18 May 2024

Şənbə, 22:31

SƏYAHƏTÇİLƏR ÜÇÜN ÖLKƏ

Azərbaycanın rekreasiya sektoru kütləvi istirahət istiqamətini inkişaf etdirərək, böhranı dəf edir

Müəllif:

15.06.2016

İnkişafın neftdənsonrakı dövrünə başlayan Azərbaycan qeyri - xammal sahələrinin inkişafını sürətləndirmək məqsədilə irimiqyaslı islahatlar həyata keçirir. Yeni iqtisadi kurs, əsasən, kütləvi büdcəli istirahətin irəliləməsini stimullaşdıraraq, turizm sektorunun köklü diversifikasiyasını nəzərdə tutur. Bu məqsədə nail olmaq istirahət xərclərinin azalması, büdcəli aviadaşıyıcıların inkişafı, xidmətin beynəlxalq standartlarının tətbiqi hesabına nəzərdə tutulur. Yeni strategiyanın mühüm elementi - əcnəbi turistlərin sayının artırılmasıdır. Bunun üçün xüsusilə, viza prosedurlarını maksimum sadələşdirən "ASAN Viza" sistemi yaradılır.

 

"1 saylı" hazırlıq

Builki yay turizm mövsümünün açılışı beynəlxalq idman bayramı - "Formula-1" Avropa Qran-pri yarışı ilə üst-üstə düşdü. Bu, şübhəsiz, 2016-ci ilin turizm sahəsində əlamətdar hadisələrdən biri Bakıya minlərlə azarkeş, idman komandaları, KİV nümayəndələri və s. cəlb edəcək. Qonaqların yerləşdirilməsi və istirahətinə Bakıda fəaliyyət göstərən, təxminən, 130 otel və mehmanxana tipli obyektlər cəlb olunublar. Onların ümumi tutumu, təqribən, 12 min yataq yeri təşkil edir. Bunların sırasında 2011-2015-ci illərdə inşa edilən beşulduzlu otellər də var. Bu obyektlər paytaxtın mehmanxana potensialını, ən azı, iki min əlavə yataq yeri ilə artırır. 

"Azərbaycanın turizm şirkətləri və otelləri "Formula-1" yarışları ilə əlaqədar ölkəyə gələcək xarici qonaqlara xidmət etmək üçün hazır vəziyyətdədir", - deyə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov hesab edir. - "AzTA-nın tərkibində Bakı Bələdçi Mərkəzi yaradılıb. Bu mərkəz də Azərbaycana gələn qonaqlara müxtəlif dillərdə ekskursiya xidmətləri göstərmək üçün hazır vəziyyətdədir". Onun sözlərinə görə, Azərbaycana gələcək qonaqlar üçün tarixi abidələrə ekskursiyalar - Qobustan, Yanardağ, Atəşgah, Abşeron sahilində istirahət, habelə regionlarda mənzərəli kurortlara səfərlər təşkil edilə bilər. Səfərlərlə yanaşı, gələn qonaqlara Azərbaycan milli mətbəxinin müxtəlif yeməkləri və şərablarının dequstasiyası imkanı təqdim ediləcək. 

"Formula-1" səviyyəsində olan müsabiqə, sözsüz, Azərbaycanın turizm potensialının populyarlaşması üçün önəmli amildir. Bu yarış sayəsində ölkə mürəkkəb tədbirlər təşkil etmək və on minlərlə qonağın yüksək səviyyədə qəbulunu təmin etmək qabiliyyətini nümayiş etdirir. Lakin son iki ilin reallıqları göstərdi ki, iqtisadi yüksəliş və enerjidaşıyıcılarının yüksək qiymətləri mövcud olduğu dövrə əsaslanmış biznes-turizmin irəliləməsi strategiyası neftdənsonrakı dövrdə heç də həmişə səmərəli deyil. Söhbət, əsasən, yaxın keçmişdə dominantlıq edən trenddən - korporativ səyahətlər sistemi (corporate travel industry) və işgüzar görüşlər sənayesini (MICE) birləşdirən işgüzar turizmə olan ümidlərdən gedir. Bu istiqamət üzrə ölkədə konqres-zallar, idman və musiqi tədbirlərinin keçirilməsi üçün yüksəksinifli obyektlər, habelə beynəlxalq konqreslərin, sərgilərin, xatirə günlərinin təşkili, biznes-forumların keçirilməsi və s. üçün nəzərdə tutulmuş digər infrastruktur yaradılırdı. Ölkədə yüksək işgüzar fəallıq paytaxt və regionlarda beşulduzlu otel və yüksəksinifli kurortların tikintisini də stimullaşdırırdı. MICE-seqmentə xidmət göstərməkdən savayı, onlar xarici zəngin səyahətçilər üçün də nəzərdə tutulmuşdu. 

 

Məsələ puldadır

Lakin hazırda bu cür xidmətlərə tələbat beynəlxalq forumların dövlət maliyyəsinin, o cümlədən yerli və xarici şirkətlərdə işgüzar fəallığı dəfələrlə azaldan sürəkli qlobal böhrana görə xeyli azalıb. Neftdənsonrakı dövrdə Azərbaycan turizm sektorunun inkişaf vektoru, tədricən, kütləvi istirahət istiqamətində dəyişir. Uzun davam edən enerji böhranı gəlmə (incoming) turizminin büdcəli istiqamətə dönməsinə səbəb olub. Buna əcnəbi turistlər üçün yerli şirkətlərin xidmətlərini daha münasib etmiş milli valyutanın məzənnəsinin ikiqat düşməsi səbəb oldu. Ekspertlərin qiymətləndirmələrinə əsasən, 30-50% həddində konvertasiya fərqi otellər, restoranlar, servis şirkətləri, əyləncə sektoru və s. xidmətləri ucuzlaşdırıb. "Tufandağ" və "Şahdağ" - ölkənin aparıcı idman kurort məkanları yay mövsümünün açılışını müxtəlif festivallar, dağ və xizək yürüşlərinin təşkili, velosiped gəzintilərinin keçirilməsi ilə qeyd ediblər. Eyni zamanda, kurort mərkəzləri qiymətləri ötənilki həddə saxlayıblar. 

Maraqlıdır ki, Mədəniyyət və Turizm Nazirliyi və AzTA-nın mütəxəssislərinin ötən yaz və yay mövsümü ərəfəsində keçirdiyi bazarın monitorinqi əksər mehmanxana və istirahət zonalarında manatla olan tariflərin hissediləcək dərəcədə yüksəlməsini qeydə almayıblar. Rekreasiya sahəsində qiymətlərin süni artımı müşahidə edilməyib. Ancaq bəzi hallarda mehmanxana xidmətlərinə daxil olan qida məhsullarının dəyərinin artması ilə bağlı cüzi 10-15% bahalaşma qeyd edilib. 

 Qiymət amili ölkəyə yaxın xaricdən, ilk növbədə, Rusiyadan istirahət etməyə gələnlərin sayını xeyli artıraraq, drayver rolunu oynadı. İranın üzərindən beynxəlxalq sanksiyaların götürülməsi də dövlətlər arasında turist mübadiləsinə dinamika qatdı.  Misir və Türkiyədə kütləvi Rusiya turizminin dayanması və Avropada istirahətin bahalaşması (Rusiya valyutasının devalvasiyası fonunda) rusiyalı turizm agentliklərini daha yaxın ölkələrdə, o cümlədən Azərbaycanda münasib alternativlərin axtarışına sövq etdi. Bu yaxınlarda " Rusiyanın aparıcı "Travel.ru" aparıcı turizm servisi Bakını "F1" avtoyarışlarının rusiyalı sevərlər arasında "TOP-3" (Soçi və Barselona ilə birgə), o cümlədən Azərbaycanın dəniz kurortlarını MDB-də yay istirahətinin daha populyar istiqamətlərinin ilk beşliyində daxil edib.  

Bu reytinq 2016-cı ilin yay mövsünmü üçün otel və kurort zonalarında mənzillərin bronlaşdırılmasına dair məlumatlar əsasında tərtib edilib. "Travel.ru" ekspertlərinin fikrincə, Azərbaycanda Xəzərin sahilində Abşeron və Yalama sahili, o cümlədən Astara və Lənkəranda qara vulkan qumlu çimərliklər daha cəlbedici kurort ərazilər kimi qəbul olunublar. Təqdirəlayiqdir ki, rusiyalı şikətlərin planlarında təkcə Azərbaycana turist axınının artımını təmin etmək deyil, həm də bu sferaya birgə sərmayə yatırmaq var. Belə ki, bu yaxındalarda Bakıda keçirilən Azərbaycan-Dağıstan biznes forumunda Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov, ilk növbədə, Dağıstanın Xəzər sahilində otellər, istirahət zonaları, restoranların tikintisinin birgə maliyyələşməsini təklif edib. Azərbaycan və Dağıstan turizm agentlikləri regionun rekreasiya potensialının və Rusiyanın digər əyalətləri və qonşu dövlətlərdən turistlərin birgə axınının cəlb olunması ilə keçid turların təşkili imkanlarını öyrənirlər. Turizm klasterinin dəstəklənməsi üçün perspektivli layihə Dərbəndlə Bakı arasında elektrik qatarının buraxılması görünür. 

 

"Asan" əllə...

Beynəlxalq təcrübə göstərdiyi kimi - münasib qiymətlər, servisin müasir standartlarının tətbiqi və ən mühümü, əcnəbilər üçün viza prosedurlarının sadələşdirilməsi - gəlmə turizminin inkişafı üçün alternativsiz amillərdir. Bu sahənin optimallaşdırılmasına elektron vizaların təqdim edilməsinin sadələşmiş prosedurlarını tətbiq etmiş prezident İlham Əliyevin bu yaxınlardakı fərmanı yardım edəcək. "ASAN Viza" sisteminin yaradılmasını dövlət başçısı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə həvalə edib. Yeni viza mexanizmi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizanı məsafədən almağa imkan verəcək: elektron bazaya bütün zəruri məlumatları daxil etmək və dövlət rüsumunu ödəmək kifayətdir. 

 "ASAN Viza" bütün vizaların vahid portal vasitəsilə alınmasını həyata keçirməyə imkan verəcək", - deyə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib. - "Portalda bütün zəruri informasiyalar və elektron rekvizitlər təqdim ediləcək. Onları doldurmaqla vizanı da həmin portaldan elektron formada almaq olacaq. Vizanı onlayn-rejmdə 3 gün ərzində əvvəlcədən qeyd edilmiş e-mail ünvanlarına təqdim etməklə əldə etmək olacaq". 

İ. Kərimovun sözlərinə görə, hazırda Xarici İşlər Nazirliyi elektron viza ala biləcək ölkələrin siyahısı razılaşdırır. Yaxın vaxtlarda onların verilməsi planlaşdırılır. Gəlmə vizalarının alınmasına dair yeni onlayn-sistem təkcə vaxta qənaət etməyə deyil, həm də əcnəbiləri konsulluq və digər dövlət strukturlarına müraciət etmək və ya özəl turizm agentliklərinə əlavə xidmətlərinə görə ödəniş etmək zərurətindən xilas edəcək. Bununla belə, vizanın alınması üçün əvvəlki kanal və mexanizmlər də qüvvədə qalır. 

Elektron vizaların verilmə mexanizmlərinin optimallaşdırılması barədə qərar çoxdan gözlənilən idi və ölkənin turizm bazarının subyektləri və beynəlxalq ekspertlər tərəfindən son dərəcə müsbət qarşılandı. "Biz dövlət başçısının elektron vizaların verilməsi prosedurunu asanlaşdırmaq və "ASAN Viza "sistemini yaratmaq barədə qərarını hər cəhətdən alqışlayırıq. Hesab edirik ki, "ASAN Viza" sisteminin imkanlarına son dərəcə tələbat yaranacaq və Avropa İttifaqı ölkələrindan Azərbaycana turist axınının artması üçün ilk şərt olacaq", - deyə AB-nin Azərbaycandakı səfiri Malena Mard bildirib. 

Öz növbəsində, "AzTA"nın nüma-yəndəsi M. Ağakərimov da hesab edir ki, müasir informasiya texnologiyalarının tətbiqi ilə ASAN Viza sisteminin yaradılması elektron vizaların rəsmiləşdirilməsində şəffaflıq və operativliyi təmin edəcək. Onların verilmə müddətinin 3 günə endirilməsi də Azərbaycana bütün dünyadan çox sayda turistlərin cəlb olunmasına səbəb olacaq. O, həmçinin xatırladıb ki, bu yaxınlarda Azərbaycan Fars körfəzi ölkələri və Çin, Yaponiya, Koreya, Malayziya, Sinqapurdan ölkəyə gələn turistlər üçün sadələşdirilmiş viza rejimi tətbiq edib. 

Gəlmə turizmi üçün prosedurları sadələşdirərək, ötənilki devalvasiyadan sonra qiymət artımı ilə əlaqədar ciddi problemlər yaşayan getmə (outgoing) turizm seqmentinin inkişafı üçün də ölkə hökuməti səylər göstərir. Bu problemin həlli üçün ilk addım Azərbaycana aşağıbüdcəli aviaşirkətlərin uçuşlarının cəlb edilməsi oldu. Cari ilin mart ayında "AZALJET" (AZAL-ın şirkəti), həmçinin Macarıstanın " WizzAir" və Türkiyənin "Pegasus" şirkətləri daha çox tələbat olan istiqamətlər üzrə uçuşlar təşkil etdilər. Bu qərar getmə istirahəti sahəsində işləyən yerli turizm agentliklərinin böhrandan çıxması, eyni zamanda ölkənin kurortlarına çıxışı ucuzlaşdırmaqla, ölkəyə turist axınını stimullaşdıraraq, nəzərəçarpacaq dəstək göstərdi. 

Getmə sektoruna dəstək məqsədilə Türkiyə, BƏƏ, Misir və başqa ölkələr üçün digər populyar turizm istiqamətləri ilə əlaqələrin genişlənməsi üzrə yeni strategiya reallaşdırılır. Belə ki, bu yaxınlarda Misir Otelyerlər Assosiasiyası və Turizm Administrasiyasının nüma-yəndələrindən ibarət heyətin Azərbaycana səfəri çərçivəsində Bakıdan Xurdaquya birbaşa aviareyslərin açılması, Bakı və Şərm-əl-Şeyx arasında uçuşların sayının artırılmasına dair perspektivlər müzakirə edilib. Misir otelləri yerli turistlərə müxtəlif xidmətlər daxil olan yeni cəlbedici qiymətə turpaketlər təqdim edirlər. Azərbaycan turizm agentlikləri analoji razılaşmaları türkiyəli həmkarları ilə də bağlayıblar. Rusiyadan istirahətə gələnlərin axınının azalması ilə əlaqədar türkiyəli kurortlar cari mövsümdə daha ucuz putyovkalar təklif edirlər. Hər iki dövlətin aviasiya şirkətləri isə birbaşa çarter reyslərinin sayını artırıblar. 

Sadalanan amillər, ümumilikdə, ölkəmizə turist axınını 20-25% artırmaq imkanı verir. Bu cür imkanların mövcudluğunu Dövlət Statistika Komitəsinin məlumatları da sübut edir. Qurumun məlumatına əsasən, qonaqpərvərlik və qida sektoru ölkə iqtisadiyyatının bütün sahələri arasında inkişaf dinamikasına görə ikinci yeri tutub. Yerli rekreasiya sektorunun uğurlarını beynəlxalq təşkilatların qiymətləri də sübut edirlər. UNWTO Beynəlxalq Turizm Agentli-yinin məlumatına görə, turizmdən daxil olan gəlirlərin payının ÜDM-də artması dinamikasına görə Azərbaycan ötən il 27,3% artım təmin edib. Bu mənada təzəlikcə 2016-cı ilin proqnozlarını açıqlayan Dünya Turizm və Səyahətlər Şurasının (WTTC) statitikası da yerinə düşər. Belə ki, səyahət və turizm sektorunun cari ildə 4% artım təmin edəcəyi gözlənilir. Bu isə Azərbaycanı dünyanın 184 dövləti arasında 59-cu yerə çıxaracaq.



MƏSLƏHƏT GÖR:

413