmasının imzalanmasını təklif etmişdi. Bu, erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını, Ermənistanın blokadasının aradan qaldırılmasını, qaçqınların ev-eşiklərinə qaytarılmasını, çoxmillətli sülhməramlı qüvvələrin münaqişə zonasına yerləşdirilməsini nəzərdə tuturdu. Dağlıq Qarabağın statusuna gəlincə, Heydər Əliyev demişdi: "Söhbət muxtariyyətdən, onun daha geniş formasından gedə bilər. Erməni tərəfi güc yoluna üstünlük verir... Bizim mövqeyimiz fərqlidir - biz problemin siyasi yolla həllinə tərəfdarıq".

Budapeşt sammitindən bir qədər sonra - 1995-ci ilin fevralında tərəflər arasında siyasi razılaşma ilə bağlı danışıqlar başlayır. Danışıqların gedişində Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan Dağlıq Qarabağı tamhüquqlu münaqişə tərəfi kimi qəbul etməkdən boyun qaçırır, bunu Dağlıq Qarabağın münaqişə subyekti deyil, obyekti olması ilə əsaslandırır. Bu yanaşmanın təntənəsi isə ATƏT-in 1996-cı ilin dekabrında keçirilmiş Lissabon sammitində baş verir.

Hələ Lissabon sammiti ərəfəsində Heydər Əliyev Avropa və Şimali Amerikanın dövlət və hökumət başçılarına müraciət etmiş, Ermənistan-Azərbaycan münaqişəsinin BMT Nizamnaməsi və ATƏT-in prinsiplərinə əsaslanan optimal həll formulunu göstərmişdi. Formul özündə 3 baza elementini əks etdirirdi: Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyətin verilməsi, Dağlıq Qarabağın bütün əhalisinə - erməni və azərbaycanlı icmalarına (əlbəttə ki, sonuncuların Dağlıq Qarabağa qayıtması ilə) təhlükəsizlik zəmanətinin verilməsi. Beləliklə, münaqişənin həlli ilə bağlı bu şərtlər Lissabon Bəyannaməsinin 20-ci paraqrafında əksini tapır. Bəyanat Lissabon sammitinin sənədlərinə də daxil edilir və bununla da Azərbaycanın nəhəng diplomatik qələbəsinə çevrilir. Çünki bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərinin ilk təsdiqi idi. O, ATƏT-in Minsk qrupunun fəaliyyətinin siyasi-hüquqi konturlarını da müəyyənləşdirirdi.

Müvafiq olaraq, bu, erməni diplomatiyasının məğlubiyyəti idi. Çünki o, münaqişənin fərqli formul əsasında həllinə çalışırdı: Dağlıq Qarabağa müstəqillik verilməsi və bunun əvəzində, ona bitişik rayonların işğaldan azad olunması.

1997-ci ilin sentyabrında ATƏT-in Minsk qrupunun həmsədrləri (ABŞ, Rusiya, Fransa) ortaya münaqişənin sülh yolu ilə həllini nəzərdə tutan yeni plan qoyurlar. O, Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli şəkildə həllini nəzərdə tuturdu. Planda Dağlıq Qarabağa Azərbaycanın tərkibində özünüidarəetmə hüququnun verilməsi şərti də əksini tapmışdı. Ermənistanın ozamankı prezidenti Levon Ter-Petrosyan getdikcə güclənən Azərbaycanın ərazilərini işğal altında saxlamaq strategiyasının perspektivsizliyini anlayırdı və bu səbəbdən də kompromisə getməyə razılaşmışdı: o, vasitəçilərin təklifini qəbul etmişdi. Lakin çox keçmir ki, Ter-Petrosyan İrəvanın Azərbaycan ərazilərinin işğalından imtinasını nəzərdə tutan istənilən kompromisə qarşı olan "Qarabağ klanı" tərəfindən devrilir. Nəticədə, bu qüvvələr Ermənistanda hakimiyyətə gəlir. Ölkənin yeni prezidenti sabiq baş nazir Robert Koçaryan olur. Onun hakimiyyətə gəlişindən bir müddət sonra - 1999-cu il oktyabrın 27-də isə "Qarabağ klanı"nın tərəfdarları Ermənistan Parlamentinin binasında görünməmiş qətliam törədirlər. Parlamentin iclas zalına daxil olan yaraqlılar 8 nəfəri güllələyir - Parlamentin spikeri Karen Dəmirçyan, Baş nazir Vazgen Sarqsyan, 2 vitse-spiker, 1 nazir və 3 deputat. Qətlə yetirilmiş bu siyasətçilərin demək olar ki, hamısı Qarabağ münaqişəsinin həllində bu və ya digər dərəcədə kompromislərə meyilli şəxslər sayılırdılar. Lakin həmin kompromislər Koçaryana və ətrafına sərf etmirdi və bu, özünü danışıqlar prosesində aydın şəkildə göstərirdi.

Maraqlıdır ki, Ermənistan Parlamentindəki terror aktı ATƏT-in İstanbul sammiti ərəfəsində baş vermişdi və məqsəd İrəvanın Azərbaycanla razılaşmaya qəti etirazının növbəti nümayişi idi. Belə olan təqdirdə, ATƏT-in Minsk qrupunun həmsədrləri Koçaryanla "oyun oynamağa" və faktiki olaraq, Ermənistandakı "müharibə partiyası"nın dediyi ilə oturub-durmağa başladılar. Beləliklə, ATƏT-in İstanbul sammitinin yekun sənədlərində Qarabağ probleminin həlli kontekstində Azərbaycanın ərazi bütövlüyü prinsipinin birmənalı şəkildə əks olunmaması heç də təəccüblü deyildi. Forumda çıxış edən Heydər Əliyev bu səbəbdən, Minsk qrupunun fəaliyyətini sərt tənqid etmiş, onu Lissabon sammiti zamanı qarşıya qoyulmuş vəzifənin öhdəsindən gələ bilməməkdə təqsirləndirmişdi. Bir qədər sonra o, vasitəçilərin "Azərbaycan və Dağlıq Qarabağ ümumi dövləti" layihəsini də rədd edir. Çünki bu, faktiki olaraq ermənilərin Azərbaycan ərazilərinin işğalının legitimləşdirilməsi demək idi.

ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqların növbəti fəal raundu bir də 2001-ci ilin aprelində Amerikanın Ki-Uest şəhərində keçirilir. Bu görüş nəticəsində, tərəflər münaqişənin həlli üzrə yeni planın hazırlanması ilə bağlı razılığa gəlir. Heydər Əliyev Ki-Uestdə hər kəsə aydın şəkildə göstərir ki, problem yalnız dövlətlərin ərazi bütövlüyü prinsipinə əməl olunmaqla çözülə bilər. Mətbuat üçün bəyanatında o, Ermənistanı bir daha Azərbaycana qarşı təcavüzkarlıqda, Dağlıq Qarabağda və digər işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparmaqda günahlandırır.

Bu gün Heydər Əliyev kursunu varisi İlham Əliyev davam etdirir. Onun da münaqişə ilə bağlı mövqeyi eyni postulata əsaslanır - Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç zaman olmayacaq. Bakının getməyə hazır olduğu kompromisə gəlincə, İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, "Bizim ən böyük kompromisimiz sülh danışıqlarına sadiqliyimzdir".

Bununla yanaşı, Azərbaycan öz Silahlı Qüvvələrinin işğal altındakı əraziləri azad etməyə hazır olduğunu nümayiş etdirir. Bu, Qarabağda bir neçə gün əvvəl baş vermiş döyüşlərdə bir daha hər kəsə tam aydın oldu. Son dövrlərədək törətdiyi cinayətlərə görə cəzasızlıq hissi ilə yaşayan Ermənistan prezidentinin lovğalığını məhz Azərbaycan Ordusunun son uğurları əhəmiyyətli dərəcədə "söndürüb". Nəticədə o, məsləhət üçün 15 il əvvəl Heydər Əliyevlə danışıqlarda geri çəkildiyi üçün devirdiyi Levon Ler-Petrosyanın ayağına getməli olub. Amma vaxtilə öz xalqına Azərbaycanla razılığa getməyi məsləhət görmüş və sonra gec olacağını etiraf etmiş Ter-Petrosyan ümidsizlikdən başını itirmiş Sarqsyana indi nə məsləhət verə bilərdi ki?

Ermənistan anlayır ki, bu bərəkətli torpaqlar gec-tez Azərbaycan dövlətinin nəzarətinə qaytarılacaq və yalnız onda bölgədə sülh və çiçəklənmə başlayacaq. Ölkəsinin bütün sakinlərinin xoşbəxt, firavan yaşamasını arzulayan Heydər Əliyev də buna çox çalışıb. Heydər Əliyev inanırdı ki, "dövlət özündə nə qədər çox xalqı birləşdirirsə, o qədər zəngindir, çünki onların hər biri dünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir".



MƏSLƏHƏT GÖR:

480