6 May 2024

Bazar ertəsi, 05:53

FİNAL AKKORDU

TAP layihəsinin tikintisinə başlanması "Cənub Qaz Dəhlizi"nin vaxtında reallaşdırılmasına əminliyi sabitləşdirdi

Müəllif:

01.06.2016

Yunanıstanın Saloniki şəhərində təşkil edilmiş Trans-Adriaktik qaz kəmərinin (TAP) tikintisinə başlanması mərasimi bütün, hətta "Cənuz Qaz Dəhlizi"nin (CQD) reallaşdırılmasının pozulması imkanları ilə bağlı olan nəzəri şübhələri belə aradan qaldırdı. Avropa üçün bu, qazın yeni mənbədən növbəti marşrut üzrə çıxması deməkdir. Bundan əlavə, bu marşrut gələcəkdə təkcə Azərbaycan qazı yox, həm də Xəzər və Yaxın Şərq regionundan "mavi yanacağın" nəqli üçün imkanlar yaradır.

"Cənub Qaz Dəhlizi"nin reallaşdırılması sübut edir ki, Xəzər regionunun enerji resurslarını Avropa istehlakçıları ilə birləşdirmək üçün vahid energetika infrastrukturunun yaradılması - layihəyə cəlb edilən bütün tərəflər üçün texniki olaraq mümkün, iqtisadi cəhətdən həyat qabiliyyətli və siyasi nöqteyi-nəzərdən səmərəlidir", - deyə TAP-ın təməlqoyma mərasimində Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç bildirib. O, qeyd edib ki, "Cənub Qaz Dəhlizi" müasir dövrün ən böyük infrastruktur layihəsidir. Bununla bərabər, M. Şafoviç 2020-ci ildə TAP-ın işə düşməsindən sonra, onun imkanlarının qısa zamanda ilkin 10 mlrd. kubmetri üstələyəcəyinə ümid etdiyini deyib. 

ABŞ dövlət katibi Con Kerri isə hesab edir ki, CQD "Avropaya şaxələnmə baxımından yeni ümid və imkanlar verəcək". Kerrinin TAP-ın təməlqoyma mərasimi iştirakçılarına ünvanladığı məktubunu oxuyan ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn qeyd edib ki, ABŞ Avropanın, "Cənub Qaz Dəhlizi", o cümlədən Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun diversifikasiyası və enerji təhlükəsizliyinə yardım edəcək yeni qaz marşrutlarını dəstəkləyir. 

Yunanıstanın Baş naziri Aleksis Tsipras, öz növbəsində, TAP-ın tikintisinin yunan iqtisadiyyatı üçün son dərəcə mühüm məqama təsadüf etdiyini və onun müvəffəqiyyətlə dirçəlməsinə kömək edəcəyinə diqqət çəkib. "TAP Yunanıstana mühüm enerji mərkəzi rolunu oynamağa kömək edəcək. Mühüm məqamlardan biri də odur ki, layihənin reallaşdırılmasında yunan şirkətləri də iştirak edirlər, tikinti prosesində isə 8 minədək iş yerləri açılacaq. Borukəməri regional əməkdaşlığın güclənməsinə də yardım edəcək. Odur ki, layihə iqtisadi səmərədən başqa, geostrateji əhəmiyyətə də malikdir", - deyə A. Tsipras bildirib.

Yunanıstana qədər energetika mərkəzi rolunu Türkiyə sınayacaq. Türkiyə Energetika naziri Berat Albayrakın sözlərinə görə, Trans-Adriatik və Trans-Anadolu (TANAP) qaz kəmərlərinin tikintisi regionda yeni, dayanıqlı enerji bazarının qurulmasının başlanğıcıdır. 

Artıq Yunanıstan və İtaliyada TAP-ın tikintisi üzrə fiziki işlərə başlanılıb. TANAP və "Cənub Qaz Dəhlizi" qaz kəməri (Bakıdan gürcü-türk sərhədinədək) üzrə işlərin çoxdan artıq aktiv fəzaya daxil olduğunu nəzərə alaraq, Azərbaycan qazının 2020-ci ildən Avropayadək nəqli üçün bütün komponentlərin vaxtında tamamlanmasını proqnozlaşdırmaq olar. 

Təbii ki, Azərbaycan qazının nəql həcmi ənənəvi tədarükçülər, ilk növbədə, Rusiya ilə müqayisə edilmir. Lakin Avropa üçün, ilk növbədə, öz bazarına yeni mənbədən qaz nəqlini təmin etmək vacibdir. Bundan əlavə, yaradılan CQD sistemi gələcəkdə yeni mənbələrin də qoşulmasına şərait yaradır; məsələn, TANAP qaz kəmərinin gücü iki dəfə artırıla və 32 mlrd. kumbetrə çatdırıla bilər. Bununla belə, Azərbaycan bu kəmərlə ancaq 16 mlrd. kubmetr qaz nəql edəcək. 

Gücün artırılmasının bu cür potensialına TAP da malikdir. TAP konsorsiumunun icraçı direktoru Yen Bredşounun Trend-ə bildirdiyi kimi, "bizim layihə iki əlavə kompressor stansiyanın qurulması, habelə ilkin kompressor stansiyaların təkmilləşdirilməsi vasitəsilə ötürmə qabiliyyətini ildə 20 mlrd. kubmetrədək artırmaq imkanını nəzərdə tutur. Potensial tədarükçülər sırasında, ilk növbədə, Türkmənistanın adı çəkilir. 

Türkmənistanın Neft və Qaz naziri Mıratqeldi Mərədovun sözlərinə görə, Türkmənistanın, türkmən qazının tədarükü ilə bağlı AB ilə əməkdaşlığının böyük perspektivləri var. O, qeyd edib ki, ölkəsi "Şərq-Qərb" qaz kəmərinin tikintisini artıq bitirib. "Türkmənistanın, demək olar ki, bütün iri yataqlarını vahid qaznəqletmə sistemində birləşdirən bu qaz kəməri qazın istər şərq, istərsə də perspektivli qərb istiqamətində nəqlini həyata keçirməyə imkan verir. Bu da enerji resurslarının beynəlxalq bazarlara tədarükünün təhlükəsizlik və etibarlılıq zəmanətini daha da artıracaq", - deyə türkmən nazir bildirib. 

Bununla bərabər, Azərbaycan Energetika naziri Natiq Əliyevin sözlərinə görə, Türkmənistanın qaz nəqlini genişləndirmək üçün böyük potensialı olsa da, bir çox, xüsusilə Trans-Xəzər qaz kəmərinin tikintisi məsələsi açıq qalır. "Türkmən qazının qərb istiqamətinə nəqlini real hesab edirəm və Türkmənistan da buna etiraz etmir. Amma Türkmənistan qazın öz sərhədlərində reallaşması şərtini irəli sürür. Bu, bir çox suallar doğurur. Bizim mövqeyimiz belədir ki, hər bir ölkənin CQD vasitəsilə Avropaya qaz nəqlini həyata keçirə bilməsi üçün imkanlar yaradırıq. 

Biz, üçüncü ölkələrlə uzunmüd-dətli sazişlər olduğu halda bu dəhlizin ötürücü gücünün artırılmasına yönələn sərmayələr yatırmağa hazırıq. Bura dəhlizə daxil olan qaz kəmərlərinin gücünün artırılması və əlavə qaz kompressor stansiyalarının tikintisi də daxildir", - N. Əliyev bildirib.

Lakin CQD potensial resurs bazası təkcə Türkmənistanla məhdudlaşmır. Azərbaycandan da qaz ixracının genişlənməsi imkanlarını nəzərə almaq lazımdır. Ölkənin potensialı "Şahdəniz" yatağı ilə bitmir - "Abşeron", "Ümid", "Babək", "Azəri-Çıraq-Günəşli" blokunun dərinsulu layları və s. unutmaq lazım deyil. Bütövlükdə, SOCAR-ın ekspertləri gələcəkdə qaz yataqlarının aşkarlanma imkanlarını neftdən daha yüksək qiymətləndirirlər. Onlar bunu coğrafi özəlliklərlə əsaslandırırlar.

Və nəhayət, CQD sistemindən Yaxın Şərq qazının ötürülməsi imkanları da böyük perspektivlərə malikdir. Belə ki, ilkin olaraq İran qazının ixrac imkanları nəzərdən keçirilirdisə, indi sanksiyaların aradan qaldırılması fonundakı İran qazından söhbət gedir. Buraya, hətta şelfində "mayi yanacaq" aşkar edilən İsrail də daxildir. 

Avropa üçün maksimum mümkün alternativlərin olması əlverişlidir - bu istər qiymət amilinə təsir edir, istərsə də qazın siyasi təzyiq vasitəsi qismində istifadə olunma variantından xilas edir. 

Bununla belə, CQD-nin Avropanın məhz cənubuna daxil olmasının xüsusi əhəmiyyəti var - məhz bu regionda ölkələr bir mənbədən - Ru-siyanın "Qazprom" şirkətinin nəqlindən, demək olar ki, 100% asılıdır.

AB artıq uzun illərdir Rusiya qazının tədarükü ilə bağlı olan yeni layihələrin qarşısını səylə almağa çalışaraq, Rusiya qazının istehlak həcmini azaltmağa çalışır. Məhz AB-nin təzyiqi ilə Rusiya qazının Bolqarıstan və daha sonra Cənub və Mərkəzi Avropa ölkələrinə nəqlini nəzərdə tutan "Cənub axını" layihəsi bağlandı, Türkiyə-Rusiya münasibətlərində siyasi ixtilaf "Türkiyə axını"nın dondurulmasına gətirib çıxardı. İndi isə Brüssel Almaniyaya qaz nəqlini nəzərdə tutan "Şimal axını -2" layihəsinə qarşı fəal mübarizə aparır.

Aydındır ki, "Qazprom"un təklif etdiyi bütün yeni layihələr də Ukrayna ilə siyasi qarşıdurma müstəvisində yaranır. Belə ki, Şərqi Avropaya qaz nəqlinin əsas həcmi məhz bu ölkədən keçir. Rusiya da bir anda tərəfdaşdan rəqibə çevrilmiş Kiyevin qaz infrastrukturunun istifadəsindən xilas olmaq üçün bütün səylərini qoyur. 

AB məhz bu şərtlərdə "Qazprom"un yeni marşrutları üzrə təşəbbüslərini məhdudlaşdırır. AB, eyni zamanda, Avropa qitəsinə yeni qaz mənbələri gətirə bilən digər layihələr üçün maksimum imkanlar yaradır.

Söhbət təkcə Azərbaycan qazından deyil, ABŞ-dan maye qazın tədarükü imkanlarından gedir. AB-nin "böyük qardaşı" Avropa qaz bazarında şaxələnmə və azad rəqabət imkanları uğrunda az qala avropalılardan çox mübarizə aparır. "Mən azad bazar, Rusiya qazının digərləri ilə rəqabət apardığı vəziyyət barədə danışıram. Siz qazı yüz faiz bir mənbədən alırsınız, lakin başqa mənbədən də almaq imkanının olması da yaxşıdır. Lakin indi Avropada bir neçə ölkənin seçimi yoxdur. Seçimin yoxdursa, qiymət və nəql şərtlərini necə müzakirə etmək olar?" - deyə "İnterfaks"a ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi nüma-yəndəsi və koordinatoru Amos Hokstayn bildirib.

Eyni zamanda, Dövlət Departamentinin nümayəndəsi etiraf edir ki, "gələcəyi Avropa bazarında iri qaz tədarükçülərindən biri kimi Rusiyasız görmür". Lakin A. Hokstayn təkidlə avropalılara Rusiyanın "Şimal-axını -2" kimi yeni borukəməri layihələrinə qarşı durmağı tövsiyə edir.  

"İnfrastrukturun artıq mövcud olduğu, qazın qiymətinin ucuz olması şərtlərində yeni qaz kəmərinin tikintisinin kommersiya mənfəətinin 12 mlrd. dollar təşkil etməsi şübhə doğurur. Ukraynadan keçən boru kəməri işləyir və indiyədək də yaxşı işləyib. Qazın Ukraynadan Almaniyaya tədarükü üçün infrastrukturu təkmilləşdirmək əvəzinə, Rusiya qazının Avropa üçün 80% və ya daha artıq həcmini ancaq bir yerdə Almaniya üçün toplamaq vəziyyətini yaratmaq nə enerji təhlükəsizliyi, nə də iqtisadi təhülkəsizlik baxımından məna daşıyır", - deyə A. Hokstayn qeyd edir. 

Bununla yanaşı o, CQD layihəsini fəal şəkildə dəstəkləyir. Çünki o, "Avropaya heç vaxt əlçatar olmayan qazı nəql etməyə imkan verir", deməli, rəqabətin inkişafına yardım edir. "Avropada Trans-Adriatik boru kəmərini qidalandıracaq SMQ terminallarının da olmasını, Xəzərin qazı ilə də rəqabət aparılmasını istərdim. Mən, ümumiyyətlə, qaz tədarükü imkanlarının maksimal sayda olmasının, rəqabət və müvafiq olaraq əlverişli qiymətin tərəfdarıyam", - A. Hokstayn bildirib. 

Qlobal miqyasda qaz istehlakının artım perspektivlərini (məhz qaz dünya enerji balansından kömürü çıxaracaq), habelə Avropanın "mavi yanacağın" iri istehlakçısı kimi imkanlarını nəzərə alaraq, bu bazarda hamıya yer tapılacaq. Digər məsələ - mümkün qədər tez öz sahəni müəyyənləşdirməkdir, üstəlik, bunun üçün mümkün şərait də yaradılır. TAP layihəsi əbəs yerə CDQ komponenti kimi həm tikinti, həm də istismar dövrü üçün üçüncü Enerji Paketi çərçivəsində güzəştlər əldə etməyib. Bu imkanlar nəzərə alınmaqla Azərbaycan tamamilə özünü Avropaya etibarlı və proqnozlaşdırıla bilən qaz tədarükçüsü kimi tanıta bilər. Xüsusən Azərbaycan nefti Avropada həqiqətən tanınır.



MƏSLƏHƏT GÖR:

413