26 Aprel 2024

Cümə, 07:38

"MÜƏLLİM" ÜÇÜN SON ZƏNG

Qara dəniz Texniki Universitetinin professoru, doktor Kamal ÜÇÜNCÜNÜN "R+"a müsahibəsi

Müəllif:

15.05.2016

- Türkiyənin Baş naziri Əhməd Davudoğlunun ƏİP-in (hakim Ədalət və İnkişaf Partiyası) bu il mayın 22-də keçiriləcək növbədənkənar qurultayında partiyanın sədri postu uğrunda mübarizəyə qatılmaqdan imtinası, demək, həm də istefaya getməsi şok effekti yaradıb. Yaranmış vəziyyəti necə şərh edərdiniz? Fikrinizcə, bu addıma nələr səbəb olub və onun əsl səbəbi nədir?

- Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin demokratik tarixində ən çox seçki qazanmış liderdir. O, kifayət qədər güclü xarizmaya malikdir. Onu ƏİP-in sosial bazasını təcəssüm etdirən tək simvol da adlandırmaq olar. Ərdoğan istər partiya daxilində, istərsə də seçicilər arasında şübhəsiz nüfuz sahibidir. O, ölkənin ümumxalq səsverməsi yolu ilə seçilmiş ilk prezidentidir. Bütün bunlardan çıxış edərək, deyə bilərik ki, Ərdoğanın hökumətin istənilən addımına təsiri şübhəsizdir. Lakin Türkiyənin hazırkı Konstitusiyası prezidentin səlahiyyətlərini məhdudlaşdırır və ona yalnız rəmzi səlahiyyətlər verir. Bu isə Ərdoğan üçün kifayət deyil. Güman ki, onu ABŞ-dakı kimi, birbaşa prezident idarəçiliyi sistemi daha çox qane edərdi.

Əhməd Davudoğluya gəlincə, beynəlxalq münasibətlər sahəsində uğurlu professor olan bu şəxsin partiyaya və seçicilərə təsiri məhduddur. Hazırkı parlament idarəçiliyi sisteminin davam etdirilməsinə tərəfdar olan Davudoğlu onu Türkiyə üçün daha faydalı sayır. Bununla yanaşı, o, Ərdoğanın yaxın ətrafının hökumətin işinə müdaxiləsini məhdudlaşdırmağa da çalışırdı. Prezidentin və ətrafının iddialarına görə, Davudoğlu prezident üsul-idarəsinin tətbiqi üçün kifayət qədər cəhdlər göstərmirmiş. Bundan başqa, Davudoğlu bildirmişdi ki, ümumxalq səsverməsinin nəticəsi xalqın bu sistemi istəmədiyini göstərib. Beləliklə, Prezidentlə Baş nazir arasında fikir ayrılığı yaranmışdı. Sonda prezident öz nüfuzundan istifadə edərək, partiya rəhbərliyini növbədənkənar qurultay çağırmağın vacibliyinə inandıra bilib. Bununla da Davudoğlunun partiya sədri postundan uzaqlaşdırılması üçün şərait yaradılıb. Bu, onun Baş nazir vəzifəsindən gedişini də qaçılmaz edir. Onun istefa qərarından sonra verdiyi bəyanatda inciklik sezilirdi ki, bu da qərarın istəmədən qəbul olunduğunu göstərir.

- Davudoğlunun istefası ilə bitən prosesin əsas məqamı "Pelikan dosyesi" adlı ifşa xarakterli informasiyaların mətbuata sızmasıdır. Həmin qalmaqallı materialların məzmunu haqqında danışa bilərsinizmi? 

- Bu, şəbəkələrdə mayın 1-də peyda olub və Türkiyənin media məkanında əsl partlayış yaradıb. Onun müəllifi hələ də məlum deyil. Lakin materialın prezidentin yaxın ətrafına aid şəxslərin Twitter səhifələrindən yayılması, həmçinin Baş nazirə, onun silahdaşlarına qarşı aşkar ifşaedici və ittiham xarakterli olması bu hücumun kimlərin maraqlarına cavab verdiyi haqqında fikir yürütməyi mümkün edir. Materiallarda bildirilir ki, "Müəllim"in (Davudoğlunun akademik keçmişi nəzərdə tutulur) sədr seçilməsi "Rəhbər"in (partiya dairələrində Ərdoğanı məhz belə adlandırırlar) təşəbbüsü olub. Onun partiya üzvlərinə təsiri və şəxsi xarizması o qədər güclü olmasa da, prezidentə şəxsi sadiqliyi bu təyinatda əsas rol oynayıb. Daha sonra "Müəllim" öz oyununu oynamaqda, həmçinin "Rəhbər"i partiyadaxili və dövlət işlərinə müdaxilədən uzaqlaşdırmağa çalışmaqda təqsirləndirilir. Materiallarda "Müəllim"in xarici siyasətdəki uğursuz addımlarından da danışılır. Müəlliflər hesab edir ki, "Müəllim"in "Qonşularla sıfır problem" tezisi "problemsiz sıfır qonşu" ilə əvəzlənib.

İstənilən halda, sizin də xatırlatdığınız kimi, bu materialların İnternetdə peyda olması Türkiyə rəhbərliyindəki birinci şəxslə ikinci şəxs arasındakı fikir ayrılıqlarını tam üzə çıxarıb və Davudoğluya açıq çağırış olub. Nəticə artıq hər kəsə bəllidir.

- Türkiyə ilə Rusiyanın münasibətlərindəki böhranın yaranması və dərinləşməsinin səbəbləri arasında bəzi müşahidəçilər Davudoğlunun anti-Rusiya ritorikası və bəyanatlarını da göstərir. Fikrinizcə, Davudoğlunun gedişi bu iki ölkə arasında münasibətlərin normallaşması prosesinə necə təsir göstərə bilər?

- Bunun xüsusi bir təsiri olma-yacaq. Türkiyə ilə Rusiya arasında münasibətlərin normallaşması çox vacib mövzudur. Düşünürəm, yaxın zamanlarda "xoş məram və inam"ın gücləndirilməsi məqsədilə bu istiqamətdə bir sıra tədbirlər görüləcək. Suriya məsələsində gərginliyin azalması son dərəcə effektiv olmalıdır. Düşünürəm, NATO çərçivəsində müəyyən addımlar atılacaq, təşəbbüslər irəli sürüləcək. Yaranmış vəziyyəti Rusiya da zərərli, tamamilə düşüncəsiz durum sayır. Rusiya üçün Türkiyə ilə, İslam dünyası ilə qarşıdurma son dərəcə səhv və irrasionaldır.

- Türkiyənin hazırkı siyasətindən danışarkən, Ankaranın Qərblə münasibətlərindəki müəyyən yenilənməyə, yaxınlaşmaya toxunmamaq olmur. Ekspertlərin fikrincə, Türkiyə-Aİ münasibətlərinin yaxşılaşmasına Davudoğlunun töhfələrini nəzərə almamaq doğru olmazdı. Davudoğlunun vəzifədən getməsi bu prosesi dayandıra, yaxud ləngidə bilərmi?

- Qeyd etdiyiniz kimi, uzun müddət idi ki, Türkiyə-Aİ münasibətləri konstruktiv deyildi. Lakin Davudoğlunun səyləri ilə qısa zamanda bir çox müsbət dəyişikliklər oldu və bu, effektiv əməkdaşlığın inkişafına təkan verdi. Viza rejiminin ləğvi ilə bağlı razılaşma layihəsi onun şəxsi qələbəsi sayıla bilər. Avropa üçün münasibətlərin yenilənməsi, daha etibarlı münasibətlərin bərpası üçün son dərəcə əlverişli şərait yaradıldı. İnanmaq istərdik ki, yeni hökumət "Müəllim"in yaradıcı fəaliyyətini davam etdirəcək. Bu, son dərəcə vacibdir. Davudoğlu dünya sistemini və Aİ-nin fəaliyyətini kifayət qədər yaxşı bilən siyasətçidir. Yeni kabinetin bu problemin öhdəsindən necə gələcəyi, hələ ki, məlum deyil. Lakin məndə dövlət siyasətinin əsas prinsiplərinin hansısa formada dəyişə biləcəyi ilə bağlı narahatlıq yoxdur.

- Türkiyənin Baş naziri postuna mümkün namizədlər sırasında 4 nəfərin adı çəkilir: sabiq ədliyyə naziri Bekir Bozdağ, Baş nazirin müavini Numan Kurtulmuş, Energetika naziri Berat Albayrak və Nəqliyyat naziri Binəli Yıldırım. Fikrinizcə, onların hansının bu şansı daha çoxdur? Hökumət başçısı postuna bu sadalananlardan fərqli bir nəfərin gəlməsi mümkündürmü?

- Mənim müşahidələrim göstərir ki, yeni Baş nazir sadaladığınız siyahıdan çıxacaq. Amma prezidentin tamamilə başqa bir şəxsi seçəcəyini də istisna etmək olmaz. Əsas odur ki, yeni Baş nazir artıq o qədər də güclü səlahiyyətlərə malik olmayacaq. Onun Baş nazirliyi prezident idarəçiliyi sisteminə keçilməsinədək davam edəcək müvəqqəti xarakter daşıyacaq.

Numan Kurtuluşun bu yarışda böyük şanslarının olduğunu düşünmürəm. Başqa sözlə, partiya sədri və Baş nazir postunu Bekir Bozdağ, Barat Albayrak və Binəli Yıldırımdan birinin tutacağını düşünmək olar. Bu namizədlərin hər birinin istər güclü, istərsə də zəif tərəfləri var. Binəli Yıldırım güclü xarizmaya malik liderdir. O, ƏİP-in yaradıcılarındandır və partiyanın bütün üzvlərinin etibarına və simpatiyasına malikdir. Lakin prezidentin istənilən rəqibə qısqanclıqla yanaşdığını nəzərə alsaq, Yıldırımın onun partiya daxilindəki güclü mövqeyi onun əleyhinə də işləyə bilər. Halbuki, Yıldırım İstanbul Bələdiyyəsində işlədiyi dövrdən Ərdoğanın yaxın silahdaşlarından biridir. Bununla yanaşı, Yıldırımın ətrafında yaşamış korrupsiya qalmaqalını da unutmaq olmaz.

İstər Türkiyə daxilində, istərsə də ondan kənarda bir çox mütəxəssislər Ərdoğanın kürəkəni Barat Albayrakın Baş nazir postunu tutma şansını yüksək qiymətləndirirlər. Amma bu perspektivə şübhə ilə yanaşanlar da var. Onların fikrincə, bu cür yüksək postun ailə üzvünə həvalə olunması kütlənin mənfi reaksiyasına səbəb ola bilər. Amma Prezident Administrasiyasına yaxın mənbələr Barat Albayrakın parlament üzvü seçilməsinin, energetika naziri postuna təyin olunmasının mənfi reaksiya yaratmadığını xatırladır və bu üzdən onun ölkənin növbəti baş naziri olmaq şansını yüksək qiymətləndirirlər.

Bəkir Bozdağa gəlincə, o, prezident idarəçiliyi sisteminin qatı tərəfdarıdır və Baş nazir postunu tutacaqsa, güman ki, bu cür idarəçilik sisteminin yaradılması üçün əlindən gələni edəcək. İxtisasca ilahiyyatçı və hüquqşünas olan Bozdağ rəhbərliyin mühafizəkar qanadı və ruhanilik arasında populyardır. Onun partiya elektoratına təsir imkanları isə məhduddur.

- Hakim partiyanın bu yay növbədənkənar parlament seçkiləri keçirmək planına dair şayiələri necə şərh edərdiniz? Deyilənə görə, bu seçki nəticəsində parlamentdə mütləq çoxluğa sahib çıxmağı hədəfləyən hakim partiya daha sonra yeni Konstitusiyanın qəbulu təşəbbüsü ilə çıxış etməyi, ölkədə prezident idarəçiliyi sisteminə keçməyi düşünür.

- Bəli, elədir. Millətçi Hərəkat Partiyası (MHP) kürdpərəst Xalqların Demokratik Partiyası (XDP) daxilindəki çaxnaşmalardan istifadə etməyi düşünən prezident növbədənkənar seçki ilə parlamentdə mütləq çoxluğa yiyələnmək istə-yir. Bu, ona yeni Konstitusiyanın qəbulu, bununla da ölkədə prezident idarəçiliyi sisteminə keçid imkanı verəcək.

İctimai rəy sorğuları göstərir ki, indi XDP-nin parlamentə düşmək şansı, demək olar ki, yoxdur. Əgər MHP hakimiyyətin dediyi ilə oturub-duran Dövlət Baxçalını sədrlikdən uzaqlaşdırmasa, millətçiləri də eyni aqibət gözlə-yir. Son hadisələrin, artıq qeyd edildiyi kimi, bu planlara bilavasitə aidiyyəti var. Lakin mən onların əsas hədəflərinə asanlıqla, maneəsiz çatacaqlarına əmin deyiləm. MHP-dəki daxili proseslərdən də çox şey asılıdır. Hər nə isə, tezliklə Türkiyədə baş verə biləcək siyasi "döyüşlərin" ilk konturlarını görəcəyik.



MƏSLƏHƏT GÖR:

485