28 Aprel 2024

Bazar, 07:55

BİR İL ARTIQ, yoxsa ARTIQ BİR İL?!

Azərbaycanın ümumtəhsil məktəblərində 12 illik tədris sisteminin tətbiqinə hazırlaşılır

Müəllif:

01.06.2016

Təhsil Nazirliyinin yeni layihəsi 12 illik tədris modelinə keçidin planlaşdırılması və tətbiqini nəzərdə tutur. Bu gün sözügedən yeni layihə əksər valideynlər üçün fokusçunun şlyapadakı dovşanından başqa bir şey deyil - onun yalnız qulaqları görünür. Gəlin, biz bu "dovşan"a daha diqqətlə baxmağa çalışaq.

 

Konvensiyaya görə...

Dünyada 12 illik məktəbə əsaslanan ümumi orta təhsil standartı çoxdan mövcuddur; məsələn, ABŞ, Kanada, Yaponiya, İsveç, Fransa kimi ölkələrdə bu sistem qüvvədədir. Almaniya, Çexiya, İtaliya, İsveçrədə orta məktəblərdə tədris 13, Hollandiyada isə hətta 14 ildir.

Bəzi MDB ölkələri də "Avropa regionu üzrə ali təhsil sahəsindəixtisasların qarşılıqlı tanınması haq-qında" Lissabon konvensiyasının imzalanmasından sonra tədricən 12 illik sistemə keçir. Söhbət Qazaxıstan və Rusiyadan gedir. Moldovada, Baltikyanı ölkələrdə, Özbəkistanda və Gürcüstanda bu mərhələ artıq geridə qalıb. Konvensiyaya Azərbaycan da qoşulub.

Hazırda bunun idealda necə olacağını demək çətindir. Çünki istənilən cəmiyyətin həqiqətən də əsası sayılan bu sahədə atılan addımların nəticələri yalnız bir neçə il sonra özünü göstərir.

Bundan başqa, bu gün, güman ki, müəllimlər və təhsil sahəsinin məmurları arasında 12 illik təhsil modeli haqda real təsəvvürləri olanlar o qədər də çox deyil. Əksəriyyət 12 illik sistemə keçidi məktəblərin strukturu ilə bağlı stereotiplərin və strukturun özünün dəyişdirilməsi imkanı kimi qəbul edir.

Müxtəlif ölkələrdə təhsil strukturunun fərdi modelləri mövcuddur. Məsələn, Rusiyada 1-4 (ibtidai sinif), 5-10 (baza) və 11-12 (yuxarı) formulu olacaq. Biz isə çox zaman artıq mövcud olan nümunələrə əməl etməyə öyrəşmişik. Hər halda, bu gün Azərbaycanda 12 illik sistem haqda təsəvvür abstrakt və təxminidir. Qeyd etmək lazımdır ki, bu, asan məsələ deyil. Çünki 12 illik tədris sisteminə keçid sadəcə mövcud tədris planına mexaniki olaraq bir sinfin əlavə edilməsi olmamalıdır. O, bütünlükdə təhsil sisteminin yenilənməsini, onun yaş xüsusiyyətlərinə uyğunlaşdırılmasını tələb edir. 

 

Cəmiyyətdəki əhval

Cəmiyyətdə 12 illik sistemə keçidlə bağlı xəbər qəti mənfi reaksiya yaradıb. Valideynlərin əksəriyyəti xəbəri hiddətlə qarşılayıb: "Bu, artıq il deməkdir. Nəzərə alsaq ki, yuxarı sinif şagirdləri onsuz da məktəbə getmir və ya yalnız görüntü üçün gedir, müəllimlər isə onlarla məşğul olmur..."; "Bu, ekstensiv yanaşmadır. Onillik sistemdə təhsilin səviyyəsini artırmaqdansa, vaxtı artırmaq istəyirlər. Mövcud şəraitdə bunun faydası yoxdur. Nə qədər ki, optimal təhsil sistemi mövcud deyil, tədrisin müddətini 25 il də etsələr, faydası olmayacaq. Əksinə, onlar uşaqların həyatından illəri alır. Halbuki, həmin illər lazımi şəkildə təhsilə sərf oluna bilər". Əksəriyyət bu məsələdə köhnə sovet təhsil sistemi ilə müqayisə aparır, o zamankı 8 illik təhsil sistemində biliyin indikindən daha yüksək olduğunu bildirir.

Əlbəttə ki, əhalinin əksəriyyəti nə istahatların gedişindən, nə də  onların məqsədəuyğunluğundan xəbərdardır. Bu səbəbdəndən də insanların narahatlıgı başa düşüləndi. Məhz bu aspektə görə, Təhsil Nazirliyinin atdığı müsbət addımlar belə, nəinki şagirdlər və onların valideynləri, həm də bəzən müəllim heyəti tərəfindən də qəbul olunmur. Bu, şübhəsiz ki, vacib məqamdır. Çünki ictimaiyyətin istənilən reaksiyası rəsmi strukturların fəaliyyətinin qiymətləndirilməsinə imkan verir. İndisə söhbət təhsil sistemindən gedir - bu sensitiv sahədə baş verən ən cüzi dəyişiklik belə, geniş ictimai rezonans doğurur.

 

"Sıfırdan" təhsil

Təhsil Nazirliyindən "R+"a bildiriblər ki, əslində, 12 illik tədris sisteminə keçid xarici standartlara uyğunlaşmaqdır. Məsələ hələlik müzakirə mərhələsindədir: "artıq" il haraya əlavə olunacaq - təhsilin əvvəlinə, yoxsa sonuna? "İlkin olaraq bu, sıfırıncı sinif, məktəbəqədər təhsil kimi nəzərdən keçirilirdi", - deyə nazirlikdən bildiriblər.

Həqiqətən də bizdə məktəbəqədər təhsillə bağlı vəziyyət kifayət qədər çətindir. Nazirliyin statistikasına əsasən, bu, uşaqların yalnız 30%-ni əhatə edir. Qurum bu göstəricini, ən azı, 70%-ə çatdırmağa çalışır. Bu işdə əsas rol isə uşaq bağçalarının üzərinə düşür. Amma valideynlərin heç də hamısı övladlarını bağçalara vermir. Bununla yanaşı, bağçaya getməyə uşaqların əksəriyyəti məktəbəqədər təhsil kurslarına yazılır. Təhsil Nazirliyinin mütəxəssisləri isə bu kursların keyfiyyətini qiymətləndirmək məsuliyyətini üzərlərinə götürmür. "Uşaq bağçaları dövlət və ya özəl olmasından asılı olmayaraq, nazirlik tərəfindən hazırlanmış vahid metodik plan və proqram əsasında işləyir", - deyə mütəxəssis bildirir.

Uşaqların bağçalara verilməməsi çox zaman anaların stereotipləri ilə (bağçada uşaqlar tez-tez xəstələnir və s.) əlaqəli olsa da, ümumilikdə, bu gün məktəbəqədər və orta təhsil sahəsində vəziyyət son onillikdə cəmiyyətdə yaşanan sosial və iqtisadi prosesilərin ağır nəticəsidir. "Ağır 90-cı illərdə, iqtisadi kollaps dövründə doğum sayı kifayət qədər aşağı idi", - deyə ekspert bildirir: "Nəticədə, çox sayda uşaq bağçası bağlandı. Məktəblərdə də uşaq çatışmazlığı var idi. Sonra, 2000-ci illərdə əhalinin rifahının yüksəlməsi "uşaq bumu"na da səbəb oldu. Artıq ailədə 2-3 uşağın olması normaya çevrildi. Bu cür bayağı fakt xüsusilə təhsil sahəsində bir sıra fəsadlara yol açır. Məhz bu üzdən u?aq bağçalarında və məktəblərdə yer çatışmamağa başladı. Bundan başqa, təhsil sahəsindəki mövcud problemləri də unutmaq olmaz. Beləliklə, məktəblərdə uşaqların sayı ənənəvi normanı aşmağa başladı. İndi sinifdə 30-40 uşağın olması adi hal sayılır. Tədris ocaqlarında özünəməxsus inqilaba yol açmış kurrikulum konsepsiyasının qəbul olunması ilə birinci sinifdə uşağa oxuma, yazma və hesabın öyrədilməsi müəllimlər üçün çox çətin işə çevrildi. Qeyd edək ki, bu konsepsiyanın prioritet istiqamətlərindən biri hər bir uşağa bacarığına uyğun olaraq, fərdi yanaşmanı nəzərdə tutur. Müəllimlər bu işi çatdırmır. Odur ki, kifayət qədər məhdud kollektivlə uşaqlara əsas baza biliklərinin öyrədildiyi məktəbəqədər təhsil ibtidai sinif müəllimləri üçün ciddi köməkdir".

 

Differensasiya

Yeri gəlmişkən, məhdud kollektiv haqqında. Kurrikulum sisteminə yalnız uşaqları təhsil prosesinə cəlb olunan valideynlər deyil, müəllimlər də mənfi münasibət bəsləyir. "Bu, qeyri-qənaətbəxş sistemdir. Uşaqların bu qədər çox olduğu siniflərdə işçi qruplar yaratmaq, hər uşağa fərdi və kreativ yanaşmaq mümkün deyil. Biri deyilənləri tez qavrayır, digəri gec. Kurrikulum şagird sayı az olan, məsələn, 20 uşağın oxuduğu siniflərdə yaxşı nəticə verə bilər. 40-50 şagirdin olduğu sinifdə bu, nəticə verə bilməz", - deyə nazirlikdən bildirirlər. Bu səbəbdən, qurumda hesab edirlər ki, 12 illik təhsil sisteminin tətbiqi sinifləri daha çox parçalamağa imkan verəcək.

Məktəb yaşına çatmayan uşaqlar üçün qəbul imtahanlarına gəlincə, hələ sovet illərində belə, bizdə məktəbə qəbul üçün imtahan keçirilmədiyinə dair fikir formalaşsa da, uşaqla kiçik, səthi sual-cavab aparılırdı. Uşaqlar siniflərə məhz bu sual-cavabın nəticəsinə əsasən bölünürdü: "A" sinfi "B"dən "nüfuzlu" sayılırdı və s. Uyğun uşaqların toplandığı sinfin formalaşdırılması müəllimə tədris prosesini daha optimal qurmağa yardım edirdi. Ekspertin sözlərinə görə, bu gün də orta məktəblərə qəbul imtahanlarının keçirilməsində məqsəd siniflərin uşaqların müxtəlif fənlərlə bağlı bacarığına, meylinə əsasən formalaşdırılmasıdır. 

 

Ali məktəblərin işinin azaldılması

Beləliklə, biz məktəblərdə əlavyə tədris ilinin tətbiqinə doğru gedirik. Görünür, əlavə ili prosesin əvvəlinə deyil, sonuna, yəni 11-ci sinifdən sonraya əlavə edəcəklər. Nazirliyin mütəxəssisi deyir ki, bu, profil siniflərinin yaradılmasının bir hissəsi olacaq: "9-cu sinifdən sonra uşaq təhsilini məktəbdə davam etdirmək, yoxsa texnikuma üz tutmaq haqq?nda qərar qəbul edəcək. Bu, peşə-texniki təhsilin bərpası ilə eyni vaxtda baş verəcək. Texniki-peşə təhsili bazası kifayət qədər yaxşı olarsa, uşaq özü üçün heç bir zərəri olmadan, 9-cu sinifdən peşə sahibi olmağa yollana bilər. Bu gün çilingər və ya məsələn, texnik olmaq üçün imkanlar çox azdır. Bundan başqa, bu, ali məktəblərə qəbul zamanı da yüksək rəqabəti bir qədər yüngülləşdirəcək"".

Bu səbəbdən də 9-cu sinifdənsonrakı 10, 11 və 12-ci sinifləri daha profilli, ixtisaslaşmış etmək qərarına gəlinib (yeri gəlmişkən, 2015-ci ildən Təhsil Nazirliyinin layihəsinə əsasən, artıq 50 məktəbdə profil sinifləri var). Yəni, məktəblilər öz istəklərinə və gələcək peşələrinə uyğun olaraq, özləri üçün üstünlük verəcəkləri fənlərə uyğun siniflər seçə biləcəklər. Bu, dolayısı ilə onları ali məktəbə hazırlıq üçün kənarda müəllim tutmaq ehtiyacından xilas edəcək. 

 

Vahid imtahan

Bu proqramın növbəti məntiqi mərhələsi Rusiya nümunəsinə uyğun olaraq, vahid imtahanın tətbiqi ola bilər. Yəni, 12-ci sinfi bitirmiş şagird məktəbdən kamal attestatı almaq üçün vahid imtahan verir, bu imtahanın nəticəsi ona arzuladığı ali məktəbə qəbul olunmaq üçün kifayət edir. Bu, o deməkdir ki, uşaq özünə uyğun təhsil ocağını seçir, imtahanın nəticələrini oraya göndərir və görünür, yenə də konkurs əsasında həmin ali məktəbə qəbul olunur.

"R+" təhsilə dair keçmiş məqalələrində tədris planının həddindən artıq yüklənməsindən, məhz bu üzdən tədris ilinin müddətinin proqrama və dünya standartlarına uyğun uzadılmasından bəhs edib. Bəzi müəllimlərin fikrincə, bu, tədris planının daha rəvan bölünməsinə, tədris yükünün azalmasına imkan verəcək. Bu, onun qavranmasını asanlaşdıra bilər. Bundan başqa, yenə də xarici standartlara əsaslansaq, 11-ci sinfi bitirərək ali məktəblərə qəbul olunan abituriyentlər 1 ilini Foundation-a həsr etməli olur. Bundan başqa, bəzi müəllimlərin fikrincə, 16 yaşlı uşağın ali məktəbdə oxumağa hazır olduğunu düşünmək yanlışdır.

Tarix müəllimi Vaqif Abbasovun fikrincə, bu sistemə keçid çoxdan planlaşdırılır. Lakin məktəblilərin yükü getdikcə artır: "Dü-şünürəm ki, 1-9-cu siniflərin yükü elə əvvəlki qədər çox olacaq. 10, 11 və əlavə 12-ci sinif isə güman ki, fakültətiv xarakter daşıyacaq. Yəqin ki, yuxarı siniflər üçün şagird seçimi kifayət qədər sərt keçəcək".

Ümumilikdə çoxları hesab edir ki, tədris illərinin artırılmasından əvvəl həll olunası hələ çox məsələ var. Çünki mütləq əksəriyyəti təhsilin və tədrisin səviyyəsindən, vahid dərsliklərin olmamasından narazıdır, kurrikulum sistemi də çoxdan tətbiq olunmasına rəğmən, qavranılmayıb.

Yeri gəlmişkən, Ukraynada bu sistemin tətbiqi uğursuz alınıb və onun tətbiqindən bir neçə il sonra sistem ləğv olunub. İndi orada yenidən 11 illik təhsil sistemi qüvvədədir.


MƏSLƏHƏT GÖR:

471