29 Aprel 2024

Bazar ertəsi, 13:16

SİLAHSIZLARLA MÜHARİBƏ

İşğalçı Ermənistan ordusu mülki əhalini hədəf seçməklə, istənilən sülh təşəbbüsünü əngəlləyir

Müəllif:

15.05.2016

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi əməliyyatlardan sonra, atəşkəs haqqında razılaşmanın əldə olunmasından 1 aydan azca artıq vaxt keçir. Lakin İrəvan qoşunların təmas xəttində gərginliyi artırmaqda davam edir və bununla da əslində, danışıqlar prosesini pozur. Erməni deputatların "DQR"in tanınması ilə bağlı təşəbbüsü də bunun təsdiqidir. Bununla yanaşı, təşəbbüsün tam iflasa uğraması işğalçı ölkə rəhbərliyinin çaşqınlığını bir qədər də  artırıb.

Aprelin əvvəllərində Azərbaycan Ordusu Qarabağ cəbhəsində bir sıra strateji mövqeləri işğaldan azad elədi və bununla da ermənilərin işğal altındakı Qarabağda guya qurduqları müdafiə sisteminin sarsılmaz olduğuna dair təbliğatını darmadağın etdi. Bununla yanaşı, tərəflər atəşkəs haqqında razılığa gəlsələr də, erməni işğalçı ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini yenə də atəşə tutmaqda davam edir. Azərbaycan Prezidenti İlham Əliyev cəbhə xəttinə bu yaxınlarda etdiyi səfəri zamanı deyib: "Ermənistan görəndə ki, təmas xəttində, döyüşdə məğlub olur, bu çirkin əməllərə əl atır. Yenə də mülki əhalini hədəfə götürür, necə ki 1990-cı illərin əvvəllərində olduğu kimi. O vaxt da mülki əhali ilə müharibə aparırdı. Əliyalın əhali ilə müharibə aparmaq böyük hərbi cinayətdir. Ancaq Azərbaycan Ordusu onlara layiqli cavab verdi".

Ermənistanın cinayətkar siyasətinin daha bir sübutu onun tərkibində kimyəvi maddə olan (ağ fosfor) və istifadəsi beynəlxalq konvensiyalarla qadağan edilmiş döyüş sursatlarına əl atmasıdır. Bu cür mərmilər Azərbaycanın Tərtər rayonunun cəbhəyanı kəndində aşkarlanıb. Aydındır ki, erməni işğalçılarının kimyəvi tərkibli kütləvi qırğın silahından istifadəsində məqsəd dinc azərbaycanlı əhalinin məhvidir.

Bununla yanaşı, erməni ordusunun apreldə üzləşdiyi məğlubiyyət Ermənistanda təşvişə səbəb olub. Həmin günlərdə Ermənistan rəhbərliyi təkbətək mübarizədə Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duruş gətirmək iqtidarında olmadıqlarını aydın şəkildə gördü. Bundan başqa, erməni ictimaiyyəti prezident Serj Sarqsyanın total korrupsiyaya, hökumət əleyhinə istənilən çıxışın zorakılıqla boğulmasına əsaslanan rejiminin bacarıqsızlığına, cinayətkar xarakterinə şahid olub. Sarqsyanın özü isə münaqişənin nizamlanması ilə bağlı danışıqlarda iştirakdan imtina etməkdən daha yaxşı heç nə düşünə bilməyib. Onun ATƏT-in Minsk qrupunun himayəsi altında keçirilən danışıqlara qayıtması üçün irəli sürdüyü şərtləri başqa cür qiymətləndirmək mümkün deyil. Söhbət insidentlərin araşdırılması mexanizminin tətbiqindən, Azərbaycan tərəfinin güc tətbiq etməyəcəyinə dair zəmanətdən gedir. Göründüyü kimi, bu şərtlər status-kvonun qorunub saxlanmasına və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsinə yönəlib. Bu səbəbdən də onlar Bakı üçün qəbuledilməzdir.

İrəvanın destruktiv mövqeyi özünü bir də Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarındakı marionet rejimin - "DQR"in tanınması ilə bağlı müzakirələrdə göstərib. Müvafiq layihə Ermənistan parlamentinə təqdim olunmuşdu və onun qəbul ediləcəyi təqdirdə, Dağlıq Qarabağ üzrə sülh prosesinə birdəfəlik son qoyulacağına heç bir şübhə yox idi. Bu perspektivi anlayan, bunun Azərbaycanın dərhal bütün mümkün vasitələrlə müharibəyə başlamasına yol açacağını başa düşən Ermənistan rəhbərliyi prosesi, necə deyərlər, ən maraqlı məqamda dayandırmaq qərarına gəldi. Ermənistan KİV əvvəlcə xəbər verdi ki, hökumətin "Dağlıq Qarabağın müstəqilliyinin tanınması" haqqında qanun layihəsinin müəlliflərindən olan müxalifətçi deputat Zauri Postancyanın da iştirak etdiyi iclasında sənəd bəyənilib. Deputat hökumətin tövsiyəsini müsbət qiymətləndirib və qanun layihəsinin parlamentdə təsdiqləndikdən sonra qüvvəyə minəcəyinə ümidini dilə gətirib.

Lakin Ermənistan XİN vəziyyəti tamamilə fərqli təqdim edib. Xarici işlər nazirinin müavini Şavarş Koçaryanın sözlərinə görə, bu məsələ ilə bağlı yekun qərar hələ qəbul olunmayıb, parlament isə "hadisələrini inkişafını izləyən", "həmçinin xarici amilləri nəzərə alan" prezidentin və hökumətin təlimatını gözləməlidir. Nəticədə, qalmaqallı qanun layihəsi Ermənistan parlamentinin növbədənkənar iclasının gündəliyinə daxil edilmədi.

Bəs Ermənistan XİN rəsmisinin qeyd etdiyi "xarici amillər" nədən ibarətdir? O, xüsusilə ATƏT-in Minsk qrupuna həmsədrlik edən ABŞ, Rusiya və Fransanın mövqeyini nəzərdə tutur - onlar anlayırlar ki, İrəvanın Azərbaycanın işğal olunmuş ərazilərdəki tanınmamış qurumu tanıması sülh prosesinin iflası demək olacaq və Qarabağ müharibəsinin dərhal bərpası ilə nəticələnəcək. 

Hər halda, Rusiya və ABŞ-ın xarici siyasət idarədərinin rəhbərləri Sergey Lavrov ilə Con Kerrinin ikitərəfli müzakirələr zamanı Qarabağ münaqişəsinə böyük diqqət ayırmaları, onu dünyanın ən aktual probelmlərindən biri kimi qiymətləndirmələri göstərir ki, onlar Cənubi Qafqazda böyük yanğın perspektivindən narahatdırlar. İrəvan məhz bu səbəbdən, "DQR"in tanınması kimi ehtiyatsız addımı atmaması üçün sərt xəbərdarlıqlar alır. Məsələn, Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik xatırladıb ki, "Dağlıq Qarabağın müstəqilliyini heç bir dövlət tanımır" və onun yekun statusu münaqişənin hərtərəfli həlli kontekstində müəyyənləşdiriləcək. Buraya işğal olunmuş ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması da daxildir.

Qarabağ nizamlanmasında əsas moderator rolunu oynamağa çalışan Rusiyanın mövqeyi daha çox diqqət cəlb edir. Kremlin mətbuat katibi Dmitri Peskov kifayət qədər çoxmənalı şəkildə bildirib ki, ermənilərin "DQR"in tanınması ilə bağlı qanun layihəsi Moskva ilə müzakirə olunmayıb. Bununla yanaşı, o, deyib ki, Moskva "münaqişə tərəflərinin son dərəcə zərif olan barışığı poza, ümumilikdə, Dağlıq Qarabağda gərginli-yin artmasına yol aça biləcək addımlardan qaçacağına" inanır.

Rusiyanın XİN başçısı Sergey Lavrov da kifayət qədər aydın mövqe ortaya qoyub. Lavrovun sözlərinə görə, onun bu yaxınlarda İrəvana, həmçinin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Moskvaya səfəri zamanı İrəvan münaqişənin sülh yolu ilə həllinə sadiq olduğunu təsdiqləyib. Lavrovun fikrincə, bu, "Qarabağın statusunun birtərəfli şəkildə deyil, ümumi razılaşma kontekstində müəyyənləşəcəyi" deməkdir.

Bu mənada qeyd etmək lazımdır ki, erməni siyasətçiləri "Dağlıq Qarabağın tanınması" təşəbbüsü ilə güman ki, Rusiynın məsələyə reaksiyasını da yoxlamağa çalışıblar. Görünür, onlar bunu müəyyənləşdirə biliblər: Moskva ermənilərə bu məsələdə həmrəylik gözləməyin artıq olduğunu izah edib, çünki "DQR"in tanınması Moskvanın vasitəçilik səylərinə də zərbə vurardı. Üstəlik, bu səylər Rusiyanın Cənubi Qafqazda nüfuzunu artırması məsələsi ilə də əlaqəlidir.

Amma baş tutmayan "Dağlıq Qarabağın tanınması" tarixçəsində ən maraqlı məqam İrəvanın bu addımın mümkün fəsadları qarşısındakı qorxusudur. Ermənistan bu səs-küylü, lakin iflasa məhkum qanun layihəsi təşəbbüsü ilə danışıqlar prosesinin gedişinə də təsir göstərməyə çalışdı. Burada iki variant ola bilər: birincisi, Azərbaycan torpaqlarının işğalına son qoyulmasını labüd edən danışıqlar prosesinin pozulması, ikincisi, danışıqlar prosesinin bərpa olunacağı təqdirdə, Azərbaycan Silahlı Qüvvələrinin aprel uğurlarından sonra ciddi sarsıntı almış İrəvanın mövqelərinin gücləndirilməsi. Lakin İrəvanın "Dağlıq Qarabağın tanınması"na dair, əslində, dəyərsiz olan bu "sənəd"i rədd etməsinin əsas səbəbi məhz Bakının artan hərbi qüdrətidir.

Bu vəziyyətdə Azərbaycan bir daha qəti şəkildə göstərdi ki, münaqişə yalnız onun ərazi bütövlüyü prinsipinə əməl olunmaqla çözülə bilər. Və əgər Ermənistan problemin beynəlxalq hüquqa uyğun, Minsk qrupunun həmsədrləri tərəfindən dinc nizamlanmanın əsas prinsiplərindən biri kimi təqdim olunan bu variant əsasında həllindən imtina edirsə, Bakı əzəli torpaqlarını istənilən yolla azad etmək hüququnu özündə saxlayır. Xoşbəxtlikdən o, bunun üçün lazımi potensiala malikdir və 1 ay əvvəlki döyüşlər də bunu təsdiqlədi. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin mayın 9-da səsləndirdiyi fikri xatırlatmaq yerinə düşərdi: "Builki Qələbə günü Azərbaycanda xüsusi ruh yüksəkliyi ilə qeyd edilir. Bildiyiniz kimi, keçən ayın əvvəlində Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində Ordumuz uğurlu əks-hücum əməliyyatı keçirib. İşğal olunmuş torpaqlarımızın bir hissəsi əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilib, təmas xəttindəki mövqelərimiz daha da möhkəmlənib. Bu gözəl tarixi və parlaq qələbə münasibətilə bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini nümayiş etdirib".



MƏSLƏHƏT GÖR:

457