30 Aprel 2024

Çərşənbə axşamı, 01:23

BƏZƏKSİZ SİYASƏT

Artıq 100 ildir ki, türk xalqı eyni qüvvələrlə üz-üzə qalıb

Müəllif:

15.06.2016

"Bilirsiniz, tarixin ən böyük həyasızlığı necə olur? Əlləri dirsəyədək qana batmış cinayətkar onilliklər sonra tamamilə dəyişdiyini bildirir, əməllərini etiraf edir, qurbanlarının yaxınlarına kompensasiya ödəyir və bunu maddi kompensasiya və işin qapanması adlandırır. Bütün bunlardan sonra isə qəflətən başqalarını eyni cinayəti törətməkdə ittiham etməyə başlayır". Böyük Fransa inqilabının ən məşhur və nüfuzlu siyasi xadimlərindən olan Maksimilian Robespyerin bu sitatı Almaniya Bundestaqının bu yaxınlarda 1915-ci ildə Osmanlı İmperiyasında baş verənləri "erməni soyqırımı" kimi tanımasını ən yaxşı ifadə edən fikirdir.

Belə təsəvvür yaranırdı ki, son ildə "soyqırımı" haqqında yüzillik mif, nəhayət, dağılmağa başlayıb. Hətta güclü erməni diasporunun yaşadığı və əsrlərboyu erməni məsələsindən Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edildiyi Fransada belə, son zamanlar "erməni soyqırımı" haqqında o qədər də çox danışılmırdı. Həmin hadisələrin ötən il qeyd olunmuş 100-cü ildönümü belə, dünya ictimaiyyətinin Ermənistana xüsusi diqqət ayırmasına səbəb olmadı.

Bu məqamda Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) ötən ilin oktyabrın 15-də çıxardığı qərarı da xatırlatmaq yerinə düşər. Məhkəmə hökmündə deyilir: "1915-ci il hadisələrinin məğzi və xarakteri mübahisəli olaraq qalır. Bu hadisələri xarakterizə edən məhkəmə qərarı yoxdur. 1915-ci il hadisələrini İkinci Dünya müharibəsi zamanı baş vermiş Xolokostdan fərqləndirən də budur. 1915-ci il hadisələri tarixçilər arasında diskussiya və mübahisə mövzusudur".

Almaniya Parlamentinin qərarı çoxları üçün gözlənilməz ola bilər. Hətta Türkiyə diasporu da Bundestaqın bu addımı atmayacağına arxayın idi. Lakin istər Türkiyə daxilində, istərsə də onun Aİ ilə münasibətlərində yaşanan siyasi proseslərə nəzər yetirsək görərik ki, Almaniya Parlamentinin bu qərarı Ankaraya təzyiq və şantaj vasitəsi olaraq, çoxdan yetişmişdi.

 

Niyə məhz indi?

Almaniya Parlamentinin 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanımaq planı mayın 16-da üzə çıxdı. Burada marağı cəlb edən məqam ondadır ki, cəmi bir neçə gün əvvəl Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının növbədənkənar qurultay keçirəcəyi və partiyanın sədri Əhməd Davudoğlunun bu post uğrunda mübarizəyə qoşulmayacağı elan edilmişdi. Bu, faktiki olaraq, Türkiyə Baş nazirinin vəzifəsindən istefa verməsi anlamına gəlirdi. O zaman Amerikanın və Avropanın bir çox nüfuzlu KİV-i bu hadisəyə son dərəcə mənfi reaksiya vermiş, Qərbin Davudoğlunun simasında Türkiyə rəhbərliyindəki sadiq silahdaşını itirdiyini bildirmişdi. Axı Ankara-Brüssel münasibətlərində yaxınlaşmanın təşəbbüskarı məhz Davudoğlu idi.

Davudoğlunun istefaya gedəcəyi haqqında xəbərin yayılmasından dərhal sonra, Aİ Türkiyə ilə vizasız rejimə keçid haqqında razılaşma üzərində işi dayandırdı. Bu xəbər Strasburqdan mayın 11-də gəldi. Qeyd edək ki, razılığa əsasən, Türkiyənin Yaxın Şərqdən Avropaya qaçqın axınının qarşısını alması müqabilində, Brüssel Ankaraya qaçqınların tələbatlarının ödənilməsi üçün 6 milyard avroluq kredit və bu ilin yayından etibarən, Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvini vəd edirdi. Lakin bunun üçün Ankara iyunun sonunadək Aİ-nin 5 şərtinə əməl etməli idi (Türkiyə rəhbərliyinə qarşı irəli sürülmüş tələblər 72 maddədən ibarətdir). Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə sözügedən razılaşmaya yenidən baxılmasının məqsədəuyğun olduğunu, onun Türkiyənin milli maraqları ilə ziddiyyət təşkil etdiyini deyirdi.

Bundan başqa, Türkiyə KİV-in məlumatına görə, Ankaranın Suriya və Rusiya ilə bağlı xarici siyasətində də ciddi dəyişikliklər baş vermişdi. Elə o zaman analitiklər Türkiyə ilə Qərb arasında münasibətlərin tezliklə pozula biləcəyini proqnozlaşdırırdı. Və Qərbin cavabı özünü çox gözlətmədi. 

Amma bu cavab heç kəsin gözləmədiyi tərəfdən gəldi.

 

Brut, sən də?

Almaniya Türkiyənin əsas ticarət tərəfdaşıdır. Almanlar Türkiyə məhsullarının idxalçıları siyahısında dünyada ilk yerdədir. Bundan başqa, ən səthi hesablamalara görə, Almaniyada 4 milyondan bir qədər az türk yaşayır. Bu, Ermənistanda yaşayan ermənilərin sayından çoxdur. Odur ki, məşhur erməni diasporunun Almani-yanın siyasətinə təsiri haqqında danışmaq yersiz olardı. Türklər Almaniyada həyatın bütün sahələrində təmsil olunub - fubol üzrə milli komandadan tutmuş, Bundestaqa qədər. Yeri gəlmişkən, nə qədər paradoksal olsa da, Bundestaqda "erməni soyqırımı" haqqında qanun layihəsinin gündəmə gətirilməsinə çalışanlar, onun lehinə səs verənlər arasında türkəsilli deputatlar da olub. Qanun layihəsinin özünü türk Cem Özdəmir hazırlayıb. Halbuki, o, 15 il əvvəl tamamilə fərqli mövqe ortaya qoyurdu.

2001-ci il aprelin 5-də "Frankfurter Allgemeine Zeitung" qəzetində dərc olunmuş məqaləsində Özdəmir yazırdı: "Parlament tarixi məsələlərin müzakirə olunacağı məkan deyil. Mən Almaniya Bundestaqındakı həmkarlarıma Fransadan nümunə götürməyi məsləhət görməzdim. 1915-ci ildə və ondan əvvəl - 1895-ci ildə baş vermiş hadisələr nə Vaşinqtonda, nə Parisdə müzakirə edilməlidir". O vaxtlar Özdəmir Almaniya Parlamentini "erməni soyqırımı"nın tanınması kimi "böyük səhv"ə yol verməməyə çağırırdı...

İndi isə onun bu yaxınlarda verdiyi bəyanatı nəzərinizə çatdırırıq: "Əminəm ki, Ankara bu qanun layihəsinin ("erməni soyqırımı"nın tanınması) qəbulundan çox qəzəblənəcək. Lakin Almaniya Parlamenti Türkiyə rejiminin nazı ilə oynamayacaq. Parlamentimizin bu qanunu qəbulundan sonra, Türkiyənin "soyqırımı"ı inkar etməsi çox çətin olacaq".

Görəsən, nə baş verib ki, cənab Özdəmir bu qədər qısa zamanda mövqeyini 180 dərəcə dəyişib? Özdəmir siyasi akrobatlığının səbəbini 2007-ci ildə imzalanmış Sürix protokollarının lazımi effekt verməməsi, Türkiyənin Ermənistanla sərhədini açmaması ilə əsaslandırıb.

Belə çıxır ki, Türkiyə rəhbərliyi Özdəmiri 101 il əvvəl "soyqırımı"ın olduğuna "inanmağa" vadar edib?! Əgər Türkiyə, az qala, milli maraqların satılması sayıla biləcək əsassız güzəştlərə getsəydi, onda 1915-ci il hadisələrinə "tarixi qiymət verməyə" ehtiyac olmazdı?

"Bu məsələnin ikinci tərəfi də var. Qanun layihəsinin əleyhinə cəmi bir nəfər səs verib və bir nəfər də bitərəf qalıb. Doğrudanmı, bu məsələ almanlar üçün bu qədər vacibdir? Cəmi 1 il əvvəl 1915-ci il hadisələrinin 100-cü ildönümü qeyd olunub. Almanlar bu qərarı niyə onda qəbul etməyib? Düşündürücüdür. Bu təlimat haradansa, yuxarılardan gələ bilər. İndi mənə maraqlıdır, bu hadisədən sonra Almaniya liderləri mənim, baş nazirimizin gözünə necə baxacaq?" - deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sual edib.

Bu barədə Almaniyanın Xristian-Demokrat İttifaqı Partiyasından olan deputat, səsvermədə bitərəf qalmış yeganə parlamentari Oliver Vittkenin fikirləri də son dərəcə maraqlıdır: "Səsvermədə 630 deputatdan cəmi 400-nün iştirak etməsi, yəni, parlamentarilərin üçdəbirinin mövqe bildirməməsi çox şeydən xəbər verir".

"Almaniya Parlamenti 1915-ci ildə ermənilərə qarşı törədilmiş cinayətin soyqırımı kimi tanınmasına dair qətnaməni ona görə təsdiqləyib ki, Türkiyə tərəfdaşları ilə bir sıra məsələlərdə əməkdaşlıq etmək istəmir, bunun əvəzinə qalmaqallara üstünlük verir". Bu isə Rusiyanın Xarici İşlər naziri Ser-gey Lavrovun fikridir. Rusiya XİN başçısı bununla dolayısı ilə Bundestaqın qəbul etdiyi qanunun siyasi motivlərinin olduğunu təsdiqləyib.

 

Bəs, hakimlər kimdir? 

Aydındır ki, Almaniya Parlamenti siyasi sifariş yerinə yetirib. Niyə? Nə üçün? Bu suallara cavab verməzdən əvvəl, bu qərarın nə qədər əsaslı olduğu, bu addımı atmış şəxslərin buna mənəvi haqlarının çatıb-çatmadığı məsələsinə bir daha qayıtmaq lazımıdır.

Avropa İnsan Haqları Məhkəməsinin bir qədər əvvəl bəhs etdiyimiz qərarında deyilir: "1915-ci il hadisələri Holokostdan fərqlənir və soyqırımıın tanınması üçün baş verənlərin ya yerli, ya da beynəlxalq məhkəmə tərəfindən soyqırımı kimi tanınması vacibdir". 

Belə olan təqdirdə, niyə nə dünya erməniliyi, nə də onların "tarixi ədalətin bərpası"nda bu qədər maraqlı olan himayədarları bir dəfə də olsun, beynəlxalq məhkəmə instansiyalarına müraciət etməyib? Bəlkə ona görə ki, bu halda məhkəmə məsələni araşdırmağa başlayacaq, "soyqırımı" mifi haqqında sübutlar, sənədlər, şahidlər tələb edəcək və sonda bu mif dağılacaq?! Siyasətçilər hökm verir, lakin istinad etdikləri mənbələr, faktlar haqqında heç nə demir. Avropa ölkələri üçün "ittiham olunan" tərəfə müdafiə haqqı tanımamaq nə dərəcədə demokratik haldır? Bundan başqa, bir çox ölkələr kimi, Almaniya da soyqırımı haqqında xəbərdarlıq bəyannaməsini imzalayıb. Bu sənəddə isə deyilir ki, hər hansı aktı soyqırımı kimi tanımaq yalnız Beynəlxalq Haaqa Məhkəməsinin səlahiyyətindədir.

Daha bir vacib məqam: insanların kütləvi qətliamı haqqında danışıldıqda, ağıla gələn ilk hansı dövlət olur? Yox, Holokost haqqında danışma-yacağıq. Almaniya onu rəsmən etiraf edib, üzr istəyib və baş verənlərə görə kompensasiya ödəyir. Bu barədə çox danışılıb, çox yazılıb.Biz İkinci Dünya müharibəsi zamanı (elə ondan əvvəl də) Almaniyadakı bütün qeyri-alman əhalinin aşağılanaraq "untermenş" (yarıminsan) adlandırılması və kütləvi qətliama məruz qalması haqqında da danışmayacağıq. Almaniya ərazisində və onun işğal etdiyi torpaqlarda 100 minlərlə qaraçının qətlə yetirilməsindən, polyakların 10%-nin məhv edilməsindən, həbs düşərgələrində milyonlarla sovet əsirinin öldürülməsindən, Polşa və SSRİ-nin işğal olunmuş ərazilərindən əhalinin 75-85%-nin məcburi şəkildə köçü-rülməsini və onların Şərqi Sibirə, Şimali Qafqaza, Cənubi Amerikaya yerləşdirilməsini (bütün psixi xəstələrin, əlillərin məhvi də öz yerində) nəzərdə tutan "Ost Baş Planı"ndan da bəhs etməyəcəyik.

1904-1907-ci illərdə Kayzer Almaniyasının müstəmləkə ordusu tərəfindən herero və nama tayfalarına qarşı törədilmiş soyqırımıı xatırlamaq kifayətdir. O zaman alman Cənub-Qərbi Afrikasında, indiki Namibiya ərazisində xalq üsyanının amansızlıqla yatırılması zamanı herero (bantu) tayfasından, təxminən, 65 000 (80%-dək), nama (qottentotlar) tayfasından isə 10 000 (50%) insan qətlə yetirilmişdi.

Yeri gəlmişkən, Almaniya müxtəlif maraqlı əsaslar gətirməklə, hələ də bu Afrika tayfalarına kompensasiyanın ödənilməsi haqqında fikirləri eşitmək belə, istəmir. Berlində hesab edirlər ki, soyqırımı cinayəti haqqında xəbərdarlıq və ona görə cəza haqqında bəyannamənin qüvvəyə mindiyi 1951-ci ilədək baş vermiş hadisələr soyqırımı sayıla bilməz. Onda almaniyalı deputatlar 1915-ci il hadisələrini hansı məntiqlə soyqırım sayır?!

Bundan başqa, 1915-ci il hadisələrini təhlil edən zaman ortaya daha bir fakt çıxır ki, o da Bundestaq üzvlərinin, çətin ki, xoşuna gəlsin. Məsələ ondadır ki, bu gün Bundestaqın "erməni soyqırımı" kimi qəbul etdiyi hadisələr - 1915-ci ildə ermənilərin Osmanlı İmperiyasında deportasiyası məhz almanların təzyiqi ilə baş verib. Bir şeyi bilmək lazımdır ki, 1915-ci ildə ermənilərin Osmanlı İmperiyasından deportasiyası, ilk növbədə, hərbi əməliyyat olub. Bütün bu hərbi əməliyyatlara Türk Ordusunun Baş Qərargahı rəhbərlik edib. Türk Baş Komandanlığının Qərargah rəisi postunu isə 1914-cü ildən 1917-ci ilədək alman vətəndaşı olan general Fridrix Bronzart fon Şellendorf tutub. O, əməliyyatlara rəhbərlik etdiyini, onların bilavasitə iştirakçısı oduğunu 24 iyun 1921-ci il tarixində nəşr olunmuş "Deutsche Allegemeine Zeitung" qəzetində şəxsən etiraf edib. General yazırdı: "Erməni bandalarının irəliləməsi nəticəsində, türk-müsəlman əhali öz torpaqlarından qaçırdı. Biz bunun qarşısını almaq iqtidarında deyildik. Odur ki, ermənilərin deportasiya olunması haqqında qərar qəbul edildi".

Yerlərdə Rusiya qoşunlarının erməni qiyamçılarının köməyi ilə hərəkətə keçməsi Almaniya üçün həyati əhəmiyyət daşıyan Bağdad Dəmir Yolu Layihəsi üçün təhlükəyə çevrilmişdi. Başqa sözlə, almaniyalı parlamentariləri "Gənc türklər" rejimini "soyqırımı" kimi qiymətləndirdikləri deportasiyada günahlandırmazdan əvvəl, bir şeyi xatırlamalıdırlar: "Gənc türklər" hökuməti, xüsusilə onun hərbi qanadı Kayzer Almaniyası tərəfindən idarə olunurdu.

 

Ermənilərin alçaldılması

Erməni məsələsi heç zaman sırf türk-erməni mübahisəsi olmayıb. Bu, hər zaman türklərlə imperialistlər arasında diskussiya mövzusu olub. Hətta erməni ruhaniliyinin liderləri belə, "soyqırımı" tanımış dövlətlərin heç də erməni xalqının taleyindən narahat olmadığını etiraf edir.

Erməni Apostol Kilsəsinin Konstantinopol patriarxının naibi, baş keşiş Aram Atəşyan Prezident Ərdoğana ünvanladığı məktubda Bundestaqın "erməni soyqırımı" haqqında qətnamə qəbul etməsini pisləyib. Ermənistanın "Aqos" qəzetinin yazdığına görə, baş keşiş Aram Atəşyan bu qətnamənin qəbulu ilə "erməni xalqının problemindən imperialist qüvvələr tərəfindən istifadə olunduğunu" bildirib. "Sizin faciəvi dövr olan "Birinci Dünya müharibəsi zamanı baş vermiş hadisələr", dövlətin öz vətəndaşı olan xalqı tamamilə məhv etməsi barədə ifadələriniz qurbanların xatirəsinə təhqir, sac qalanların isə alçaldılması deməkdir", - deyə məktubda bildirilir.

Beləliklə, Bundestaqın qərarı erməni məsələsinin, sadəcə, Qərbin Türkiyə siyasətində bir alət olduğunu növbəti dəfə təsdiqləyib. Qərb Ankaraya təzyiq göstərməklə, bir neçə məqsəd güdür.

Birincisi, erməni xalqının "faciəsi və ağrısı"na görə kompensasiyanın ödənilməsi. Bu, güclü erməni lobbisinə milyardlarla pulun çatacağı anlamına gəlir. Amma Qərb fövqəldövlətləri üçün daha vacib olanı Türkiyə-Ermənistan sərhədlərinin açılması və bu ölkənin hərtərəfli dəstəklənməsidir. Bu halda Ermənistan NATO-ya üzv olan ölkə vasitəsilə Qərbin qucağına atılacaq və Gürcüstanla Ukraynadan sonra, postsovet məkanında rusiyafobiyanın olduğu daha bir ölkə yaranacaq. Ermənistan elitasının tarixi mentalitetini nəzərə alsaq, onların xilaskarlarına, yəni, Rusiyaya qarşı bu cür addım atması tamamilə mümkündür.

Bundan sonra gündəmə Türkiyənin Aİ-yə qəbulu üçün irəli sürülmüş məşhur 72 meyar gələcək. Bu meyarlar sözdə "demokratik institutların və vətəndaş cəmiyyətinin möhkəmlənməsi, insan haqlarına əməl olunması", həmçinin digər dəbdə olan "liberal dəyərlər" kimi təqdim olunsa da, əslində, onlar Türkiyənin müstəqilliyi və suverenliyini ciddi şəkildə itirməsinə hesablanıb. Keçmiş kilsə torpaqlarının erməni kilsəsinə verilməsi, ardınca "Qərbi Ermənistan" məsələsinin aktuallaşdırılması, daha sonra "milli və etnik azlıqların hüquqlarının müdafiəsi"nin gündəmə gətirilməsi, yəni, Konstantinopol pravoslav yeparxiyasının "hüquqlarının tam bərpası", "kürd muxtariyyəti"nin yaradılması və s.

Avropa ölkələrinin "erməni soyqırımını tanıması" və Türkiyəyə bununla bağlı təzyiq etməsində məqsəd həm də psixotarixi müharibəyə başlamaq məqsədi daşıyır. Bununla bağlı qəbul olunmuş, demək olar ki, bütün qətnamələrdə 1915-1923-cü illərdən danışılması, yəni, müasir Türkiyə Respublikasının yaradılmasınadək olan tarixin göstərilməsi heç də əbəs deyil. Bu, türk xalqına psixoloji zərbənin endirilməsi, müasir Türkiyənin yaradıcılarının ləkələnməsi, onları cinayətkar, bəşəriyyət əleyhinə cinayətlər törətmiş şəxslər kimi qələmə vermək məqsədi güdür. Əgər qondarma "erməni soyqırımı" müasir Türkiyənin qurulduğu dövrdə də davam edibsə, onu soyqırımı nəticəsində yaranmış dövlət kimi təqdim etmək, sabah isə ümumiyyətlə, Türkiyə Respublikasının legitimliyi məsələsini gündəmə gətirmək olar.

 

 

YENİ TARİXDƏN FAKTLAR

 

Son 10 ildə Türkiyə hökuməti Ermənistana qarşı bir çox xoşməramlı jest edib - futbol diplomatiyası, 1915-ci il hadisələrinə görə başsağlığı, Ermənistanla sərhədlərin açılmasını nəzərdə tutan Sürix protokollarının imzalanması, ölkənn sabiq XİN başçısının Ermənistana səfəri (onu Ermənistanda Türkiyə bayrağını yandıran nümayişçilər qarşılamışdı). Lakin erməni diasporu və Ermənistan rəhbərliyi onlara uzadılan bu əli hər dəfə geri itələyib.



MƏSLƏHƏT GÖR:

390