2 May 2024

Cümə axşamı, 06:41

DAR GÜNÜN DOSTU

Beynəlxalq ekspert Cankat Hurmoğlu şirkətlərə hansı tövsiyələri verdi?

Müəllif:

01.06.2016

Dünyada hökm sürən iqtisadi çətinliklər həm dövlətləri, həm də ayrılıqda şirkətləri qənaət rejiminə keçməyə, öz xərclərini optimallaşdırmağa vadar edir. Üstəlik, bir sıra dövlətlər özünün iqtisadi siyasətinə yenidən baxır, intensiv islahatlara start verir. 

Dünya bazarında neftin kəskin ucuzlaşması səbəbindən Azərbaycan da özünün postneft siyasətinin icrasına gözlənildiyindən tez başlamalı olub və hazırda intensiv islahatlar həyata keçirir. 

Postneft siyasəti çərçivəsində rəsmi Baknını əsas priotitetlərindən biri isə ölkənin coğrafi mövqeyi və tranzit imkanlarından maksimum bəhrələnməklə, buradan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafıdır. 

Nəqliyyat, logistika, yük və sərnişin daşınmalarında təhlükəsizlik üzrə məsləhətçi xidmətləri göstərən "HED Consultancy" şirkətinin rəhbəri Cankat Hurmoğlu da hesab edir ki, Azərbaycanın bu sahədə potensialı böyükdür. Ekspert həmçinin böhran şəraitində şirkətlərin nəqliyyat xərclərini işə zərər vurmadan azaltmasının sirlərindən tutmuş, yollarımızda təhlükəsizliyin təmin olunmasına qədər bir çox məsləhətlərini bizimlə bölüşüb. 

– Cankat bəy, əvvəlcə şirkətiniz barədə məlumat vermənizi istərdik...

– Biz Hurmoğlu danışmanlık şirkətini 90-cı ildə Almanyada qurduq. Şirkət DVR, yəni alman dövlətinin də iştirak etdiyi yol təhlükəsizlik komissiyasının üzvüdür. 

Avropada bir qədər bu sahədə çalışdıqdan sonra qərara gəldim ki, bu işlər bizim ölkələrdə də görülməlidir. Ona görə 98-ci ildə Türkiyədə çalışmağa başladıq və iki il Almaniya üzərindən çalışdıqdan sonra firmanı Türkiyəyə köçürdük. Hazırda mərkəzi Türkiyədə olmaqla Almanya, Gürcüstan və Azərbaycanda da ofislərimiz var. 

Bunların arasında Azərbaycan iş həcminə görə Türkiyədən sonra ikinci yerdədir. Çünki burada, əsasən, transmilli şirkətlərin və onların podratçılarının sifarişləri yerinə yetirilir. Azərbaycanda yalnız HED Consultancy-nin iş təcrübəsi və sahib olduğu sertifikatlar bu firmaların tələbatlarını qarşılamağa imkan verir.

2011-ci ildən "bp"nin yol təhlükəsizliyi, qəzasızlıq ilə bağlı bütün təlimlərini keçirir, monitorinq aparır və avtomobillərinə nəzarət edirik. 

Əsas hədəfimiz yollarda təhlü-kəsizliyin, qəzasızlığın təmin olunmasıdır. Təbii ki, bunu etmək üçün müştərilərimizin də bəzi çatışmazlıqları aradan qaldırması lazımdır və biz də bu işdə onlara yardımçı oluruq. Bəzi treninqlər var ki, minik maşınlarından tutmuş TIR-lara qədər bütün avtomobillərin sürücülər onlardan keçməli, nəzəri və təcrübi imtahan verib sertifikat almalıdır;məsələn, "bp"də yalnız bu sertifikatı aldıqdan sonra sükan arxasına keçmək olar. Türkiyədəki işlərimizin də bəziləri Azərbaycana bağlıdır. Buraya TANAP kimi böyük layihədə çalışan şirkətlərə göstərdiyimiz məsləhətçi xidmətləri daxildir. Azərbaycanda isə yalnız "bp" ilə deyil, 122 firma ilə çalışırıq. Düzdür, bunların çoxu "bp"yə xidmət göstərən şirkətlərdir. 

– Anladığım qədər Azərbaycanda, əsasən, xarici şirkətlərlə işbirliyiniz var. Səbəb nədir? Bəlkə göstərdiyiniz xidmətlərin mahiyyətini yerli şirkətlərə izah etmək çətin olur?

– Elə bizim işimizin ən böyük problemi də budur, özü də tək Azərbaycanda deyil, bütün dünyada. Ən böyük çətinlik qarşındakı insana nə etdiyini anlatmaqdır; məsələn, bir uşağa əlifbanı öyrətmək istəsən, təbii ki, o, öyrənmək istəyəcək, çünki hərfləri bilmir. Biz isə faktiki olaraq təcrübəli adamlara deyirik ki, siz maşın sürməyi bilmirsiniz, biz sizə bunu öyrədəcəyik. İndi təsəvvür edin ki, qarşınızda 30 ilin sürücüsü var. Onun ilk sualı o olur ki, "Axı sən mənə nə öyrədə bilərsən?". Bizim işimiz insanlara onu başa salmaqdır ki, maşını sürmək hələ onu idarə etmək demək deyil. Sürməyi sürücülük məktəbləri də öyrədir. Ondan sonra əsas məsələ onu, məsələn, lazım olan yerdə, lazım olan anda saxlaya bilməkdir. Azərbaycandakı qəzalara baxdıqda görərsiniz ki, insanlar, məsələn, ekstremal hallarda necə davranmalı olduqlarını bilmirlər. Bundan başqa, yol hərəkəti qaydaları ilə də bağlı problemlər var.

Bu baxımdan, Azərbaycan bir az daha spesifik ölkədir. Bəlkə də sovet vaxtından qalma bir mədəniyyətin təsiri var burada. Azərbaycanda əvvəl hər kəs "Bizə belə xidmət lazım deyil" deyir. Lakin treninqləri görəndə, nələr anlatdığımızı eşidəndə fikirləri dəyişir. Məsələn, bir daşıma həyata keçirməlisiniz. Bunun üçün sizə hansı avtomobil daha çox uyğundur, onu düzgünmü seçdiniz, yoxsa sadəcə qiymətinə baxıb aldınız? Bunları soruşanda anlayırlar ki, məsləhətlərimiz onlara doğrudan da lazım imiş. Və ya şirkətlərdən soruşuruq nə qədər yanacaq işlədirsiniz, deyirlər, filan qədər. Sürücülərin maşın sürməklərinə baxanda görürük ki, əslində onlar eyni işi daha az yanacaq işlətməklə, bəlkə də 20 faizə qədər qənaət etməklə görə bilərlər. 

– Belə çıxır ki, şirkət sahibləri indki qlobal böhran şəraitində nəqliyyat xərclərini kəskin azaltmaq istəsələr bunu işə zərər vurmadan edə bilərlər? Tutaq ki, biri ildə 1 milyon nəqliyyat xərci çəkirsə, siz onun məsrəflərini 20 faiz azaltmağa kömək edə bilərsiniz...

– Bu qədər bəsit. Özü də söhbət yalnız nəqliyyat şirkətlərindən getmir, burada tikinti şirkətləri də var. Bunların beton mikserləri, qum və daşdaşıyan maşınları var. Burada sərf olunan yağ, təkər, ehtiyat hissələri - bunların hamısında 20 faizə qədər qənaət etmək imkanı var. Yəni sənin 100 min dollar illik nəqliyyat məsrəfin varsa, heç nə etmədən, çox kiçik treyninqlərdən sonra 20 min daha az xərcləyə bilərsən. Hələ söhbət milyonlardan gedərsə, qənaətin rəqəmləri də böyüyəcək. 

Bir problem də insanların işə köhnə fikirlə yaşaması, modern texnologiyaları öyrənmək istəməməsidir. Nəticədə, avtomobilin bütün sistemi lazım olandan daha çox işlənir və daha tez aşınır. Bu, sürücülərə də, firma sahiblərinə aiddir; məsələn, biz TANAP-a hansı avtomobili alacaqlarına, onları necə istismar edəcəklərinə, hansı dövri baxışlardan keçirəcəklərinə qədər məsləhət veririk. 

– Yəni demək olarmı ki, qlobal böhran sizin xidmətlərinizə tələbatı da artırıb?

– Tamamilə doğrudur. Xərclərə nəzarət etmək, onları düzgün bölüşdürmək adi vaxtlarda da lazımdır, çünki rəqabət böyükdür. Lakin böhran dövründə buna daha çox diqqət yetirməli oluruq. Çünki böhran zamanı inflyasiya və s. kimi səndən asılı olmayan amillər də var. 

– Bəs Azərbaycan bazarının potensialını necə qiymətləndirirsiniz? Sizin kimi bir şirkətin xidmətlərindən yararlana biləcək şirkətlər çoxdurmu?

– Bəli, Azərbaycanda bu imkanlar var. Hətta bəlkə indiki gücümüzü biraz daha artırmalı olduq. Özdə buna sadəcə iqtisadi fayda baxımından baxmaq düz de-yil; məsələn, şəhərdə nə qədər avtobus xidmət göstərir? Onların fəaliyyətini sahmana salsaq, görün nə qədər rahatlıq olar, nə qədər insanın həyatını qurtarmış olarıq. 

– İnsan həyatı demişkən, yollarımızdakı təhlükəsizlik məsələsi bizim yaralı yerimizdir. Bir mütəxəssis kimi müşahidələriniz nə göstərir, bizim yolların ən böyük problemi nədir?

– İnsan faktoru. Bəli, əsas problem insanların özüdür. Əslində, bu məsələdə Azərbaycanın Türkiyədən çox fərqi yoxdur. Amma Azərbaycandakı yollarda ən böyük problem insane amilidir. İnsanları bir az qaydalara əməl etməyə inandıra bilsək hər şey düzələcək. Təbii ki, hər şeyi insanların üzərinə atmaq da olmaz. Dövlətdə yolları planlaşdırarkən tıxac və təhlükəsizlik problemini nəzərə almalıdır.

– Sizcə, insanları qaydalara əməl etməyə sövq etmək üçün nə etmək lazımdır? Cərimə və cəzanı gücləndirmək, yoxsa maarifləndirmə və qabaqlayıcı iş aparmaq?

– Cərimənin bir yerə qədər təsiri var. Amma insana cərimə yazmaq üçün siz əvvəlcə ona nə etmək lazım olduğunu öyrətməlisiniz. Yalnız o, nə etməli olduğunu bildikdən sonra, ona cərimə kəsə bilərsiniz. Buna görə, avtomobil təlimi işini elə qurmalısınız ki, hər kəs sürücülük vəsiqəsini almazdan öncə işi tam öyrənsin. 

– Belə bir məqsəd qarşınıza qoydunuzmu ki, Azərbaycanda bir avtomobil məktəbi yaradasınız? 

– Bəli, belə bir niyyətimiz var. Ancaq indiki şəraitdə yox. Dövlətin köməyi olarsa, bu sahədə qanunlar, qaydalar, sistem Avropadakı kimi təkmilləşərsə, sıfırdan ta sürücülük vəsiqəsi alana qədər təlimlər keçə bilərik. Hələlik isə universitetlərlə əlaqə saxlayıb, tələbələrə ödənişsiz treninqlər keçmək istəyirik. Öz simulyatorlarımız vasitəsilə, məsələn, kəmərin nə üçün lazım olduğunu, başqa təhlükəsizlik məsələlərini onlara anlatmaq istəyirik. 

– Bildiyiniz kimi, Azərbaycanın postneftsiyasəti çərçivəsində əsas önəm verdiyi sahələrdən biri də ölkə ərazisindən keçən "İpək yolu" və "Şimal-Cənub" kimi beynəlxalq nəqliyyat dəhlizlərinin, Azərbaycan vasitəsilə transit daşımaçılığın inkişafıdır. Bu sahədə çalışan bir iş adamı olaraq, həmin dəhlizlərin perspektivlərini və Azərbaycanın burada kı rolunu necə dəyərləndirirsiniz?

- Təbii ki, Azərbaycanın rolu böyük olacaq. Amma buna hazır olmaq lazımdır. Azərbaycan bir logistik mərkəzə çevrilməlidir. İstər gömrük qanunları, istər maşınların giriş-çıxış imkanları, istər yollar baxımından elə bir system yaratmalıyıq ki, bura transit yükdaşımaçıları üçün arzuolunan bir yerə çevrilsin. Hər halda, alınan qərarlar Azərbaycanın doğru yolda olduğunu göstərir. 

– Bildiyimiz qədər, siz həm də sürət həvəskarısınız, hətta "Formula-3" yarışlarında da iştirak edirsiniz. Bu ayın ortalarında Azərbaycanda "Formula-1" yarışlarının keçirilməsi planlaşdırılır. Sizcə bu, ölkəyə və ayrıca vətəndaşlara, sürət həvəskarlarına nə verəcək?

- Bu cür yarışlar, sadəcə, Azərbaycanda deyil, bütün dünyada izlənildiyinə görə verəcəyi çox fayda var. Sadəcə diqqət etmək lazımdır. Avtomobil həvəskarları bu maşınları burada görəndə düşünə bilərlərki, biz də belə sürə bilərik. Bilmək lazımdır ki, bunu edənlərlə peşəkar təlim keçib və bunu xüsusi təhlükəsizlik şəraitində edirlər. Nə o maşınlar bizim kimi, nə də o sürücülər bizim kimi deyillər. Jurnalistlər də daxil olmaqla, hamının bu təbliğatı aparması lazımdır.



MƏSLƏHƏT GÖR:

455