5 May 2024

Bazar, 06:23

ERMƏNİSTANDA FAŞİZM KABUSU DOLAŞIR

İrəvan Hitlerin tərəfdarlarını qəhrəmana çevirmək cəhdlərini davam etdirir

Müəllif:

01.06.2016

Ermənistan öz ampluasındadır. Faşizm üzərində Qələbə Gününün 71-ci ildönümündən 1 ay keçməmiş, İrəvanda faşizmlə mübarizədə həlak olmuş insanların müqəddəs xatirəsinə təhqir sayılacaq hadisə baş verib.

Mayın 28-də İrəvanın düz mərkəzində, hökumət binaları kompleksi və Ermənistanın hakim partiyasının mənzil-qərargahı yaxınlığında Qaregin Njdenin abidəsinin təntənəli açılış mərasimi keçirilib. Söhbət Hitlerin tərəfdarı, SS-in erməni cəza dəstəsinin yaradıcılarından olmuş şəxsdən gedir. Nasistlərlə əlbir olmuş bu şəxsin xatirəsinin əbədiləşdirilməsi mərasiminə şəxsən Ermənistan prezidenti Serj Sarqsyan da qatılıb. Halbuki o, cəmi 20 gün əvvəl həmvətənlərini Qələbə Gürü münasibətilə təbrik etmiş, 1 il öncə isə faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə Moskvada təşkil olunmuş parada qatılmışdı.

Rəsmi İrəvanın arsızlığı və riyakarlığı, düzü, təəccüblü deyil. "Prinsipcə, burada təəccüblü heç nə yoxdur. Çünki Ermənistanın hakim partiyasının Nizamnaməsində Qaregin Njdenin təliminə istinad olunur, o, erməni milli ideologiyasının əhəmiyyətli bir hissəsi hesab olunur", - deyə Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov "İnterfaks-Azərbaycan"a açıqlamasında bildirib.

O xatırladıb ki, Njde general Dro ilə birlikdə faşist ordusunun tərkibində erməni legionunun yaradıcılarından olub. Bu legionun formalaşdırılmasına 1942-ci ildə Njdenin Berlinə səfərindən sonra başlanılıb və burada məqsəd öz hörmətini şəxsən fürerə çatdırmaq istəyi olub.

"Erməni legionu Yevpatoriya, Aluşt, Kerçi və Krımın digər rayonlarında amansız cəza əməliyyatları ilə məşhurlaşıb. Böyük Vətən müharibəsindən sonra, Njde Sovet Hərbi Məhkəməsi tərəfindən 25 il müddətinə azadlıqdan məhrum edilib və 1955-ci ildə Vladimirsk-sentralda dünyasını dəyişib", - deyə F. Axundov qeyd edib.

Yeri gəlmişkən, Sovet İttifaqının dağılmasından sonra da Njde bəraət almayıb. Məhkəmə onun barəsindəki hökmü qüvvədə saxlayıb.

Beləliklə, Ermənistan rəhbərliyinin bir faşisti necə göylərə qaldırdığı ortadadır. Ermənistanda nasist cinayətkarları olmuş Dro və Njdenin şərəfinə xatirə sikkələri buraxılır, filmlər çəkilir. İrəvanda Qaregin Njdenin adına meydan və metro stansiyası da var. General Dronun (Drastamat Kananyan) adı küçəyə verilib. İndi isə Ermənistan paytaxtının düz mərkəzində Njdenin abidəsi ucaldılıb.

Sektor müdiri xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən müharibəsinin nəticələrinin dəyişdirilməsinin yolverilməz olduğunu dəfələrlə bəyan edib. "Lakin özünü Cənubi Qafqazda Rusiyanın əsas müttəfiqi kimi göstərən Ermənistan prezidenti İrəvanın düz mərkəzində antisovet fəaliyyətilə məşğul olmuş, sovet əsgərlərini və dinc sakinləri öldürən erməni başkəsənlərinə rəhbərlik etmiş şəxsə təntənə ilə abidə ucaldır. Bu, yalnız Rusiya xalqına yox, dünyadakı bütün xalqlara, o cümlədən faşist ideologiyasına qarşı vuruşmuş ermənilərə qarşı aşkar təxribat deyilsə, bəs nədir?" - deyə F. Axundov sual edir. - "Buraya Rusiyanın İrəvandakı səfirliyi qarşısında bu yaxınlarda keçirilmiş etiraz aksiyasını, diplomatik missiyanın yumurta atəşinə tutulmasını, ölkədə rusdilli məktəblərin bağlanmasını, rusların praktiki olaraq, tam şəkildə emiqrasiyasını və nəticədə, keçmiş SSRİ respublikaları arasında ən az sayda rusun məhz Ermənistanda qalmasını əlavə etsək, mənzərə tam aydın olur və Ermənistanın dövlət siyasətindəki trendi aşkar şəkildə nümayiş etdirir".

F. Axundov bildirir ki, Ermənistanda millətçi siyasət nəticəsində artıq rus əhali qalmayıb ki, Njdeyə abidə qoyulmasına etiraz etsin.

"Lakin mən hesab edirəm ki, İkinci Dünya müharibəsinin nəinki keçmiş SSRİ ərazisində, həm də başqa ölkələrdə yaşayan veteranları erməni rejiminin bu əməlini - onların yoldaşlarını məhv etmiş şəxsi şöhrətləndirməsini pisləməlidir", - deyə o, qeyd edib.

Yeri gəlmişkən, hələ ötən il Azərbaycanın çoxmillətli müharibə veteranları Rusiya Prezidenti Vladimir Putinə müraciət etmiş, ermənilərin Hitler faşizminin tərəfdarlarını məşhurlaşdırmasının qarşısının alınmasını xahiş etmişdilər.

Veteranlar bir məqama xüsusi diqqət çəkmişdilər: Ermənistan SS-in erməni cəza legionunun generalı Dro və Njde kimi tanınmış rəhbərləri Drastamat Kananyan və Qaregin Ter-Arutyunyanın adını təmizə çıxarmaq üçün rus resurslarından istifadə edir. "Məşhur KİV səhifələrində nasist rejimi ilə əlbir olmuş, Hitler və Himlerlə dostluq etmiş Njde qəhrəmanlara tay tutulur və erməni xalqının "görkəmli oğlu" adlandırılır. Tanınmış Rusiya aktyorları Ç.Xamatova (Njdenin həyat yoldaşı rolu) və Mixail Yefremov (Petko Xristov) "Qaregin Njde" filminə çəkiliblər. Əminik ki, həm Ç.Xamatova, həm də M.Yefremov aldanıblar. Onlar Njdenin nasist başkəsəni olduğunu bilməyiblər. Lakin fakt faktlığında qalır. Bu film bütün Rusiya ərazisində nümayiş olunub", - deyə müraciətdə bildirilirdi.

Bundan başqa, Moskvada "Qaregin Njde ilə söhbət, yaxud Njdenin 125 illiyinə həsr olunmuş abidə" adlı kitabın təqdimatı olub. Rusiyadakı erməni diasporu bu faşistin "Knyaz Vladimirsk" qəbiristanlığındakı məzarına nümayişkaranə şəkildə ziyarətlər təşkil edir, Njde üçün memorial-kompleksin tikintisi məsələsini qaldırır.

İrəvan bəzən nasist ideologiyası tərəfdarlarının təmizə çıxarılması işinə o qədər aludə olur ki, özünü açıq şəkildə gülüş hədəfinə çevirir; məsələn, hansı məntiqin sahibi olmalısan ki, hətta faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunmuş bayram ekspozisiyasında Qaregin Njdenin portretini, onun və davamçılarının "fədakar"lığına dair mətnlər asasan? 

Amma "iztirablı" Ermənistanı anlamaq olar. Hər halda, o, tarixindəki aşkar boşluqları necəsə doldurmalıdır... 



MƏSLƏHƏT GÖR:

468